08 Dekabr 2021 00:26
739
CƏMİYYƏT
A- A+

Şuşanın azad edildiyini eşidəndə əbədiyyətə qovuşan kapitan

 

Hikmət sinəsini düsmənə sipər edən babaları kimi, ucaboy, qədd-qamətli idi. Yaşıdlarından həm də hərbçi peşəsinə olan marağı ilə fərqlənirdi. Yaxşı oxumaq,  öndə gedənlərdən, Vətənin, elin-obanın fəxarət duyduğu hərbçilərdən olmaq onun ən böyük arzusu idi.

Qəhrəmanımız - Milli Ordunun kapitanı Hikmət Hacıyev respublikamızın suverenliyinin qorunmasında, ərazi bütövlüyünün bərpa olunmasında, yurdumuzun 30 illik erməni işğalından azad edilməsində canından keçən şəhidlərimizdəndir.

Hikmət 7 dekabr 1984-cü ildə respublikamızın qərb bölgəsində, Şəmkir şəhərində hərbçi ailəsində anadan olub. Hələ kiçik yaşlarından hərbçi olmağı qarşısına məqsəd qoyub. Odur ki, orta məktəbin yeddinci sinfini bitirəndən sonra Bakıya gəlib, sənədlərini Cəmşid Naxçıvanski adına Hərbi Liseyə verib. O, 2002-ci ildə hərbi liseyi müvəffəqiyyətlə bitirdikdən sonra  təhsilini davam etdirmək üçün Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olub. Hikmət Hacıyev 2002-2006-cı illərdə bu hərbi təhsil ocağını uğurla bitirərək çoxdan arzusunda olduğu leytenant rütbəsinə layiq görülüb. Həmin vaxtdan həyatını Silahlı Qüvvələrdə xidmətə bağlayıb, müxtəlif hərbi hissələrdə xidmət edib. Nümunəvi xidmətinə, hərbi bacarığına görə Hikmət Şubay oğluna 2014-cü ildə kapitan rütbəsi verilib.

Ötən il sentyabrın 27-də başlayan Vətən müharibəsində Hikmət Füzuli istiqamətində gedən döyüşlərin ön xəttində olur. Bu yerlər ona yaxşı tanış idi. Taborun bölük komandiri Hikmət Hacıyev əvvəllər 3 il bu ərazilərdə xidmət etmisdi. Qaraxanbəyli kəndi uğrunda gedən döyüslərdə Hikmətin rəhbərlik etdiyi bölük mühasirəyə düşür. Təcrübəli hərbçi yerli relyefə bələd olduğundan bölüyü mühasirədən çıxarmaq üçün özü bir neçə erməni əsgərinə qarşı tək  vuruşur, bu zaman boynundan yaralanır. Mühasirəni atışa-atışa sonuncu tərk edən Hikmət nəticədə tabeliyində olan bütün əsgərləri ölümdən, əsirlikdən xilas edir. Təəssüf ki, o,  erməni gülləsinin fəsadlarından can qurtara bilmir. Səhhəti anbaan ağırlaşan Hikməti oktyabrın 2-də təcili hərbi xəstəxanaya aparır və nəfəs aparatına qoşurlar.

O, uzun müddət  müalicə  alır. Noyabrın 8-də ailə üzvləri xəstəxanada Şuşanın azad edildiyini, Qələbə xəbərini ona çatdıranda danışa bilməyən komandirin çöhrəsinə təbəssüm qonur, gülümsəyir və gözlərini əbədi yumur.

Milli Ordunun zabiti Hikmət Hacıyev Şəmkir şəhər qəbiristanlığında dəfn edilib. Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən kapitan Hikmət Hacıyevin xidmətləri unudulmur, qəhrəmanlığı xalq və dövlət tərəfindən yüksək qiymətləndirilir. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə  Hikmət Hacıyev ölümündən sonra  “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Müqəddəs şəhidlik zirvəsinə ucalan elin igid oğlu Hikmət Hacıyevin şücaətlərindən qürur duyan həmyerliləri, ailə üzvləri, hərbçi yoldaşları və məktəblilər tez-tez şəhidin məzarını ziyarət edir, üzərinə tər gül dəstələri qoyurlar.

 

İlyas QASIMOV,

jurnalist

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video