28 Sentyabr 2022 01:23
595
CƏMİYYƏT
A- A+

Vətən fədaisi

 

44 gün davam edən Zəfər tariximizə adı yazılan minlərlə igidlərimiz oldu. Bu zəfərdə şəhadətə ucalan qəhrəman oğullarımız daim ehtiramla yad olunur, ailələri ziyarət edilir. Sağlamlığını itirən qazilərimizə, Vətən müharibəsi iştirakçılarına hər zaman dövlətimiz tərəfindən  diqqət və qayğı göstərilir. Onların müalicələri istər ölkə daxilində, istərsə də  xaricdə davam etdirilir. Bəzən bütün bu səylərə baxmayaraq, müharibənin vurduğu yaralar nəticəsində həyatını itirən oğullarımız olur. Elşən Həsənov kimi...
Cəbrayıl uğrunda gedən döyüşlərdə müxtəlif bədən xəsarətləri alan igidimizin ordudan tərxis olunduqdan sonra müalicəsi uzun müddət Müdafiə Nazirliyinin Mərkəzi Hospitalında və digər sağlamlıq mərkəzlərində, eləcə də xaricdə  davam etdirilib. Çox təəssüf ki, bu müalicələrin heç bir faydası olmayıb. O, avqustun 15-də Rusiya Federasiyasının Sankt-Peterburq vilayətində  müalicə aldığı xəstəxanada  dünyasını dəyişib.
Avqustun 19-da E.Həsənovun nəşi doğulduğu Qiyamadınlı kəndində torpağa tapşırılıb. Dəfn mərasimində Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, RİHB Aparatının məsul işçiləri, hüquq-mühafizə  orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Dəfn mərasimində çıxış edən rayon rəhbəri bildirib ki, Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Ordumuz  30 ildən sonra işğal altında olan torpaqlarımızı azad etdi. R.Hüseynov vurğulayıb ki, Vətənimizin bütövlüyü uğrunda canından keçənlər heç zaman unudulmayacaq, onlar daim qəlbimizdə yaşayacaqlar. Sonra Azərbaycan Respublikasının Dövlət Bayrağı E.Həsənovun atasına təqdim edilib.
Qeyd edək ki, Həsənov Elşən Etibar oğlu 31 dekabr 1997-ci ildə rayonun Qiyamadınlı kəndində anadan olub. Uşaqkən ailəsi ilə birgə Rusiya Federasiyasına köçüb. Bir müddət burada yaşadıqdan sonra yenidən doğma kəndlərinə qayıdıb. 
E.Həsənov 2015-ci ildə Qiyamadınlı kənd tam orta məktəbini bitirib. O, həqiqi hərbi xidmətini 2016-2017-ci  illərdə Tovuz rayonunda yerləşən "N" saylı hərbi hissədə başa vurub.
II Qarabağ müharibəsi zamanı Vətən eşqi ilə yaşayan gənclərimiz kimi, Elşən də müharibəyə yollanıb. 29 sentyabr 2020-ci ildən döyüşlərə qatılıb və Cəbrayıl, Qubadlı, Laçın istiqamətində gedən döyüşlərdə iştirak edib. Göstərdiyi igidliklərə görə Prezident İlham Əliyevin sərəncamlarına uyğun olaraq, Elşən Həsənov "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib. 

Rəmziyyə HƏSƏNOVA,
Ağcabədidə çıxan "Aran" qəzetinin əməkdaşı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video