27 Sentyabr 2022 01:55
608
SİYASƏT
A- A+

Tarixi dönüş nöqtəsi

 

2020-ci il 27 sentyabr... 
Tarixin bu təqvimi ölkəmizdə həm Vətən müharibəsi şəhidlərinin Anım günü, həm də 44 günlük İkinci Qarabağ mühribəsinin bağlandığı gündür. Bu gün respublikamızın bütün şəhər və rayonlarinda, o cümlədən azad edilmiş ərazilərimizdə anım mərasimləri keçirilir, xalqımız Vətən uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin xatirəsini qürurla yad edir.
Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli sərəncamına əsasən təsis edilən Anım günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir.
Bu tarix həm də qələbə vədi ilə başlayıb, Zəfərlə bitən savaş tariximizin şərəfli səhifəsinə çevrilib. Çünki düşmənin genişmiqyaslı təxribatının qarşısını almaq üçün Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin "dəmir yumruq" əməliyyatının icrasına başladı.  

 

Güclü ordu, siyasi nüfuz, birlik...

 

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə Vətən müharibəsindən iki il keçdiyini xatırladaraq qeyd edir ki, məğlub Ermənistan dövlət sərhədində hərbi təxribatlar törətməklə sülhə hələ də hazır olmadığını göstərir. Deputat bildirir ki, revanş üçün heç bir gücü olmamasına baxmayaraq, Ermənistan cəmiyyəti yaranmış yeni reallıqla razılaşa bilmir. Razılaşmamaq isə özünün  inkişafına ciddi ziyan vurur. Qonşu dövlətin torpağına iddia etmək, onunla sərhəd məsələsini həll etməmək istər-istəməz cəmiyyətin resursunu əlindən alır. 
Aydın Mirzəzadənin fikrincə, Ermənistan dövlət kimi güclənmək, sosial problemlərini həll etmək əvəzinə özünü bu cür avantüralara xərcləyir. Amma müharibənin yenidən başlaması qeyri-mümkündür. Azərbaycan bütün istiqamətlər üzrə Ermənistandan güclüdür. Təxribatlara cavab verəcək güclü ordumuz, beynəlxalq aləmdə siyasi nüfuzumuz, cəmiyyətin birliyi və lider ətrafında güclü birlik vacib məqamlardır. Ermənistanda isə bunlar yoxdur: "Ermənistanın vəziyyətdən nəticə  çıxarmasına çox böyük ehtiyac var. Nəticə çıxaracaqsa, bir dövlət kimi inkişaf edəcək, əks halda daha da zəifləyəcək. Azərbaycan isə həm dövlət kimi güclənir, həm də Ermənistanın istənilən təxribatına cavab vermək iqtidarındadır". 

 

Bütün xalqın əsgərə çevrildiyi gün 

 

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədr müavini Sahib Alıyev qəzetimizə açıqlamasında bildirdi ki, sentyabrın 27-si Vətən savaşının başlandığı gün - ilk növbədə tarixin Azərbaycan xalqının əleyhinə cərəyan edən gərdişinin dəyişdirilməsinin başlanğıc günüdür. Bu tarix bütün Azərbaycan xalqının öz torpaqlarının azad edilməsi yolunda əsgərə çevrildiyi reallığının üzə çıxdığı gün idi. Bu gün ədalətsizlik, haqsızlıq, ancaq və ancaq böyük dövlətlərin iradəsi üzərində qurulan beynəlxalq konyunkturanın sındırıldığı gündür. Böyük güclər Prezident İlham Əliyevin də vurğuladığı kimi, BMT-nin bəzi qətnamələrinin mürəkkəbi qurumamış  canfəşanlıq göstərərək onu yerinə yetirdikləri halda, Azərbaycanın işğal altındakı torpaqları ilə bağlı 4 qətnaməyə Ermənistanın əməl etməməsini görməzdən gəlirdilər, çünki maraqları bunu diktə edirdi. Təkidlə Azərbaycana öz torpaqlarını savaş yolu ilə qaytara bilməzsən deyirdilər, hətta təhdidə belə əl atırdılar. Bütün bunlara baxmayaraq, ardıcıl erməni təxribatları qarşılığında Müzəffər Ali Baş Komandan savaş əmrini verdi. İlk dəfə olaraq Azərbaycan dünyaya göstərdi ki, Qafqaz kimi böyük qüvvələrin maraqlarının kəsişdiyi bir regionda, güc kimi qəbul edilənlərin sırasında yer almadan da məhz öz xalqının, onun liderinin iradəsinə dayanaraq beynəlxalq konyunkturanı  dəyişdirə, torpaqlarını işğaldan azad edərək, BMT qətnamələrini özü yerinə yetirə bilər.
Sahib Alıyev bildirir ki, 27 Sentyabrı həm əziz şəhidlərimizi anıb, onların ruhu qarşısında baş əyməklə, həm də o məqama ucalanların sayəsində başımızı dik tutmaqla qeyd edirik: "Əminəm ki, illər keçdikcə 27 Sentyabrın Azərbaycan xalqının tarixində nə demək olduğunun önəmi daha çox dərk ediləcək. Qafqazda Azərbaycan adlı ölkənin, onun xalqının nə dərəcədə qeyrətli, mübariz, qürurlu, ləyaqətli olduğu getdikcə daha qabarıq görünəcək".  

 

Zəfər yolumuzun başlanğıcı

 

Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli qeyd edib ki, 27 Sentyabr Vətən müharibəsinin ilk günü Zəfər yolumuzun başlanğıcıdır. 30 ilə yaxın düşmən tapdağında qalan torpaqlarımızın azad olunmasının, şəhidlərimizin qisasının alınmasının, Azərbaycanın məğrur obrazının yaranmasının ilk günüdür.  Bu gün Azərbaycan dövlətinin, xalqının, vətəndaşının şərəfinin bərpası günüdür. 
Şəhidlərimizi rəhmətlə anan T.Kərimli Vətən müharibəsində 3 minə yaxın şəhid verdiyimizi xatırladaraq deyir ki, onların və qazilərimizin hesabına Vətənin  bütövlüyünü təmin edə bilmişik: "Ağır məğlubiyyətə uğrayan Ermənistan tərəfi 10 noyabrda Rusiyanın iştirakı ilə kapitulyasiya aktına imza atmalı oldu. Doğrudur, Ermənistan bəzən sözündən qaçır, öz imzasının dalında gizlənir, müəyyən manipulyasiyalar edir, amma bu, heç də 27 Sentyabrın əhəmiyyətini azaltmır". 
Deputat vurğulayır ki, 2020-ci ildə Ali Baş Komandanın əks-hücum əmri xalq tərəfindən olduqca xoş qarşılandı. Təsadüfi deyil ki, bu zaman 50  minə yaxın insan cəbhəyə könüllü olaraq getmək üçün müraciət etmişdi. Bəzi dövlətlərdə səfərbərlik elan edildiyi halda insanların qaçmasının fonunda Azərbaycan vətəndaşının nə qədər məğrur, vətənsevər olduğu daha aydın göründü. 
Artıq Azərbaycanın öz ərazi bütövlüyünü təmin etdiyini vurğulayan Tahir Kərimli hesab edir ki, bundan sonra tarixinin ən qüdrətli dövləti daim bu bütövlüyünü qoruyub saxlayacaq. Çünki Azərbaycanın həm iqtisadi, həm də hərbi gücü yetərincədir.

 

Şanlı ordumuzun 44 günlük Vətən müharibəsində tarixi qələbəsi

 

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elşad Mirbəşiroğlu qəzetimizə açıqlamasında dedi ki, 2020-ci il 27 sentyabr tarixində Azərbaycan Ordusu Ermənistanın növbəti genişmiqyaslı təxribatlarının qarşısını almaqla yanaşı, əks-hücum əməliyyatlarına da başlayıb və qısa zaman kəsiyində torpaqlarımızı işğaldan azad edib. 
Deputat 2020-ci ilin payızına qədər Ermənistanın təxribatlar törətdiyini xatırladaraq, elə həmin ilin yayında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində təxribatların qarşısının qətiyyətlə alındığını vurğuladı. Deputatın sözlərinə görə, reallıq o idi ki, Ermənistan özünü cəzasızlıq şəraitində hiss edərək Azərbaycana qarşı təxribatlarını daha da intensivləşdirirdi. Ermənistanın addımları aydın göstərirdi ki, münaqişənin dinc vasitələrlə tənzimlənməsi istiqamətində heç bir istəkləri yoxdur: "Nikol Paşinyanın getdikcə hərbiləşən ritorikası da təbii ki, münaqişənin dinc yolla nizamlanmasına olan inamı itirməkdə idi. Azərbaycan tərəfi isə münaqişənin sülh yolu ilə tənzimlənməsi prinsipinə sadiqlik nümayiş etdirir, hər zaman danışıqlara, müzakirələrin aparılmasına hazır olduğunu göstərirdi". 
Elşad Mirbəşiroğlu dedi ki, münaqişənin tənzimlənməsi üçün yaradılmış ATƏT-in sabiq Minsk qrupu tam fəaliyyətsizlik nümayiş etdirirdi. Onun sözlərinə görə, danışıqlar sadəcə olaraq görüntü xarakteri daşıyır, bir çox hallarda isə ATƏT-in Minsk qrupu Ermənistanın işğalçılıq siyasətinin nəticələrinin leqallaşdırılmasına yönəlik mövqelər sərgiləməkdən çəkinmirdi. Bu  da dəlalət edirdi ki, aparılan danışıqlar deklorativ xarakter daşımaqla nəticəsizdir. 
"Azərbaycan Prezidenti dəfələrlə bəyan etmişdi ki, biz nəticəsiz danışıqları sonsuza qədər davam etdirmək fikrində deyilik. Azərbaycan Ordusu hərbi yolla öz torpaqlarını işğaldan azad etmək iqtidarındadır", - deyən deputat əlavə edir ki, Ermənistan Azərbaycanın münaqişənin dinc vasitələrlə tənzimlənməsi prinsipinə həssas yanaşmasını düzgün qiymətləndirməyi bacarmadı. Yenə də havadarlarına ümid edərək düşünürdü ki, işğalçılıq siyasətini davam etdirəcək və zamanla da bunun nəticələrini leqallaşdırmağa nail olacaq. Ermənistanın digər məqsədi də aydın müşahidə edilirdi. Onlar Azərbaycanın yeni ərazilərini də işğal etmək niyyətində idilər. Belə ki, 2019-cu ildə Ermənistanın həmin dövrdə müdafiə naziri olan David Tonayan ABŞ-da səfərdə olan zaman "yeni ərazilər naminə yeni müharibə" ifadəsini işlətməkdən də çəkinmədi. 
Deputat qeyd edir ki, bütün bunlar artıq Ermənistanla danışıqlar aparılmasının əhəmiyyəti olmadığını göstərirdi. Buna görə də Azərbaycan 2020-ci il 27 sentyabr tarixində Ermənistanın növbəti təxribatlarının qarşısını almaqla yanaşı,  torpaqlarımızın işğaldan azad olunması üçün də əməliyyatlara  başladı. 
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusu 44 gün ərzində müasir dövrün ən effektiv müharibəsini aparmaqla, torpaqlarımızı işğaldan azad etdi. 2020-ci il 10 noyabr tarixində Ermənistan kapitulyasiya sənədini imzalamaq məcburiyyətində qaldı. Bununla Azərbaycan  dünyaya nümayiş etdirdi ki, həqiqətən sülhsevən dövlətdir, regionda təhlükəsizliyin etibarlı təmin olunmasını istəyib və bu istiqamətdə təşəbbüskar rolunda çıxış edib. Lakin Ermənistan işğalçılıq siyasətindən heç vaxt geri çəkilmədi. 
Deputat  bildirir ki, Rusiyanın vasitəçiliyi ilə birgə bəyanatın imzalanması, sənəddə Azərbaycanın maraqlarına cavab verən müddəaların yer alması hər şeydən öncə şanlı ordumuzun 44 günlük Vətən müharibəsində tarixi qələbəsinin nəticəsi idi. Bu gün Azərbaycan Vətən müharibəsi nəticəsində təmin etdiyi güclü mövqelərini daha  da möhkəmləndirmiş vəziyyətdədir. 
E.Mirbəşiroğlu deyir ki, ötən iki il müddətində Azərbaycan Ordusunun daha da müasirləşdirilməsi istiqamətində təsirli addımlar atılıb. Maddi-texniki təchizatın ən yüksək səviyyədə təmin olunması üçün hərbi texniki sahədə əməkdaşlıq dairəsi xeyli genişləndirilib, həmçinin yeni hərbi birləşmələr yaradılıb. Ermənistanın növbəti təxribatlarının qarşısının  alınması istiqamətində Azərbaycan Ordusunun  keçirdiyi hərbi əməliyyatlar da aydın göstərir ki, ordumuz iki il öncəkindən də güclüdür. Dövlət sərhədimizin təhlükəsizliyinin təmin olunması istiqamətində bütün effektiv tədbirləri həyata keçirə bilər. Ermənistan tərəfi də aydın görür ki, törətmiş olduğu təxribatlar onların özünə baha başa gəlir.
44 günlük Vətən müharibəsi ordumuzun gücünü, qüdrətini, rəşadətini göstərməklə yanaşı, Azərbaycanın hərb yolu ilə torpaqlarını işğaldan azad etmək əzmini göstərdi. Dünyaya bəyan etdi ki, Azərbaycan heç zaman torpaqlarının işğalı ilə barışmayıb. Torpaqlarını işğaldan azad edib, Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur edən ölkəmiz artıq regionda yeni reallığın yarandığını, həmçinin Cənubi Qafqazda sülhün, əmin-amanlığın bərqərar olmasının, təhlükəsizliyin tərəfdarı olduğunu  göstərdi. Özü haqqı, ədaləti bərpa etdi.

Əsmər QARDAŞXANOVA,
"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video