23 Yanvar 2022 00:45
964
Mədəniyyət

Xeyriyyəçilik unudulmur

 

Hacı Zeynalabdin Tağıyev də bu fəaliyyəti ilə yaddaşlarda qalmışdır

 

Paytaxt Bakı daha bir əlamətdar hadisənin şahidinə çevrildi. Əslində, son 20 ilə yaxındır ki, Bakı belə tarixi, əlamətdar hadisələrlə yaşayır, inkişaf edir, əzəlini saxlamaqla, özəlliyi ilə də hüsnünə heyranlığını artırır. Bu da, ümumiyyətlə, ölkəmizin dinc quruculuğu, iqtisadi yüksəlişi, mədəni inkişafı ilə sıx şəkildə bağlıdır.

2020-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin Hacı Zeynalabdin Tağıyevin abidəsinin ucaldılması ilə bağlı imzaladığı sərəncam  paytaxtımızda belə tarixi hadisələrdən daha birinin yaşanmasına səbəb oldu. Xalq rəssamı, məşhur heykəltaraş Xanlar Əhmədovun sənətkarlıq məharəti elan olunmuş müsabiqədə qalib gəldi.

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 18-də abidənin açılış mərasimindəki çıxışı zamanı bildirdi ki, seçilən məkan - ünvan Hacı Zeynalabdin Tağıyevin adına layiq yerdir. Abidənin məhz bu yerdə yerləşməsinin böyük rəmzi mənası var. Hacı Zeynalabdin Tağıyev ömrü boyu Bakının abadlaşmasına, ümumiyyətlə, Azərbaycanın inkişafına böyük töhfələr verib.

Azərbaycan Prezidenti öncə onu xüsusi vurğuladı ki, dünyanın milyonçularından və mesenatlarından biri kimi tanınmış H.Z.Tağıyev zəngin adam olsa da, çox kasıb ailədə böyümüşdü və sərvətini öz zəhməti hesabına qazanmışdı. Ancaq tarixdə o, zəngin adam kimi yox, məhz xeyriyyəçi kimi qaldı: “...Əgər onun xeyriyyəçilik fəaliyyəti olmasaydı, yəqin ki, o, Azərbaycan xalqının yaddaşında qalmazdı. Onun təşəbbüsü ilə Azərbaycanda bir çox önəmli layihələr həyata keçirilmişdir. Onların arasında, əlbəttə ki, Bakıya təmiz içməli suyun gətirilməsi layihəsini xüsusilə qeyd etməliyəm. Şollar su kəməri bugünə qədər fəaliyyətdədir, bugünə qədər Bakını, Sumqayıtı təmiz içməli su ilə təmin edir. Bu kəmərin tikintisi üçün Zeynalabdin Tağıyev öz vəsaitindən istifadə etmişdir. Məhz onun təşəbbüsü və maliyyə dəstəyi ilə Bakıda teatr binası inşa edilmişdir, bir çox sənaye müəssisəsi inşa edilmişdir, azərbaycanlı qızlar üçün ilk dünyəvi məktəb açılmışdır. Deyə bilərəm ki, müsəlman aləmində ilk dünyəvi məktəb məhz Bakıda azərbaycanlı qızlar üçün Tağıyevin vəsaiti və təşəbbüsü ilə yaradılmışdır...”

Azərbaycan Prezidenti hər bir tədbirdə toxunduğu məsələnin tarixi əhəmiyyətini də geniş ictimaiyyətə çatdırır. Bu dəfə də diqqət mərkəzinə gətirilən xalqımızın milyonçu-xeyriyyəçi oğlunun doğma Azərbaycanının hərtərəfli inkişafı üçün göstərdiyi xidmətlərin tez-tez və vaxtaşırı dilə gətirilməyən məqamlarına da diqqət yetirildi. Məsələn, şəhərdə tramvay xətlərinin açılması, əsrlərin paytaxtı kimi tanınan Bakıya əlavə gözəllik və memarlığına töhfə verən bir çox tarixi binaların təşəbbüskarı məhz Tağıyev olub.

Dövlət başçısının vurğuladığı kimi, yüzlərlə gənci Rusiyaya və Avropaya oxumaq üçün göndərməklə onların təhsil xərcini öz üzərinə götürmək də gələcəyə yönəlmiş addım idi. Bəlkə çoxları bilmirdi ki, həmin tələbələrin arasında Azərbaycan səhiyyəsinin inkişafındakı xidmətlərinə görə qəlblərdə adı yaşayan Əziz Əliyev də var idi. O Əziz Əliyev ki, qədim Azərbaycan torpağı olan İrəvan xanlığı ərazisində doğulmuşdu. O da Tağıyev kimi kasıb ailədən idi, oxumaq istəyirdi. Ona görə də Hacıya məktub yazaraq xahiş etmişdi ki, ona maddi kömək göstərilsin. Hacı Zeynalabdin isə bir azərbaycanlı gəncin təhsilə olan belə marağını nəzərə alaraq ona pul göndərmiş, Əziz Əliyevin o vaxt Sankt-Peterburq Hərbi Tibb Akademiyasında oxumasına səbəb olmuşdu. Azərbaycan Prezidenti də məhz xalqının gələcəyini düşünən belə insanların yaddaşlarda yaşamasının vacibliyini xüsusi qeyd etdi: “...Hesab edirəm ki, bu hadisə onun gələcək taleyində həlledici rol oynamışdır. Çünki o, həm gözəl həkim, eyni zamanda, böyük dövlət xadimi olmuşdur. İkinci Dünya müharibəsində onu Bakıdan Dağıstana ezam etmişlər. Bir neçə il Dağıstanın rəhbəri vəzifəsində işləmişdir və dağıstanlıları sürgündən xilas etmişdir. Çünki o vaxt başqa Qafqaz xalqları ilə bərabər, dağıstanlıları da Qazaxıstana sürgün etmək istəyirdilər, sovet hökumətinin belə planları var idi. Məhz Əziz Əliyevin qətiyyətli mövqeyinə görə bu, baş vermədi. Dağıstanlılar bunu yaxşı bilirlər, yaxşı xatırlayırlar və təsadüfi deyil ki, Mahaçqalada dağıstanlıların təşəbbüsü ilə Əziz Əliyevin abidəsi ucaldılmışdır...”

Budur, tariximizin yazılmamış, oxunmamış səhifələrindəki vacib məqamlar, milli-mənəvi dəyərlərin qorunub saxlanmasına xalq  məhəbbəti, dövlət qayğısı. Onu bu gün Azərbaycan Prezidenti də nümunə olaraq gələcək nəsillərə təqdim edir.

Hacı Zeynalabdin Tağıyev ilk dəfə olaraq Qurani-Kərimi Azərbaycan dilinə tərcümə etdirib. Məhz Hacının təşəbbüsü və xeyriyyəçiliyi hesabına Azərbaycanda bir çox dini abidə inşa olunub. Hacının, əlbəttə, təhsillə bağlı təşəbbüsləri yalnız Bakı ilə kifayətlənmirdi. Naxçıvan, Gəncə, Şamaxı və qonşu Gürcüstanda azərbaycanlıların yaşadıqları bölgələrdə də onun pulu hesabına məktəblər açılmışdı.

Açılış mərasimində iştirak edənlər onu da öyrəndilər ki, on doqquzuncu yüzillikdə xeyriyyəçilik ənənələri məhz  Hacı Zeynalabdin Tağıyev tərəfindən qoyulub.

Bu gün isə xeyriyyəçilik ənənələri müstəqil Azərbaycanda davam edir və daha geniş vüsət almaqdadır.  Azərbaycanda, Cənubi Qafqazda Heydər Əliyev Fondunun xeyriyyəçilik ənənələrindən bəhrələnənlər minlərlə deyil, milyonlarla aztəminatlı, imkansız, yaxud sağlamlığına qovuşan insanlardır, həm də yalnız  bizim millətin nümayəndələri deyillər. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun əsas məqsədi insanlara kömək göstərmək, Azərbaycan mədəniyyətini dünyada təbliğ etmək, təhsil, səhiyyə, mədəniyyət, incəsənət, elm sahələrinə töhfə verməkdir.

Azərbaycanın multikultural, müasir dövlət kimi dünyada tanıdılmasında da Heydər Əliyev Fondunun müstəsna xidmətləri var: “...Məhz fondun fəaliyyəti nəticəsində Azərbaycan daha çox tanınır və məhz bu amil bizə İkinci Qarabağ müharibəsi dövründə kömək göstərdi. Çünki Azərbaycan xalqı yaxşı bilir ki, o vaxt erməni lobbisi və onun havadarları Azərbaycan haqqında olmazın yalanlar uydurub media məkanına atmışlar. Ancaq uzun illər ərzində Heydər Əliyev Fondunun müxtəlif ölkələrdə fəaliyyəti və Azərbaycanın müasir, mütərəqqi dövlət kimi tanıdılması bu təbliğatı alt-üst etmişdir. Bu gün Heydər Əliyev Fondu qarşısında yeni vəzifələr dayanır. Ənənəvi fəaliyyətlə yanaşı, bu gün fond azad edilmiş torpaqlarda geniş fəaliyyətə başlamışdır. Fondun təşəbbüsü ilə azad edilmiş torpaqlarda hazırda dini abidələrimizin əsaslı təmiri, bərpa edilməsi və inşası prosesinə start verilib. Şuşa şəhərində Yuxarı Gövhər ağa, Aşağı Gövhər ağa, Saatlı məscidləri, Ağdam şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən əsaslı bərpa edilir, Zəngilan şəhər məscidi də həmçinin. Eyni zamanda, Daşaltıda, Hadrutda və Şuşa şəhərində yeni məscidlərin tikintisi də məhz Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilir. Təkcə sadaladığım dini abidələrimizin sayı 8-ə bərabərdir və əminəm ki, fond digər layihələrdə də fəal iştirak edəcək. Bildiyiniz kimi, məcburi köçkünlər üçün yeni evlərin yaradılması da Heydər Əliyev Fondunun təşəbbüsü ilə geniş vüsət almışdır və mənim iştirakımla Qobu qəsəbəsində bir neçə böyük, çoxmərtəbəli evlərin inşası təmin edilmişdir”.

Dövlət başçısı tədbirdə onu da vurğuladı ki, bu gün mən çox şadam - Zeynalabdin Tağıyevin abidəsi Bakıda ucaldılıb. O, buna layiq idi. Ümumiyyətlə isə, Azərbaycan xalqı tarix, millət qarşısında xidməti olan hər bir insanı öz qəlbində yaşadır, milyonçu-xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev kimi...

 

Məhəmməd NƏRİMANOĞLU,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video