07 Oktyabr 2019 20:12
2709
Turizm
A- A+

Təhsil Nazirliyində kollegiya iclası keçirilib


Oktyabrın 7-də Təhsil Nazirliyində kollegiya iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Təhsil naziri Ceyhun Bayramov kollegiya iclasını giriş sözü ilə açaraq təhsil sahəsində aparılan islahatlar nəticəsində əldə olunan uğurlar və qarşıya qoyulan vəzifələr barədə məlumat verib.

Kollegiya iclasında Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev 2019-2020-ci tədris ili üzrə ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun nəticələri barədə məruzə edib.

Yaqub Piriyev bildirib ki, cari ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu proqnozu ötən ilə nisbətən ümumilikdə 6 faiz, dövlət sifarişi ilə qəbul planı isə ötən illə müqayisədə 66,1 faiz artıb (dövlət sifarişi 8150 yer artaraq 20474 yer olub). Tələbə qəbulunda proqnoz yerlərinin 84,6 faizi dövlət, 15,4 faizi isə qeyri-dövlət ali təhsil müəssisələrinin qəbul planında nəzərdə tutulub. Ötən il bu nisbət müvafiq olaraq 85,4 faiz və 14,6 faiz olub.

Aparat rəhbəri müavininin sözlərinə görə, 2019-2020-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanlarının ilkin nəticələrinin statistik təhlili göstərir ki, son 6 ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul üzrə proqnoz yerlərinin sayı 28 faiz, dövlət sifarişli yerlərin sayı isə 78,5 faiz artıb. 2014-2015-ci tədris ilində dövlət sifarişli yerlərin sayı qəbul planının 30,4 faiz təşkil etdiyi halda cari ildə bu rəqəm 42,4 faizdir.

Cari ildə orta ixtisas təhsili müəssisələrinə tələbə qəbuluna toxunan Yaqub Piriyev əlavə edib ki, qəbul planı ötən ilə nisbətən ümumilikdə 8,2 faiz artıb. 56 orta ixtisas təhsili müəssisəsindən Təhsil Nazirliyinin tabeliyində olan 37 kollecə cari ildə tələbə qəbulu göstəricisi ötən illə müqayisədə 6,6 faiz çox olub. Ölkə üzrə dövlət hesabına qəbul planı isə ötən ilə nisbətən 4,6 faiz artıb.

İclasda Təhsil Nazirliyinin Maliyyə şöbəsinin müdiri Rauf Orucov "Ali təhsil müəssisələrində və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Nazirlər Kabinetinin 2019-cu il 3 oktyabr tarixli 428 nömrəli Qərarına dair məruzə ilə çıxış edib. Rauf Orucov bildirib ki, Qərara əsasən dövlət sifarişi əsasında kadr hazırlığı üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı 2019-cu il sentyabrın 1-dən orta hesabla 30 faiz artırılıb. Şöbə müdiri qeyd edib ki, bu məqsədlə dövlət büdcəsindən ayrılacaq əlavə vəsaitin məbləği cari ildə 14 milyon, növbəti ildə isə 42 milyon manat təşkil edir.

Rauf Orucovun sözlərinə görə, bununla da dövlət sifarişi əsasında kadr hazırlığını həyata keçirən müəssisələrin maliyyə imkanlarının yaxşılaşması, işçilərin əməkhaqlarının artırılması, dövlət sifarişi əsasında kadr hazırlığı üzrə ali təhsil müəssisələri arasında rəqabət mühitinin güclənməsi və ali təhsil müəssisələrinin inkişafı üçün imkanların artması gözlənilən nəticələr sırasındadır.

Təhsil naziri Ceyhun Bayramov kollegiya iclasında çıxış edərək məruzə olunan mövzularla bağlı fikirlərini bildirib.

Kollegiya iclasında gündəlikdəki məsələlərə dair təklif və tövsiyələr səsləndirilib, müzakirələr aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video