13 Avqust 2022 02:04
2241
Mədəniyyət
A- A+

Şuşada keçirilən tədbirlər dünyaya səs salır

 

Azərbaycanın mədəniyyət paytaxtı, Qarabağın incisi Şuşa şəhəri tarix boyu çox möhtəşəm tədbirlərin keçirildiyi məkan olub. Bu qədim və əsrarəngiz şəhər Qafqazın konservatoriyası, Azərbaycanın musiqi beşiyi sayılıb. Şuşa yalnız muğam sənətimizin, musiqimizin, poeziyamızın inkişafında özünəməxsus yeri və rolu olan şəhər deyil. Elmin, təhsilin tərəqqisində də Şuşanın, müxtəlif sahələrdə böyük nailiyyətlər əldə etmiş, uğurlar qazanmış şuşalıların adı, şöhrəti var.
XX əsrin son onilliyinə qədər bu şəhərdə vaxtaşırı yüksəksəviyyəli, yaddaqalan tədbirlər düzənlənib. 1992-ci il mayın 8-də Şuşa Ermənistan silahlı qüvvələrinin işğalına məruz qalıb. Otuz ilə yaxın yağı düşməndən qurtulacağı, ayrılmaz bir hissəsi olduğu Azərbaycana qovuşacağı günü gözləyən Şuşanın sakinlərinin, bütövlükdə xalqımızın arzuları 2020-ci il noyabrın 8-də çin oldu. Müzəffər Azərbaycan Ordusu tərəfindən bu şəhər azad edildi. Ermənistan ordusu yalnız Şuşada deyil, bütün Qarabağda və Şərqi Zəngəzurda biabırçı məğlubiyyətlə üzləşdi, işğalda saxladıqları müddətdə belə onların olmamış, hər zaman yad kimi yaşadıqları Azərbaycan ərazilərini tərk etmək məcburiyyətində qaldılar. O zaman Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bütün azərbaycanlıların adından Şuşaya gözaydınlığı verdi: "Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!"
Tezliklə işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı və sürətli tikinti-bərpa, quruculuq işlərinə start verildi. Beləliklə, Qarabağın və Şərqi Zəngəzurun tarixində yeni dövr başladı. Otuz ilə yaxın davam edən işğal müddətində erməni vandallarının dağıtdıqları, tarixi görkəmini dəyişməyə çalışdıqları Şuşa da qürur və sevinc dolu çağlarına qədəm qoydu.
Hələ 2020-ci il noyabrın 8-də Prezident İlham Əliyev Şuşanın azad edilməsi münasibətilə xalqa müraciətində demişdi ki, Qarabağın tacı olan bu şəhər tezliklə dirçəldiləcək, özünün əvvəlki şöhrətini qaytaracaq.
Prezident İlham Əliyev çıxışlarında erməni təcavüzkarlarının işğalına uğradıqdan sonra Şuşada yarımçıq qalan silsilə beynəlxalq tərbirlərin yenidən keçiriləcəyinin də müjdəsini verir. 
Vətən müharibəsindən sonra hər bir azərbaycanlı düşmənin uzun illər vurduğu maddi ziyanın, mənəvi yaraların nə qədər ağır olduğunu daha açıq, aydın gördü. Erməni vandalları yalnız Azərbaycan üçün deyil, bütün bəşəriyyət üçün misilsiz tarixi əhəmiyyətini nəzərə almadan qədim abidələri uçurub dağıtmış, saxtalaşdırmağa çalışmışdılar. İndi Azərbaycan dövləti, Azərbaycan xalqı işğalçı ermənilərin otuz ilə yaxın vurduqları böyük maddi ziyanın və mənəvi zərbələrin nəticələrini aradan qaldırmaqla məşğuldur. Təbii ki, qısa müddətdə həyata keçirilən işlər, reallaşdırılan layihələr azərbaycanlıları sevindirir.
İndi Şuşa başdan-başa quruculuq meydanına çevrilib. Eyni zamanda şəhərdə bir-birindən maraqlı yerli və beynəlxalq səviyyəli tədbirlər keçirilməkdədir. 
Pezident İlham Əliyevin sərəncamı ilə 2022-ci ilin ölkəmizdə "Şuşa ili" elan edilməsi də əlamətdar hadisə oldu. Bu münasibətlə ölkəmizdə, eləcə də mədəniyyət paytaxtımız Şuşada silsilə tədbirlər təşkil edilir. 
Bu ilin fevralında "Müharibə cinayətləri mədəni irsə qarşı: Qarabağ münaqişəsinin tarixi kontekstində" adlı XI Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları Ermənistanın işğalından azad edilmiş Şuşa şəhərində səfərdə olublar. Əvvəlcə onlar Azərbaycanın görkəmli sənətkarları Natəvan, Bülbül və Üzeyir bəy Hacıbəylinin güllələnmiş heykəlləri olan Şuşa şəhərinin mərkəzi meydanına gəliblər. Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin əməkdaşları Qış Məktəbinin iştirakçılarına şəhər və güllələnmiş heykəllər barədə ətraflı məlumat veriblər. Sonra Qış Məktəbinin iştirakçıları Xurşidbanu Natəvanın evi və Xan qızı bulağı olan ərazi, Bülbülün ev-muzeyi, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi, Yuxarı Gövhər ağa məscidi, Qazançı kilsəsi ilə tanış olub, Cıdır düzünə gediblər.
Şuşada keçirilən yaddaqalan tədbirlərdən biri də görkəmli müğənni, Azərbaycan vokal məktəbinin banisi, dahi Bülbülün anadan olmasının 125 illiyinə həsr olunan Vokalçıların Bülbül adına VIII Beynəlxalq müsabiqəsi olub. Müsabiqədə Azərbaycan, Rusiya, İsrail, Türkiyə, Monqolustan, Özbəkistan, Ukrayna, Meksika, Qazaxıstan və digər ölkələrdən 100-ə yaxın ifaçı iştirak edib.
"Şuşa ili" çərçivəsində bu ilin 12-14 may tarixlərində keçirilən V Xarıbülbül Beynəlxalq Folklor Festivalı Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Şuşa Şəhəri Dövlət Qoruğu tərəfindən təşkil edilib. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva festivalın açılışında iştirak ediblər.
Beynəlxalq festivala Azərbaycanın müxtəlif regionlarından folklor kollektivləri, eləcə də bir sıra xarici ölkələrdən gələn müxtəlif folklor üslublarının ifaçıları, rəqs kollektivləri çıxış ediblər. İlk dəfə 1989-cu ildə keçirilmiş "Xarıbülbül" festivalı Vətən müharibəsində qazanılmış parlaq zəfərdən sonra - ötən ilin 12-13 may tarixlərində Şuşada Cıdır düzündə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə yenidən təşkil olundu. O zaman "Xarıbülbül" festivalının açılış mərasimində dövlət başçısı "Biz bu gözəl ənənəni bərpa etdik və bundan sonra "Xarıbülbül" festivalı Şuşada hər il keçiriləcək", - demişdi.
Ötən il iyunun 15-də Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladıqları Şuşa Bəyannaməsinin bir ili tamam oldu. Şuşa Bəyannaməsində iki ölkə arasında tarixin sınaqlarından keçmiş ortaq strateji maraqlara söykənən hərbi-siyasi və təhlükəsizlik məsələsi əksini tapıb. Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Şuşa  Bəyannaməsinin imzalanmasından və ratifikasiyasından sonra hüquqi müstəviyə keçdi. Beynəlxalq hüquqa istinad olunmuş Şuşa Bəyannaməsinin həm qlobal, həm də regional əhəmiyyəti olduqca böyükdür.
Bu il iyunun 15-də Bəyannamənin birinci ildönümü münasibətilə Şuşa şəhərində "Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir" mövzusunda beynəlxalq konfrans keçirildi. Azərbaycan Prezidenti İlham Əliyev konfransın iştirakçılarına müraciətində bir il əvvəl - 2021-ci il iyunun 15-də "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"nin imzalanması ilə dost, qardaş və strateji tərəfdaş olan ölkələrimiz arasında əlaqələrin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini diqqətə çatdırdı: "Şuşa Bəyannaməsinin Azərbaycan xalqı və dövləti üçün əlamətdar tarix olan 15 İyun Milli Qurtuluş Günündə imzalanmasının və bir il sonra bununla bağlı beynəlxalq konfransın təşkil olunmasının rəmzi xarakteri, mənəvi önəmi də vardır. İki qardaş ölkə arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi türk dünyasının parlaq şəxsiyyətləri - "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir" deyən Mustafa Kamal Atatürkün və "Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir" deyən Heydər Əliyevin irsinə sadiqliyin ifadəsi, gələcək nəsillər üçün örnəkdir".
Artıq beynəlxalq tədbirlərin, musiqi festivallarının, elmi konfransların əsl ünvanına çevrilmiş Şuşada bu il iyulun 22-də Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə Milli Mətbuat Günü münasibətilə "Mediada qlobal trendlər, yeni çağırışlar" mövzusunda Beynəlxalq Media Forumu keçirilib. Forumda Azərbaycanın media nümayəndələri, ekspertləri və rəsmi şəxslərlə yanaşı, xarici media təmsilçiləri də iştirak ediblər.
Tədbirdə Şuşada təşkil edilən bu forumun gələcəkdə belə beynəlxalq tədbirlərin keçirilməsi üçün möhkəm zəmin yaradacağı diqqətə çatdırılıb.
İyulun 25-29-da respublikamızda keçirilən Qoşulmama Hərəkatı Gənclər Sammiti çərçivəsində Hərəkatın 61 illik tarixində ilk dəfə olaraq Qoşulmama Hərəkatına üzv ölkələrin gənclərini birləşdirən Gənclər Təşkilatı yaradılıb.
Şuşa Akkordu (Şuşa razılaşması) kimi tarixdə qalan Qoşulmama Hərəkatı Gənclər Təşkilatının yaradılmasına dair sənədin qəbulu ilə Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın adı bu mötəbər qurumun tarixinə yazılıb.
Xatırladaq ki, Qoşulmama Hərəkatı Gənclər Şəbəkəsinin yaradılması Azərbaycan Prezidentinin təşəbbüsü əsasında Qoşulmama Hərəkatının təsisatlanması istiqamətində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin yaradılmasından sonra ikinci mühüm təşəbbüsdür. Təşkilatın mənzil-qərargahı Bakıda yerləşəcək. Eyni zamanda üzv dövlətlərin təmsil etdikləri digər bölgələrdə regional ofislər təsis ediləcək. Təşkilata sədrlik qarşıdan gələn üç il müddətinə Azərbaycan nümayəndəsi tərəfindən edilməsi nəzərdə tutulub.
Bu təşkilatın yaradılması Qoşulmama Hərəkatı Gənclər Sammitində iştirak edən üzv dövlətlərin nümayəndələri tərəfindən müsbət qarşılanıb və dəstəklənib. Qoşulmama Hərəkatına üzv ölkələrin gənclərini birləşdirən bu mühüm təşəbbüsə görə Azərbaycan tərəfinə minnətdarlıq ifadə edilib.
Ötən il oktyabrın 4-də Azərbaycanın təşəbbüsü ilə yaradılmış Qoşulmama Hərəkatı Gənclər Şəbəkəsinin Qoşulmama Hərəkatı Gənclər Təşkilatına çevrilməsi ilə Hərəkata üzv ölkələrin gənclərini birləşdirən bu təsisat beynəlxalq platformalara daha rahat çıxış imkanı əldə edib.
Qoşulmama Hərəkatı Gənclər Sammiti çərçivəsində Şuşaya səfər edən nümayəndə heyətlərinə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal altında saxlanması, işğal dövründə baş vermiş dağıntılar barədə məlumat verilib. Onlar həmçinin Azərbaycan Hökumətinin həyata keçirdiyi bərpa-yenidənqurma işləri, o cümlədən Şuşa şəhərinin tarixi və memarlıq abidələri ilə tanış olublar.
Vətən müharibəsində torpaqlarımız azad edildikdən, ərazi bütövlüyümüz bərpa olunduqdan sonra həyata keçirilən böyük quruculuq layihələri inzibati, tarixi və mədəni abidələrin bərpası ilə yanaşı, tarixi ərazilərimizdə illərdir keçirilməyən respublika və beynəlxalq səviyyəli tədbirlər Qarabağ və Şərqi Zəngəzur başdan-başa yenidən qurulduqdan sonra da davam edəcək və daha da genişlənəcək.

Zöhrə FƏRƏCOVA,
"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video