Bu nəhəng yataq "Cənub qaz dəhlizi”nin ehtiyat
mənbəyidir
"Cənub qaz dəhlizi”nin ehtiyat mənbəyi Xəzərin
Azərbaycan sektorundakı "Şahdəniz” yatağıdır. "Şahdəniz” hazırda dünyada işlənməkdə
olan ən nəhəng karbohidrogen yataqlarından biridir. O, sahildən təxminən 75 kilometr
cənubda yerləşir və 860 kvadratkilometr ərazini əhatə edir. "Şahdəniz” 1,2 trilyon
kubmetr qaz və 240 milyon tondan çox kondensat ehtiyatlarına malikdir.
Yatağın kəşfiyyatı, işlənməsi və Hasilatın
Pay Bölgüsü Sazişi 1996-cı ilin iyun ayında imzalanıb və oktyabr ayında Milli Məclis
tərəfindən ratifikasiya edilərək qüvvəyə minib. Növbəti ildə isə burada üçölçülü
seysmik tədqiqatlar aparılıb. 1999-cu ilin iyun ayında birinci kəşfiyyat quyusunun
qazılması tamamlanıb. Bu, "Şahdəniz”in kəşf olunduğu tarix hesab edilir. Ümumiyyətlə,
1997-2001-ci illər ərzində yataqda qazılmış kəşfiyyat və qiymətləndirmə quyuları
burada dünya səviyyəli bir qaz-kondensat yatağının olduğunu təsdiqləyib.
Yatağın işlənməsinin birinci mərhələsi çərçivəsində
"Şahdəniz Alfa” platformasından 12 ildən çoxdur Azərbaycana, Gürcüstana və Türkiyəyə
qaz nəql edilir. Qazı Azərbaycanın və Gürcüstanın ərazisi ilə Cənubi Qafqaz Boru
Kəməri daşıyır. Gürcüstan-Türkiyə sərhədində
CQBK-ya birləşən borularla mavi yanacaq Ərzurumadək çatdırılır. Odur ki, Səngəçaldan
Ərzurumadək uzanan bu xətt bütövlükdə Bakı-Tbilisi-Ərzurum kəməri adlanır.
"Şahdəniz”in işlənməsinin ikinci mərhələsi
üçün yekun investisiya qərarı 2013-cü il dekabrın 17-də verilib. Beş ilə yaxın müddət
ərzində layihə nəzərdə tutulduğu qaydada irəliləyib və artıq yarım ildən çoxdur
"Şahdəniz-2” qazı genişləndirilmiş CQBK və istismara daxil olmuş TANAP vasitəsilə
ixrac edilir. Başqa sözlə, 2018-ci ildən "Cənub qaz dəhlizi”nin birinci seqmenti
olan "Şahdəniz-2”dən hasilata başlanıb.
Xatırladaq ki, "Şahdəniz” layihəsində iştirak
payları belədir: BP (operator, 28,8 faiz), TPAO (19 faiz), AzŞD (10 faiz), "Cənub
qaz dəhlizi” Apstrim (6,7 faiz), PETRONAS (15,5 faiz), "LUKoyl” (10 faiz), NIKO
(10 faiz).
Keçən il mayın 29-da "Cənub qaz dəhlizi”nin
Səngəçal terminalında keçirilən rəsmi açılış mərasimində Prezident İlham Əliyev
"Şahdəniz”in əhəmiyyətini bir daha vurğulayaraq demişdir: "1994-cü ildən sonra ikinci
böyük kontrakt "Şahdəniz” qaz yatağı üzrə imzalanmışdır... Beləliklə, Azərbaycan
dünyaya özünü nəinki neft ölkəsi, həm də qaz ölkəsi kimi təqdim etdi. Onu da yaxşı
xatırlayıram ki, o vaxt dünyada enerji təhlükəsizliyi məsələlərində qaz amili o
qədər də ciddi rol oynamırdı. Hətta qaz yataqlarının işlənilməsi o qədər də böyük
maraq doğurmurdu. Çünki mənfəət neft yataqları ilə müqayisədə daha aşağı idi. Ona
görə bu layihəyə investorları cəlb etmək o qədər də asan məsələ deyildi. Ancaq bu
gün, bu tarixi gündə "Cənub qaz dəhlizi”nin açılışını qeyd edərkən biz görürük ki,
bu, nə qədər vaxtında atılmış və müdrik addımdır. "Şahdəniz” qaz yatağı "Cənub qaz
dəhlizi”nin əsas resurs bazasıdır”.
"Şahdəniz-2”ni transformasiyaya yol açan
inqilabi layihə adlandırırlar. Layihə çərçivəsində
ildə 16 milyard kubmetr qaz hasil ediləcək ki, onun da 6 milyard kubmetri Türkiyədəki,
10 milyard kubmetri Avropadakı istehlakçılar üçün nəzərdə tutulub. Layihənin tikinti
işlərinin pik dövründə Azərbaycanda 24 min nəfərdən çox insan işə cəlb olunub.
"Şahdəniz-2” müqavilə sahəsində iki platforma
quraşdırılıb və onlar körpü vasitəsilə birləşdirilib. Bunlardan biri yaşayış blokları
və texnoloji təchizat platforması, digəri hasilat və dikborular platformasıdır.
Platformaların tikintisi bütövlükdə Azərbaycanda neft-qaz qurğularının inşası üçün
yaradılmış dünya səviyyəli sahələrdə həyata keçirilib. Hər iki platformanın üst
hissəsi Bibiheybət ərazisindəki ATA ("AMEK-Tekfen-Azfen”) tikinti-quraşdırma sahəsində
inşa edilib. Qurğuların dayaq blokları Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda
(BDÖZ) hazırlanıb.
İlk qazın alınması üçün qazma işlərinin vaxtında
və keyfiyyətlə aparılması da mühüm şərtdir. "Şahdəniz-2”də qazma işləri "İstiqlal”
və "Maersk Explorer” qurğuları ilə həyata
keçirilir. Bu qurğularla "Şahdəniz-2” yatağından hasilatın başlanmasına və sonradan
tədricən artırılmasına hazırlıq çərçivəsində 14 quyu qazılıb. "Şahdəniz-2”də qazma
işləri hasilatın sabit səviyyəsinə nail olunanadək davam edəcək.
Bir sözlə, CQBK-nın ilk qazı qəbul etməsi
üçün Azərbaycanda və Gürcüstanda xətt boyu genişləndirilmə işləri aparılıb. Kəmərə
qaz Səngəçal terminalından vurulub. "Şahdəniz-2” qazını qəbul, ilkin emal və ixrac
etmək üçün burada yeni qurğular tikilib. Hazırda "Şahdəniz Bravo” platformasından
Səngəçala qazın ötürülməsi davam edir.
"Şahdəniz”in zəngin salnaməsinə daxil olan
hadisələrdən biri də Bakı Gəmiqayırma Zavodunda məhz həmin yataqda işləmək üçün
"Xankəndi” sualtı tikinti gəmisinin inşa edilməsidir. Hazırda gəmi "Şahdəniz”də
uğurla fəaliyyət göstərir. Yatağa 2017-ci ildə gələn "Xankəndi” burada 10 ildən
çox - 2027-ci ilədək işləyəcək.
"Xankəndi” DNV GL Norveç və Almaniya təsnifat
cəmiyyətinin nəzarəti altında tikilmişdir. Bu nadir gəminin maksimal sürəti
13,5 knot, uzunluğu 155, eni 32, maksimal suya oturumu 7,5 və əsas göyərtəsinin
hündürlüyü 13 metrdir. Gəmi 3,5 metr hündürlüyündə böyük dalğalarda fəaliyyət göstərməsi
üçün dinamik mövqeləndirmə sisteminə malikdir. 600 metrədək sualtı əməliyyatlar
aparmaq imkanı var. Sualtı tikinti gəmisinin ümumi çəkisi 17 min 700 ton, suya oturumu
6,5 metr, yükgötürmə qabiliyyəti 5 min metrik tondan artıqdır. Dünyada bu tipdə
cəmi 10 gəmi var ki, onlardan biri də "Xankəndi”dir. Gəminin inşası təqribən
400 milyon dollara başa gəlmişdir.
Bundan əlavə, sualtı və dəniz-gəmi əməliyyatlarında
STB-1 daşıma, "İsrafil Hüseynov” borudüzmə barjlarından, "Azərbaycan” kran və "Akademik
Tofiq İsmayılov” dalğıc gəmilərindən də istifadə olunur.
3500 kilometrlik "Cənub qaz dəhlizi”nin ehtiyat
mənbəyi məhz bura - Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz-2” müqaviləsi sahəsi,
ən müasir platformaların quraşdırıldığı, "Xankəndi” kimi nəhəng gəminin işlədiyi
ərazidir. Buradan sualtı xətlərlə sahilə çıxarılan mavi yanacaq Səngəçal terminalındakı
qurğuların köməyi ilə Avropaya doğru uzun bir yol başlayır.
Flora SADIQLI,
"Azərbaycan”