25 Noyabr 2022 03:05
344
SİYASƏT
A- A+

Vətən savaşında əldə olunan təcrübə milli təhlükəsizliyin etibarlı təminatıdır

 

Ramil USUBOV: "Müharibə ordumuzun döyüş təcrübəsinin artırılmasında əvəzsiz rol oynadı"

 

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasının "Şöhrət" muzeyində Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası Katibinin Xidmətinin təşkilatçılığı ilə "Vətən müharibəsinin təcrübələri" mövzusunda konfrans öz işinə başlamışdır. 

 

Hərbi əməliyyatların planlaşdırılması və aparılması xarici ölkələrin hərbi müəssisələrində öyrənilir 

 

Tədbirdə Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubov, Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov, DTX-nin rəisinin birinci müavini, general-leytenant Ceyhun Şadlinski, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi, general-leytenant İlqar Musayev, Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi, general-mayor İlqar Abbasov, hüquq-mühafizə və digər dövlət orqanlarının rəhbər əməkdaşları, Türkiyə Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargahının və Milli Təhlükəsizlik Şurası Baş Katibliyinin nümayəndələri iştirak etmişlər. Konfransın məqsədi Vətən müharibəsinin nəticələrinin təhlilinin və müharibədə qazanılmış hərbi təcrübənin aidiyyəti qurumlar arasında mübadiləsinin təmin olunmasıdır. 
Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin "Şöhrət" muzeyinin qarşısında ucaldılan abidəsini ziyarət etmiş, önünə gül dəstələri düzmüşlər. 
Ulu Öndərin, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş Vətən övladlarının əziz xatirəsi birdəqiqəlik sükutla yad edilmişdir.
Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubov tədbirin təşkilində göstərdiyi dəstəyə görə DTX-nin rəhbərliyinə minnətdarlığını ifadə etmiş, bu mövzuda konfransın keçirilməsinin əhəmiyyətindən danışmışdır. O, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi altında şanlı qələbəmizlə yekunlaşan 44 günlük Vətən müharibəsinin tariximizdə silinməz iz buraxdığını, bu müharibənin ordumuzun döyüş təcrübəsinin artırılmasında əvəzsiz rol oynadığını, hərbi əməliyyatların planlaşdırılması və aparılmasının xarici ölkələrin hərbi müəssisələrində öyrənildiyini diqqətə çatdırmışdır. General-polkovnik Ramil Usubov müharibənin nəticələrinin təhlilinin və əldə olunan təcrübənin milli təhlükəsizliyin etibarlı təminatı, silahlı qüvvələrimizin müdafiə qabiliyyətinin artırılmasında önəmli amil olduğunu bildirmişdir. 
Daha sonra müdafiə naziri, general-polkovnik Zakir Həsənov çıxış edərək ölkə rəhbərinin tapşırığı əsasında, Vətən müharibəsindən sonra Azərbaycan Ordusunun hərbi potensialının artırılması yönümündə həyata keçirilən islahatlar, yeni hərbi birliklərin yaradılması, qarşıya qoyulmuş vəzifələrin operativ və çevik yerinə yetirilməsi üçün Silahlı Qüvvələrimizin şəxsi heyətinin hərbi təhsil səviyyəsinin yüksəldilməsi, müasir hərbi texnika və avadanlıqlarla təchiz olunması barədə məlumat vermişdir. 

 

İran xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinə qarşı kəsərli tədbirlər görülür 

 

DTX-nin rəisinin birinci müavini, general-leytenant Ceyhun Şadlinski çıxışında qeyd etmişdir ki, iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində görülən işlərə Ermənistandakı revanşist qüvvələrin hər vəchlə maneçilik törətməyə çalışması, bu ölkənin silahlanmaya və ordu quruculuğuna öz imkanlarından artıq maliyyə vəsaiti ayırması, müxtəlif xarici dövlətlərdən müasir silahlar və hərbi təyinatlı avadanlıqlar almağa cəhdlər göstərməsi, sülh müqaviləsinin imzalanmasını bütün mümkün vasitələrdən istifadə etməklə yubatmağa meyil etməsi narahatlıq doğuran məqamlardır. Həmçinin vurğulanmışdır ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisinə hərbi texnikaların daşınması, orada müxtəlif təxribat xarakterli tədbirlərin keçirilməsinə şərait yaradılması da xüsusilə diqqət çəkir. İran xüsusi xidmət orqanlarının Azərbaycana qarşı aktiv şəkildə həyata keçirdiyi kəşfiyyat-pozuculuq fəaliyyətindən də danışan natiq bu istiqamətdə görülən kəsərli tədbirlərdən söhbət açmışdır. 
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi, general-leytenant İlqar Musayev bildirmişdir ki, həm Vətən müharibəsi zamanı, həm də müharibədən sonrakı dövrdə məkrli qüvvələr tərəfindən respublikamızın informasiya təhlükəsizliyinə yönələn təhdidlərin və kiberhücumların qarşısının alınması, savaş dövründə hərbi obyektlərimizin xüsusi rabitə avadanlıqları ilə təminatı, radiostansiyaların işinin səmərəli təşkili üçün digər qurumlarla birgə lazımi tədbirlər görülmüşdür. 
Konfrans öz işini hərbi təhlükəsizlik, səfərbərlik hazırlığı, strateji kommunikasiya, informasiya təhlükəsizliyi, kibertəhlükəsizlik, mülki müdafiə və digər aidiyyəti mövzular üzrə mühazirələr və panel müzakirələrlə davam etdirir. 

Ülkər XASPOLADOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video