20 Noyabr 2022 01:49
611
SİYASƏT
A- A+

Yeni Azərbaycan Partiyasının Zəfər missiyası

 

"Daşdan sızan su saf olar"… Yeni Azərbaycan Partiyasının keşməkeşli yaranış tarixinə və 30 il ərzində keçdiyi fəaliyyət yoluna nəzər salarkən xalqımızın məhz bu deyimi yada düşür. Ötən əsrin 90-cı illərinin əvvəllərində - ölkə həyatının ictimai-siyasi təbəddülatlarla dolu olduğu bir zamanda Azərbaycanda baş verən taleyüklü tarixi hadisələrin və siyasi proseslərin canlı şahidi, bir çox hallarda isə iştirakçısı olmuş  nəsillərin nümayəndələri sadə məntiqə söykənən bu həqiqəti daha dolğun dərk edir.
Ona görə də gələcək nəsillərə Ulu Öndər tərəfindən siyasi miras kimi ötürülmüş Yeni Azərbaycan Partiyasının təşəkkül tarixinin ictimai-siyasi baxımdan səciyyəvi xüsusiyyətlərini araşdırmadan və fəaliyyət yoluna nəzər salmadan onun dövlətçiliyimizin və xalqımızın taleyində oynadığı müstəsna rolu və tutduğu mövqeyi yetərincə  dəyərləndirmək mümkün deyil.
 İşə başlamaq onun yarısını görmək deməkdir, söyləyirlər. Bu, düşünürəm, doğru yanaşmadır. Çünki ötən əsrin 80-90-cı illərinin qovuşuğunda və ondan sonrakı mərhələlərdə  gedən proseslərin iştirakçılarından biri olaraq, partiyamızın ziddiyyətli və mürəkkəb bir şəraitdə siyasi təşkilat kimi formalaşmasının heç də asan başa gəlmədiyinin şahidi olmuşam. Belə ki, YAP-ın tarixinin ən mühüm və ən əhəmiyyətli hissəsi olan yaranma dövrü dövlətimizin mövcudluğunu sual altına qoyan siyasi burulğanlarla müşayiət olunurdu. Bu, elə bir dövr idi ki, Sovet İttifaqının süqutundan sonra onun tərkibindəki keçmiş müttəfiq respublikalar formal müstəqillik əldə etməyə nail olmuşdular. Lakin bu proses hər respublikada özünəməxsus şəkildə əksini tapırdı.  Azərbaycanda isə vəziyyət digərlərindən əsaslı şəkildə fərqlənirdi. Ölkə nankor qonşularımız tərəfindən dövlət siyasəti səviyyəsinə çıxarılmış separatizm meyilləri ilə üz-üzə qalmışdı, xalqımız qanlı 20 Yanvar hadisəsinin ağrı-acısını çəkməkdə idi, erməni işğalı faktoru hər gün onlarca, yüzlərlə gəncimizi həyatdan məhrum edirdi.
 Ermənistandan qovulmuş 300 mindən artıq  soydaşımızın və öz doğma yurd-yuvalarını tərk etməyə məcbur olmuş yüz minlərlə qarabağlının taleyi ümidsizliyə düçar olmuşdu. Bu həm də ölkənin idarə olunmasında böyük sosial problemlərin yaranmasına yol açırdı.
 Bütün bunların əsas səbəblərindən biri də o zaman tez-tez baş verən hakimiyyət dəyişiklikləri və bununla bağlı daxili siyasi çaxnaşmalar idi. Öncə Əbdürrəhman Vəzirov xalq hərəkatının istiqamətini doğru-düzgün məcraya yönəldə bilmədi, "bəlkə də qaytardılar" ümidi ilə artıq son günlərini yaşayan Sovetlər Birliyinin rəhbəri, açıq-aşkar antiazərbaycan və antiəliyev mövqeyi ilə indi  tarixin zibilliyinə atılmış Mixail Qorbaçovun siyasi oyunlarının girovuna çevrildi. 
Daha sonra müstəqillik aktını imzalamasına rəğmən, əslində, müstəqillik ideyasından tamamilə uzaq olan Ayaz Mütəllibovun dişsizliyi və uzaqgörməzliyi nəticəsində Azərbaycanda böhranlı vəziyyət qorxulu həddə yönəlmişdi.
Nəhayət, 1992-ci ilin mayında meydan hərəkatının dalğası üzərində hakimiyyəti zəbt etmiş qüvvələrin - AXC-Müsavat cütlüyünün səriştəsiz və yarıtmaz idarəçilik sistemi, bəzən isə dövlətə və dövlətçiliyə qarşı xəyanətkar əməlləri Azərbaycanı uçuruma aparan prosesləri kulminasiya mərhələsinə daşıdı. 
Nizami ordumuz olmadığına görə pərakəndə şəkildə yaradılmış özünümüdafiə dəstələri düşmənin qarşısını almaqda çətinlik çəkir, çoxlu itki verirdilər. Hakimiyyət uğrunda mübarizədə Azərbaycanın tarix və mədəniyyət incisi Şuşanın, onun ardınca da Laçının qurban verilməsi demək olar ki, Birinci Qarabağ müharibəsinin acı taleyini müəyyənləşdirdi.
İqtidara gələr-gəlməz buraxdıqları kobud səhvlər ucbatından, eləcə də qəsdən yaratdıqları xaos nəticəsində həm daxildə, həm də beynəlxalq münasibətlər müstəvisində neqativ tendensiyalar daha təhlükəli məcraya yönəldi. Sözdə millətçi ideyaları tərənnüm edən bu siyasətbazların çox keçmədən antimilli mövqeləri üzə çıxmağa başladı.
YAP-ın yaranma tarixi də məhz bu antimilli ünsürlərin xalqın inamını sarsıtdığı həmin dövrə təsadüf edirdi. Həqiqətən də ümumxalq inamını qazanan, xalqı işıqlı gələcəyə doğru öz arxasınca apara bilən, ilk növbədə milli birliyə, vətəndaş həmrəyliyinə əsaslanaraq ölkəni böhrandan xilas etməyə qadir olan yeni siyasi qüvvəyə ehtiyac duyulurdu. Azərbaycan xalqı da artıq "cəbhə"cilərin uydurduğu nağılların təsirindən və utopik xəyallardan ayılaraq praqmatik düşüncələrə üstünlük verməyə başlamışdı və Azərbaycanın nicat yolunu düzgün müəyyənləşdirə bilən güclü lider axtarışında idi.
O zaman bu meyarlara uyğun yalnız bir şəxsiyyət var idi - dünya səviyyəli siyasətçi və dövlət xadimi Heydər Əliyev! Xalq bu dahi şəxsiyyətin qeyri-adi idarəçilik və liderlik istedadına bələd idi: Heydər Əliyev respublikaya birinci rəhbərliyi dönəmində Azərbaycanı bütün göstəricilər üzrə geridə qalmış aqrar ölkədən SSRİ-nin ən qabaqcıl respublikasına çevirən, onu dünyaya tanıtdıran rəhbər olmuşdu.
Müstəsna işgüzar keyfiyyətləri onun nəhəng imperiyanın ali rəhbərliyində təmsilçiliyini şərtləndirirdi. Beynəlxalq siyasi dairələrdə o, müasir dünya tarixinin ən böyük siyasətçiləri ilə müqayisə olunurdu. Lakin, təəssüf ki, siyasi qısqanclıqla qarşılaşdığı üçün 1987-ci ildə Moskvadakı bütün rəhbər vəzifələrindən uzaqlaşdırıldıqdan sonra o dövrdə baş verən hadisələrə birbaşa təsir göstərmək imkanından məhrum olmuşdu. 
Yeri gəlmişkən, düşünürəm ki, Heydər Əliyevə belə ədalətsiz münasibət həmin illərdə Qarabağ hadisələri fonunda vüsət alan xalq hərəkatına güclü təkan verən faktorlardan biridir. Ona görə də cəmiyyət daxilində əminliklə belə bir fikir formalaşmışdı ki, əgər o dövrdə Heydər Əliyev Azərbaycanı idarə etmiş olsaydı, xalqımız bu ağır müsibətlərlə üzləşməzdi.
 Lakin, çox təəssüf ki, bu, belə olmadı. Moskvada təcrid şəraitində yaşayan Ulu Öndərin 1990-cı il qanlı 20 Yanvar hadisələrindən sonra Bakıya gəlməsinə mərkəzi hakimiyyət, üstəlik, yerli iqtidar hər vəchlə mane olduğuna görə o, Naxçıvana üz tutmalı oldu. Muxtar respublikanın Ali Sovetinin Sədri olduğu illərdə hətta onu fiziki cəhətdən məhv etməyə çalışan "cəbhə"çilərin təhdidlərindən çəkinməyən Heydər Əliyev Naxçıvanı mümkün təhlükələrdən qorumaq üçün siyasi iradəsini ortaya qoyaraq bütün prosesləri ustalıqla idarə edirdi və sonda bu hədəfə nail ola bildi. Cəmiyyətin mütərəqqi düşüncəli kəsimi və xalqın böyük əksəriyyəti isə "Heydər baba! Xalqı bu bəladan qurtar!" çağırışı ilə Ulu Öndərin Bakıya gəlişini arzulayırdı.
 Lakin bu istəyi reallaşdıran bir ideoloji təmələ, siyasi təşkilatlanmaya ehtiyac var idi. Sovetlər İttifaqı dağılandan və vahid hakim partiya - Kommunist Partiyası süqut edəndən sonra dünya demokratiyasının təcrübəsindən istifadə etmək meyilləri meydana çıxmışdı. Postsovet ölkələrində, o cümlədən Azərbaycanda bu müstəvidə ayrı-ayrı partiyaların, hərəkatların yaranması prosesi başlanmışdı. 1992-ci ilin oktyabrında Azərbaycanın "91-lər" adı ilə məşhur olan tanınmış ziyalıları da o dövrdə mətbuata yeni mütərəqqi nəfəs gətirmiş "Səs" qəzeti vasitəsilə Ulu Öndərə müraciət ünvanlayaraq onun rəhbərliyi altında yeni siyasi partiya yaratmaq təklifini irəli sürmüşdülər. Təbii ki, bu müraciət cavabsız qalmadı və çox çətin və ağır bir şəraitdə partiyanın ilk Nizamnaməsi hazırlandı. 21 noyabr 1992-ci ildə isə Azərbaycanın əksər rayonlarından cəmiyyətin bütün təbəqələrini təmsil edən 550 nümayəndənin iştirakı ilə partiyanın təsis konfransı keçirildi və Heydər Əliyev YAP-ın Sədri seçildi. Sonralar Ulu Öndər o günləri belə xatırlayırdı: "...Azərbaycanda vəziyyətin get-gedə ağırlaşdığını, çətinləşdiyini görərkən və bu partiyanın yaranması ilə əlaqədar mənə müraciət edən ziyalıların, respublikanın tanınmış adamlarının - ölkəmiz, xalqımız, torpağımız üçün ürəyi həqiqətən yanan adamların iztirabını duyarkən, onların xalqımız, ölkəmiz üçün bir iş görmək arzusunu hiss edərkən mən belə bir partiyanın yaranmasına kömək etməyə razılığımı verdim..."
 Əslində, Yeni Azərbaycan Partiyası yaranarkən onun tərəfdarları bundan qat-qat cox idi və onların sayı sürətlə artmaqda idi. Digər tərəfdən isə Azərbaycanda çoxpartiyalılıq prinsipinin elan olunmasına baxmayaraq, YAP-ın siyasi arenaya çıxmasına, xüsusən hakimiyyət dairələri tərəfindən maneçilik göstərənlər də az deyildi. Ona görə də partiyanın yaranma prosesi bir çox təzyiq, hətta təqiblər altında gedirdi. Siyasi təşkilatların, vətəndaş cəmiyyətinin ölkənin taleyində oynadığı rola qiymət verərkən Heydər Əliyev Yeni Azərbaycan Partiyasının yaranmasını siyasi uzaqgörənlik nümunəsi kimi dəyərləndirmişdir: "1993-cü ilin iyun ayında respublikada baş vermiş hadisələr - Azərbaycanda hakimiyyət böhranı, vətəndaş müharibəsinin başlanması onu göstərdi ki, Azərbaycanın ovaxtkı iqtidarı və o vaxt mövcud olan çoxsaylı partiyaların heç biri xalqı, milləti bu vəziyyətdən çıxarmağa qadir deyildi... Bunları nə iqtidarda olan partiyalar, nə də o vaxt iqtidara müxalifətdə olan partiyalar edə bildilər. Demək, bu onu göstərir ki, bu partiyanı yaratmaq istəyən adamlar uzaqgörən imişlər, həqiqətən Azərbaycanın gələcəyi haqqında düşünürmüşlər..." Ona görə də bu əlamətdar tarixi yubileyi qeyd edərkən Azərbaycan xalqı həyatını təhlükə altına alaraq partiyanın yaranmasına təşəbbüs göstərmiş və onun inkişafına mühüm töhfələr vermiş bütün insanlara böyük hörmət və ehtiramını ifadə edir. Son qənaət isə ondan ibarətdir ki, Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət, o dövrdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsidir.
Güclü lider ətrafında yaradılan YAP qısa müddət ərzində xalqı həmrəylik ideyası ətrafında sıx birləşdirməyə nail oldu və siyasi proseslərin axarına böyük təsir imkanı əldə etdi. Bu uğuru şərtləndirən bir çox strateji amil mövcud idi. Onlardan ən əsası odur ki, fəaliyyətinin ilk günlərindən Yeni Azərbaycan Partiyası müxalifətçiliyin sivil qaydalarını və normalarını müəyyənləşdirməklə yeni siyasi mədəniyyət nümunəsini ortaya qoydu. O, göstərdi ki, müxalifətçilik dövlətin maraqlarına zidd mövqe tutmaq  deyil, ilk növbədə ümummilli maraqlar naminə məhz xalqa xidmət prinsiplərini qorumaq deməkdir. İkinci əlamətdar məqam isə ondan ibarətdir ki, o zamana qədər Azərbaycandakı siyasi sistem dövlətin vacib institusional sütunlarından birinə çevrilə bilməmişdi. Çünki siyasi qüvvələr arasında mövcud olan qeyri-sağlam rəqabət, məsələlərə qeyri-rasional və pozucu yanaşma buna imkan vermirdi. Yeni Azərbaycan Partiyası isə AXC, Müsavat və digər partiyalardan fərqli olaraq öz proqramına, prinsiplərinə, amallarına sadiq qalmaqla məqsədyönlü, nümunəvi fəaliyyəti ilə yeni, mütərəqqi ictimai-siyasi ənənələr yaratdı, ölkənin demokratik inkişafının siyasi özülünü qoydu. Onu da xüsusi qeyd etmək vacibdir ki, Heydər Əliyevin şəxsi nüfuzu, xalqın ona məhəbbəti bu partiyanın sıralarının möhkəmlənməsində müstəsna rol oynamışdır. Bakının Yasamal rayonunda Heydər Əliyevin müdafiəsi və təbliğatı üçün təşəbbüs qrupunu yaradarkən də, doğma Füzulidə YAP-ın yerli qurumunun təşkil olunmasına rəhbərlik edərkən də dəfələrlə bu qürurverici hadisələrin şahidi olmuşam. Azərbaycan Prezidenti, YAP-ın Sədri cənab İlham Əliyev ölkəmizdə siyasi sistemin formalaşmasında partiyamızın müstəsna rolunu siyasi baxımdan dəyərləndirərkən demişdir: "...O vaxta qədər bizdə siyasi sistem mövcud deyildi. Yeni Azərbaycan Partiyasının siyasi mədəniyyəti, siyasi mübarizə qaydalarının təbliği, ümumiyyətlə, siyasətin sivil yollarla aparılması ideyaları da cəmiyyətdə böyük əks-səda yaratdı və cəmiyyət tərəfindən dərhal dəstəkləndi. Biz bu ideyalara bu gün də sadiqik...".
 Beləliklə, bütün maneələri dəf edərək Azərbaycanın ictimai-siyasi səhnəsinə cəmiyyətdəki qüvvələr nisbətini və bundan sonra ölkədə baş verəcək hadisələrin axarını köklü və konstruktiv sürətlə dəyişə bilən mətinləşmiş bir siyasi təşkilat - Yeni Azərbaycan Partiyası çıxdı. 1995-ci ildə və ondan sonrakı mərhələlərdə keçirilən parlament seçkilərində Milli Məclisin mandatını qazanan deputatların əksəriyyəti bu partiyanın üzvləri olduğundan parlamentin cəmiyyətdəki nüfuzu və təsir gücü daha da artdı və o, artıq rəsmi olaraq iqtidar partiyasına çevrildi.
Bu gün, bir qərinəlik zaman kəsiyindən sonra hər kəs tam əmindir ki, Ümummilli Lider Heydər Əliyevin mütərəqqi ideyalarının daşıyıcısı olan Yeni Azərbaycan Partiyasının yaranması ölkənin inkişaf və dövlət müstəqilliyi tarixində dönüş nöqtəsi olmuşdur. Çünki o dönəmin çağırışlarına cavab olaraq və ciddi zərurətdən doğan partiyanın bütün mərhələlərdə xalqın ictimai-siyasi həyatında oynadığı rolun əhəmiyyəti ölçüyəgəlməzdir. YAP-ın Heydər Əliyev dövrü partiyanın fəaliyyət konsepsiyasının və prioritetlərinin məhz zamanın çağırışlarına, reallıqlarına uyğun müəyyənləşdirilməsi, onun Azərbaycanın dövlətçilik maraqlarının etibarlı və qəytiyyətli müdafiəçisinə çevrilməsi ilə səciyyəvidir. Cəbhədə atəşkəsə nail olunması və uğurlu neft strategiyasınin reallaşdırılması ilə paralel olaraq, Ulu Öndərin irəli sürdüyü "azərbaycançılıq" prinsipinin ardıcıllıqla reallaşdırılması qısa müddət ərzində ölkəmizin həyatında keyfiyyətcə və mahiyyətcə tamamilə yeni mərhələnin başlanmasını, milli həmrəyliyə nail olunmasını və yeni Azərbaycanda dövlət müstəqilliyinin dönməzliyini və yeni dövlət quruculuğunun həyata keçirilməsini təmin etdi. Multikultural dəyərlərə sadiqlik nümayiş etdirən ölkəmiz YAP-ın ideoloji dəstəyi sayəsində Şərqlə Qərbin unikal vəhdətini özündə birləşdirən sabitlik adasına çevrildi.
 Yeni Azərbaycan Partiyasının fəaliyyətinin səmərəliliyini təmin edən mühüm strateji faktorlardan biri onun zaman-zaman struktur və təşkilati baxımdan yenilənməsi, ölkədə aparılan köklü islahatlara uyğun təkmilləşməsidir. Partiyanın qurultaylarında qəbul edilən qərarların uğurlu icrası, siyasi varislik və siyasi intizam prinsiplərinə sadiqlik onun fəaliyyətində yeni keyfiyyət dəyişikliklərini təmin edən çox mühüm amillərdir. 2003-cü ildə xalqın iradəsi əsasında Prezident seçildikdən sonra cənab İlham Əliyevin rəhbərliyi ilə yeni inkişaf dönəminə qədəm qoymuş Yeni Azərbaycan Partiyası bu gün ölkəmizin dayanıqlı və dinamik inkişafının ideoloji sütununa çevrilmişdir. Ulu Öndər Heydər Əliyev 2003-cü il oktyabrın 1-də Azərbaycan xalqına ünvanladığı tarixi müraciətdə "Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər", - deyə söyləməklə ümumxalq maraqları naminə partiyamızın gələcək taleyinin etibarlı əllərə ötürülməsi ilə bağlı tarixi tövsiyəsini vermişdi. Həqiqətən də, tarix Ümummilli Liderin inamının və xalqın böyük etimadının özünü tam doğrultmasına şahidlik etdi: ölkəmiz və partiyamız yeni tarixi nailiyyətlərə imza atdı və bu gün bu proses yüksələn xətt üzrə davam edir.
Ümummilli Lider Heydər Əliyevin təbirincə desək, "dünənin, bu günün və gələcəyin partiyası" kimi hər zaman islahatlara açıq olan, müasir çağırışlara cavab verən, öz fəaliyyətini yeni tendensiyalar əsasında davam etdirən Yeni Azərbaycan Partiyası dinamik ictimai-siyasi qüvvədir. Onun nüfuzu və siyasi-ideoloji təsir dairəsi cəmiyyətin bütün təbəqələrinin, xüsusilə gənclərin və qadınların fəal vətəndaş mövqeyinin formalaşması baxımından təşkilata aktiv şəkildə cəlb olunması ilə daha da artmış olur. Partiyamız ölkə daxilində çoxşaxəli fəaliyyətlə yanaşı, bu gün respublikamızın hüdudlarından kənarda səmərəli əlaqələr formalaşdırmaqla beynəlxalq miqyasda ən güclü siyasi təşkilatlardan biri kimi tanınır və qəbul edilir ki, bu da, şübhəsiz, ölkəmizin beynəlxalq nüfuzunun yüksəlişinə vacib töhfədir. O, indi ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edərək təkcə Azərbaycanın ümumxalq partiyasına deyil, Cənubi Qafqaz bölgəsinin ən nüfuzlu və ən böyük partiyasına çevrilmişdir.
 Ulu Öndərin tarixi vəsiyyətinə əməl edərək Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qarabağ zəfərinin işığında ölkənin siyasi avanqardına çevrilmiş Yeni Azərbaycan Partiyasının yeni siyasi konfiqurasiyanın formalaşması prosesindəki rolu və milli həmrəylik missiyası daha aydın görünür. Təsadüfi deyil ki, siyasi texnoloqlar bu müqəddəs savaşda əldə olunan qələbənin əsas amillərindən biri kimi məhz Azərbaycanda sarsılmaz xalq-Prezident-ordu birliyinə və ümummilli maraqlar naminə siyasi həmrəyliyə nail olunmasını qeyd edirlər. Bu nəticə isə ilk növbədə məhz hakim partiya və ölkənin ən böyük siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasının müasir çağırışlara adekvat münasibəti, çevik və praqmatik düşüncə tərzi, eyni zamanda proseslərə yetərincə təsir göstərmək imkanları ilə bilavasitə bağlıdır. Bütövlükdə ən müxtəlif istiqamətlərdə inqilabi dəyişikliklərin və cənab İlham Əliyevin köklü islahatlar konsepsiyasının reallaşdırılması üçün YAP-ın ortaya qoyduğu ideoloji dəstək və siyasi təşəbbüslər həlledici əhəmiyyətə malikdir.
Partiyamız daim inkişafda olan və yeniləşən siyasi təşkilat kimi xalqın yüksək rifahını hədəfləyən mütərəqqi ideyaların daşıyıcısıdır. YAP-ın 2021-ci ildə keçirilmiş VII qurultayında partiyanın yeni Nizamnaməsinin və Proqramının qəbul edilməsi, idarəetmə strukturunun daha çevik və səmərəli fəaliyyəti üçün yeni formata keçirilməsi, ölkəmizin birinci xanımı, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın YAP Sədrinin birinci müavini vəzifəsinə təsdiq olunması, qurultay ərəfəsində 6 müxalifət partiyasının YAP-a birləşməsi yeni, daha yüksək hədəflərə çatmaq əzminin ifadəsidir. Ölkə Prezidenti, partiyamızın Sədri cənab İlham Əliyev ali forumdakı yekun nitqində qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisə saydığını söyləmiş və mütərəqqi ənənələrə malik Yeni Azərbaycan Partiyasının yeniləşmiş formatda daha fəal olacağına, qarşıda duran problemlərin böyük fədakarlıqla həllinə, ölkəmizin aparıcı siyasi qüvvəsi və nailiyyətlərimizin bayraqdarı olaraq qalacağına əminliyini ifadə etmişdir.
Təsadüfi deyildir ki, partiyamız zəfər salnaməsini yazan xalqımızın ən müxtəlif təbəqələri ilə işin yalnız siyasi deyil, həmcinin sosial və humanitar aspektlərini də diqqətdə saxlayır, sağlam ətraf mühit və ekoloji məsələlərlə bağlı örnək fəaliyyət sərgiləyir.
İkitərəfli və çoxtərəfli əsasda beynəlxalq əlaqələrini genişləndirir, Avropa və Asiya ölkələrinin syasi partiyaları və onların birlikləri ilə münasibətlərini günün tələblərinə uyğun şəkildə qurmaqda davam edir.
Qardaş Türkiyənin iqtidar partiyası olan Ədalət və İnkişaf Partiyası ilə isə ən müxtəlif istiqamətlər üzrə fəaliyyətini əlaqələndirir.
Bu baxımdan inamla söyləmək olar ki, respublika həyatının bütün sahələrində əldə edilmiş uğurların altında 800 minə yaxın siyasi həmfikri öz ətrafında birləşdirən YAP-ın imzası var. 
Heydər Əliyevin ideyalarını siyasi yol xəritəsi kimi qəbul edən partiyamız özünün 30 illik yubileyini tam yenilənmiş,  möhkəmlənmiş, və müasirləşmiş bir siyasi təşkilat kimi qarşılayır.
Yeni Azərbaycan Partiyası Müzəffər Ali Baş Komandanın liderliyi ilə qalib ölkənin Zəfər partiyasıdır.
Və qəti şəkildə əminəm ki, o, əsl ümumxalq partiyası olaraq bu missiyanı bundan sonra da bütün fəaliyyəti boyu şərəflə daşıyacaq!

Bahar MURADOVA,
Ailə, Qadın və Uşaq Problemləri Dövlət Komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video