22 Sentyabr 2022 18:36
856
Elm və texnika
A- A+

Şuşa və ətraf ərazilərin biomüxtəlifliyi, torpaq və su ehtiyatları mövzusunda beynəlxalq konfrans işə başlayıb

 

Sentyabrın 22-də AMEA-da “Şuşa və ətraf ərazilərin biomüxtəlifliyi, torpaq və su ehtiyatları: Gələcəyə baxış” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, əvvəlcə Vətən şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra Qarabağ həqiqətlərini, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən yenidənqurma işlərini, Şuşada baş tutan tədbir və festivalları əks etdirən videoçarx nümayiş olunub, Dövlət Himni səsləndirilib.

Konfransı açan AMEA-nın prezidenti vəzifəsini icra edən, akademik Arif Həşimov 44 günlük Vətən müharibəsinin Azərbaycan dövlətinin və xalqının qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazıldığını bildirib. O, revanşist xəyallarından bu gün də əl çəkməyən məkrli düşmənin hər zaman layiqli cavab aldığını, Ulu Öndərin siyasi, iqtisadi və hərbi siyasətini uğurla davam və inkişaf etdirən Azərbaycan dövlətinin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqımızın vahid amal uğrunda dəmir yumruq kimi birləşməsi sayəsində düşmənə bütün cəbhələrdə sarsıdıcı zərbələr endirildiyini diqqətə çatdırıb.

Akademik Arif Həşimov Azərbaycan dövlətinin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərmiş şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa arzulayıb.

O vurğulayıb ki, bu gün Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası, kommunikasiya xətlərinin çəkilişi, “ağıllı” kənd və şəhərlərin tikintisi, “yaşıl” iqtisadiyyat prinsipləri ilə müxtəlif təsərrüfat sahələrinin təşəkkülü sürətlə davam edir. Arif Həşimov deyib: “Sevindirici haldır ki, Azərbaycan alimləri, elmi kollektivlər də Böyük Qayıdış və Qarabağda dirçəlişə öz töhfələrini verməkdədirlər. Bu gün Qarabağın yeraltı və yerüstü, canlı və cansız, təbii və mədəni sərvətləri, bioloji və ekoloji durumu, inkişaf perspektivləri ciddi multidisiplinar tədqiqatların mövzusudur. AMEA-da Qarabağda tədqiqatların bərpası və gücləndirilməsi ilə bağlı bir sıra qərarlar qəbul edilib və bir neçə mühüm elmi tədbir keçirilib”.

Bugünkü konfransın Rəyasət Heyətinin “Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsinə dair AMEA-nın tədbirlər planı haqqında” 2022-ci il 2 fevral tarixli qərarı əsasında keçirildiyini xatırladan akademik Arif Həşimov tədbirin elmi ictimaiyyətdə böyük maraq doğuracağına, yeni dövr üçün məqsədlərin seçilməsinə, planların həyata keçirilməsinə kömək edəcəyinə ümidvar olduğunu deyib.

Daha sonra İslam Konfransı Təşkilatı Elm və Texnoloji Əməkdaşlıq Komitəsinin (COMSTECH) katibliyində baş koordinator olan professor Muhammad İqbal Çoudharinin videomüraciəti dinlənilib. O, elmi və praktik baxımdan böyük əhəmiyyət kəsb edən konfransın təşkilinə görə AMEA rəhbərliyinə təşəkkür edib, mühüm beynəlxalq tədbirə dəvət olunduğuna görə minnətdarlığını bildirib.

Qarabağ ərazisinin zəngin təbii ehtiyatlara malik olduğunu və davamlı inkişaf üçün əlverişli ekoloji şəraiti ilə seçildiyini qeyd edən M.Çoudhari bu regionun biomüxtəlifliyinin məhvinə səbəb olan meşə yanğınlarının qarşısının alınması üçün tədbirlərin görülməsinin zəruriliyindən danışıb. O, ekstremal iqlim şəraitinin yaratdığı problemlərə qarşı koordinasiya tədbirlərinin təşkili istiqamətində görülən işləri yüksək qiymətləndirib. Əlavə edib ki, iqlim dəyişiklikləri sahəsində fəaliyyət göstərən COMSTECH hazırda beynəlxalq səviyyədə tanınan bir foruma malikdir. Bu forum ətraf mühitlə bağlı problemlərin müəyyənləşdirilməsi və texnologiyaların işlənib-hazırlanmasına xidmət edir.

Professor M.Çoudhari Şuşa və ətraf ərazilərin biomüxtəlifliyi, torpaq və su ehtiyatları problemlərinə həsr olunmuş bugünkü konfransın həmin məsələlərin ətraflı müzakirəsi baxımından əhəmiyyətli platforma rolunu oynadığını, həmçinin alimlər və digər mütəxəssislər arasında əlaqələrin inkişafına böyük dəstək verəcəyini bildirib. Tədbirin təkcə Azərbaycan üçün deyil, digər ölkələr üçün də faydalı olacağına əminliyini ifadə edib.

Azərbaycan Respublikasının kənd təsərrüfatı nazirinin müavini professor Elçin Zeynalov işğaldan azad olunmuş ərazilərimizin böyük potensiala malik olduğunu qeyd edib, xüsusən Şuşa şəhərinin zəngin irsi ilə seçildiyini və dünyanın mədəni mərkəzlərindən biri olduğunu vurğulayıb. O, həmin ərazilərin böyük aqrar potensialına malik olduğunu deyib, statistik məlumatları diqqətə çatdırıb.

Elçin Zeynalov qeyd edib ki, azad olunmuş ərazilərimizdə meyvə və tərəvəzçiliyin, heyvandarlığın inkişafı üçün zəruri infrastruktur mövcuddur. Torpaq və iqlim xüsusiyyətləri nəzərə alınmaqla çoxillik meyvə bağlarının, baramaçılığın inkişaf perspektivləri baxımından tut bağlarının, o cümlədən üzümlüklərin salınmasına da xüsusi diqqət yetirilməsi nəzərdə tutulub.

Nazir müavini, həmçinin iribuynuzlu və xırdabuynuzlu heyvanların sayının artırılması üçün bu ərazilərin böyük potensiala malik olduğunu qeyd edib, bütün təhlükəsizlik tədbirlərinə riayət edilməklə Kənd Təsərrüfatı Nazirliyinin nəzarəti ilə həyata keçirilən payızlıq və yazlıq əkin işləri haqqında məlumat verib. Bildirib ki, hazırda növbəti təsərrüfat ilinə hazırlıq işləri davam etdirilir.

“Otuz ildir ki, yaylaqlara həsrət qalan soydaşlarımız artıq heyvanlarını Kəlbəcər və Laçın rayonlarında yerləşən yaylaqlarımıza aparmağa başlamışdır”, - deyən Elçin Zeynalov əlavə edib ki, 2022-ci ildə işğaldan azad olunmuş ərazilərimizdə kənd təsərrüfatı fəaliyyətinin bərpası, ətraf mühit və biomüxtəlifliyin qorunması, “yaşıl” texnologiyaların tətbiqi başlıca məqsədlərimizdəndir.

Nazir müavini aktual mövzuların təqdim olunduğu və yeni perspektivlərin müzakirə olunacağı konfransın işinə uğurlar arzu edib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov azad olunmuş ərazilərimizdə ekoloji vəziyyətin yaxşılaşdırılması üzrə atılan addımlara baxmayaraq, işğal dövründə meşə sahələrinin, flora və faunanın, təbiət abidələrinin məhv edilməsi, su resurslarının çirkləndirilməsi və təbii sərvətlərin qeyri-qanuni istismar olunması nəticəsində bu ərazilərdə ekoloji tarazlığın pozulduğunu bildirib. O, aparılmış monitorinqlər nəticəsində 54 min hektardan artıq meşə sahəsinin tamamilə məhv edildiyinin, 43 min hektar xüsusi mühafizə edilən təbiət ərazilərində qiymətli fauna və flora növlərinə ciddi ziyan dəydiyinin, iqtisadi əhəmiyyət kəsb edən 167 faydalı qazıntı yatağının istismar olunduğunu, ekoloji əhəmiyyətə malik 7 relikt gölün, ümumi həcmi 631 milyon kubmetr olan 10 su anbarının, 10 minlərlə hektar münbit torpaqların iqtisadi və yaxud da təsərrüfat dövriyyəsindən çıxarıldığının müəyyənləşdirildiyini vurğulayıb.

Vüqar Kərimovun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə bioloji müxtəlifliyin bərpası məqsədilə Ümumdünya Vəhşi Təbiəti Mühafizə Fondunun Azərbaycan nümayəndəliyi və IDEA İctimai Birliyinin birgə təşkilatçılığı ilə ərazinin iqlim şəraitinə uyğun bəzi heyvan növlərinin, ilk növbədə, ceyran, bezoar keçisi və s. öz tarixi areallarına reintroduksiyası layihələri nəzərdə tutulur. Orta və uzunmüddətli perspektivdə meşələrin ekoloji, su qoruyucu, iqlim tənzimləyici xassələrinin bərpa edilməsi və əvvəlki vəziyyətə qaytarılması üçün meşə əkin işləri aparılır. Bu məqsədlə Cəbrayıl və Zəngilan rayonları ərazisində ümumi sahəsi 100 hektar meşə-parkın salınması işlərinə başlanılıb və ilin sonuna kimi başa çatdırılması planlaşdırılır.

“Müasir texnologiyaların tətbiq edildiyi “ağıllı” şəhər və kənd konsepsiyasının reallaşdırılması regionun unikal təbiətinin qorunmasına, şəhər mühitində sağlam və keyfiyyətli həyat tərzinin bərqərar edilməsinə səbəb olacaqdır”, - deyən Vüqar Kərimov işğaldan azad edilmiş ərazilərə böyük qayıdış çərçivəsində ekoloji bərpa işlərinin həyata keçirilməsi, ətraf mühitin mühafizəsinin etibarlılığının artırılması, eləcə də biomüxtəliflik və digər təbii resurslardan, həmçinin mineral xammal ehtiyatlarından səmərəli istifadənin bu ərazilərdə təbiətin dirçəlməsinə gətirib çıxardığını diqqətə çatdırıb. O, bu ərazilərdə yenidənqurma və bərpa tədbirlərinin effektivliyinin təmin olunmasında elmi tədqiqatların böyük rolu olduğunu söyləyərək, görüləcək tədbirlər çərçivəsində akademik sektorla və beynəlxalq elmi-tədqiqat institutları ilə əməkdaşlığın vacibliyinə toxunub.

Vüqar Kərimov çıxışının sonunda konfransda yerli və beynəlxalq elmi dairələrlə müzakirə olunan məsələlərin regionun ekosisteminin bərpası istiqamətində məqsədyönlü və ardıcıl işlərin aparılmasına töhfə verəcəyinə əmin olduğunu deyib.

AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova Qarabağda elmi tədqiqatların gələcək inkişafı üçün mühüm rol oynayacaq vacib tədbirlərdən olan bugünkü mötəbər konfransın 27 Sentyabr - Anım Gününə bir neçə gün qalmış keçirilməsinin özünəməxsus rəmzi məna daşıdığını bildirib.

“Qarabağın biomüxtəlifliyi, torpaq və su ehtiyatları: keçmişi, bugünü və gələcəyi” mövzusunda ilk oxşar konfransın AMEA-da ötən il mayın 20-21-də uğurla keçirildiyini xatırladan vitse-prezident bu tədbirin işğaldan azad edilmiş bölgələrə elmin böyük qayıdışı ilə bağlı müvafiq yol xəritəsinin müəyyənləşdirilməsi, əldə edilmiş ilkin tədqiqatların nəticələrinin elmi ictimaiyyətə çatdırılması, növbəti tədqiqatları stimullaşdırmaq və bu istiqamətdə elmi ictimaiyyəti səfərbər etmək vəzifəsini daşıdığını diqqətə çatdırıb.

“Zəngin biomüxtəlifliyə, su və torpaq ehtiyatlarına, əlverişli torpaq-iqlim şəraitinə və coğrafi mövqeyə, torpaq və su təminatına malik olan azad edilmiş ərazilərin inkişafının sistemli xarakter alması üçün elmin intensiv iştirakı və fəaliyyətlərin elmi yanaşmalara əsaslanması tələb olunur”, - deyən akademik İradə Hüseynova bildirib ki, bu ərazilərə elmi müəssisələr və mütəxəssislər tərəfindən çoxsaylı ekspedisiyalar təşkil olunub, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və digər təşkilatlarla əməkdaşlıq şəraitində monitorinq tədqiqatları aparılıb.

Vitse-prezidentin sözlərinə görə, Qarabağda alimlərimiz tərəfindən həyata keçirilmiş tədqiqat işlərinin istiqamətləri sırasında ayrı-ayrı obyektlərin radioekoloji vəziyyətinin, bioloji ehtiyatlarının və biotəhlükəsizlik məsələlərinin öyrənilməsi ilə bağlı işlər, su resurslarına və su ilə bağlı problemlərin həllinə aid araşdırmalar, Azərbaycan Respublikasının “Qırmızı kitab”ının III nəşrinə daxil edilməsi planlaşdırılan növlərin monitorinqi ilə bağlı tədqiqatlar, eləcə də Qarabağ Elmi-Tədqiqat Bazasının bərpasına və burada region üçün yaradılmış və yaradılan bitki sortlarına dair fəaliyyətlər xüsusi olaraq qeyd edilməlidir.

Alim regionun radioekoloji və biotəhlükəsizliyi istiqamətində görülən işlərdən də bəhs edib. Bildirib ki, AMEA-nın institutları tərəfindən bu istiqamətdə tədqiqatlar əsasən mənbəyini Ermənistandan götürən çay sistemlərində, işğal müddətində intensiv istismara məruz qalmış faydalı qazıntı yataqları zonalarında, içməli su mənbələrində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri ilə birgə aparılıb.

Akademik İradə Hüseynova bugünkü konfransa Azərbaycanla yanaşı, Türkiyə, İran, Ukrayna, Şimali Kipr Türk Respublikası, Cənubi Koreya, Çin, Gürcüstan və digər ölkələrdən 250-dən çox tezisin təqdim edildiyini deyib, plenar məruzələrdə son bir il yarım ərzində regionda aparılmış tədqiqatların da əksini tapacağını nəzərə çatdırıb.

Konfransda, həmçinin Yaxın Şərq Universitetinin professoru Şimali Kipr Türk Cümhuriyyətinin Ətraf Mühit Mərkəzinin direktoru Salih Gücel, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Rafiq Aslanov, Təbriz Tibb Universitetinin professoru Əziz Eftikhari, “AgroDairy” MMC-nin kənd təsərrüfatı üzrə müşaviri Məmmədzadə Nəbiyev çıxış edərək konfransın əhəmiyyətindən bəhs edib, tədbirin yekunlarının işğaldan azad olunmuş ərazilərimizin yenidən qurulmasına böyük töhfə verəcəyini bildiriblər.

Daha sonra “Zoom” platforması üzərindən onlayn formada keçirilən paralel seksiya iclaslarında “Qarabağın geoloji öyrənilməsi: qısa tarix və tədqiqatların inkişaf strategiyası”, “Şuşa və ətraf ərazilərin itmək təhlükəsində olan ali bitkiləri”, “İşğaldan azad edilmiş ərazilərin fauna müxtəlifliyinin monitorinqi”, “Qarabağın azad edilmiş ərazilərində radioekoloji tədqiqatlar” və digər məruzələr dinlənilib. Həmçinin Qarabağ bölgəsi üçün yeni buğda sortlarının yaradılması və ərzaq təhlükəsizliyinin təminatı, su ehtiyatları, Şuşa və ətraf ərazilərdə uzunömürlülük problemləri və s. mövzular ətrafında müzakirələr aparılıb.

Qeyd edək ki, paralel seksiya iclasları sentyabrın 23-də davam etdiriləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video