16 May 2022 13:39
320
İQTİSADİYYAT

Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin illik toplantısı keçirilib - FOTOLAR 

Mayın 14-də Bakıda Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin (TÜİB) 5-ci dönəm seçkili ümumi yığıncağı keçirilib.

AZƏRTAC xəbər verir ki, ümumi yığıncaqda Azərbaycan və Türkiyə dövlət rəsmiləri – Türkiyə Prezidentinin Maliyyə Ofisinin rəhbəri Göksel Aşan, Azərbaycanın iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, Azərbaycan Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, Türkiyə və Azərbaycanın əmək və sosial müdafiə nazirlərinin müavinləri Ertuğrul Soysal və Anar Əliyev, Kiçik və Orta Biznesin İnkişafı üzrə Dövlət Agentliyinin (KOBİA) rəhbəri Orxan Məmmədov, Azərbaycandakı Türkiyə səfirliyinin nümayəndələri, deputatlar, sahibkarlıq təşkilatlarının – ASK, ATİB, MÜSİAD rəhbərləri, iş adamları, idarəçilər və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Toplantıda ümummilli lider Heydər Əliyev, ulu öndər Mustafa Kamal Atatürk və şəhidlərin xatirəsi yad edilib, hər iki ölkənin Dövlət himnləri səsləndirilib.

Açılış nitqi ilə çıxış edən TÜİB sədri Hüseyin Büyükfırat təmsil etdiyi birliyin fəaliyyəti barədə geniş məlumat verib. Onun sözlərinə görə, sıralarında Azərbaycanda fəaliyyət göstərən türk iş adamları, şirkətləri və idarəçilərini birləşdirən İctimai Birlik 2016-cı ildən fəaliyyətə başlayıb.

Bildirilib ki, Azərbaycanın biznes cəmiyyətinin aktiv üzvünə çevrilmiş TÜİB-in üzvləri tikinti, istehsal, infrastruktur, qida sənayesi, ticarət sənaye, xidmətlər, turizm, ictimai iaşə, məsləhət xidmətləri, tibb, əczaçılıq və sair sahələrdə fəaliyyət göstərərək ölkə iqtisadiyyatına və Azərbaycan-Türkiyə əlaqələrinə töhfə verirlər.

TÜİB hər iki ölkə arasında biznes və iqtisadi əlaqələrin genişlənməsi, eləcə də Azərbaycana dəstəklə bağlı çoxsaylı ciddi layihələr reallaşdırmaqdadır.

Sosial məsuliyyət tədbirlərinə toxunan H.Büyükfırat bildirib ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi, qardaş Türkiyənin dəstəyi, şəhidlərimizin və qazilərimizin qəhrəmanlığı sayəsində torpaqlarımızın azad edilməsindən sonra TÜİB və tərəfdaşlarının “Tək millət, tək ürək” layihəsi çərçivəsində qazı və şəhid ailəsi üzvləri olan tələbələr Türkiyə universitetlərində pulsuz təhsil alır, “Qardaş ailə” layihəsi üzrə isə TÜİB üzvləri şəhid ailələrini ziyarət edərək onları dəstəkləyir.

Toplantıda Türkiyə Prezidentinin Maliyyə Ofisinin rəhbəri Göksel Aşan çıxışında qardaş ölkələr arasında münasibətlərin, o cümlədən təhlükəsizlik, sosial sahələrdə əlaqələrin yüksək səviyyədə olduğunu bildirib. Onun sözlərinə görə, hazırda qarşıda duran əsas məsələlər iqtisadi münasibətlərin daha da inkişaf etdirilməsi, iki ölkə iqtisadiyyatlarının inteqrasiya edilməsi, Azərbaycan və Türkiyənin 3-cü ölkələrə mal və xidmətlərin təqdim edilməsinə başlanmasıdır.

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Azərbaycan və Türkiyə arasında iqtisadi münasibətlərin yüksək səviyyədə olduğunu və daha da inkişaf etdiyini bildirib. Onun sözlərinə görə, Türkiyə Azərbaycanın ən çox xarici sərmayə yatırdığı ölkədir və bu sahədə birinci yeri tutur. Hazırda Azərbaycanın Türkiyəyə yatırdığı sərmayələrin məbləği 20 milyard dolları keçib. Öz növbəsində Türkiyə Azərbaycanın qeyri-neft sektoruna yatırılan sərmayənin həcminə görə ilk yeri tutur – indiyədək türk şirkətləri qeyri-neft sektoruna 2,9 milyard dollar yatırıb. Türkiyə Azərbaycanın ikinci ən böyük tərəfdaşıdır.

E.Əliyev bildirib ki, hazırda Azərbaycanın işğaldan azad olunan ərazilərinin yenidən qurulmasında türk şirkətləri, o cümlədən iri holdinqlər aktiv iştirak edir. Azərbaycanda indiyədək 4800-ə yaxın türk şirkətinin qeydiyyatdan keçdiyini xatırladan nazir müavini TÜİB-in fəaliyyətinin əhəmiyyətini vurğulayıb: “Ölkələrimiz arasında iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsi, yeni təşəbbüslərin irəli sürülməsi üçün özəl sektor nümayəndələrinin və bu iş adamlarının təşkilatlandığı strukturların, o cümlədən İctimai Birliyin həyata keçirdiyi fəaliyyət çox önəmlidir”.

Nazir müavini bildirib ki, ölkələr arasında imzalanmış preferensial ticarət sazişi bu əməkdaşlığın daha da inkişafına imkan verir. Eləcə də iki ölkənin əməkdaşlığı nəticəsində reallaşdırılan nəqliyyat və enerji layihələri Avrasiyanın enerji və nəqliyyat xəritəsini yenidən yaradır.

Tədbirdə çıxış edən digər natiqlər Azərbaycan və Türkiyə arasında sosial-iqtisadi əlaqələrinin inkişafı, əhəmiyyəti, iki ölkənin biznes qurumlarının əməkdaşlığı barədə məlumat verərək, TÜİB-in fəaliyyətində uğurlar arzu ediblər.

TÜİB-in ümumi yığıncağında qurumun rəhbərliyinə – idarə heyətinə və təftiş seçkilər keçirilib. Şəffaf və demokratik şəraitdə keçirilən seçkilərin nəticəsi olaraq Hüseyin Büyükfırat yenidən Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin sədri seçilib. Yığıncaqda, həmçinin TÜİB-in Nəzarət və Təftiş komissiyasi da formalaşıb.

Sonda çıxış edən TÜİB-in rəhbəri Hüseyin Büyükfırat yeni seçilən üzvləri bir daha təbrik edərək onlara işlərində uğurlar arzulayıb. Qeyd edib ki, Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyi bundan sonra da ölkə iqtisadiyyatına və Azərbaycan-Türkiyə əlaqələrinə töhfə verməkdə davam edəcək.

Səbuhi BAYRAMOV

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video