Yer üzündə yaşayan bütün xalqlar zaman-zaman müstəqil dövlət qurmağa, azad yaşamağa can atıblar. Azərbaycan xalqı da XX əsrdə gərgin mübarizələrdən sonra iki dəfə müstəqilliyinə qovuşdu. İlk dəfə 1918-ci ildə böyük əziyyətlər bahasına qurulan Azərbaycan Xalq Cümhuriyyəti 2020-ci il aprel ayının 27-də bolşeviklər tərəfindən qan içində boğuldu.
XX əsrin sonlarında baş verən geosiyasi hadisələr isə Azərbaycanın itirilmiş müstəqilliyini bərpa etməsi üçün münbit şərait yaratdı. Və nəhayət, 1991-ci il oktyabrın 18-də Azərbaycan dövlət müstəqilliyini bərpa etdi. Daha dəqiq desək, 1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı qəbul olundu. Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və "Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında" Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli bəyannaməsinə istinad olunmuş, Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilmişdir. Bununla da "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktına əsasən, Azərbaycan xalqı 1991-ci il oktyabrın 18-də öz müstəqilliyini bərpa etmiş oldu.
Azərbaycan Respublikasının müstəqilliyini ilk olaraq 1991-ci il noyabrın 9-da Türkiyə, sonra Rumıniya (11 dekabr 1991), Pakistan (13 dekabr 1991), İsveçrə (23 dekabr 1991), İran (25 dekabr 1991), ABŞ (23 yanvar 1992), Rusiya (10 aprel 1992) və başqa dövlətlər tanıdı. 2 mart 1992-ci ildə isə Azərbaycan müstəqil dövlət kimi BMT-yə üzv qəbul olundu.
Həmin tarixdən artıq 34 il keçir. Müsəlman Şərqində ilk demokratik, hüquqi dövlətini quran xalqımız bu şərəfli tarixlə həmişə qürur duyur. Qalib xalqımız bu günü sevinclə, fərəhlə qeyd edir. Eyni zamanda unutmur ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan çətindir. Müstəqilliyimiz bərpa olunduqdan sonra indiyə qədər azadlığımız, ərazi bütövlüyümüz uğrunda minlərlə vətənpərvər oğullar canlarından keçiblər və xalqımız ərazi bütövlüyümüz, müstəqilliyimiz və suverenliyimiz uğrunda şəhid olmuş oğul və qızlarımızın xatirələrini daim ehtiramla yad edir.
Təəssüflər olsun ki, müstəqilliyimizin ilk illərində ölkəmiz Ermənistanın ərazi iddiası ilə üz-üzə qaldı. Qarabağda və Şərqi Zəngəzurda müharibə alovlandı. Erməni işğalçılarının başladığı savaş nəticəsində minlərlə soydaşımız doğma ocaqlarından didərgin düşdü. Dövlət müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan xalqı az müddətdən sonra onu itirmək təhlükəsi ilə üzləşdi. Bir tərəfdən, Ermənistanın ölkəmizə qarşı ərazi iddiaları və elan olunmamış müharibə, digər tərəfdən isə dövlət rəhbərliyində çalışanların səriştəsizliyi, daxildə gedən siyasi çəkişmələr, vətəndaş qarşıdurması müstəqilliyin itirilməsi ilə nəticələnə bilərdi.
Belə çətin bir vaxtda müdrik xalqımız böyük şəxsiyyət, təcrübəli dövlət adamı Heydər Əliyevi hakimiyyətə dəvət etdi. Ulu Öndər xalqın dəvətini qəbul edərək hakimiyyətə qayıtdıqdan sonra müstəqilliyimizi qorumaq və ölkəni möhkəmlətmək üçün fəaliyyətə başladı. Ümummilli Liderin rəhbərliyi altında qısa zamanda bütün sahələrdə uğurlar qazanıldı. Ən başlıcası, Ermənistan-Azərbaycan münaqişəsində atəşkəs razılaşması əldə olundu. Bundan sonra ölkə iqtisadiyyatında islahatlara start verildi. Bunun sayəsində ölkəmizin iqtisadiyyatı tədricən dünya iqtisadiyyatına inteqrasiya olundu. Dünyanın nüfuzlu neft şirkətlərinin Azərbaycandakı karbohidrogen resurslarının işlənməsinə cəlb olunması dayanıqlı inkişafın əsasını qoydu. Sonralar Ümummilli Lider Heydər Əliyev müstəqilliyimizin bu mərhələsini belə xarakterizə etmişdi: "Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyununda hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı".
Ümummilli Lider Heydər Əliyev müstəqilliyimizdən həmişə böyük inamla danışaraq deyirdi: "Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir". Ulu Öndərin uzaqgörənliyi və qətiyyəti sayəsində görülən təxirəsalınmaz tədbirlər və uğurla həyata keçirilən islahatlar nəticəsində ölkəmiz iqtisadi, siyasi, hərbi və sosial sahələrdə uğurlar qazandı. Müstəqilliyimizi əbədi və dönməz edən böyük şəxsiyyət öz zəngin siyasi təcrübəsi, yüksək Vətən sevgisi, xalq təəssübkeşliyi ilə ölkəmizin dayaq sütunlarını möhkəmləndirdi, xarici siyasətini düzgün məcraya yönəltdi, iqtisadi gücünü artırdı, dövlətin təhlükəsizliyini təmin etdi.
Azərbaycan 2003-cü ilin oktyabrından yolunu Heydər Əliyev siyasi kursunun layiqli davamçısı və bu gün dünyanın Müzəffər Ali Baş Komandan kimi tanıdığı və hörmət etdiyi İlham Əliyevlə davam etdirir. 30 ilə yaxın Ermənistan silahlı qüvvələrinin işğalında qalmış ölkəmizin tarixi əraziləri məhz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında azad olundu. Məhz dövlətimizin başçısının qətiyyəti, güclü iradəsi və yüksək bacarığı sayəsində müstəqillik yolumuzun tarixinə Zəfər səhifəsi yazıldı.
Bu gün Prezident İlham Əliyev xalqımızın tarixi nailiyyəti olan müstəqil Azərbaycan dövlətinə uğurla rəhbərlik edir. Bu müddətdə İlham Əliyevin dövlət başçısı kimi həyata keçirdiyi məqsədyönlü siyasət, iqtisadi islahatlar və atdığı uğurlu addımlar həm ölkəmizdə, həm də beynəlxalq aləmdə yüksək qiymətləndirilir. Xüsusən siyasi prosesləri yönəltmək məharəti, cəmiyyətin maraq və mənafelərini ümumi bir nöqtədə birləşdirmək qabiliyyəti İlham Əliyevi yeni əsrin əvəzolunmaz liderinə çevirib.
Artıq beş ildir ki, bütün dünya azərbaycanlıları Müstəqilliyimizin Bərpası Gününü Vətən müharibəsində işğalçı Ermənistan üzərində qazanılan Zəfərin yaratdığı böyük sevinclə qeyd edir. Bu beş il ərzində dövlətimizin başçısı İlham Əliyevin, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ilə birlikdə işğaldan azad edilmiş ərazilərə davamlı səfərləri, ərazidə aparılan yenidənqurma və bərpa işlərini şəxsən nəzarətdə saxlaması xalqımız tərəfindən minnətdarlıq hissi ilə qarşılanır.
Dövlət müstəqilliyimizin bərpası bizə azərbaycançılıq məfkurəsi ətrafında daha da sıx birləşərək dünyada tanınan demokratik, hüquqi, dünyəvi dövlət qurmaq imkanı yaratmışdır. Böyük əminliklə demək olar ki, Azərbaycan xalqı tarixi ənənələrinə sadiq qalaraq Prezident İlham Əliyevin rəhbərliyi altında bundan sonra da dövlətimizin müstəqilliyini daha da möhkəmləndirəcək, Azərbaycanı dünyanın ən qüdrətli, ən güclü ölkələrindən birinə çevirəcək.
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"