25 Sentyabr 2022 01:01
450
CƏMİYYƏT
A- A+

Yaralı hərbçilər ziyarət olundu

 

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov sentyabrın 19-da Gəncə Hospitalında müalicə olunan mingəçevirli hərbçilərlə görüşmüşdür. 
Qeyd edək ki, hərbçilərimiz sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribatlarına cavab verərkən yaralanmışlar. Hospitalın rəhbərliyi və həkimlərlə səmimi söhbətdən sonra İlham İsmayılov hərbçilərimizin müalicə olunduqları palatalara baş çəkdi. 
İlk görüş baş leytenant Rüstəmov Əsgər Elman oğlu ilə oldu. 26 yaşlı hərbçimiz əslən Şəki rayonunun kiçik Dəhnə kəndindəndir. Valideynləri Mingəçevirdə yaşadıqlarından burada böyümüş və təhsil almışdır. Şəhərdəki 1 nömrəli tam orta məktəbi başa vurduqdan sonra hərbi liseyə daxil olub və sonra hərbi akademiyanı bitirib. Ali təhsilli mütəxəssis kimi orduda xidmət edir. Şəhər rəhbəri onun müalicəsi ilə maraqlandı, xoş arzularını bildirdi: "Erməni təxribatçılarına mərdliklə cavab verməyiniz bizi hədsiz sevindirir. Siz qalib ordumuzun layiqli hərbçilərisiniz. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Milli Ordumuzun zəfər yürüşləri düşməni yerində oturdub, nəyə qadir olduğumuzu dünyaya nümayiş etdirib. Əsgər və zabitlərimizin şücaəti ürəkaçandır. Biz sizinlə fəxr edir, qürur duyuruq". 
Sonra gənc zabitin arzu və istəkləri dinlənildi. Əsgər Rüstəmov onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə dərin minnətdarlığını ifadə etdi. Hospitalda onlara hər cür qayğı göstərildiyini dilə gətirdi. Orta təhsil aldığı 1 nömrəli məktəbin kollektivinə, xüsusən ona bilik öyrədən müəllimlərə salamlarını çatdırmağı xahiş etdi: "Onlar mənim həyat yoluma işıq salıblar. Mingəçevirdə mənim yaxşı dostlarım var, inşallah, onlarla görüşəcəyəm. Sağaldıqdan sonra yenidən hərbi xidmətimi davam etdirəcəyəm. Bu, mənim Vətən qarşısında borcumdur". 
Şəhər icra hakimiyyətinin başçısı xoş sözlərə görə gənc zabitə təşəkkür etdi və toy mərasiminin təşkilində ona yaxından dəstək olmağa hazır olduğunu bildirdi. 
Növbəti görüş əsgər Hacıyev Ruzi Dəyanət oğlu ilə oldu. Mingəçevir şəhərindəki N.Nərimanov küçəsi, bina 19/1-in 5 nömrəli mənzilində yaşayan, hərbi xidmətə çağırılan əsgər komandirlərinin tapşırıqlarını layiqincə yerinə yetirdiyini dedi. Şəhər icra hakimiyyətinin başçısı Ruzi Hacıyevə tezliklə sağalmağı, hərbi xidmətini davam etdirməyi, xidməti müddətini başa vurduqdan sonra ailə həyatı qurmağı arzu etdi.
Mingəçevir kənd yaşayış massivindəki Şəfəq küçəsi 39B nömrəli evin sakini, müddətli həqiqi hərbi xidmətdə olan Məmmədov Razil Raqil oğlu ilə görüşən şəhər icra hakimyyətinin başçısı İlham İsmayılov ona xoş arzularını ifadə etdikdən sonra ailə vəziyyəti ilə maraqlandı. Nə kimi dəstəyə ehtiyac duyduğunu soruşdu. Razil Məmmədov göstərilən diqqət və qayğıya görə minnətdarlığını ifadə etdi.  
Hər bir hərbçimizlə keçirilən görüşdə onlara ərzaq bağlaması təqdim edildi. Görüşlərdə mingəçevirli fəallar da iştirak edirdilər.

L.QULİYEV,
"Azərbaycan" 
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video