03 Iyul 2022 00:58
1282
SİYASƏT

Uğurlu, ədalətli, səmərəli sədrlik

 

Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının rəhbəri kimi irəli sürdüyü daha bir təşəbbüs reallığa çevrildi

 

Son onillikdə qlobal tərəfdaşlığın, sivilizasiyalararası əməkdaşlığın ən səmərəli platformasına çevrilən Azərbaycan çox mühüm forumlara, konfranslara evsahibliyi edir, irəli sürdüyü qlobal miqyaslı təşəbbüslər beynəlxalq birlik tərəfindən daim dəstəklənir.

Bu günlər Bakıda Heydər Əliyev Mərkəzində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin "Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi" mövzusuna həsr olunan Bakı konfransının keçirilməsi və  qəbul edilən qərarlar da bunu təsdiq edən reallıq oldu.

 

40-dan çox ölkənin parlamenti və 9 beynəlxalq parlament təşkilatı

 

Konfransda hərəkata üzv dövlətlər İlham Əliyevin daha bir təklifini yüksək dəyərləndirərək Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin formalaşdırılmasına müsbət münasibətlərini sərgilədilər.

Öncə onu deyək ki, Qoşulmama Hərəkatının Bakıda keçirilmiş 18-ci sammitində dövlət və hökumət başçıları qurumun parlamentariləri arasında qarşılıqlı fəaliyyəti, əməkdaşlığı genişləndirməyi qərara almışdılar. Ötən ilin noyabrında Madriddə Azərbaycan Prezidentinin təşəbbüsünə uyğun olaraq Parlamentlərarası İttifaqın 143-cü Assambleyası çərçivəsində Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi təsis edilmişdir.

İyunun 30-da Bakıda öz işinə başlayan konfransda isə Qoşulmama Hərəkatının üzvü olan 40-dan çox ölkənin parlamentləri və 9 beynəlxalq parlament təşkilatı təmsil olundu. Sonda isə "Bakı Bəyannaməsi" və "Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin İş Qaydalarına dair Nizamnamə" qəbul edildi, təşkilatın rəsmi loqosu və bayrağı təsdiq olundu, qurumun sədri və sədr müavinləri seçildi.

Qoşulmama Hərəkatının sədri İlham Əliyev bildirdi ki, parlament şəbəkəsinin yaradılması ilə bağlı irəli sürdüyü təklif yeganə təşəbbüs deyil.

Digər vacib bir təşəbbüs gənclər şəbəkəsidir. Növbəti ay Bakıda başqa önəmli bir tədbir - Qoşulmama Hərəkatının Gənclər Sammiti keçiriləcək. Bunlar Qoşulmama Hərəkatının institusional inkişafı üçün atılmış addımlardır. Prezident artıq bu istiqamətdə praktiki addımların atılması üçün vaxtın yetişdiyini də söyləyərək vurğuladı ki, Azərbaycanın irəli sürdüyü və üzv dövlətlər tərəfindən dəstəklənmiş digər bir təşəbbüs Nyu Yorkda Qoşulmama Hərəkatının Dəstək Ofisinin yaradılmasıdır.

Göründüyü kimi, hər zaman qlobal təşəbbüslər müəllifi İlham Əliyevin irəli sürdüyü daha bir təklif reallığa çevrildi. Ümumiyyətlə, Azərbaycan Prezidentinin Qoşulmama Hərəkatına sədrlik etdiyi dövrdə irəli sürdüyü qlobal təşəbbüslər beynəlxalq birlik tərəfindən birmənalı olaraq təqdir edilib.

Bu, bir daha təsdiq edir ki, Azərbaycan 120 əsas üzvü, 17 müşahidəçi dövləti və 10 müşahidəçi beynəlxalq təşkilatı birləşdirən Qoşulmama Hərəkatının fəaliyyətinə mühüm töhfələr verir, hətta onun artıq təşkilata çevrilməsi istiqamətində vacib addımlar atır. Qoşulmama Hərəkatının tamhüquqlu üzvü olan Azərbaycan təşkilatın ruhuna və prinsiplərinə sadiq olduğunu bir daha dünyaya nümayiş etdirir.

İlham Əliyevin söylədiyi kimi, Azərbaycan özünün sədrliyi dövrü üçün müfəssəl və ambisiyalı fəaliyyət planı qəbul edib. Təəssüflər olsun ki, COVID-19 pandemiyası ağır fəsadlar verdi, çətinliklər yaratdı. Ancaq yeni reallıqlara hər zaman çevik və adekvat reaksiya verən Azərbaycan regional və qlobal miqyasda da koronavirusa qarşı həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinə əhəmiyyətli töhfə verdi. Böhrandan az itki ilə çıxmaq üçün tədbirlər gördü, həmçinin təcrübəsini hərəkata üzv dövlətlər və başqa ölkələrlə də bölüşdü. Azərbaycanın Qoşulmama Hərəkatının sədri qismində irəli sürdüyü təşəbbüslər həmrəyliyi və qarşılıqlı dəstəyi möhkəmləndirməyə, təsisatın institusional inkişafına və bəlkə də müəyyən mərhələdə onun təşkilata çevrilməsinə yönəlib.

 

Bütün səylər səfərbər edilməli, həmrəylik gücləndirilməlidir

 

Prezident İlham Əliyev həmçinin bildirdi ki, Azərbaycan həmişə regional mövzular və qlobal məsələlərlə bağlı öz mövqeyini nümayiş etdirib və əlbəttə, Qoşulmama Hərəkatının sədri olaraq ədalətsizliyə, beynəlxalq hüququn pozulmasına, müxtəlif münaqişələrə qarşı sərgilənən selektiv yanaşmaya, ayrı-seçkiliyə qarşı mübarizə aparmağa davam edəcək.

Azərbaycanın 44 günlük Vətən müharibəsində Qoşulmama Hərəkatının üzv dövlətlərinin böyük dəstəyini qazandığını da diqqətə çatdıran İlham Əliyev dedi ki, bu, Ermənistan tərəfindən təqribən 30 illik işğaldan sonra torpaqlarımızın azad edilməsi zamanı ölkəmizin yaşadığı ən çətin dövrə təsadüf edib: "Biz öz torpağımızda savaşırdıq, biz ədaləti bərpa edirdik, beynəlxalq hüququ bərpa edirdik. Lakin əfsuslar olsun ki, bəzi ölkələr bizə qarşı kampaniyaya - qarayaxma, böhtan və şantaj kampaniyasına başladılar. Təəssüflər olsun ki, bu, sadəcə, şifahi kampaniya və ya ictimai ittihamlar deyildi. Bəzi ölkələr bizim bu haqq işimizi BMT, onun Təhlükəsizlik Şurası səviyyəsinə çıxarmağa cəhd etdi. Lakin həmin vaxt Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olan, Qoşulmama Hərəkatında təmsil olunan dostlarımız anti-Azərbaycan mahiyyətli bəyanatı blokladılar. Azərbaycana qarşı ittihamı blokladılar və bununla da ermənipərəst qlobal qüvvələrin Azərbaycana qarşı hücumuna mane oldular. Biz bu həmrəyliyə görə sizə minnətdarıq".

Prezident həmçinin vurğuladı ki, Qoşulmama Hərəkatı dünyada BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olduğu üçün bütün səylərini səfərbər edərək potensialını və həmrəyliyini gücləndirməli, vahid mövqedən çıxış etməlidir: "Bilirəm ki, bəzi üzvlər arasında müəyyən problemlər var. Düşünürəm ki, Qoşulmama Hərəkatı həmin problemlərin həlli yolunu tapmaq üçün platforma ola bilər. Həmçinin ölkələrimizin maraqlarının müdafiəsi üçün platforma rolunu oynaya bilər. Çünki Qoşulmama Hərəkatının bir çox üzvü oxşar tarix və problemlərə malikdir. Bir çox hallarda ədalətsizliklə üzləşib və öz milli maraqlarını müdafiə etməyə çalışır. Biz bunu birlikdə edə bilərik və bunu daha səmərəli edə bilərik. Biz məhz bunun tərəfdarıyıq".

 

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video