13 Avqust 2022 02:03
711
Mədəniyyət
A- A+

Xoş niyyətin, saf arzuların ünvanı

 

Şuşa 250 yaşı olan qədim Azərbaycan şəhəridir. Şuşa strateji əhəmiyyəti olan coğrafi məkan, ərazi vahididir... 250 yaşı olan bir şəhərin vətəndaşları var, orada doğulub boya-başa çatmış insanları var, Şuşa o insanların vətənidir. O insanlar qürurla "Şuşa mənim vətənimdir", deməkdə tam haqlıdırlar. Kimin Şuşa haqqında nə düşündüyünü dəqiq bilməsəm də, düşüncəmizə görə, Şuşa nə adı coğrafi məkan, nə də tariximizin yadigarı olan adi bir şəhərdir... Şuşa rəmzdir. Uca şiş qayaları əzəmətimizin, qürurumuzun rəmzidir. Sərin buz bulaqları duruluğumuzun, şəffaflığımızın, təmiz havası saflığımızın rəmzidir. Gülündə, çiçəyində, adicə otunda, çəmənində bir məna var Şuşanın. Dillərdə dastan olan xarıbülbülü sədaqət rəmzidir... Bir də ki 44 günlük Vətən müharibəsində qazandığımız böyük qələbənin, vətən sevgisinin rəmzidir Şuşa. Qəhrəmanlıq tariximizin ən şanlı səhifəsi, ölümün üstünə gedib ölməzlik qazanan oğullarımızın tarix yazdığı müqəddəs məkandır. Xoş niyyətin, saf arzuların ünvanıdır.

 

Şuşa sülh şəhəridir

 

Bu məqamda çox maraqlı bir məsələyə diqqət çəkmək istəyirəm. 250 il yaşı olan Şuşada bu günə kimi bir silah emalatxanasının, silah istehsal edən sexin olması barədə rəsmi bir məlumata rast gəlməmişik. Şuşadan söz düşərkən bu qədim şəhərin mədəniyyətimizin, musiqimizin beşiyi olduğundan iftixarla danışırıq. Bu şəhərdə tariximizin yadigarı olan yüzlərlə abidə var. Buradan konkret olaraq belə bir nəticəyə gəlmək olur ki, Şuşa yaranışdan sülhün, qardaşlığın şəhəri olub. Ona sığınanlara doğmalıqla qucaq açıb, yer verib. Şuşanın havası kimi insanları da safdır. İnanclıdırlar... Əl açıb üstünə gələni heç vaxt naümid geri qaytarmazlar. Çox təəssüf ki, bir zamanlar yazıq bilib yer verdiklərimiz sonradan ilan kimi zəhərlərini üstümüzə tökdülər. Dost bilib üzlərinə qapı açdıqlarımız üstümüzə düşmən kimi gəldilər...

 

Şuşa Şərq Musiqi Alətləri Fabriki regionda yeganə müəssisə idi

 

Müdriklər deyirlər ki, şəhərlər də insanlar kimidir. Öz talelərini yaşayırlar. Şuşa da öz taleyini yaşayırdı. Tarixən buradan dünyaya gözəl səs, xoş səda yayılırdı. Gözəl xanəndələri məclislər yaraşığı idi. Tanınmış korifey sənətkarları dünya musiqi xəzinəsinə, dünya mədəniyyətinə əvəzsiz töhfələr bəxş ediblər. Ən maraqlısı da budur ki, keçmiş SSRİ məkanında yeganə olan və Şərq musiqi alətlərini istehsal edən fabrik də Şuşada yerləşirdi. Tədqiqatçı jurnalist Vasif Quliyev deyir ki, 1962-ci ildən sex kimi fəaliyyət göstərən fabrikdə o zaman tar, saz, kamança, ud, nağara, qaval, qoşanağara istehsal edilirdi. 1972-ci ildən fabrikin istehsal imkanları genişləndiyi üçün Moskvadan, Tbilisidən, Leninqraddan təzə avadanlıqlar alınaraq yeni bina ilə təmin edib, fabrik statusu alır. O zaman Şuşa Şərq Musiqi Alətləri Fabrikində istehsal olunan məhsullar dövlət keyfiyyət nişanı alaraq dünyanın bir sıra ölkələrinə - Hindistana, Qazaxıstana, Özbəkistana, Dağıstana, Gürcüstana və digər ölkələrinə ixrac olunurdu. Fabrikin məhsulları Ümumittifaq və Beynəlxalq sərgilərdə nümayiş olunaraq yüksək mükafatlara layiq görülürdü.
XIX əsrin sonu və XX əsrin əvvəllərində Şuşa Qafqazın musiqi mərkəzinə çevrilmişdir. Şuşanı "Kiçik Paris", "Qafqazın sənət məbədi", "Azərbaycan musiqisinin beşiyi" və "Zaqafqaziyanın konservatoriyası" adlandırırdılar. 1992-ci ildə  erməni vandalları Şuşanı işğal etdikdən sonra Şuşada olan digər tarixi mədəni abidələr kimi, Şuşa Musiqi Alətləri Fabrikini də dağıdaraq viran qoydular. Şuşa Musiqi Alətləri Fabrikinin taleyinə də qaçqın, köçkün həyatı yaşamaq düşdü. Musiqi mədəniyyətimizin tarixini yaşadan insanlar bu illər ərzində zülm, sitəm gördülər...

 

Şuşa musiqi məktəbi

 

Şuşanın qədim mədəniyyət ocaqlarından bir də Şuşa musiqi məktəbidir. XIX əsrin ikinci yarısında Azərbaycanın bir sıra bölgələrində musiqi məclisləri, dərnəkləri təşkil etmək bir adət halını almışdı. Belə musiqi məclislərindən biri də Azərbaycan mədəniyyətinə böyük korifeylər bəxş etmiş Şuşada o dövrün görkəmli sənətkarlarından olan Xarrat Qulu Yusifi tərəfindən təşkil edilmişdi. Bu məktəbin başlıca məqsədi yeni xanəndələr nəsli yetişdirmək, xanəndəlik sənətini xalq arasında geniş yaymaq və klassik Azərbaycan muğamlarını daha da inkişaf etdirmək idi. Musiqişünas Xarrat Qulunun yaratdığı bu məktəb Azərbaycan musiqisinin inkişafında müstəsna rol oynamışdır.
XIX əsrin ikinci yarısında Şuşada muğam aşiqi Kor Xəlifə musiqi məktəbi açır. O, tələbələrə muğam oxumağı, tarda və kamançada çalmağı öyrədirdi.
XX əsrin əvvəllərində Şuşanı Qafqazın konservatoriyası, Azərbaycanın musiqi beşiyi adlandırırdılar. Bu sənət məbədində yetişib gözəl səsi, xoş avazı ilə  Azərbaycanı bütün Şərqdə, Avropanın bir sıra ölkələrində tanıdıb təmsil edən böyük şöhrət qazanmış görkəmli sənətkarlar nəsli yetişməyə başladı. Şuşada elmin, mədəniyyətin və incəsənətin sürətli inkişafı üçün geniş imkanlar yarandı. Azərbaycan vokal sənətinin banisi, dünyaşöhrətli görkəmli müğənni Bülbülün təşəbbüsü ilə Azərbaycan SSR Xalq Maarif Komissarlığının 10 oktyabr 1932-ci il tarixli qərarına əsasən, Şuşa Musiqi Məktəbi yaradıldı. Onu da qeyd edək ki, bu, həm də Azərbaycanda yaradılan ilk uşaq musiqi məktəbi idi. Məktəb Xurşidbanu Natəvanın evi olmuş binada fəaliyyətə başlamışdır. Bu təhsil ocağında tar, kamança, fortepiano, skripka və vokal şöbələri fəaliyyət göstərirdi. Musiqi məktəbi tez bir zamanda Şuşanın mədəniyyət və incəsənət mərkəzinə çevrildi. Sonralar bu məktəbin məzunları mədəniyyətimizin və incəsənətimizin ən layiqli təmsilçiləri kimi musiqi mədəniyyətimizin dünyada ən gözəl təbliğatçısı oldular.
Əməlləri "dağıtmaq", "viran qoymaq", "xarabazarlığa çevirmək" ifadələri ilə eynilik təşkil edən ermənilər Şuşamızı işğal etməklə bu musiqi beşiyini də viran qoydular...
Lakin zaman ən gözəl həkim, ən ədalətli hakimdir. Gec-tez öz ədalətli hökmünü verir. Ədalətli qərar isə 2020-ci il sentyabrın 27-də verildi. Azğınlığa, vandalizmə, qeyri-insani davranışlara və özbaşınalığa son qoymaq məqsədilə bir olan xalqın qəzəbi yumruğa döndü... 8 noyabrda həsrətin, sevginin, xoş arzuların, niyyətin və mədəniyyətimizin paytaxtı Şuşa qəhrəman oğullarımızın şücaəti, Müzəffər Ali Baş Komandanın qətiyyəti ilə düşməndən azad edildi.

 

Şuşanın yeni həyatı 

 

Tariximizin böyük qələbəsindən sonra Şuşa yeni həyatına başladı. Qısa bir zamanda Şuşada tarixi abidələrimizin, dini ocaqlarımızın yenidən bərpa edilməsi prosesi başlandı. Gözüyaşlı, sinəsi dağlı Şuşa da dirildi, canlandı. Öz gözəl keçmişinə baxıb uğurlu gələcəyə doğru inamlı addımlarla irəliləməyə başladı. Namərdlik yağıya qaldı. Düşmənin dağıdıb viran qoyduqlarına bu gün yenidən əbədi həyat verilir. Nə xoş ki, Şuşa Musiqi Alətləri Fabriki, Şuşa musiqi məktəbi də yenidən daha gözəl formada qurularaq uğurla yolunu davam etdirməyə hazırlaşır.

Elşən QƏNİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video