25 Noyabr 2022 02:49
123
İDMAN
A- A+

"XAİN", yoxsa PEŞƏKAR?

 

Kamerunda doğuldu, İsveçrə forması ilə ölkəsinə qol vurdu…

 

Söhbət dünya çempionatının G qrupunun İsveçrə-Kamerun matçında vurulan yeganə qolun müəllifi Bril Embolodan gedir. Kamerunda dünyaya gələn, ancaq valideynlərinin boşanmasına görə əvvəlcə anası ilə Fransaya, ardınca isə İsveçrəyə köçən hücumçu bu qola sevinmədi. Bunu necə qiymətləndirmək olar? "Xain", yoxsa peşəkar? 
Matçın ilk hissəsində hər iki komanda bir-birilərinə, demək olar ki, boş zona buraxmadılar. Daha çox qısa ötürmələrə üstünlük verən İsveçrə yığması sürətli keçidlərlə cinah hücumları təşkil edərək təhlükəli qol epizodu yaratmağa çalışdı. Oyunu müdafiədən qurmağa  çalışan Kamerun millisinə qarşı 1-ci zonada tətbiq edilən pressinq  afrikalılarda fazalarda balansın pozulmasına səbəb oldu. Yəni hücum xətti mərkəzə, buradakı oyunçular isə daha çox müdafiəyə çəkildilər. Bir sözlə, toplu və topsuz oyunlarda İsveçrə rəqibinin oyun planına maneə yaratdı. Nəticədə geri dönən topların hamısı avropalılarda qaldı. 
Beləliklə, bu oyun planında nominal meydan sahiblərinin qol vuracağı gözlənilən idi və bu da oldu. 48-ci dəqiqədə Bril Embolo hesabı açdı. Elə bu qol da oyunda yeganə oldu. Beləliklə, 1:0 hesabı ilə qalib gələn İsveçrə millisi mundiala qalibiyyətlə başladı. 
Qeyd edək ki, İsveçrə millisi mundiallarda 11 dəfə iştirak edib. Yığmanın ən böyük uğuru 3 dəfə 1/4 finala yüksəlməsidir. İsveçrəlilər 1934-cü, 1938-ci və 1954-cü illərdə bu uğura imza atıblar.
1954-cü ildə yarışa evsahibliyi edən İsveçrə 1/4 finalda Avstriya ilə qarşılaşıb. 12 qolun vurulduğu matçda məğlub tərəf ev sahibləri olublar: - 5:7. Bu, həm də dünya çempionatları tarixində ən çox qolun vurulduğu matçdır.
İsveçrənin dünya çempionatlarında daha bir rekordu var. "DÇ-2006"da Fransa, Toqo və Cənubi Koreya ilə bir qrupda yer alan milli qol buraxmadan qrupu 1-ci sırada bitirib və növbəti raunda yüksəlib. İsveçrə bu mərhələdə Ukrayna ilə qarşılaşıb. Əsas və əlavə vaxtı 0:0 hesabıyla başa çatan matçda ukraynalılar penaltilər seriyasında qələbə qazanıblar. İsveçrə mundial tarixinə qol buraxmadan mübarizəni dayandıran yeganə komanda kimi düşüb. 
Ləqəbi "Qırmızı xaçlılar" olan millinin heyətinin dəyəri 271, 40 milyon avrodur. Komandanı Murat Yakın çalışdırır. 48 yaşlı mütəxəssis 2021-ci ilin yayından bu postdadır.  İsveçrə yığmasının ən dəyərli futbolçusu Manuel Akancidir. İngiltərənin "Mançester Siti" klubunda forma geyən müdafiəçinin qiyməti 30 milyon avrodur. 
Ləqəbi "Məğlubedilməz şirlər" olan yığma buna qədər 7 dəfə mundiallarda iştirak edib. Millinin ən böyük uğuru 1990-cı ildə İtaliyada keçirilən yarışda 1/4 finala yüksəlməsi olub. Kamerun Afrika ölkələri arasında dünya çempionatlarında bu raunda qədər gələn ilk komandadır. Yığma ümumilikdə dünya çempionatlarında ilk dəfə qrupdan çıxıb və 1/4 finala qədər gedib.
Kamerun eyni zamanda Afrikanın ən titullu yığmalarındandır. Komanda 5 dəfə Afrika Kubokunu qazanıb. Milli sonuncu dəfə 2017-ci ildə bu turnirin qalibi olub. "Məğlubedilməz şirlər"in heyətinin dəyəri 155, 63 milyon avrodur. Ən bahalı futbolçu Frank Anqissadır. İtaliya "Napolİ"sində çıxış edən yarımmüdafiəçinin qiyməti 38 milyon avrodur. Komandanı Riqobert Sonq çalışdırır. 

Elçin CƏFƏROV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video