29 Sentyabr 2022 01:01
902
SİYASƏT
A- A+

Torpağın əsl sahibləri onu yeni həyata qaytarırlar

 

Ali Baş Komandan Qələbənin başlanğıc məkanında düşmənin bir daha baş qaldıra bilməyəcəyini bəyan etdi

 

2 il əvvəl Ermənistanın növbəti hərbi təxribatlarından sonra başlanan İkinci Qarabağ müharibəsi Azərbaycanın tarixi Zəfəri ilə başa çatdı. Prezident İlham Əliyevin qətiyyətinin, Azərbaycanın yüksəlişinin, ordumuzun yüksək döyüş qabiliyyətinin təcəssümü olan bu  qələbə nəticəsində 30 ilə yaxın işğal altında olan torpaqlarımız azad edildi, respublikamızın  ərazi bütövlüyü bərpa olundu. Bu hadisə yalnız müasir müstəqilliyimizin deyil,  bütün dövlətçilik salnaməmizin ən böyük hadisələrindən biri olaraq tariximizi şərəfləndirdi, gələcəyimizə işıq saldı, Azərbaycanın müasir tarixində yeni dövrün başlanğıcı oldu.

 

Şəhidlərimizin qanı yerdə qalmadı

 

Müharibə itkisiz olmur və torpaq uğrunda ölən varsa vətəndir. Prezident İlham Əliyevin sərəncamı ilə Vətən müharibəsinin başlandığı tarix respublikamızda Anım günü kimi təsis olunub.  Bu tarixin əbədiləşdirilməsi zərurəti ona əsaslanır ki, torpaqlarımızı qanı, canı bahasına işğaldan azad edərək tarixi ədalətin bərpasını təmin edən, xalqımızın başını ucaldan qəhrəman hərbçilərimizin qanı yerdə qalmamış, şəhidlərimizin qisası döyüş meydanında alınmışdır.
Bu günlərdə xalqımız Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir. Sentyabrın 27-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonuna səfər zamanı rayonun Qaraxanbəyli kəndində Anım gününə həsr olunmuş xatirə lövhəsinin önünə gül dəstələri qoyublar. Dövlət başçısı buradan bir daha bəyan etdi ki,  şəhidlərimizin qanı yerdə qalmadı və döyüş meydanında qisasımızı aldıq: "Bütün Azərbaycan xalqı şəhidlərimizin əziz xatirəsini yad edir. Allah bütün şəhidlərimizə rəhmət etsin! Şəhidlərimiz Vətən, torpaq uğrunda öz canlarını fəda etdilər. Biz öz şəhidlərimizlə fəxr edirik. Qəhrəman əsgər və zabitlərimizlə fəxr edirik. Şəhidlərimizin qanı yerdə qalmadı, biz şəhidlərimizin qanını aldıq. Döyüş meydanında qisasımızı aldıq. Doğma torpaqlarımızı düşməndən azad etdik, ölkəmizin ərazi bütövlüyünü bərpa etdik". 
Xatırladaq ki, 2020-ci il sentyabrın 27-də zəfər yürüşünə başlayan Azərbaycan Ordusu ilk olaraq Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı və Böyük Mərcanlı və Nüzgar kəndlərini işğaldan azad etmişdi. Vətən müharibəsində ilk şəhidlərimizi də məhz bu ərazidə vermişik. İşğal dövründə Ermənistan bu ərazilərdə bir neçə mərhələdən ibarət möhkəmləndirilmiş müdafiə mövqeyi, mühəndis-maneələr sistemi yaratmışdı. Lakin bunların heç biri ordumuzun qalibiyyət yürüşünün qarşısını ala bilməzdi və müharibənin ilk günündə artıq düşmənin bütün müdafiə sistemi yarılmış, mövqeləri ələ keçirilmişdi. 
Azərbaycan xalqı şəhidlərimizin əziz xatirəsini hər zaman uca tutacaq, ehtiramla anacaq. Həm sentyabr ayının 27-nin Anım Günü kimi təsis olunması, həm də  Bakı şəhərinin ən gözəl yerlərindən birində Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin təməlinin qoyulması şəhidlərimizin xatirəsinə olan yüksək ehtiramın təcəssümüdür. 

 

Azərbaycan tarixinin yeni dövrünü yaşayır

 

Vətən müharibəsi günlərində Azərbaycan Silahlı Qüvvələrinin bölmələri hər gün irəli getdilər. Bir-birinin ardınca şəhər və kəndlərimiz işğaldan azad edildi. Cəbhənin elə bir istiqaməti olmadı ki, ordumuzun bölmələri hücumda ləngisinlər. Prezident İlham Əliyev xalqa hər bir müraciətində şəhər və kəndlərimizin azad edilməsi müjdəsini çatdırdı. 
Bu müharibə ilk gündən milli həmrəyliyimizin və milli qürurumuzun təntənəsinə çevrildi.  Dinindən, dilindən asılı olmayaraq respublikamızda yaşayan bütün xalqların nümayəndələri torpaqlarımızın azadlığı uğrunda silaha sarıldılar, müqəddəs amal uğrunda Prezident İlham Əliyevin ətrafında sıx səfərbər oldular. Savaşın hər ötən günü xalqımız üçün qürur mənbəyinə çevrildi. Hər addımında Azərbaycan əsgəri tarix yazdı, xalqımızın böyüklüyünü, qəhrəmanlığını dünyaya bəyan etdi. 
Vətən savaşı günlərində hər bir şəhər və rayonumuzun işğaldan azad edilməsi xəbəri ümumxalq bayramına çevrildi.  Əhali bu əlamətdar günləri küçə və meydanlarda milli qürurla, şəhidlərimizi anmaqla qarşıladı. Müzəffər ordumuz  düşmənə ən sarsıdıcı, həlledici zərbəni isə Qafqazın incisi, ölkəmizin mədəniyyət paytaxtı olan Şuşa şəhərini işğaldan azad etməklə vurdu. Şuşanın azad edilməsi Azərbaycanın hərb tarixinin ən möhtəşəm hadisəsinə çevrildi. Məhz Şuşanın azad edilməsindən sonra Ermənistan kapitulyasının təsdiqi olan üçtərəfli Bəyannaməyə imza atdı, digər üç rayonumuzun da azad edilməsi ilə bağlı öhdəlik götürdü.
Artıq Dağlıq Qarabağ münaqişəsi bitib. Azərbaycan "dəmir yumruğ"u ilə bu problemə son qoyub. Ərazi bütövlüyünü təmin edən, erməni faşizminin başını əzən Azərbaycan həm də regionda yeni reallıqlar yaradıb. Ermənistanın isə bu reallıqları qəbul etməkdən başqa şansı və yolu yoxdur. Bu baxımdan dövlət və xalq olaraq qarşımızda duran əsas vəzifələrdən biri düşmənin baş qaldırmasına imkan verməməkdir. Sentyabrın 27-də Füzuli rayonunun Qaraxanbəyli kəndində Anım gününə həsr olunmuş xatirə lövhəsinin önündən bu barədə xalqımıza çağırış edən Prezident İlham Əliyev deyib: "Bu gün şəhidlərimizin əziz xatirəsini yad edərək, bir daha hər birimiz özünə söz verməlidir, vəd verməlidir, and içməlidir ki, biz müstəqilliyimizin keşiyində əbədi duracağıq, biz ərazi bütövlüyümüzün keşiyində əbədi duracağıq. Qoymayacağıq ki, bir daha düşmən başını qaldırsın, qoymayacağıq ki, bir daha bizim üçün təhdid yaratsın. Əgər bunu görsək, dərhal hərəkətə keçəcəyik. Əminəm ki, buna ehtiyac olmayacaq. Çünki ölkəmizin artan gücü, o cümlədən hərbi gücü müstəqilliyimizin, rahat həyatımızın təminatçısıdır, onun qarantıdır".
Artıq işğala son qoyulub, düşmənin başı əzilib. Qalib dövlət, məğrur xalq kimi başımız uca, alnımız açıqdır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin  rəhbərliyi ilə indi Azərbaycan tarixinin yeni dövrünü yaşayır. Qarşıdakı illərdə Azərbaycan daha da inkişaf edəcək, həm hərbi, həm iqtisadi qüdrətini artıracaq. Ermənistan isə bir daha işğalçılıq niyyətinə düşə bilməyəcək. Güclü dövlətimizin qarşısında istənilən təhdid aciz qalacaq. 

 

Şuşa sürətlə dirçəlir

 

Hazırda işğaldan azad edilmiş bütün rayonlarda kompleks bərpa və yenidənqurma işləri aparılır, düşmənin onilliklər boyu vurduğu yaralar tədricən sağalır. Vətən müharibəsinin başa çatmasından ötən qısa müddətdə Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma işləri bütün məziyyətləri ilə yanaşı dövlətimizin gücünün təsdiqidir. Qısa müddətdə nəhəng infrastruktur layihələrinin icrasının başa çatdırılması torpaqlarımızın xilaskarı Prezident İlham Əliyevin böyük siyasi iradəsinin təcəssümüdür.
Quruculuğun əsas ünvanlarından biri də Şuşadır.  Qeyd edk ki, düşmən Şuşanı 28 ildə nə qədər cəhd etsə də, erməniləşdirə bilmədi. Çünki bu şəhər Azərbaycan xalqının elə bir abidəsidir ki, onu dəyişmək, özününküləşdirmək, yadlaşdırmaq mümkün deyil. Şuşa heç vaxt yadları qəbul etmədi. Ona görə də ermənilər işğal dövründə bu şəhəri yalnız dağıtmış, talan etmiş, bulaqlarını qurutmuşdular. 
Bu gün isə Şuşa dirçəlir, bulaqları yenidən çağlayır. Füzulidən sonra Şuşaya da səfər edən Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva şəhərdə inşa olunan yeni yaşayış kompleksində, Şuşa hotel və konfrans mərkəzində aparılan tikinti işləri ilə, Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyinin binasında yaradılan şəraitlə, Yuxarı Gövhər ağa məscidində, Mehmandarovların malikanə kompleksində, yenidən qurulan hoteldə aparılan təmir-bərpa işlərinin və Şuşa şəhəri 1 saylı tam orta məktəbin binasında tikinti işlərinin gedişi ilə tanış olublar.
Şuşada aparılan bərpa və tikinti işləri göstərir ki, şəhərin yenidən qurulması genişmiqyaslı olmaqla, bütün istiqamətləri əhatə edir. Həm yaşayış məhəllələri salınır, həm yeni infrastrukturlar yaradılır, həm də şəhərin tarixi-mədəni abidələri bərpa olunur. İndiyədək şəhərdə bir sıra layihələrin icrası başa çatıb. Beləliklə, Şuşa sürətlə dirçəlir, yeni həyatına qədəm qoyur, Azərbaycanın ictimai və mədəni həyatında tədricən öz yerini tutmağa başlayır. 

Rəşad CƏFƏRLİ,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video