23 May 2022 19:29
428
SİYASƏT
A- A+

Vaşinqtonda Azərbaycan-ABŞ diplomatik münasibətlərinin 30-cu ildönümünə həsr edilən rəsmi ziyafət təşkil olunub

Vaşinqtonda Azərbaycan Respublikasının Müstəqillik Günü, Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü və Azərbaycan-ABŞ diplomatik münasibətlərinin yaranmasının 30-cu ildönümünə həsr edilmiş rəsmi qəbul və ziyafət təşkil olunub.

AZƏRTAC xəbər verir ki, ABŞ-ı tədbirdə dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifələrini icra edən səfir Derek Hoqan, müdafiə katibinin beynəlxalq təhlükəsizlik məsələləri üzrə köməkçisi Selest Uolender və Oklahoma Milli Qvardiyasının ordu qərargah rəisi briqadir general Con Harrison təmsil edib. Bununla yanaşı, Müdafiə Departamentinin Milli Qvardiya Bürosunun rəisinin müavini general-leytenant Mark Sassevil, ABŞ Konqresində Azərbaycan üzrə İşçi Qrupunun həmsədri konqres üzvü Stiv Şabot və konqres üzvü Daq LaMalfa, habelə konqres üzvlərinin çoxsaylı köməkçiləri də tədbirə qatılıb. Həmçinin mərasimdə 20-yə yaxın ölkənin səfirləri, çoxsaylı hərbi attaşelər, Əfqanıstan üzrə keçmiş xüsusi nümayəndə Zalmay Xəlilzad, yəhudi təşkilatlarının rəhbərləri və 600-dən çox qonaq iştirak edib.

Tədbirdə çıxış edən Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim ölkələrimiz arasında strateji tərəfdaşlığın və əməkdaşlığın müxtəlif istiqamətlərindən bəhs edib. Prezident Baydenin Prezident İlham Əliyevə məktubunda Azərbaycan-ABŞ əməkdaşlığının daha da inkişaf etdirilməsi niyyətinin bir daha ifadə edildiyini diqqətə çatdırıb. O, ABŞ-ın Avropa Komandanlığından nümayəndə heyətinin Azərbaycanda, ADA Universitetinin dəstəyi ilə Azərbaycandan müəllim heyətinin ABŞ-da səfərdə olduğu və səylərin daha da artırılacağını bildirib. Növbəti 30 il ərzində Azərbaycan-ABŞ əməkdaşlığının daha da inkişaf edəcəyinə əminlik ifadə olunub. Səfir, eyni zamanda, Oklahoma ilə tərəfdaşlığın qurulmasının 20 illiyindən və bu tərəfdaşlığın əhəmiyyətindən bəhs edib.

Yüksək vəzifəli ABŞ rəsmiləri hər üç əlamətdar hadisə münasibətilə təbriklərini çatdırıb, hazırda Azərbaycanla ABŞ arasında həyata keçirilən müdafiə və təhlükəsizlik, transmilli təhdidlərə qarşı mübarizə, sərhəd təhlükəsizliyi, enerji təhlükəsizliyi, terrorçuluqla mübarizə və s. mühüm istiqamətlərdə əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlı olduqlarını vurğulayıblar. ABŞ tərəfi postmünaqişə dövründə Azərbaycanın həyata keçirdiyi yenidənqurma işlərinə, minaların təmizlənməsi və humanitar yardım sahələrində dəstəyi artırmaqda maraqlı olduğunu vurğulayıb. Bölgəmizdə sülh və əmin-amanlığın təmin edilməsində ölkələrimiz arasında strateji tərəfdaşlığın mühüm əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılıb.

Tədbirdə Azərbaycan-ABŞ diplomatik münasibətlərinin 30 illiyi və Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü ilə bağlı videoçarxlar nümayiş etdirilib.

Bədii hissədə Vaşinqtonda fəaliyyət göstərən Azərbaycan məktəbinin şagirdləri “Nəlbəki” milli rəqsini və ABŞ-da yaşayan həmvətənimiz Məryəm Nəcəfzadə “Sarı gəlin” və “Koroğlu” operasından musiqi əsasında milli rəqslərimizi ifa ediblər.

Azərbaycan Milli Kulinariya Mərkəzinin baş direktorunun müavini Ceyran Əsgərova və Azərbaycan Milli Kulinariya Assosiasiyasının üzvü Mirmövsüm Dadaşov tərəfindən Azərbaycan mətbəxinə aid ləziz yeməklər, şirniyyatlar və şərbətlər, eləcə də “Şah plov” qonaqlara təqdim edilib.

Sonra “Şur” trio instrumental qrupunun üzvləri Vüsal İsgəndərzadə, Əbdülsəməd Mövləvi və Xalid Babayev milli və dünya musiqisindən parçalar ifa ediblər. Həmçinin ABŞ-da yaşayan soydaşımız Emil Əfrasiyab piano ifası və Leyla Əfrasiyab vokal ifası ilə tədbirə rəng qatıblar.

Qarabağ xalçası, Azərbaycan xəritəsini əks etdirən ipək xalça və müasir incəsənət rəssamı Faiq Əhmədin “Arxiv 2” adlı xalçası qonaqlar tərəfindən böyük maraqla qarşılanıb. Həmçinin tədbirdə Azərbaycan rəngkarlıq sənətinin nümunələri, o cümlədən ABŞ-da yaşayan həmvətənimiz Əbülfəz Bahadorinin rəsm əsərləri nümayiş olunub. İştirakçılar Azərbaycanın tarixi və mədəniyyətinə, işğaldan azad olunmuş ərazilərimizə aid kitablar və nəşrlərlə tanış olublar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video