Səudiyyə Ərəbistanı və Türkiyə arasında dəmir yolu əlaqələrinin qurulmasına dair anlaşma memorandumu imzalanıb.
AZƏRTAC “əl-Ərəbiyyə” telekanalı istinadla xəbər verir ki, sənədi Səudiyyə Ərəbistanının nəqliyyat və logistika xidmətləri naziri Saleh əl-Casir və Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu ər-Riyadda imzalayıblar.
15.57
Səudiyyə Ərəbistanı və Türkiyə arasında dəmir yolu əlaqələrinin qurulmasına dair anlaşma memorandumunun bu gün imzalanacağı gözlənilir.
Bu barədə “əl-Ərəbiyyə” telekanalı məlumat verib.
Səudiyyə Ərəbistanının nəqliyyat və logistika xidmətləri naziri Saleh əl-Casir daha əvvəl verdiyi açıqlamada Türkiyə ilə dəmir yolu bağlantısı layihəsinin texniki-iqtisadi əsaslandırmasının cari ilin sonunadək tamamlanmasının nəzərdə tutulduğunu bildirmişdi. Layihə İordaniya və Suriyadan keçməklə iki ölkə arasında dəmir yolu əlaqəsinin yaradılmasını ehtiva edir.
Nazirin sözlərinə görə, təşəbbüs regional inteqrasiyanın gücləndirilməsinə, ticarət dövriyyəsinin artırılmasına və region ölkələri arasında dayanıqlı quru nəqliyyatı sisteminin inkişafına töhfə verəcək.
Saleh əl-Casir qeyd edib ki, hazırda Krallığın milli dəmir yolu şəbəkəsi əl-Hədisə sərhəd-keçid məntəqəsi vasitəsilə İordaniya sərhədinədək uzanır. Bu isə gələcəkdə regional və beynəlxalq dəmir yolu əlaqələrinin genişləndirilməsi üçün strateji baza rolunu oynayır.
Xatırladaq ki, cari ilin mart ayında Səudiyyə Ərəbistanının nəqliyyat və logistika xidmətləri naziri Ciddə Limanında logistika marşrutları təşəbbüsünün istifadəyə verildiyini elan etmişdi. Təşəbbüsün məqsədi təchizat zəncirlərinin dayanıqlığını artırmaq və Qırmızı dəniz ilə Ərəb körfəzində ticarət axınlarının fasiləsizliyini təmin etməkdir.
Son dövrlərdə dəniz yükdaşımalarında yaranan çətinliklər, xüsusilə Hörmüz boğazı ətrafında baş verən gərginliklər və qlobal təchizat zəncirlərindəki fasilələr fonunda regional dəmir yolu bağlantısı layihələrinə maraq yenidən artıb.
Səudiyyə Ərəbistanı–Türkiyə dəmir yolu layihəsi də bu istiqamətdə ən mühüm təşəbbüslərdən biri hesab olunur. Layihənin əsas məqsədi Asiya ilə Avropa arasında ticarət və nəqliyyat əlaqələrinin dayanıqlığını artıracaq alternativ quru marşrutlarının formalaşdırılmasıdır.