24 May 2022 02:01
762
PARLAMENT
A- A+

Sosial sığorta ilə bağlı qanunvericilik təkmilləşdirilir

 

Mayın 23-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin növbəti iclası keçirilib. İclasda  "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda müzakirə edilib.

Komitə sədri Musa Quliyev bildirib ki, qanunun  preambulasına və doqquz maddəsinə ümumilikdə 53 dəyişiklik təklif olunub. O, bu dəyişikliklərin qanunun təkmilləşdirilməsinə yönəldiyini söyləyərək bildirib ki, qanunun preambulasına edilən dəyişiklik onun tətbiq sahəsini xeyli genişləndirir və Azərbaycan Respublikasının vətəndaşı olmayan, ölkəmizdə çalışan və sığorta olunan şəxslərin sığorta uçotuna alınmasına və sığortaya cəlb olunmasına geniş imkan yaradır.

Sonra iclasda iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial sığorta və pensiya siyasəti şöbəsinin müdiri Elnur Abbasov "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" qanuna edilən dəyişikliklərin mahiyyəti barədə məlumat verib. Bildirib ki, qanuna təklif olunan dəyişikliklər bir neçə zərurətdən irəli gəlib. Belə ki, sənəddə "Sığorta haqqında" qanuna edilən dəyişikliklərlə əlaqədar təkmilləşdirmə xarakterli  düzəlişlər, habelə məlumat mənbələrinin genişləndirilməsi, elektron resurslar üzərindən əməliyyatların aparılmasına imkan verən bazanın yaradılması və bəzi dəqiqləşdirmə xarakterli əlavə və dəyişikliklər nəzərdə tutulub.

Layihədə qanunda istifadə olunan anlayışların açıqlanması,"fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı" anlayışının "sığortaçı" anlayışı ilə əvəz edilməsi nəzərdə tutulub.Yeni redaksiyada verilən 4-cü maddədə fərdi uçotun sığortaçı tərəfindən elektron qaydada aparılması, bu sahədə elektron xidmətlərin elektron informasiya sistemi vasitəsilə həyata keçirilməsi, xidmətin xüsusiyyətləri nəzərə alınmaqla kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının, əməliyyat-axtarış fəaliyyəti subyektlərinin işçilərinin fərdi uçotunun müəyyən edilmiş qaydada aparılması və digər məsələlər əks olunub.

Sənəddə sığortaolunanın fərdi şəxsi hesabına daxil edilən məlumatlar sırasına fərdi identifikasiya nömrəsinin (FİN), xüsusi hesabda qeydə alınan vəsait və onun indeksləşdirilməsi haqqında məlumatın əlavə edilməsi təklif olunur. Həmçinin qeyd edilir ki, sığortaolunanın fərdi şəxsi hesabının bağlanması onun fərdi uçot məlumatlarına əsasən, sosial sığorta ödəmələrinin, o cümlədən ötən dövr üçün sosial sığorta ödəmələrinin təmin edilməsindən imtina olunması üçün əsas deyil.

Qanunda nəzərdə tutulan digər düzəlişlərdə ödənilmiş məcburi dövlət sosial sığorta haqqının məbləğlərinin Maliyyə Nazirliyinin elektron sistemindən əldə edilmiş məlumat əsasında qeydə alınması nəzərdə tutulur. Bununla yanaşı, sığortaolunanın özü haqda məlumatları elektron sistemdən əldə edə bilməsi, fərdi hesabda əks olunmuş məlumatlarla razılaşmadıqda, həmçinin məlumatlarda dəyişiklik baş verdikdə sığortaçı və sığortaedənə müraciət etmək hüququnun dəqiqləşdirilməsi təklif edilir.

Qanun layihəsi ətrafında gedən müzakirələrdə çıxış edən komitə sədrinin müavini Məlahət İbrahimqızı, komitə üzvləri Vüqar Bayramov, Jalə Əliyeva, Aqil Məmmədov, Arzu Nağıyev təklif olunan dəyişikliklərin mütərəqqi olduğunu qeyd ediblər, sənədi əhalinin sosial müdafiəsi istiqamətində ölkədə həyata keçirilən islahatların bir hissəsi kimi qiymətləndiriblər.

Müzakirələrin sonunda qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video