26 Iyun 2022 02:35
868
CƏMİYYƏT
A- A+

Yaşat ki, yaşayasan!

 

2020-ci il planetimizin insanlarının yaddaşında COVID-19 pandemiyası ili kimi qalsa da, Azərbaycan tarixinə öz möhürünü 44 günlük Vətən müharibəsi ilə vurdu. Azərbaycan əsgəri canı, qanı ilə zəfər salnaməmizin ən şanlı səhifəsini yazdı. Xalqımızın qəhrəman oğulları yurdu yaşatmaq üçün bir yumruğa döndülər. Birliyimizin, gücümüzün rəmzi olan "Dəmir yumruq" düşmənə sarsıdıcı zərbə endirdi. Oğullarımız Vətən dedilər, torpaq dedilər... Kimi bu müharibədə canı ilə, kimi də mənəvi dəstəyi ilə bu savaşa qatıldı.

Ermənilərlə aparılan bu qanlı haqq savaşında 2927 gəncimiz "Təki vətən yaşasın" deyib ömürlərini vətənə fəda etdi. Minlərlə gəncimiz isə bu qanlı savaşda qazi oldu. 2020-ci ildə tarixin yaddaşına həm də vahid millət, güclü dövlət kimi düşdük. Sevincimiz bir olduğu kimi, dərdimiz də bir oldu. Müharibənin gətirdiyi ağrıya-acıya da şərik çıxdı xalqımız. İnsanlarımız Vətənə dayaq oğullara arxa durmaq niyyətlərini ortalığa qoydular. Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı yaralananların və şəhid ailələrinin təminatına dəstək olmaq, yaşatmaq üçün "Yaşat" Fondu yaradıldı. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan 2020-ci il 8 dekabr tarixli fərmanı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə yaradılmış "YAŞAT" Fondu vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə qaydasını təsdiq etdi.

Müharibənin ağrısını, acısını görmüş, çətin yollardan keçmiş insanlar "Yaşat" Fondunda işlə təmin olundular. Silah yoldaşlarının, Vətən yolunda can qoymuş igid oğulların bir-bir qapılarını döyüb, problemlərini öyrəndilər. Qısa bir zamanda bu fond müharibənin şərəfli, çətin, əzablı yollarından keçmiş insanların ümidlərini, arzularını yaşadan gerçək bir ünvan oldu. "Yaşat" Fondunun fəaliyyətindən danışarkən başlıca olaraq bir məsələni xüsusi olaraq qeyd etməyi vacib bilirik. Şəffaflıq və dürüstlük burada başlıca meyardır. Fondda toplanan vəsaitin və görülən işlərin vaxtaşırı xalqa hesabatı verilir. Bu günlərdə açıqlanan hesabatda görürük ki, indiyə kimi fondun hesabına 73781 435.79 manat vəsait mədaxil olub.

Fondun işçiləri onlara yardım edən könüllülərlə birlikdə hesabat dövründə 2 927 şəhidin ailə üzvləri ilə, eyni zamanda 5 599 yaralı olmaqla ümumilikdə 16 966 şəxslə görüşüb, ehtiyaclarını öyrəniblər. 12 526 şəxsin, ümumilikdə 26 616 müraciəti icra üçün nəzarətə götürülüb. Ümumilikdə bu müddətdə 61 114 757.86 manat məbləğində vəsait xərclənib.

 

Öncə Vətəndir

 

Dünyada bir qəlbiqırıq insanı sevindirməkdən, ehtiyacı olana yardım etməkdən müqəddəs, humanist iş yoxdur. Canlarını fəda edənlər xalqımızın müdrik xalq olduğunu, onların fədakarlıqlarının heç vaxt unudulmayacağını bildikləri üçün döyüşə gedərkən gözləri arxada qalmadı. Yaxşı bilirdilər ki, dövlətimiz, onun başçısı, xalqımız ailələrinə, qoyub getdiyi yadigarlarına sahib çıxacaq, övladlarını göz bəbəkləri kimi qoruyub, dərdlərinə məlhəm olacaqlar. Döyüşə gedərkən də bir arzuları, bir istəkləri var idi. Vətənin işğal olunmuş ərazilərini işğalçılardan azad etmək, müqəddəs bayrağımızı o torpaqlarda dalğalandırmaq. Bu təmənnasız insanlar üçün gerisi təfərrüat idi. Biz bir ölüb, min dirilərik. Doğulan, dünyaya gələn hər bir körpəmiz yenə Vətən deyəcək, bayraq deyəcək. Nə ölümdən qorxacaq, nə vətəni sevməkdən usanacaq. Babalarının, atalarının getdikləri müqəddəs yoldan keçəcəklər.

27 sentyabr 2020-ci il tarixdən sonra 102 şəhid övladı dünyaya gəlib. Ömürlərini vətənə bağışlayıb övladlarını bizlərə əmanət etmiş qəhrəmanlarımızın övladlarına Vətənin bir parçası kimi baxmaq, onları sevmək, qorumaq hər bir azərbaycanlının vəzifəsi oldu. "Yaşat" Fondunun hesabatından da göründüyü kimi, "Onlar bizə əmanətdir" layihəsi çərçivəsində yeni doğulmuş şəhid övladlarına xüsusi diqqət yetirilir. Dünyaya gələn körpələr böyüdükcə biləcəklər ki, ürəklərində dağ boyda vətən sevgisi gəzdirmiş atalarının fədakarlığı xalqımız, dövlətimiz tərəfindən daim dəyərləndirilir. Dünyaya gələn hər bir şəhid övladının zəruri xərclərinin qarşılanması məqsədilə fond tərəfindən ilkin olaraq 1000 manat məbləğində maddi yardım edilib və şəhid övladlarının adına 5000 manat məbləğində bankda depozit hesabı açılıb.

Bununla belə, hər şeydə nöqsan tapmağa çalışan, yaxşını qoyub pisi danışan vətəndaşlarımız da tapılır. Görülən işləri hətta məqsədli şəkildə gözdən salmağa çalışanlar da var. Onu da bilirik ki, bu cür insanlar həmişə olub və olacaqlar. Xatırladaq ki, bu vəsaitlər "Yaşat" Fondunun hesabına edilənlərdir. Bu gün şəhid və qazi ailələri dövlətin tam nəzarətindədir. Onların qayğıları dövlət tərəfindən öyrənilir və lazımi tədbir görülür. Şəhid və qazi ailələri evlə, maşınla təmin edilir, digər sosial məsələləri vaxtında həllini tapır.

 

Vətəni sevmək imandandır

 

Vətən sevgisi ana sevgisi qədər müqəddəsdir. Doğma yurdun müdafiəsinə qalxan, canlarını bu yolda fəda edən insanlarımız ruhən zəngin, şərəfli oğullarımızdır. Amma onu da bilirik ki, onların bəzilərinin ailələrinin, valideynlərinin sosial, məişət problemləri olub. İçərilərində qayğıya ehtiyacı olan ailələr də var. Canını vətənə bağışlamış oğullarımızın ailə üzvləri, valideynləri, övladları hər şeyin ən yaxşısına haqq edirlər. Qeyd etmək lazımdır ki, bu cür ailələr həm dövlətin, həm də qədirbilən xalqımızın daim diqqət mərkəzindədirlər və onlar qayğı, sevgi ilə əhatə olunublar. Elə yalnız "Yaşat" Fonduna məişət şəraitinin yaxşılaşdırılması üçün şəhid ailə üzvləri tərəfindən 4 417, itkin düşmüş ailə üzvləri tərəfindən 7 və qazilərin ailə üzvləri tərəfindən 5 791 müraciət olmuşdur. Ümumilikdə isə 10 215 müraciətə baxılaraq təmin edilmişdir.

Eyni zamanda istehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanması istiqaməti üzrə şəhid ailə üzvlərinin 832, itkin ailə üzvlərinin 3 və yaralıların 1166 müraciəti olmaqla, ümumilikdə 2001 müraciətə baxılaraq fondun təşəbbüsü ilə borc öhdəliyinin qarşılanması məqsədilə müəssisələr tərəfindən 125 926.74 manat vəsait ödənilmişdir. Ümumilikdə fond tərəfindən istehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanması üçün 6 336 540.51 manat vəsait sərf edilib.

 

Ən böyük sərvət elmdir

 

"Yaşat" Fondu şəhid və qazi övladlarının, vətənin gələcəyi olan körpələrin işıqlı sabahı, yüksək təhsil almaları üçün bütün imkanlarını səfərbər edib desək, yanılmarıq.

Hesabat dövründə Dövlət Agentliyinin "Yaşat" Fondu ilə iş şöbəsi Heydər Əliyev adına Müasir Təhsil Kompleksi, Türk Dünyası Bakı Atatürk Liseyi, XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi, Hədəf Liseyi, Kaspi Tədris Mərkəzi, Evrika Liseyi və Dünya Məktəbi arasında şəhid övladlarının ödənişsiz təhsil almaları məqsədilə niyyət protokolu imzalanıb. Bununla yanaşı, "Dərs evi" tədris mərkəzi, "İnnab Business School", "SAT Group", "Data Science Academy" və "Mars Academy" təlim-tədris mərkəzi ilə əməkdaşlıq əlaqələri qurulub.

2021-2022-ci tədris ili üzrə rəsmi olaraq akkreditasiya edilmiş ali təhsil müəssisələrinə qəbul olmuş şəhid ailələrinin üzvlərinə və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara "Yaşat" Fondu tərəfindən birdəfəlik pul mükafatı - 2000 AZN təsis edilib.

47 şəxsə (29 şəhid ailə üzvü və 18 yaralı) 2000 manat vəsait köçürülüb.

Bundan əlavə, təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı xərcləri istiqaməti üzrə şəhid ailə üzvlərinin 176 və yaralıların 39 müraciəti olmaqla ümumilikdə 215 müraciətə baxılıb.

Fondun təşəbbüsü ilə təhsil müəssisələri tərəfindən 254 637.99 manat vəsait qarşılanıb. Eyni zamanda təhsil haqqı qarşılanan 94 şəxsin ödənişi fond tərəfindən, 72 şəxsin isə ödənişi fondun təşəbbüsü ilə təhsil müəssisələri tərəfindən həyata keçirilib.

 

Sağlam bədən sağlam ruhun açarıdır

 

Vətən müharibəsində yaralanan, sağlamlığını itirən gənclərimizin həyatı, onların problemlərinin həlli dövlətimizin və xalqımızın həmişə diqqət mərkəzində olub. Bu kateqoriyaya mənsub həmvətənlərimizin müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti üzrə şəhid ailə üzvlərinin 4 907 və yaralıların 4 483 müraciəti olmaqla, ümumilikdə 9 390 müraciət təmin edilib. "Yaşat" Fondu gənclərimizin sağlamlıqlarının bərpası istiqamətində durmadan təxirəsalınmaz tədbirlər həyata keçirir. Belə ki, hesabat dövründə ümumilikdə 176 şəxs müalicə məqsədilə Türkiyə Respublikasına göndərilmişdir. Müalicəyə göndərilənlərdən 171-i Vətən müharibəsində ağır yaralanmış qazi, 5-i isə şəhidlərimizin ailə üzvü olmuşdur. Türkiyəyə göndərilmiş yaralılardan 148 nəfəri müalicə kursu keçərək geri dönüb. Hazırda 26 qazimiz və 2 nəfər şəhid ailəsi üzvünün müalicəsi  Türkiyədə davam etdirilməkdədir.

Eyni zamanda "Yaşat" Fondunun dəstəyi ilə ölkəmizə gətirilən türkiyəli həkimlər tərəfindən 150-dən çox yaralı müayinə və müalicə edilib. Görülən işlərin xronikası bununla bitmir.

28 fevral - 7 mart 2021-ci il tarixlərində İsrail dövlətindən hərbçilərin müalicə edilməsi üzrə ölkəmizə 8 ixtisaslaşmış mütəxəssis gətirilib. Ağır göz problemləri olan 148 nəfər müayinə edilib. Onlardan 30 nəfərinin gözündə əməliyyat aparılıb. Əməliyyat nəticəsində 2 nəfərin görmə qabiliyyəti bərpa olunub. Qazilərimizdən 55 nəfərinə isə protez göz qoyulub.

Ciddi fiziki travma alan yaralıların fiziki bərpa prosesini daha da sürətləndimək məqsədi ilə fond tərəfindən xaricdən 38 999.00 manat dəyərində "RGO" ortopedik cihazlar alınaraq ölkəmizə gətirilib. Avadanlıqdan 8 yaralının müalicəsində istifadə olunub.

Gün ərzində 35-40 nəfər yaralının müalicəsində istifadə edilməsi üçün 47 200 manat məbləğində Giger MD reabilitasiya cihazı alınıb.

2021-ci il 12 avqustda fondun Himayəçilik Şurasının üzvü, Kopenhagen Universitetinin nevrologiya üzrə professoru və baş məsləhətçisi, Beynəlxalq Baş Ağrıları Cəmiyyətinin rəhbəri və İnsan Miqreni Araşdırma Birliyinin direktoru Məsud Aşina tərəfindən 34 nəfər yaralının müayinəsi həyata keçirilib və müalicə istiqamətləri müəyyən edilib.

2021-ci ilin 12 avqustda İsrail dövlətindən gələn həkim tərəfindən 9 nəfər yaralının müayinəsi həyata keçirilib və müalicə istiqamətləri müəyyən edilib.

 

Qayğısız həyatı onlar daha çox haqq edirlər

 

Torpaqlarımıza azadlıq, insanlarımıza qürur yaşadan şəhidlərin, qazilərin övladları daha çox qayğısız həyatı haqq edirlər. Şəhid və qazi övladlarının qayğılarını azaltmaq, onların mənalı istrahət etmələri üçün "Yaşat" Fondu və "Asan Könüllüləri" Təşkilatının birgə təşkilatçılığı ilə tədbirlər görülüb. 2021-ci il 12 iyuldan 2021-ci ilin 28 avqust tarixinədək 3 fərqli yaş qrupunu əhatə edən şəhid övladları üçün Lənkəran şəhərində, "Springs Wellness Resort" hotelində 6 düşərgə yaradılıb. Bu, 211 uşağı əhatə edib. Layihə çərçivəsində hər düşərgədə uşaqlar üçün əyləncə saatları, öyrədici təlimlər, teatrlar, öz sahəsində müsbət imicə malik olan peşəkarlarla, qurum rəhbərləri ilə görüşlər, ekskursiyalar, habelə psixoloqların iştirakı ilə təlimlər, konsultasiyalar və müğənnilərin iştirakı ilə konsert proqramları həyata keçirilib. Hər düşərgə ümumilikdə 6 gün 5 gecəni əhatə edib.

"Yaşat" Fondunun, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, Bank Respublikanın dəstəyi və "Asan Könüllüləri" Təşkilatının tərəfdaşlığı ilə 2022-ci ilin 27-30 may tarixlərində Qəbələdə tədbir keçirilib. Layihədə Kürdəmir, Balakən, Şəki, Qəbələ, Şamaxı və İmişlidən idmana marağı olan şəhid övladları iştirak ediblər. Layihə çərçivəsində 8-13 yaş arasında 22 şəhid övladı Qəbələ Olimpiya və İdman Kompleksində peşəkar məşqçi heyəti tərəfindən futbol, taekvando, qaydasız döyüş, cüdo, boks, gimnastika və digər idman növlərinin məşqlərinə cəlb olunublar.

Böyükşəhər Bələdiyyəsinin tərəfdaşlığı ilə "Hədiyyə Karvanı" layihəsi çərçivəsində Tovuz, Ağstafa, Gədəbəy, Gəncə, Goranboy, Naftalan, Ağcabədi, Ağdam, Füzuli, İmişli, Kürdəmir, Mingəçevir, Şəki və Balakəndə 15 yaşadək olan şəhid və qazi övladlarına hədiyyələrin paylanması həyata keçirilib. 2000-dək uşağa hədiyyələr verilib.

Şəhidlərin, qazilərin fədakarlıqları hesabına bu gün Azərbaycanla daha çox fəxr edirik.  Onların arzularını yaşatmaq, istəklərini həyata keçirmək, yadigarlarını qorumaq isə bir vətəndaş olaraq hər birimizin borcudur. Xalqımızın dəstəyi ilə yaranan "Yaşat" Fondu bu missiyanı çox uğurla həyata keçirir.

 

Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video