09 Oktyabr 2024 08:15
1133
SİYASƏT
A- A+
Şuşaya gedən Zəfər yolunun açarı

Şuşaya gedən Zəfər yolunun açarı


Hadrut qələbəsi Vətən müharibəsinin gedişində əsaslı dönüş yaratdı


Şanlı, qürur dolu hadisələr xalqın qəhrəmanlıq tarixinə əbədi olaraq yazılır. Bütün gələcək nəsillər onunla fəxr edib öyünür. Böyük zəfərlə, torpaqlarımızın işğaldan azad olunması ilə başa çatmış 44 günlük Vətən müharibəsi də xalqımızın qəhrəmanlıq tarixinə yazılmış belə şərəf dolu tarixi hadisələrdən, parlaq səhifələrdən biridir.

Çünki xalqımızın başını həm bugünkü, həm də gələcək nəsillər qarşısında uca edən İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 30 ilə yaxın erməni işğalında qalmış torpaqlarımızı azad etdi. Xalqımızın, ordumuzun, dövlətimizin birliyi, həmrəyliyi və gücü qarşısında çox dayana bilməyən düşmən məğlub oldu.

Qəsbkarlar illərdən bəri möhkəmləndikləri mövqelərdən geri çəkilmək istəmirdilər. Düşmən Hadrut qəsəbəsində də dirənib durur, ciddi müqavimət göstərirdi. Buna görə 44 günlük Vətən müharibəsində ən gərgin döyüşlərdən biri də işğalçıların xeyli möhkəmləndiyi bu qəsəbə uğrunda oldu. Qələbə ilə başa çatan Hadrut döyüşləri nəticəsində İkinci Qarabağ müharibəsində ciddi dönüş yarandı. Necə deyərlər, bu döyüşlərdə sanki düşmənin şah damarı kəsildi. 


Uğurlu döyüş


Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev 44 günlük Vətən müharibəsindən danışarkən Hadrut qəsəbəsi uğrunda gedən gərgin döyüşlərdən də ətraflı söz açır. Dövlət başçımız 2021-ci il dekabrın 24-də Xocavənd rayonunun Hadrut qəsəbəsində hərbi hissənin açılışı zamanı da Zəfər tariximizə böyük hərflərlə yazılmış bu döyüşlərdən qürurla bəhs etmişdir. Prezidentimiz demişdir: "...Hadrut əməliyyatı İkinci Qarabağ müharibəsində xüsusi əhəmiyyətə malik olan bir əməliyyat idi. İlk növbədə ona görə ki, bu strateji qəsəbəni işğaldan azad etmək bizim gələcək planlarımıza əlavə dəstək verdi. Çünki əgər biz Hadrutu işğalçılardan azad etməsəydik, gələcək əməliyyatlarımız daha böyük çətinliklərlə üzləşə bilərdi. Təsadüfi deyil ki, işğaldan ilk azad edilmiş şəhər olan Cəbrayıldan sonra ikinci böyük yaşayış məntəqəsi Hadrut olmuşdur. Müzəffər Azərbaycan Ordusu ötən il oktyabrın 9-da bu qəsəbəni işğalçılardan azad etmişdir. Burada olan hər bir insan bu qəsəbəni əhatə edən dağları görərkən başa düşə bilər ki, bu, nə qədər böyük, çətin və şərəfli missiya idi. Çünki mənfur düşmən 30 il ərzində işğal altında olan bütün torpaqlarda güclü istehkamlar qurmuşdu, bir neçə xətdən ibarət müdafiə sədləri qurmuşdu. Eyni zamanda Qarabağ və Şərqi Zəngəzur bölgəsinin təbii relyefi də düşmən üçün əlverişli idi. Çünki bu dağlarda, təpələrdə yerləşərək onlar böyük hərbi üstünlüyə malik idilər. Ona görə bizim hərbçilərimizin həm peşəkarlığı, həm fiziki gücü, mənəvi hazırlığı, vətənpərvərliyi, fədakarlığı bu şərəfli uələbəmizə nail olmaq üçün bizə imkan yaratdı".

Dövlət başçısı bu uğurlu döyüşün Zəfər tariximizdə önəmli yer tutacağını da xüsusi olaraq vurğulamışdır: "Əminəm ki, Hadrut əməliyyatı müasir dünya müharibələri tarixində öz layiqli yerini tutacaq. Ermənistan hər vəchlə çalışırdı ki, Hadrutu öz nəzarəti altında saxlasın. Hətta Hadrut işğalçılardan azad ediləndən bir neçə gün sonra onlar özlərinə xas yalanlar yayaraq Hadrutun sanki onların əlində olması haqqında iftiralar uydururdular. Artıq müzəffər Azərbaycan Ordusu Hadrutda dövlət bayrağımızı qaldırmışdı. Hadrut və bütün ətraf yüksəkliklər bizim əlimizdə idi. Ermənistan öz ordusunun mənəvi-psixoloji vəziyyətini anlayaraq Hadrut haqqında yalanlar yayırdı. Onu da bildirməliyəm ki, Hadrut azad ediləndən sonra Ermənistan ordusunda fərarilik halları daha geniş vüsət almışdır və onların özlərinin etirafına görə müharibə zamanı 10 min fərari olmuşdur. Azərbaycan Ordusunda isə bir nəfər də fərari olmamışdır. Bizim vətənpərvərlik ruhumuz, qəhrəmanlığımız, Vətənə olan bağlılığımız, fədakarlığımız bütün dünyada Azərbaycan Ordusu, Azərbaycan xalqı haqqında dəqiq təsəvvür yaratdı. Göstərdi ki, biz böyük xalqıq, göstərdi ki, biz özümüzə məxsus olan torpaqları nəyin bahasına olursa-olsun azad edən xalqıq".


Zəfər səhifəsi


Həmişə arzulayırdıq ki, Azərbaycan Ordusunun hər qarışı uğrunda cəsarətlə vuruşaraq böyük Zəfər qazandığı Hadrut qəsəbəsinə gedək, bu gözəl məkanı görək. Axır ki ilıq payız günlərinin birində istəyimizə nail olduq. Harduta getmək imkanı yarandı. 

Səfərimiz erməni işğalçılarından azad olunmuş Qarabağ torpaqlarına, uğrunda qanlı döyüşlər getmiş Hadruta idi. 

Yol uzunu Hadrut uğrunda gedən qanlı döyüşlərin iştirakçısı olmuş hərbçilərin söylədiklərini xatırlayırıq. Xatırlayırıq ki, 44 günlük Vətən müharibəsindən söz düşəndə polkovnik-leytenant Fariz Rüstəmov demişdi ki, əsrarəngiz gözəlliyi olan Hadrut qəsəbəsi yerləşdiyi əraziyə görə böyük strateji əhəmiyyətə malik idi: "Buna görə də nəyin bahasına olursa olsun, bu yaşayış məntəqəsini işğalçılardan azad etməliydik. Çünki düşmən daim bu istiqamətdən mövqelərimizi atəşə tutur, qüvvələrimizin irəliləməsinə əngəl törədirdi. Aramsız olaraq açılan atəşdən, üstümüzə dolu kimi yağan güllələrdən, əraziyə cəmlənmiş saysız-hesabsız zirehli texnikaların aramsız hərəkətlərindən hiss olunurdu ki, ermənilər Hadruta xeyli qüvvə toplayıblar. Buraya yığdıqları qüvvələrinə arxalanaraq ciddi müqavimət göstərir, geri çəkilmək istəmirdilər. Bizim də ermənilərin nazı ilə çox oynamaq fikrimiz yox idi. Bu istiqamətdə vaxt itirib dayansaydıq, döyüşün gedişi ləngiyə bilərdi. Bundan istifadə edən düşmənin ayağı yer alardı. Nəhayət, bir neçə güclü əks-hücumdan, aldadıcı manevrlərdən sonra işğalçıların necə vaxtdan bəri gücləndirdiyi ön xəttini yarıb, müqavimətini qırdıq. Ağır itkilər verən düşmənə geri çəkilməkdən başqa yol qoymadıq. Gərgin çəkən və uğurla başa çatan əməliyyatdan sonra Hadrutu erməni qəsbkarlarından azad etdik. Qələbəmizlə yekunlaşan bu döyüşlərdə bir daha göstərdik ki, Azərbaycan Ordusu güclü və qüdrətlidir. İşğalçıları geri qovan kimi Azərbaycanın bu dilbər guşəsində üçrəngli bayrağımızı qürurla dalğalandırdıq". 


Yenilməz güc


Polkovnik-leytenant Vasif Həsənov da İkinci Qarabağ müharibəsinin iştirakçısıdır. 44 gün ərzində böyük hünər göstərib, cəsarətlə vuruşub. Hadrut uğrunda gedən uğurlu döyüşlər onun da yaddaşından heç vaxt silinməyəcək. Həmin günləri xatırlayan zabit dedi ki, Vətən müharibəsinin davam etdiyi günlərdə erməni işğalına məruz qalmış ərazilərimizin hər qarışı uğrunda qanlı döyüşlər getdi. Azərbaycan zabiti, Azərbaycan əsgəri Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə başlanan əks-hücum əməliyyatlarında böyük igidlik və qəhrəmanlıq göstərdilər. 44 gün ərzində iştirak etdiyim döyüşlərdən ən gərgini Hadrut uğrunda oldu. Qəsəbənin böyük strateji əhəmiyyətini bilən düşmən bu istiqamətdə ciddi müqavimət göstərir, Hadrutu tərk etmək istəmirdi. Amma qəsbkarlar qələbəyə hesablanmış güclü əks-hücumlarımız qarşısında aciz qaldılar, məğlub oldular. Gərgin döyüşlərdən sonra Hadrut qəsəbəsini işğalçılardan azad etdik. Bu döyüşlər ordumuzun gücünü, qüdrətini, ermənilərinsə zəif olduğunu göstərdi. Hadrut döyüşləri düşmən üzərində qazanılan böyük Zəfərə geniş qapı açdı. 

Yolboyu ətrafdakı gözəllikləri seyr edə-edə Hadruta gedirdik. İşğaldan azad olunmuş ərazilərdə çəkilən yollar, aparılan quruculuq işləri könül açır, göz oxşayırdı. Füzuli rayonundan Hadruta tərəf uzanan geniş yol dağların, dərələrin qoynundan salınıb. Bəzi hissələrdə yolların rahat və geniş olması üçün dərələr yarılıb, təpələr düzlənib. Nə qədər çətinliklə başa gəlsə də, işğaldan azad olunmuş ərazilərə getmək üçün sakinlərə rahat yol çəkilib.

Bizi Hadruta aparan yollar Füzuli rayonunun işğaldan azad olunmuş kəndlərinin yaxınlığından keçir. Düzdür, "kənd" sözünü dilimizə gətiririk. Əslində isə yaşayış məntəqələrindən yalnız yolun kənarlarına vurulmuş adları qalıb. Ermənilər kəndlərdəki evlərin hamısını uçurub dağıdıblar. Salamat bir ev, bir tikili gözə dəymir. Nə vaxtsa bu yerlərdə insan məskənləri olduğunu yalnız yarıya qədər uçurulmuş divarlardan və hələ də qurumamış ağaclardan bilmək mümkündü. Vəhşicəsinə uçurulmuş divarlar, ərtafa dağılmış daşlar neçə illərdir qan ağlaya-ağlaya doğma sakinlərinin yolunu gözləyir. İşğala məruz qalmış kəndlərin hamısında erməni faşizminin qanlı, tükürpərdici izləri qalıb. 

Kəndlərin kiçik lövhələrə yazılıb yolun kənarına vurulmuş adlarını oxuyuruq: "Qoçəhmədli", "Süleymanlı", "Cuvarlı", "Qarakollu", "Dədəli" və başqaları. Erməni qəsbkarlarının dağıdıb yerlə yeksan etdikləri kəndlərdən birinin adı "Dədəli" idi. Amma aydın görünürdü ki, ermənilər nə bu kənddə, nə də o biri yaşayış məntəqələrində heç bir "dədəlik" qoymamışdılar.


"Əziz Qarabağ, sən bizimsən!"


Çox rahat və geniş çəkilmiş yolla adını və gözəlliyini eşitdiyimiz Hadruta gəlib çatdıq. Doğrudan da, Hadrut deyildiyindən, təsvir olunduğundan da gözəl imiş. Gün ərzində qəsəbənin görməli yerlərini gəzdik. Həm gördüklərimizdən, həm də həmsöhbət olduğumuz insanlardan eşitdiklərimizdən ürəyimiz açıldı. Qəsəbədə aparılan quruculuq və bərpa işləri bizi çox sevindirdi. Bu işlər başa çatandan sonra Hadrut daha da gözəlləşəcək. Bu gözəlliyi görmək üçün qəsəbəyə turist axını başlayacaq. 

Gün ərzində işlərimizi çatdırıb tamamlaya bilmədiyimizə görə gecəni Hadrutda qalmalı olduq. Qəsəbənin gecəsi gündüzündən də gözəl idi. Aylı gecənin aydınlığında uca dağlar ulduzların yer üzündəki kölgəsi kimi görsənirdi. Hadrut əsrlərdən bəri sığındığı dağların əhatəsində yerləşir. Sanki dağlar onu ovcunun içində qoruyub saxlayır. Deməli, 44 gün davam edən Vətən müharibəsində hərbi qulluqçularımız bu uca dağlarda mövqe tutub möhkəmlənmiş ermənilərlə döyüşə-döyüşə Hadrutu işğaldan azad etmişdilər. Qələbə asanlıqla başa gəlməmişdi. Üzbəüz dayandığımız dağda gur işıq şölələnirdi. Zabit Faiq Şükürov işığa diqqətlə baxdığımızı görüb dedi ki, həmin yerə "Əziz Qarabağ, sən bizimsən!" sözlərini yazmışıq. Sözlər böyük hərflərlə yazıldığına görə gündüzlər Hadrutun hər tərəfindən aydın görsənir. Yazının  gecələr də görünməsi və oxunması üçün biz həmin yerə işıq çəkdik ki, qoy qaranlıqda da əsgərlərimiz o sözləri görsünlər və yadda saxlasınlar. 

Səhər tezdən gözlərimizi əsgərlərin ayaq səslərinə açdıq. Artıq işğaldan azad olunmuş ərazilərdə xidmət edən Azərbaycan hərbçiləri yuxudan erkən oyanaraq Hadrutun dağlarından süzülüb gələn təmiz havanı uda-uda səhər idmanı edirdilər. 

Həyətə çıxıb ətrafa boylanan kimi ilıq payız səhərində gözəl bir  mənzərə görürük. Önümüz də, arxamız da yaşıllığa bürünmüş dağlardır. Hadrut qəsəbəsi uca dağların arasında yerləşir. Diqqətlə fikir verəndə görürsən ki, dağların ikisi də eyni boy-buxundadı. Sanki əkiz qardaşlardılar. Baş-başa vermiş uca dağların zirvəsindən əsən sərin meh üzümüzü oxşayır. Hadrutun səhəri bax belə gözəl bir mənzərə ilə açılır. 

Yaxınlıqdan Azərbaycan əsgərinin addım səsləri eşidilir. Zəfər qoxulu addım səslərindən iftixar duyuruq. Olduqca qürurverici mənzərələrə şahidlik edirik. 30 ilə yaxın idi ki, bu günün həsrəti ilə yaşayırdıq. Dörd ildir ki, Azərbaycan Ordusu uğurlu döyüşləri ilə həsrətli günlərə son qoyub. İndi ürəyimizdə həsrət dolu günləri deyil, 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərin sevincini daşıyırıq. 


Əsgər adına yaraşan "Əsgər bulağı"


Vaxt itirmədən bayaqdan gözəlliyinə böyük heyranlıqla tamaşa etdiyimiz dağa qalxırıq. Zirvələrə gedən yol Hadrutun içindən keçir. Bizə doğma olan küçələrdən keçəndə yol yoldaşımız polkovnik-leytenant Faiq Şükürov söhbətə cığır açaraq deyir ki, qəsəbənin hər addımı uğrunda gərgin döyüşlər gedib. İllərdən bəri bu gözəl diyarımızda möhkəmlənən işğalçılar əməliyyatlar zamanı güclü müqavimət göstərir, geri çəkilmək istəmirdilər. "Məğlubedilməz" olduqlarını düşünən qəsbkarlar günlərin birində Azərbaycan əsgərinin Hadrutu azad etmək üçün buralara gələcəklərini heç ağıllarına da gətirmirdilər. Amma yağıların ağıllarına nə gətirib-gətirməyəcəklərinin üstündən xətt çəkən hərbi qulluqçularımız torpaqlarımızın azadlığı naminə 2020-ci ilin payızında əks-hücum əməliyyatlarına atıldılar. Gərgin döyüşlərdən sonra qəsəbə erməni işğalçılarından azad olundu.

Xeyli üzüyuxarı qalxıb Hadrutu əsrlərdən bəri ovcunda saxlayan dağın "Əsgər bulağı" adlanan yerinə çatırıq. Suyu göz yaşı kimi dupduru olan bu bulağa adı hərbi qulluqçularımız özləri qoyublar. Havada soyuqluq olsa da, daşıdığı ada yaraşan "Əsgər bulağı"nın göz yaşı kimi dupduru suyundan içdik. Yaşıllığa bürünmüş dağların təmiz havasını acgözlüklə ciyərlərimizə çəkdik. Hadrutun özü kimi havası da, suyu da gözəl idi. Bu anlarda gözəlliklərə baxan gözlərimiz də, bu gözəlliyi vəsf edən  sözlərimiz də dilimizin ucunda sanki sevinirdi. 

Hadrut qəsəbəsində olduğumuz vaxtı səmərəli keçirdik. Qəsəbədə aparılan quruculuq və bərpa işlərindən məlumatlar aldıq. 44 gün davam edən Vətən müharibəsində iştirak edən hərbçilərlə həmsöhbət olduq. Onlardan eşitdiklərimizi qəhrəmanlıq tariximizin canlı və şanlı səhifələri kimi qəbul etdik. Bu şanlı səhifələrlə yanaşı, erməni faşizmindən qəsəbədə qalmış qanlı izlər də heç vaxt yaddaşlardan silinməyəcək.

Ətraf o qədər gözəl, o qədər əsrarəngizdir ki, heç Hadrutdan ayrılmaq istəmirdik. Sanki bu yerlərin gözəl təbiəti də bizi qəsəbədə saxlamaq üçün əlimizdən tutub özünə çəkirdi. Amma geri dönməyin zamanı gəlib çatmışdı. Yenidən qol-qola vermiş əkiz dağlarının qoynuna dönmək ümidi ilə uğrunda qanlı döyüşlər getmiş, gündən-günə gözəlləşən Hadrutdan ayrılırıq. İnanırıq ki, növbəti gəlişimizdə Hadrutu daha gözəl, daha əsrarəngiz görəcəyik. 


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"


Bakı-Hadrut-Bakı 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dünya mediası COP29-dan yazır: Planetimizin gələcəyi Azərbaycanda müzakirə ediləcək

01:22
10 Noyabr

Prezidentin Mətbuat Xidmətinin Məlumatı

23:59
09 Noyabr

Nyu-Yorkda Zəfər və Dövlət Bayrağı günlərinə həsr olunmuş məlumatlandırma aksiyası keçirilib  

22:07
09 Noyabr

Moldova MSK Maya Sandunun ölkə prezidenti vəzifəsinə mandatını təsdiq edib

21:49
09 Noyabr

COP29 konfransının proqramı açıqlanıb  

21:28
09 Noyabr

Baham Adalarının xarici işlər naziri “ASAN xidmət”də

21:27
09 Noyabr

Batumi şəhərinin əsas küçə və meydanları Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb  

21:16
09 Noyabr

BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin 19-cu Konfransının bağlanış mərasimi olub VİDEO  

21:14
09 Noyabr

Dövlət Komissiyası tərəfindən təşkil edilmiş beynəlxalq konfransın yekun bəyanatı BMT-nin rəsmi sənədi kimi yayılıb  

21:11
09 Noyabr

COP29 tədbir məkanı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına təhvil verilib  

20:45
09 Noyabr

Bakıda Çili ilə diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü qeyd edilib

20:27
09 Noyabr

Azərbaycan müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib  

20:09
09 Noyabr

Britaniya Azərbaycanda keçiriləcək COP29 tədbirini qlobal iqlim fəaliyyəti üçün həlledici məqam sayır  

19:07
09 Noyabr

Azərbaycan müdafiə naziri Qazaxıstanlı həmkarına başsağlığı verib  

18:58
09 Noyabr

Baham adalarının Baş naziri Azərbaycana səfərə gəlib

16:43
09 Noyabr

İşğaldan azad olunmuş ərazilərdəki məktəblərdə maarifləndirmə tədbirləri keçirilib  

16:39
09 Noyabr

Britaniya müdafiə xərclərini artıracaq

16:12
09 Noyabr

Türkiyə XİN: Terrorla mübarizədə Pakistanı dəstəkləməyə davam edəcəyik  

15:47
09 Noyabr

Bazar gününə olan hava proqnozu açıqlanıb  

15:18
09 Noyabr

Əziz Ələkbərli: Azərbaycan xalqını gələcəyə aparan lokomotiv öz müdrik rəhbərinə olan inamdır  

14:56
09 Noyabr

ICESCO-nun Baş direktoru Azərbaycana səfərə gəlib  

13:07
09 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!