06 Noyabr 2022 02:51
1014
CƏMİYYƏT
A- A+

Şuşanın Mehrabı

 

Savaş meydanında yaralandı, amma son nəfəsinədək döyüşüb Zəfər sevincini cənnətdə yaşadı

 

"Beşnəfərlik qrupu məhv etmişik. Birini yaralamışıq, əsir aparırıq, bundan xeyli məlumat alacağıq, öyrənəcəyik ki, digər qruplar haradadır?", - deyib düşmən hərbçisini kürəyində daşımışdı …
"Erməni "BMP"sini ələ keçirmişəm, işə salmışam, bunu, öz bölmələrimiz tərəfə aparacağam", - söyləyib içi silahlarla dolu zirehli texnikanı da işlək vəziyyətdə hərbi qənimət kimi götürmüşdü… 
"Terminator" ləqəbli, Xüsusi Təyinatlı Qüvvələrin baş giziri, Vətən müharibəsində son nəfəsinədək döyüşərək Qarabağın döyünən ürəyini - Şuşanı düşməndən alan igidlərdəndir Mehrab Niftəliyev.
Bu, bir həqiqətdir ki, Birinci Qarabağ müharibəsində olduğu kimi, 44 günlük Vətən savaşında da Azərbaycan çoxkonfenssiyalı, multikultural ölkə olduğunu, bütün millətlərin bu məmləkətdə mehriban, sülh içində yaşadığını bir daha təsdiqləmiş oldu. Çünki döyüş meydanında bu məqəddəs torpaqda böyüyən türk də, talış da, tat da, ləzgi də, rus da, avar da, yəhudi də, kürd də "Vətən, sənə canım fəda" deyərək silaha sarıldı və əsl qəhrəman kimi savaşıb canlarından da keçdilər... 
Hər bir çətin şəraitdə istənilən döyüş tapşırığını cəld, sürətlə yerinə yetirən xüsusi təyinatlıların çevik döyüşçüsü, milliyyətcə tat olan Mehrab Niftəliyev də o qəhrəmanlardan biri idi... 

 

Xüsusi təyinatlı kəşfiyyatçı-istehkamçı "terminator"

 

Bir vaxtlar təkcə doğulduğu Qubanın Qam-qam kəndində mərd, igid oğul kimi tanınan, indi isə Azərbaycanın bütün gəncliyinə örnək olan Mehrabın keçdiyi döyüş yolları bəlkə də böyük bir romana sığmaz. Qəhrəmanın həyat və döyüş yolu barədə təkcə ailə üzvlərinin söylədikləri bunu deməyə əsas verir.  
Mehrabla hər zaman qürur duyan valideynləri ilə böyüyüb boya-başa çatdığı Qam-Qam kəndinə səfərimiz zamanı görüşüb söhbətləşdik. Amma, nədənsə, kəndə daxil olanda Mehrabın yaşadığı evi tapmaqda bir qədər çətinlik çəkdik. Çünki kəndin hər evində, hər yerində Mehrab görünürdü. Divarlardan asılan şəkillər, qapıda dalğalanan bayraqlar "burada yetişib o qəhrəman" - anlamına gələrək insana gəl-gəl deyirdi. 
Kim bilərdi ki, bir vaxtlar kəndin enişli-yoxuşlu küçələrində "dava-dava" oynayan kiçik bir oğlanın əlindəki oyuncaq tapança İkinci Qarabağ savaşında odlu silaha çevrilərək düşmənə hədəflənəcək. Necə bilmək olardı ki, bir gün Mehrab işğal altındakı torpaqlarımızın azadlığı üçün o yurdlara ilk ayaq basan qəhrəmanlardan biri olacaq. Azərbaycanın bütövlüyü naminə cismini də elə Şuşa torpağına əmanət edib müqəddəs zirvəyə ucalacaq…
Qısa arayış - Niftəliyev Mehrab Söhrab oğlu 1985-ci il mayın 13-də Qubanın Qam-qam kəndində anadan olub. O, Mübariz Abdullayev adına Qam-qam kənd orta məktəbində təhsilini başa vurduqdan sonra 2003-cü ildə müddətli hərbi xidmətə yollanıb. Hərbi xidmətdə olarkən Xüsusi Təyinatlı Qüvvələrə cəlb edilib və kursu başa vurduqdan sonra 2005-ci ildən XTQ-nin döyüşçüsü kimi Vətənə xidmətini davam etdirib. Həmçinin o, "Qafqaz qartalı" və "EFES" kimi yüksəksəviyyəli hərbi təlimləri uğurla tamamlayaraq kəşfiyyatçı-istehkamçı kimi də ixtisaslaşıb. 

 

Arzusunda olduğu peşəni çox erkən yaşlarından seçmişdi

 

Mehrab ailənin ilk övladı idi. Uşaqlıq illərini xatırlayan şəhidimizin atası Söhrab Niftəliyev üçün həmin anları dilə gətirmək bir göz qırpımında oldu. Sanki o, hər gün xəyalında övladından geriyə qalan anıları ilə yaşayır və illər keçməsinə rəğmən, həmin duyğuları ilk günkü kimi xatırlayırdı. Və anidən sözə başlayır: "Mehrab da hər bir uşaq kimi gələcəkdə arzusunda olduğu peşəni çox erkən yaşlarından seçmişdi. Ancaq məqam yetişəndə fikrindəki ciddiyyəti məni çox təəccübləndirmişdi. İllər keçsə də, eyni amalda olmasından və ardından vətənə xidmətə yollanaraq sonradan ordu sıralarında qalmaq istəyindən azca da olsa narahatlıq keçirmişdim. Lakin onu fikrindən döndərə bilməzdim, çünki Mehraba arzularının arxasınca getməyi mən öyrətmişdim". 
Gənclik illərində Mehrabın ömür yolunda yeni səhifə açılır. O, bəşərə verilən ən gözəl hisslə - sevgi ilə yaşamağa başlayır və bu məhəbbət onu Vüsalə Niftəliyeva ilə qovuşdurur. Tanışlıq hekayələrindən bəhs edən Vüsalə xanım deyir ki, Mehrabla qarşılaşdığını hər zaman gözəl bir təsadüf hesab etsə də, birlikdə keçən illərdə və onun qoyub getdiklərində öz missiyasını indi daha yaxşı anlayır: "Mehrabla toyda rastlaşmışdıq. Həmin vaxt Mehrabın qardaşı Mehracla eyni kollecdə oxuyurdum. Bir dəfə Mehrac məni bacısının toyuna dəvət etdi. O şad gündə böyük bir sevginin də təməli qoyuldu. 2008-ci ildən Mehrabla bir yolda addımlamağa başladıq".
Vüsalə xanım Mehrabla tanış olanda hərbçilərin necə çətin bir həyatı olduğunu bilsə də, bunu gözə alıb: "12 ildə bircə Mehrabın mənəvi yoxluğu ilə, özəl günlərdə, bayramlarda yanımızda olmaması ilə sınanırdıq. Ancaq işdən evə qayıtdığı zaman mənə və övladlarına elə xüsusi qayğı ilə yanaşırdı ki, saniyələr içində hər şeyi unudub dünyanın ən xoşbəxt insanlarına çevrilirdik. Sərt xarakteri olmasına baxmayaraq, Mehrab qapıdan içəri girən andan tamamilə fərqli bir insan olurdu. O, uşaqlarına dost, mənə əsl yoldaş idi..."

 

"Sənin gözyaşlarını görmək istəmirəm"

 

Mehrab dəfələrlə çətin təlimlərdə olduğundan daim təhlükə qarşısında idi. O, 2019-cu ildə də hərbi təlimlərdən birinə qatılıb. Təlim zamanı baş və boynundan xəsarət aldığından xəstəxanaya yerləşdirilib. 
O anları xatırlayan Vüsalə Niftəliyeva söyləyir ki, həmin gün qayıtmalı olduğu  saatdan artıq keçmişdi: "Bundan narahat olub Mehraba zəng etdim. Ancaq zəng çatmadı. O, harada olursa-olsun hər zaman imkan tapıb mənimlə əlaqə saxlayırdı. Sonradan xəsarət aldığını öyrənib xəstəxanaya yollandıq. Mehrabın çarpayıda sarıqlı vəziyyəti ilə qarşılaşanda çox sarsıldım".
Dizlərini yerə qoyub onu möhkəm qucaqlayıb ağlayan Vüsaləni Mehrab qaldıraraq qulağına bu sözləri pıçıldayıb: "Sənə bircə söz deyəcəm, bunu qulağında sırğa elə. Heç vaxt ağlama. Mən sənin göz yaşlarını görmək istəmirəm". 
Niftəliyevlər ailəsinin ilk övladı Ləmandır. 12 yaşı olmasına baxmayaraq, Ləman sanki birömürlük xatirlərini sinəsinə toplayıb və onlara bərk-bərk sarılıb. Gözlərində atasının göz rəngini daşıyan balaca qızcığaz deyir ki, atası onun ən yaxın dostu olub. Onunla keçirdiyi zamanların həsrətində olsa da, şəhid atasının arzularını gerçəkləşdirmək üçün tələsir. 
11 yaşlı Sənan isə atasının yolunu gedəcəyini, hərbçi olacağını qarşısına məqsəd qoyub. 6 yaşlı Kamran da hər getdiyi yerdə, hər gəzdiyi parkda atası ilə birgə keçirdiyi günləri dilə gətirir. Kiçik olsa da, hər şeyi çox yaxşı xatırlayır. 

 

Son görüş, axırıncı şəkil

 

İyul ayının 17-si axırıncı dəfə Mehrab öz doğma yurduna Qubaya gəlir. Anası Xalidə xanım deyir ki, təlimdən qayıdan zaman yolüstü onları da ziyarətə gəlmişdi: "Həmin vaxt elə ocaqda isti xörək bişirdi. Nə qədər desəm də, oğul, gəl əyləş sənə bir yemək verim, razı olmadı. Elə dedi ki, yox, ana yoldaşlarım məni gözləyir, tələsirəm, gəldim ki, sizə bir baş çəkim. Hal-əhval tutduqdan sonra atasına da, mənə də söylədi ki, gəlin, bir şəkil çəkdirək, xatirə qalsın. Elə o an söylədim ki, ay bala şəkil nədir axı, çoxdur bizim birlikdə şəkillərimiz. Gəlmisən, gəl, 5 dəqiqə otur söhbət edək. Dedi yox, ana, sən heç o şəkillərə bir dəfə də baxmamısan, ancaq bu şəklimizə həmişə baxacaqsan".
Sanki Mehrab hiss etmişdi ki, bu onun ana, atası ilə çəkdirdiyi son şəkil olacaq. Atası deyir ki, onlar valideyn ola-ola, sən demə, heç Mehrabı tanımayıblar: "Onun dostları, sinif yoldaşları ilə danışanda barəsində eyni fikri səsləndirirlər. Sanki o, bizim tanıdığımız Mehrab deyildi. Onun içində nə qədər vətən sevgisi, torpağa, millətə, bayrağa məhəbbət var imiş, bundan xəbərsiz olmuşuq. Bu yaxınlarda Şuşaya getmişdim. Cıdır düzünü, o sıldırım qayaları öz gözlərimlə görəndə oğlumun, onun döyüş yoldaşlarının hansı çətinliklərdən keçərək Şuşanı aldıqlarının canlı şahidi oldum. İndi daha yaxşı anlaya bilirəm ki, canavar kimi igidlərimiz haqq naminə nələrə sinə gəriblər".
Mehrab Niftəliyevdə qeyri-adi bacarıq var idi. Onun üçün bu, mümkün deyil, bacarmaram anlayışı mövcud deyildi. Döyüş yoldaşları da Mehrabdan danışarkən söyləyirlər ki, onun eləyə bildiklərini bizim heç birimiz bacarmırdıq. Sanki o, bu ruhda doğulmuş, bu ruhda da yaşayırdı. 
Övladları ilə isə son görüşü sentyabrın 19-da olub. Vüsalə xanım bildirir ki, həmin gün birlikdə keçirdikləri sonuncu gün olub: "Dəniz kənarında nahar etməyə getmişdik. Həmingünkü söhbətimiz sanki gələcəyin ssenarisi idi. O, müharibədən danışır, vəsiyyətlər edir, uşaqlarımızla bağlı planlarını dilə gətirirdi. Sadəcə, susmuş halda Mehrabı dinləyirdim. Danışığını bitirəndə isə bircə onu deyə bildim ki, sən çox güclüsən, mən hər zaman səni gözləyəcəm".
Bir neçə dəfə belə danışıqları olduğundan Vüsalə Niftəliyeva onun dediklərinə  inanmaq istəmir və deyilənlərin ciddiyyətinə əhəmiyyət vermir, qorxusunu yaxına buraxmamaq üçün Mehrabın geri dönəcəyinə də özündə əminlik yaradır. Çünki Mehrab soyuqqanlı, fiziki cəhətdən güclü olduğu kimi, iradəsi də möhkəm idi. Onun hər zaman səsləndirdiyi fikir o olardı ki, geriyə baxıb kədərlənmək, ağlamaq, vaxt itirmək yox, irəliyə baxıb addımlamaq lazımdır. 
Mehrabın son danışıqlarını xatırlayan Vüsalə xanım kövrək bir halda həmin anlara yenidən qayıdır: "Oktyabrın 31-i Mehrabdan zəng gəldi. Dedi ki, çox danışa bilməyəcəm, amma bir xahişim var. Əvvəla, özünə yaxşı bax, sağlamlığına diqqət elə ki, uşaqlarımızın qeydinə də qala biləsən. Bir də səndən istəyim övladlarımızı xalqına, vətəninə xidmət eləyən şəxsiyyətlər kimi böyütməyindir. Onlar sıradan bir peşə sahibi olmamalı, millətinin daim yanında olan vətəndaşlar olmalıdırlar deyib dəstəyi asdı. İndi isə Mehrab mənim qəlbimə axan göz yaşlarımdadır, Mehrab mənim danışdıqlarımda deyil, susduqlarımdadır".

 

Düşmənin 70-ə yaxın canlı qüvvəsini məhv edən qəhrəman

 

Mehrab Niftəliyev hələ Vətən müharibəsindən əvvəlki vaxtlarda hərbi xidmət yolunda bir sıra uğurların sahibi olub. O, bir çox döyüş bacarıqlarına yiyələndiyindən və xüsusilə də kəşfiyyatçı-istehkamçı kimi formalaşdığından erməni dilini də əla bilirdi. 2016-cı ildə Aprel döyüşlərində göstərdiyi şücaətə görə də fərqlənib. Qüsursuz xidmətlərinə görə isə dəfələrlə medal və diplomlarla təltif edilib. 
Vətən müharibəsi başlayan gündən isə ön cəbhənin əsas qəhrəmanlarından birinə çevrilib. Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Xocavənd, xüsusilə də Şuşa uğrunda gedən döyüşlərdə cəsarətlə savaşan Mehrab Niftəliyev düşmənin 70-ə yaxın canlı qüvvəsini, postlarını məhv edib və hərbi texnikalarını, silah-sursatlarını sıradan çıxarıb, bəzilərini isə qənimət kimi ələ keçirib. 
İkinci Qarabağ müharibəsinin son döyüşləri Şuşa uğrunda gedirdi. Həmin vaxt qürur qalamız olan şəhəri düşməndən təmizləmək uğrundakı döyüş əməliyyatları bir neçə istiqamətdə aparılırdı. Daşaltı, Laçın və Xankəndi istiqamətlərindən irəliləyən xüsusi təyinatlılar düşmənlə üz-üzə savaşırdı. Qalaya yaxınlaşan zaman artilleriya mərmisindən Mehrab ayağından yaralanır...
7 Noyabr 2020-ci il... Gecə saatları idi. Mehrab yaralanmış və bənizi solğun vəziyyətdə uzanmışdı. Səhərin açılmasını gözləyirdi. O, artıq Şuşanın alınmasında əvəzsiz rolu olan qəhrəmanlardan birinə çevrilmişdi. Buna görə həddindən artıq sevincli idi, fəqət azca qəzəbi də onu dinc buraxmırdı. Ona görə qəzəbli idi ki, tale ona yazdığı tarixə son imzasını atmağı nəsib etməmişdi. Çünki son arzusu özü ilə birgə gətirdiyi bayrağı Şuşaya sancmaq idi… 
Məşriqdən doğan günəş artıq səhərin açıldığından xəbər verirdi. Bütün gecəni yaralı vəziyyətdə keçirən Mehrabın isə səbri tükənirdi. Bəlkə də, həyatında yaşadığı ən uzun gecə idi. Açdı gözlərini, baxdı ətrafa, bircə döyüş yoldaşından onu soruşdu: Şəmsəddin, bayrağı sancıblarmı Şuşaya? Elə anındaca cavab gəlir. Hə, qardaş, bayrağımız Şuşada dalğalanır…
Bu cümlədən sonra simasına bir rahatlıq qondu. Artıq şəhidlik zirvəsinə ucalmaq olardı. Son iş də tamamlanmışdı. Qarabağın baş tacı Şuşada 30 ildən sonra bayrağımız dalğalanırdı. İndi rahatlıqla gözləri yumub əbədiyyətə qovuşmaq olardı və belə də oldu...
Noyabrın 8-i Şuşa artıq azad idi. Bu tarixi gündən sonra Mehrab Niftəliyevin nəşi Sumqayıt şəhərinə gətirilərək Şəhidlər xiyabanında torpağa tapşırılır. 
Prezident İlham Əliyevin sərəncamı ilə ölümündən sonra Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülür. Bundan başqa, dövlət başçısının digər sərəncamları ilə "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunur.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş Vətən müharibəsi qəhrəmanlarının və Azərbaycanın Milli qəhrəmanlarının adlarının əbədiləşdirilməsini təmin etmək məqsədilə Quba Şəhəri Texniki Təmayüllü Liseyə və Quba şəhərinin küçələrindən birinə Vətən Müharibəsi Qəhrəmanı Mehrab Söhrab oğlu Niftəliyevin adı verilib. 

Aydan XƏLİLOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video