23 Yanvar 2022 00:41
1132
Mədəniyyət
A- A+

Təzadlar dövrünün böyük ziyalısı

 

Tarix boyu yaşayıb-yaratmış elə şəxsiyyətlər olub ki, onların işlədiyi, fəaliyyət göstərdiyi illər müxtəlif ictimai-siyasi quruluşlar dövrünə təsadüf edib. Bu insanların bir çoxu quruluş dəyişərkən öz vətənpərvərlik mövqelərini saxlayıb, yenə də xalqına sədaqətlə xidmət yolunda əllərindən gələni əsirgəməyiblər. Lakin əksər hallarda belələrini düzgün başa düşməyiblər. İncidiliblər, repressiyalara məruz qalıblar, həyatın əzablı yollarından keçiblər. Haqq savaşında bu insanların hərəkətləri dövrün hakim dairələrinin xoşuna gəlməyib, əsərlərinə qadağalar qoyublar. Günahlandırılıblar, cəzalandırılıblar...

Görkəmli ictimai-siyasi xadim, dövrünün böyük ziyalısı Əhməd bəy Mirzə Həsən oğlu Ağayevin (Ağaoğlu) ömür yoluna da məhz belə bir tale qismət olub. O, 1869-cu ildə əzəli və əbədi Azərbaycan torpağı olan Qarabağda, gözəl Şuşa şəhərində dünyaya göz açmışdı. 70 il sonra, 1939-cu ildə isə dünyasını türk torpağında, qədim İstanbulda dəyişmişdi. Əhməd bəy Ağayevin yaşadığı illərdə Azərbaycanda, Qafqazda, Şərqdə və ümumiyyətlə, dünyada hansı siyasi hadisələrin baş verdiyini xatırlasaq, Şuşada başlanan bu ömrün nə üçün İstanbulda bitməsinin səbəblərini aydın başa düşə bilərik.

Ə.Ağaoğlunun valideynləri Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın nəslindən idilər. Babası Mirzə İbrahim gözəl xəttat idi, eyni zamanda Azərbaycan və fars dillərində dəyərli şeirlər yazırdı. Atası Mirzə Həsən və əmisi Mirzə Məhəmməd öz zəmanələrinə görə mükəmməl savad almış, həm dini, həm də dünyəvi elmlərlə yaxından maraqlanan, ərəb, fars, rus dillərini bilən insanlar olmuşlar. Ə.Ağaoğlu xatirələrində yazırdı ki, əmisinin təkidi ilə müctəhid olmağa hazırlaşdırılan Əhməd bəy əvvəlcə mollaxanada oxuyur. Lakin anası və şəhər bələdiyyə idarəsi rəisinin müavini olan dayısı bu zəkalı uşağın mollaxana təhsili ilə çox da uzağa gedə bilməyəcəyini dərk edərək onu atasından və Mirzə Məhəmməddən gizli rus gimnaziyasına verirlər. Gimnaziyada o, dünyəvi elmlərə yiyələnməklə yanaşı, həyata baxışını da formalaşdırır.

Beləliklə, Əhməd bəy Ağayev əvvəlcə Şuşada rus məktəbində, sonra Tiflis gimnaziyasında oxuyur. Oranı bitirdikdən sonra Peterburqa gedib dövrün aparıcı ali təhsil ocaqlarından olan Mühəndis-Texniki İnstitutuna imtahan verir. Lakin lazımi bal toplaya bilmədiyindən Peterburqa əlvida deyir və Parisə yollanmaq qərarına gəlir.

Parisdə Əhməd bəy hüquq məktəbini və Sorbonna Universitetini bitirir. Bu illərdə Şərq xalqlarının tarixini, ərəb, fars və türk dillərini mükəmməl öyrənir, 1890-cı ildə Şərq fəlsəfəsinə və ədəbiyyatına dair ilk elmi məqaləsini nəşr etdirir. Beləliklə də, onun publisist kimi fəaliyyətinə yol açılır. O, Praktik Ali Tədqiqatlar Məktəbində “Avesta”nın məşhur tədqiqatçısı C.Darmstaterin “Şərq xalqlarının tarixi”, Şərq Dilləri Məktəbində isə Şeffer və Barbye de Meynarın ərəb, fars və türk dillərinə dair mühazirələrini dinləyir. C.Darmstater onu Parisin elmi və ədəbi ictimaiyyətinə təqdim edir.

1892-ci ildə 23 yaşlı Əhməd bəy Ağayev Londonda keçirilən Beynəlxalq Şərqşünaslıq Konqresində iştirak edir. Onun “Şiə məzhəbinin mənbələri” mövzusunda yüksək səviyyəli məruzəsi nümayəndələr tərəfindən bəyənilir, konqresin qərarı və Kembric Universitetinin vəsaiti ilə həmin məruzə bir neçə Qərb dillərində nəşr olunur.

Bu əsərə görə İran şahı ona firuzə qaşlı üzük bağışlayır.

Parisdə o, məşhur filosof və mütəfəkkir Şeyx Cəmaləddin Əfqani ilə tanış olur. Bu tanışlıq onun  ictimai-elmi fəaliyyətinə güclü təsir göstərir. Paris həyatı 6 il davam edir və 1894-cü ildə atasının ölüm xəbərini eşidən Ağaoğlu İstanbul yolu ilə vətəninə qayıdır.

1896-cı ildə o, Şuşaya gedir və realnı məktəbdə fransız dili müəllimi işləyir, qiraətxana-kitabxana açır, ilk teatr tamaşaları təşkil edir. 1897-ci ildə böyük mesenat Hacı Zeynalabdin Tağıyev onu Bakıya dəvət edir. Burada realnı məktəbdə fransız dilindən dərs deyir, “Kaspi” qəzeti ilə əməkdaşlıq edir, 1898-1907-ci illərdə qəzetə Əlimərdan bəy Topçubaşov redaktorluq edəndə Ə.Ağaoğlu ədəbiyyat şöbəsinin müdiri olur.

1905-ci ildə erməni-daşnak quldurlarının çarizmin fitvası ilə Azərbaycan xalqına qarşı törətdiyi soyqırımları Əhməd bəy Ağaoğlunun yazılarının əsas mövzularına çevrilir. Ağaoğlu Əli bəy Hüseynzadə ilə birlikdə Azərbaycanda millətçilik düşüncəsinin formalaşmasında mühüm rol oynamış “Həyat” qəzetinə redaktorluq edir. Həmin il dekabrın 19-dan “İrşad” qəzetini, 1907-ci ildə isə eyni zamanda rus dilində “Proqress” qəzetini nəşr etdirir. 1908-ci ilin iyunundan “Tərəqqi” qəzetini çıxarmağa başlayır və Türkiyəyə gedənə qədər onun naşiri olur.

1908-ci ildə Əhməd bəyə qarşı Bakıda fitnəkarlıqlar törədilir. O, həyatının həmin çətin günlərini belə xatırlayırdı: “Şiddətli təqib edilənlər arasında idim... Qafqaz canişini vəzifəsinə təyin olunmuş Vorontsov-Daşkov məni necə olursa-olsun həbs etdirib sürgünə göndərməyə qərar vermişdi. Bunu eşidən kimi mən getməyə qərar verdim”.

1909-cu ilin ortalarında Əhməd bəy sürgündən can qurtarmaq üçün Türkiyəyə yollanır. 1911-ci ildə İstanbulda yaradılan “Türk yurdu” cəmiyyətinin başlıca təsisçilərindən və təşkilatçılarından, az sonra təşəkkül tapan “Türk ocağı”nın isə dörd qurucusundan biri olur. Həmçinin “Tərcümani-həqiqət” qəzetinin redaktoru kimi fəaliyyət göstərir. Bu məmləkətə təzə gəlməsinə baxmayaraq, çoxşaxəli fəaliyyəti Əhməd bəyi tezliklə hörmətli bir şəxsə çevirir. Azərbaycanəsilli türklərin yaşadığı Afyon - Qarahisardan Osmanlı parlamentinə deputat seçilir.

Xatırladaq ki, hələ Azərbaycanda olarkən Əhməd bəy xalqın hüquqlarını qorumaq məqsədilə 1906-cı ildə “Difai” partiyasını yaratmışdı. O, Bakı müsəlman sahibkarlarının xahişi ilə iki dəfə şəxsən II Nikolayın və onun nazirlərinin qəbuluna getmiş, Rotşild, Nobel kimi neft maqnatlarının sərvətlərimizə sahib olmasına maneçilik etmək istəmişdi. Bu səfərlərin sayəsində azərbaycanlıların Bakı ətrafındakı neftli torpaqlardan köçürülməsi dayandırılmışdı.

Uzunmüddətli ayrılıqdan sonra 1918-ci ilin yayında Ə.Ağaoğlu Türkiyənin Qafqaz Ordusunun komandanı Nuru paşanın müşaviri kimi Azərbaycana gəlir. Həmin il Azərbaycan parlamentinə üzv seçilir. Azərbaycanda vəziyyət nisbətən sakitləşdikdən sonra İstanbuldakı evinin yanması, ailəsinin küçədə qalması xəbərini alan Əhməd bəy Türkiyəyə dönür. Tezliklə Paris Sülh Konfransında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin tərkibində o, Fransa paytaxtına yollanmalı idi. Lakin Ə.Ağaoğlu əvvəlcə ağır xəstələnir, sonra isə cibində Azərbaycan Demokratik Respublikasının diplomatik pasportu və Bakıdakı ingilis hərbi qüvvələrinin baş komandanı general Tomsonun zəmanət məktubu olmasına baxmayaraq, İstanbuldakı ingilis işğalçı qüvvələri tərəfindən həbs edilir.

Sürgün həyatı 1921-ci ilin mayında başa çatır. Bu vaxt Nəriman Nərimanov onu Bakıya, yeni hökumətdə yüksək bir vəzifə tutmağa dəvət etmişdi. Beləliklə, Ağaoğlu “Azərbaycan, yoxsa Türkiyə?” dilemması qarşısında qalmışdı. Xeyli götür-qoydan sonra o, Türkiyəni seçmişdi.

1920-1930-cu illərdə Əhməd bəy yenə də ictimai-siyasi fəaliyyətlə yanaşı, elmi-ədəbi yaradıcılığını da davam etdirir. Bir-birinin ardınca “Türk hüququ tarixi”, “Türk mədəniyyət tarixi”, “Konstitusiya hüququ”, “Dövlət və fərd” və bir sıra digər kitabları nəşr olunur. Onların arasında publisistik üslubda böyük ustalıqla qələmə alınmış “Mən kiməm?” kitabı xüsusi dəyər kəsb edir.

Əhməd bəy Ağayevin dünyagörüşündə ziddiyyətli məqamlar da vardı. Həyatının müxtəlif illərində siyasi düşüncəsində, fəaliyyətində və yaradıcılığında islamçılıq, qərbçilik və türkçülük kimi üç xətt cəmləşmişdi. Belə ki, Ə.Ağaoğlu yazılarında Qərb mədəniyyətindən öyrənmək fikrini irəli sürmüş, islama münasibətində demokratik mövqedən çıxış etmişdir. O, Azərbaycan türklərində türkçülük və millətçiliyin oyanması üçün onlarca məqalə yazmışdır. Odur ki, sovet hakimiyyəti illərində Ə.Ağaoğluya “pantürkist”, “panislamist” damğası vurulmuşdu. Əsərlərinin oxunub öyrənilməsinə qadağa qoyulmuşdu.

O, bir an belə dayanmadan işləmək, çalışmaq üçün yaranmışdı. Özünü fasiləsiz, ardı-arası kəsilməyən fəaliyyətdə təsdiq etmişdi. Buna görə də “Ağaoğlu” dedikdə həmin qısa imzanın arxasında təkcə görkəmli bir publisistin deyil, həm də istedadlı yazıçı, hüquqşünas, şərqşünas, islamşünas, qısaca, böyük bir alimin həyatının izlərini görürük.

 

İradə ƏLİYEVA,

“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video