17 Yanvar 2022 11:04
574
Səfərlər

Ukrayna Baş nazirinin müavini: Əldə olunan razılaşmalar Ukrayna ilə Azərbaycan arasında strateji tərəfdaşlığın yeni keyfiyyətini nümayiş etdirir

 

Azərbaycan Ukraynanın strateji tərəfdaşıdır və Ukraynanın xarici siyasətində mühüm yer tutur. Azərbaycan Prezidenti İlham Əliyevin Kiyevə səfəri iki ölkə arasında strateji tərəfdaşlığın və etibarlı dostluğun bariz nümunəsidir.

Bu fikirləri AZƏRTAC-a eksklüziv müsahibəsində Ukrayna Baş nazirinin müavini, Hökumətlərarası Komissiyanın həmsədri İrina Vereşçuk deyib.

- Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynaya işgüzar səfərinin yekunları barədə nə deyə bilərsiniz?

- Ukraynanın Milli Təhlükəsizlik Strategiyasında Azərbaycan bizim strateji tərəfdaşımız kimi göstərilib. Ukrayna Prezidenti Volodimir Zelenski ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında danışıqlar nəinki strateji tərəfdaşlığı təsdiqlədi, həm də yeni perspektivlərə yol açdı. Ukrayna Prezidenti Volodimir Zelenski bu danışıqları ölkələr arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü ərəfəsində əlamətdar hadisə adlandırıb.

Dövlət başçıları Ukrayna ilə Azərbaycan arasında strateji tərəfdaşlığın dərinləşdirilməsinə yönəlmiş Birgə Bəyannamə imzalayıblar. Bəyannamədə dövlətlərimizin suverenliyi və ərazi bütövlüyünə qarşılıqlı dəstək verməyə hazır olduqları təsbit edilib. O da çox vacibdir ki, dövlətlərimizin rəhbərləri enerji, hərbi-texniki, infrastruktur, nəqliyyat, aqrar-sənaye və digər sahələrdə aktivləşdirməyə dair əsaslı razılığa gəliblər. Bundan əlavə, imzalanmış Bəyannamə hibrid təhlükələrə qarşı mübarizədə əməkdaşlığın intensivləşdirilməsini nəzərdə tutur. Müdafiə sənayesi sahəsində əməkdaşlığın gücləndirilməsi perspektivini ayrıca qeyd etmək olar. Prezidentlərin görüşü, həmçinin müxtəlif sektorlarda əməkdaşlığa dair altı ikitərəfli sənədin imzalanması ilə nəticələnib.

Əldə olunan razılaşmalar Ukrayna ilə Azərbaycan arasında strateji tərəfdaşlığın yeni keyfiyyətini nümayiş etdirir.

- Sizcə imzalanan sənədlər ikitərəfli ticarətin inkişafına hansı töhfələrini verə bilər?

- Qeyd etmək istəyirəm ki, 2021-ci ildə Ukrayna ilə Azərbaycan arasında ticarət dövriyyəsi son bir neçə ildə ilk dəfə olaraq təxminən 1 milyard ABŞ dollarına çatıb. Prezidentlər üç il ərzində ikitərəfli ticarətin həcmini iki dəfə artırmağı qarşıya məqsəd qoyublar. Ticarət, investisiya, ərzaq və enerji təhlükəsizliyinə aid olan imzalanmış sənədlər də məhz buna yönəlib.

- Azərbaycan-Ukrayna Hökumətlərarası Dövlət Komissiyasının həmsədri kimi hansı sahələri perspektivli hesab edirsiniz? Komissiyanın növbəti iclası nə vaxta planlaşdırılır və əsas müzakirə mövzuları nə olacaq?

- Biz genişmiqyaslı birgə layihələrə diqqət yetirməliyik. Bu, məsələn, Azərbaycan şirkətlərinin Ukraynada “Böyük Tikinti” proqramında, eləcə də Ukrayna şirkətlərinin Azərbaycanda həyata keçirilən infrastruktur layihələrində iştirakıdır. Söhbət həm də enerji layihələrindən və neft emalı sahəsində əməkdaşlıqdan gedir.

Ərzaq təhlükəsizliyi kontekstində söhbət qida sənayesində birgə innovasiya layihələrindən gedir. Ərzaq məhsullarının idxalı, ixracı, tranziti və təkrar ixracı prosedurlarının sadələşdirilməsi üzrə əməkdaşlıq haqqında hökumətlərarası saziş imzalanıb.

İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın planlarına gəlincə, onu deyim ki, Prezident Volodimir Zelenski və Prezident İlham Əliyev komissiyanın iclasının bu ilin birinci yarısında keçirilməsi ilə bağlı razılığa gəliblər.

- Azərbaycan və Ukrayna arasında ticarətin genişləndirilməsində əsas problemlərdən biri logistikadır. Nəqliyyat sahəsinin asanlaşdırılması üçün dövlət komissiyası hansı layihələr üzərində işləyir?

- Şübhəsiz ki, tranzit potensialının inkişafı, ölkələr arasında ticarətin genişləndirilməsi daha çox ölkələrin infrastrukturunun inkişafından asılıdır. Ona görə də müvafiq infrastrukturun yaradılması bizim prioritetlərimiz siyahısındadır. Prezident Volodimir Zelenski beynəlxalq avtomobil və dəmir yolu nəqliyyatı, eləcə də aviasiya sahəsində əməkdaşlığın intensivləşdirilməsi vəzifəsini qarşıya qoyub. Prezident Zelenski, həmçinin vurğulayıb ki, biz bir sıra perspektivlər, xüsusən də Ukrayna, Azərbaycan, Gürcüstan və Moldovanın üzv olduğu GUAM çərçivəsində nəqliyyat dəhlizinin yaradılması üzrə birgə işi davam etdirəcəyik.

- Azərbaycanın işğaldan azad olunan ərazilərinin bərpa və yenidənqurma işlərində Ukrayna hansı köməkliyi göstərməkdə maraqlıdır?

- Mən nazir kimi Ukrayna ilə Azərbaycan arasında əməkdaşlıq üçün böyük potensial görürəm. Azərbaycanın geri qaytarılan ərazilərin reinteqrasiyası ilə bağlı çoxlu işi var. Ukrayna artıq reinteqrasiya işində mühüm təcrübəyə malikdir və onu Azərbaycan tərəfi ilə bölüşə bilər. Bunlar müvəqqəti köçkünlərlə iş, minaların təmizlənməsi və sair. Təbii ki, Ukraynanın tikinti və digər şirkətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulmasında iştirak etməyə hazırdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video