25 Sentyabr 2022 00:58
489
SİYASƏT
A- A+

Təxribatlar postmüharibə dövrünün yeni reallıqlarını dəyişə bilməz

 

Cari ilin avqust ayında Avropa İttifaqının vasitəçiliyi ilə Brüsseldə keçirilən  Ermənistanla Azərbaycan arasında sülh danışıqlarının aparılması haqqında razılıq hər iki xalqın gələcək mənafeyi baxımından müsbət hadisə idi. 
Bundan əvvəl isə Ermənistan Azərbaycanın irəli sürdüyü beş maddədən ibarət sülhə xidmət tələblərini də qəbul etməyə hazır olduğunu bildirmişdi. Təəssüf ki, sülh danışıqları haqqında əldə olunan razılığın üstündən çox keçməmiş, daha dəqiq desək, sentyabrın 12-si gecə saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin diversiya qruplarının Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribatı nəticəsində Kəlbəcər rayonu ərazisində heyvandarlıqla məşğul olan Goranboy rayonunun Veysəlli kəndində yaşayan Kəlbəcər rayonu Bozlu kənd sakini, 1975-ci il təvəllüdlü Asim Musayev və Goranboy rayonunun Qaraçinar kəndində yaşayan Kəlbəcər rayonu Ağdaban kənd sakini, 1984-cü il təvəllüdlü Arzuman Orucov müxtəlif dərəcəli ağır bədən xəsarətləri aldılar. Hazırda Asim Musayev Gəncə şəhəri Abbas Səhhət adına 1 nömrəli Xəstəxanada müalicə alır, onun vəziyyəti orta-ağır qiymətləndirilir. Arzuman Orucova isə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Ermənistan silahlıları Azərbaycan-Ermənistan dövlət sərhədinin Gədəbəy, Daşkəsən, Tovuz, Naxçıvan Muxtar Respublikası istiqamətlərində də bu kimi təxribatlar törətməyə cəhd göstəriblər. Lakin bütün hallarda silahlı qüvvələrimizin bölmələri düşmənin təxribatına layiqli cavab verərək onların hücumunun qarşısını peşəkarlıqla almışlar. 
Görünən odur  ki, Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə cəhd göstərmir, müxtəlif manevrlərlə bundan yayınmağa çalışır. Beynəlxalq  hüquq normaları çərçivəsində razılaşmalara, imza atdığı üçtərəfli Bəyanata məhəl qoymadan Azərbaycana qarşı hərbi təcavüzünü davam etdirir, mülki əhalini hədəfə alır, dinc insanlara qarşı terror əməlləri törədir. Lakin Ermənistan və onun havadarları bilməlidirlər ki, güclü Azərbaycan Ordusu istənilən təxribatın qarşısını almağa, döyüş tapşırığını yerinə yetirməyə qadirdir, şəxsi heyətin döyüş ruhu çox yüksəkdir.  Ordumuzun arsenalında ən müasir silah-sursatlar və zirehli texnikalar var. Azərbaycan Ordusu dünyanın çox az hərbi qüvvələrində olan - gecə şəraitində yüksək dağlıq ərazilərdə hərbi əməliyyatlar keçirmək üçün istifadə edilən cihazlara sahibdir. Ermənistan silahlılarının terror hücumlarının qarşısının alınmasında ordumuz bu cihazlardan peşəkarlıqla istifadə edir. Gecə şəraitində 3000 metr dağlıq ərazidə aviasiya cəlb olunmadan hərbi əməliyyatın aparılması kimi imkanlar əksər ölkələrdə yoxdur. Bu və digər bu kimi cihazlar vasitəsi ilə Ermənistan  diversiya qruplarının gücləndirilmiş bunkerləri və postları qısa müddətdə neytrallaşdırılır. Bu səbəbdəndir əsgər və zabitlərimizin istər gecələr, istər gündüzlər həyata keçirdikləri əməliyyatlardan sonra ermənilərin itkisi bizimkindən qat-qat çox olur. 
Bütün bunlar Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğuna göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Yaxın tariximizə nəzər salanda görürük ki, düşmən üzərində qazanılan qələbənin təməli 2016-cı ilin dördgünlük Aprel döyüşləri və 2018-ci il Günnüt qələbəsi ilə qoyulub.  Nəhayət, 2020-ci ilin payızındakı 44 günlük Vətən müharibəsində əldə olunan şanlı qələbə son ikiyüzillik erməni işğalına da son qoydu.
Onu da qeyd edək ki, Ermənistan və onun havadarları, erməni lobbisi,  ermənipərəst qüvvələr nə etdilərsə də,  uzun illər boyu bir şeyə gücləri  çatmadı. Xalqımızın ruhunu,  inamını,  ümidini,  birliyini, torpaq sevgisini söndürə bilmədilər. Düşmən və havadarları Azərbaycan Silahlı Qüvvələrinin qəhrəmanlığını və yüksək döyüş qabiliyyətini görəndən sonra anladılar ki, azərbaycanlılar öz torpaqları uğrunda canlarından keçməyə hazırdırlar, intiqam almağı bacarırlar, "mən ölsəm də, təki Vətən yaşasın", - deyib döyüşə atılırlar.
Son iki ildə Ermənistan Azərbaycana qarşı dəfələrlə təxribat törədib və hər dəfə də ağır itki verib, yüzlərlə hərbi texnikası sıradan çıxarılıb. Sentyabrın 12-si gecədən başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycanla dövlət sərhədinin Daşkəsən,  Kəlbəcər,  Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törətməsi düşmənin növbəti dəfə həm canlı qüvvə, həm də müxtəlif texnika itkiləri ilə nəticələndi. Azərbaycan Ordusunun həyata keçirdiyi cavab tədbirləri zamanı erməni təxribatının qarşısı qətiyyətlə alındı. Ordumuzun  bölmələri bir sıra strateji əhəmiyyətli yüksəklikləri nəzarətə götürdülər.
Hərbi ekspertlərin fikrincə, Azərbaycan Ordusunun apardığı sonuncu döyüş unikal hərbi əməliyyatdır. Azərbaycan Silahlı Qüvvələrinin dəniz səviyyəsindən 3 min metrə qədər yüksəklikdə bir neçə istiqamətdə düşmənə qarşı uğurlu əməliyyatlar aparması xüsusi diqqət çəkib. Düşmən tərəflə müqayisədə dəfələrlə az itki ilə bu cür hərbi əməliyyatın yüksək səviyyədə keçirilməsi düzgün taktikadan, döyüşçülərimizin peşəkarlığından xəbər verir. 
Ermənilərin törətdikləri təxribatlar postmüharibə dövrünün yeni reallıqlarını dəyişə bilməz. Xalqımızın çox dəqiq və qəti mövqeyi sayəsində düşmən torpaqlarımıza yaxın buraxılmayacaq. Bu qəti və barışmaz mövqeyi müharibəni alovlandıran "başbilənlər", ermənilər üçün gözyaşları tökənlər, onlara silah-sursat verənlər də dərk etsələr, onda ermənilərin Azərbaycanda sakit,  rahat,  təhlükəsiz yaşamalarına münbit şərait yaranar... 

Rəhman SALMANLI,
"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video