01 Dekabr 2022 01:31
745
SİYASƏT
A- A+

Ümummilli Liderə olan qədirbilənlik rəğbətlə qarşılanıb

 

Ulu Öndər Heydər Əliyev tərəfindən milli dövlətçilik ənənələrinin tərkib hissəsi olaraq tarixi şəxsiyyətlərin, dövlət xadimlərinin, görkəmli hərbçilərin, mədəniyyət və incəsənət ustalarının, yazıçı, şair və digər unudulmazların yubileylərini keçirmək, ev-muzeylərini yaratmaq, heykəllərini ucaltmaq, büst və barelyeflərini qoymaq, adlarına küçə, meydan və prospektlər vermək, xatirə gecələri və anım tədbirləri keçirmək həmişə ictimai rəydə məmnunluqla qarşılanmışdır. 
Ümummilli Lider Heydər Əliyevin Azərbaycanı böyük inkişaf yoluna çıxaran siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli sərəncamına əsasən, Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev ili" elan edilməsi, əbədiyaşarlıq qazanmış xalqımızın Ümummilli Liderinə olan bu qədirbilənlik isə vətəndaşlarımız, respublikamızdan kənarda yaşayan soydaşlarımız tərəfindən böyük sevinc və rəğbətlə qarşılanmışdır. 
Prezident İlham Əliyevin 28 noyabr tarixli sərəncamı ilə isə 2023-cü ilin "Heydər Əliyev ili" elan edilməsi ilə bağlı Tədbirlər Planı" təsdiq edilmişdir. Tədbirlər planına əsasən, gələn il təhsil müəssisələrində "Heydər Əliyev dərsləri" keçiriləcək, Azərbaycanın üzv olduğu beynəlxalq təşkilatlarda silsilə  tədbirlər təşkil ediləcək. Bundan başqa, ali təhsildə yüksək akademik göstəriciləri olan tələbələr üçün "Heydər Əliyev təqaüdü" təsis olunacaq. Sərəncamda öz əksini tapan bu müjdə ölkəmizin elm ocaqlarında coşqu ilə qarşılanıb. Bunu Bakı, Gəncə, Naxçıvan, Sumqayıt, Mingəçevir, Qazax, Lənkəran, Cəlilabad, Quba, Şəki, Zaqatala və digər bölgələrimizdə fəaliyyət göstərən təhsil müəssisələrindən redaksiyamıza daxil olan telefon zənglərindən, internet bağlantılarından və müraciətlərdən də görmək mümkündür. Respublikamızın aparıcı ali təhsil ocaqlarından olan Azərbaycan Tibb Universitetinin İnsan anatomiyası və tibbi terminologiyası kafedrasının dosenti, tibb elmləri üzrə fəlsəfə doktoru Şöhrət Qasımov həmkarlarının fikrini dəstəkləyərək bildirir ki, Ulu Öndərin 100 illik yubileyinin təntənə ilə keçirilməsi, bununla əlaqədar Azərbaycan Prezidenti tərəfindən təsdiq edilmiş Tədbirlər Planı universitetimizin professor-müəllim heyəti tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Plana əsasən, Azərbaycanda ali təhsildə yüksək akademik göstəriciləri olan tələbələr üçün "Heydər Əliyev təqaüdü"nün təsis edilməsi tələbələrin sevib-seçdikləri ixtisası daha mükəmməl mənimsəməyə stimul verəcək. Fikir mübadilələrindən görürəm ki, hər bir gənc bu təqaüd uğrunda daha ciddi çalışmağa, türk dünyasının əbədiyaşar liderinin adına təsis edilmiş təqaüdə layiq görülməyi özlərinə şərəf və ləyaqət simvolu kimi qəbul edirlər. Bu istək tələbə-gənclərin həm təlim-tərbiyəsində, həm də zəngin elmi biliyə yiyələnmələrində əsl stimul olacaq. Bu, həm müəllimlər və tələbələr, həm də bu şərəfli ad uğrunda mübarizədə qalib olacaq gənclərin valideynləri üçün çox xoşdur. 
Sərəncama əsasən, Azərbaycan Respublikasının "Heydər Əliyev - 100" yubiley medalı da təsis ediləcək. "Heydər Əliyev ili" ilə bağlı yerli və beynəlxalq əhəmiyyətli forum, konfrans, simpozium, "dəyirmi masa" və seminarlar keçiriləcək. Yerli və xarici mediada Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən verilişlər, sənədli film və videoçarxlar nümayiş etdiriləcək, müsahibə və məqalələr dərc olunacaq. Bundan əlavə, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş poçt markaları və xatirə nişanları hazırlanacaq, Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş qızıl sikkələr buraxılacaq, mükafatların təqdimat mərasimləri təşkil ediləcək.
Görünən odur ki, respublikamızın hər bir vətəndaşı böyük qürur hissi ilə "Heydər Əliyev ili"nin fəal iştirakçısı olmağı Ulu Öndərin amallarının həyata keçirilməsinə töhfə verməyi özünə şərəf və mənəvi borc bilir.

Rəhman SALMANLI,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video