26 Noyabr 2021 00:27
1287
Mədəniyyət
A- A+

Vaqif yaradıcılığı iki ədəbi mərhələnin qovşağında

 

Molla Pənah Vaqif  XVIII əsr Azərbaycan poeziyasının böyük klassikidir. Şairin yaradıcılığı ilə şeir tariximizin yeni səhifəsi açılır. O, ədəbiyyata xəlqi və milli şeirin, ilkin realizmin böyük nümayəndəsi kimi daxil olur. Vaqif klassik şeirin köhnəlmiş ənənələrini qırır, onu yeni realist inkişaf yoluna salır, xalq ruhuna, xalq zövqünə yaxınlaşdırır. Vaqiflə poeziyamızda nikbin əhvali-ruhiyyə, həyati, dünyəvi gözəllərə pərəstiş hissləri qüvvətlənir. Lirika tariximizdə ürək parçalayan Füzuli qəzəlindən sonra eşqin nəşəsini tərənnüm edən Vaqif qoşmaları yaranır.

....Vaqif bədii dilimizi yeni yüksəliş pilləsinə qaldırır. Onun əsərlərində Azərbaycan dili bütün gözəlliyi, zənginliyi ilə təzahür edir. XVIII əsr şeirimizdə xəlqiliyə, realizmə doğru mütərəqqi meyillər Vaqif yaradıcılığında kamala çatır, ədəbi məktəb cərəyan səviyyəsinə yüksəlir və ədəbiyyat tariximizə “Vaqif ədəbi məktəbi” adı ilə daxil olur.

H.Araslı Vaqif yaradıcılığının lirik poeziyanın artıq müəyyən inkişaf yolu keçib formalaşmaqda olan bir dövrünə təsadüf etdiyini də qeyd edir: “Vaqif formalaşmaqda olan lirik şeiri yeni realist inkişaf yoluna salaraq, onu xalq ruhuna, xalq zövqünə yaxınlaşdırmış, özünə qədərki klassiklərdən fərqli bir yolla istiqamətləndirmişdir”. Lakin bu o demək deyil ki, o, klassikadan faydalanmamışdır. Böyük tədqiqatçı realist şeirin ilk nümunələrini onun adı ilə bağlayır.

Vaqifin şeir və qəzəliyyatının Azərbaycan türkcəsinə ziyadə xoş gəlməsi dil ünsürünə bağlıdır. Azərbaycan dilinin rəvanlığı, sadəliyi, canlı, aydın, səmimi, xalq dilinə və ruhuna uyğun, qulağayatımlı söz və ifadələrin ədəbiyyata gətirilməsinə, həmçinin öz sənət mehvərini zamanın tələb və ruhuna uyğunlasdırılmasına bağlıdır. Unutmayaq ki, hər şairin özünəməxsus üslubu olduğu kimi, dövrün ədəbi üslubunun da yazılan şeirlərə öz təsiri vardır. Şairin iç dünyasının nikbinliyi, həyat və gözəllik sevərliyi, şeir növlərinin müxtəlifliyi və zənginliyi onun yaddaşlarda həkk olunan sənət nümunələri yaratmasının başlıca səbəblərindəndir.

Şair ərəb, fars və türk dillərində yazılmış klassik ənənəvi mövzuları o dönəmə xas şəkildə öz şeirinə, qəzəllərinə gətirsə də, müxəmməs, qəzəl və qoşmalarının ümumi axarını Azərbaycan dilinin sadə və aydın dili üstündə qurur.

Vaqif yaradıcılığı öz şəkli, xüsusiyyətləri etibarı ilə yeni və zəngindir. O, istər aşıq şeiri şəklində yazdığı qoşmalarda, istərsə də klassik şeirin təsirində yaratdığı qəzəl və müxəmməslərdə xalq şeirinin ruhunu qədim ədəbi irsin mütərəqqi cəhətləri ilə uyğunlaşdıraraq yeni və orijinal bir tərzdə canlandırır.

“Poeziya tariximizdə Füzuli mərhələsindən sonra yeni dövr Vaqiflə başlayır. Şair klassik şeirin əsas motivi olan sevgi lirikasına belə təzə bir məna, təzə bir rövnəq verir... O, “Məhəbbət pərisi”ni uzaq göylərdən torpağa endirir, real, canlı gözəli sevərək, təbii eşq haqqında mahnılar oxuyur. Həyatdan, şifahi aşıq şeirindən gələn şən və şux bir nikbinlik, yüksək dünyəvilik bu lirikanın əsas səciyyəvi cəhətlərini təşkil edir. Onun əsas şeirləri - qoşmaları, qəzəlləri, müstəzadları, müxəmməs və müəşşərləri əsasən bir nöqtədə birləşir: hamısı məhəbbətdən, hamısı gözəldən bəhs edir”:

 

Ey maral baxışlı, sona sığallı,

Nə gözəldir səndə o qara tellər,

Kəmənd kimi tökülübdür gərdənə,

Dönübdür sərasər şahmara tellər.

 

Nə gözəl yaraşıb al, yanağına,

Nazikdir, dəyməsin əl yanağına;

Zülfü buxağına, gül yanağına,

Nə bənəfşə bənzər, nə lalə, Yetər.

 

Nümunə gətirdiyimiz şeir parçasında, həqiqətən də, dünyəvi bir sevgi, gözəllik tərənnüm edilir. Lakin Vaqifin elə qoşmaları da vardır ki, dünyəvi sevgi, nəticə etibarı ilə dərd bilən məhəbbət əhliylə qiyaslandırılır.

 

Bir gözəl ki, şirin ola binadan,

Yüz il getsə onun dadı əksilməz,

Təzəliyi, köhnəliyi bir olur,

Gövhər tək qiymətdə adı əksilməz.

Gözəllikdən düşməz heç əsilzadə,

Günbəgün qaməti dönər şümşada,

Mehrü məhəbbəti olur ziyada,

Etibarı, etiqadı əksilməz.

 

Vaqif qoşmalarında mütəşabeh tərəf kimi çıxış edən ilahi eşq qəzəllərində, xüsusən də müxəmməslərində özünü bütün varlığı ilə, hətta klassik dönəm ədəbiyyatının ruhuna uyarlı tərzdə göstərir.

Mənbələrdə M.P.Vaqif əsasən yeni bir dövrün - poeziyaya nikbin əhvali-ruhiyyə, həyati və dünyəvi gözəlliyin təsviri və bu gözəlliyə pərəstiş hissləri qatan realist şeirin banisi kimi qeyd edilir.

Şair ədəbiyyatda yeni bir cığırı yaratmasından öncə şifahi xalq ədəbiyyatına, aşıq yaradıcılığına borcludur.

Şifahi xalq ədəbiyyatı və  aşıq yaradıcılığından bəhrələnən Vaqif özündən sonra yazıb-yaradan aşıqlara da örnək olmuşdur.

Əsrlər keçsə belə həyatın enişli-yoxuşlu, acılı-şirinli axarı öz məcrası ilə davam edir. Həyatı özündə əks etdirən ədəbiyyat isə bütün hadisələrin bədii şahididir. Belə ki, XVIII əsrdə yaşamış Vaqif də, XIX-XX əsrlərin kəsişməsində yaşamış Ələsgər də dövrün haqsızlıqlarından eyni dərəcədə şikayətçidirlər. Vaqifin şikayətnaməsi Aşıq Ələsgər dövrünə qədər uzun bir yol keçmiş olsa da, həm məzmunu, həm də rədifi baxımından yaxınlıq təşkil edir:

 

Mən cahan mülkündə mütləq doğru halət

                                   görmədim,

Hər nə gördüm, əyri gördüm, özgə babət

                                   görmədim,

Aşınalar ixtilatında sədaqət görmədim,

Biətü iqrarü imanü dəyanət görmədim,

Bivəfadan lacərəm təhsili-hacət görmədim.

 

Aşıq Ələsgərin “Görmədim” qoşması Vaqifə yazılmış nəzirə, əslində isə “tətəbbö”dür:

 

Bivəfanın, müxənnəsin, nakəsin

Doğru sözün, düz ilqarın görmədim.

Namərdin dünyada çox çəkdim bəhsin,

Namusun, qeyrətin, arın görmədim.

 

Bu ənənə XX əsr şairi Hüseyn Cavid yaradıcılığında da özünü göstərir.

Vaqif yaradıcılığının ən önəmli tərəfi, sözün geniş mənasında, gözəlliyin vəsfidir. Bəlkə şair bu gözəlliyin vurğunu olmasında doğulub boya-başa çatdığı, sonralar həyatını davam etdirdiyi vətənimizin dilbər guşələrinə borcludur.

Orta yüzilliklərdə, məlum olduğu kimi, yaşamın ağırlığı, ictimai-siyasi səbəblər bir sıra zəka sahiblərinin obasından-yurdundan didərgin düşməsinə səbəb olub. Bir qisim bəsirət gözlü şair və ziyalılar yaranmış olan səbəblər üzündən öz ölkələrində qəribçilik hissi ilə yaşayıb-yaratmışlar. Onların böyük  dərdinin mayasında yurddaşlıq, vətəndaşlıq hissi dururdu.

Vaqif də yaşadığı dövrün ictimai-siyasi vəziyyətini öz yaradıcılığında əks etdirir. O, görkəmli, ağıllı dövlət adamı kimi Kür qırağının təbii imkanları və gözəllikləri ilə ictimai-siyasi vəziyyətdən doğan geriliyi duyur və bu mənzərəni özünəməxsus şəkildə, böyük ürəkağrısı ilə qələmə alır.

“Kür qırağının əcəb seyrəngahı var” şeirinə keçməzdən öncə bu məsələ ilə bağlı N.Cəfərovun Mirzə Yusif Qarabağinin yazdıqlarına əsasən qeyd etdiyi fikir üstündə dayanmaq istərdik:

İbrahim xan səfərlərinin birində, bəzi mülahizələrə görə, böyük bir qüvvə ilə Kür qırağında dayanmış imiş. Qoşun böyükləri bu tuli-mukənnətdən təngə gələrək Molla Pənah Vaqifdən rica edirlər ki, Qarabağa dönmək üçün bir əlac taparaq və hər nə tövr olur-olsun, İbrahim xana icrayi-nüfuz etsin. Vaqif isə aşağıdakı mürəbbei yazaraq xanəndələrə verir ki, məqamında İbrahim xanın hüzurunda təğənni etsinlər:

 

Siyah tel görmədim Kür qırağında ,

Məgər heç yaşılbaş olmaz bu yerdə?

Tərlan könlüm yenə uça dağlara

Havalanıb hərgiz qonmaz bu yerdə...

 

... Nədənsə, xanəndələr bu mürəbbei xanın məclisində oxurkən istənilən nəticə hasil olmur. Bunu eşidən Vaqif həman dəm bədahətən bu rəqsan və olduqca dilbər mənzuməni inşad edərək xanəndələrə verir ki, təkrar oxusunlar:

 

Kür qırağının əcəb seyrəngahı var,

Yaşılbaş sonası, hayıf ki, yoxdur!

Üzü tər cığalı siyah tellərin,

Hərdən tamaşası, hayıf ki, yoxdur!

 

Şair qeyd etdiyimiz qoşmasında onu düşündürən, narahat edən məsələni, şeirin mənasını daha qabarıq çatdırmaq üçün onu istifhəm (ritorik sual) üstündə yazaraq “siyah telin, yaşılbaş sonanın” Kür qırağında olmamasından təəssüflənir, bir növ zəmanəni, özünü belə bu baxımdan ittiham edir.

Onu da qeyd edək ki, ictimai-siyasi durumla bağlı yazılmış bu şeir təkcə təbiət təsviri, qadın gözəlliyinin tərənnümü deyil, eyni zamanda dövrün müəyyən tarixi hadisələrinin yaddaşlarda həkkinə xidmətdir - ədəbiyyata xidmətdir.

Şifahi xalq ədəbiyyatından bəhrələnən, eyni zamanda ədəbiyyatın hər iki qoluna - aşıq yaradıcılığı və klassik irsə önəm verən şair bu iki dönəmin ədəbiyyatları arasında körpü yaradaraq xalq yaradıcılığına məxsus özəllikləri, vəzni, xüsusilə də sadəlik və dilinin şirinliyini klassik ədəbiyyatın zənginlikləri ilə birləşdirərək ədəbiyyata bəlağətli bir üslub gətirmişdir.

 

Mahirə QULİYEVA,

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video