01 Dekabr 2022 01:12
303
Səhiyyə
A- A+

Səssiz gələn mərəz

 

Azərbaycanın QİÇS-lə mübarizə tədbirləri beynəlxalq səviyyədə müsbət təcrübə kimi qəbul olunur

 

XX əsrin ən qorxulu xəstəliklərindən biri Qazanılmış İmmun Çatışmazlığı Sindromudur (QİÇS). QİÇS orqanizmin müdafiəsində rol oynayan mühüm hüceyrələri zədələyərək immunitet sistemini məhv edir, onu digər infeksiyalar qarşısında "silahsız" qoyur. Bununla da yoluxmuş şəxsin orqanizmi o qədər zəifləyir ki, adi soyuqdəyməyə qarşı belə müqaviməti qalmır.
İmmunçatışmazlığı virusu (İİV) Cənubi Amerikada yaşayan meymunlarda yaranan virusun mutasiyası nəticəsində əmələ gəlib. İİV hazırkı formasına gələnədək bir neçə mərhələ keçərək yalnız insan orqanizmi üçün spesifikləşdikdən sonra diqqəti cəlb edib. Sübut olunub ki, virusun spesifikliyi onun yoluxduğu canlının xromosom kompleksi ilə bağlıdır.

 

8425 nəfər vətəndaş rəsmi qeydiyyatdadır


Dünyada QİÇS-ə yoluxma halları durmadan artır. Buna görə də bütün ölkələrdə xəstəliyin tibbi və sosial aspektləri tədqiq olunur. Hazırda dünyada QİÇS-ə yoluxanların sayı 84,2 milyon, bu xəstəlik səbəbindən dünyasını dəyişənlərin sayı isə 40,1 milyondur. Yalnız ötən il bu xəstəlikdən 650 min insan vəfat edib.
Azərbaycanda QİÇS-ə ilk yoluxma 1987-ci ildə qeydə alınıb. Respublika QİÇS-lə Mübarizə Mərkəzindən verilən məlumata görə, hazırda bu virusla yaşayan 8425 Azərbaycan vətəndaşı rəsmi qeydiyyatdadır. Onlardan 69 faizi kişi, 31 faizi isə qadındır. Bu il 615 yeni yoluxma faktı qeydə alınıb.
İndiyədək 1234 vətəndaşımız bu xəstəlikdən vəfat edib. Onlardan 84 faizi kişilərdir. Ölüm hallarının daha çox kişilər arasında qeydə alınmasının səbəbi isə  venadaxili inyeksion narkotik istifadəsidir. Lakin son illərdə bu istiqamətdə aparılan tədbirlər nəticəsində bu yolla yoluxma bir qədər azalıb.
Ümumilikdə, İİV-ə yoluxma üzrə yaş kateqoriyasına nəzər yetirdikdə, infeksiyanın daha çox 25-49 yaş aralığında olan insanlar arasında yayılması müşahidə olunur. Xəstəliyə yoluxmalar daha çox cavan və orta yaş kateqoriyasında müşahidə olunur. Bu məqsədlə, Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən mübarizə tədbirləri çərçivəsində orta  və ali təhsil müəssisələrində təhsil alan şagird və tələbələr üçün mütəmadi olaraq maarifləndirmə tədbirləri həyata keçirilir.
BMT-nin UNAİDS Birləşmiş Proqram Təşkilatının son məlumatına görə, QİÇS Azərbaycanın da daxil olduğu Şərqi Avropa və Mərkəzi Asiya regionunda hələ də yayılmaqdadır. Bu regionda İİV-ə yoluxanların sayı ilbəil artır. Ölkəmiz bu siyahıda son yerlərdən birini tutur.
2022-ci ilin noyabr ayında Qlobal Fond tərəfindən Türkiyədə keçirilən beynəlxalq tədbirdə Azərbaycanın İİV infeksiyasına qarşı apardığı mübarizə tədbirləri, o cümlədən  QİÇS-ə yoluxmuş şəxslərin müalicəyə cəlb edilməsi və əldə olunan uğurlu müalicə nəticələri region ölkələri üçün müsbət təcrübə kimi təqdim olunub.

 

QİÇS İİV infeksiyasının son mərhələsidir

 

Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Təşkilati-metodika şöbəsinin müdiri Eldəniz Muradov bildirir ki, İİV-in diaqnostikası laborator, epidemioloji və klinik meyarlar əsasında aparılır: "Yalnız bu üç tip məlumatın mövcud olması, diaqnozu təsdiq etməyə əsas verir. Lakin təcrübə göstərir ki, hələ klinik simptomlardan heç biri özünü büruzə vermədiyi və epidemioloji meyarlar aşkarlanmadığı dövrdə, laborator müayinə müsbət nəticə göstərir. Bu da o deməkdir ki, orqanizmdə İİV artıq mövcuddur və bədən ona qarşı immun reaksiyası göstərir, hətta əkscisimlər yaradır".
E.Muradov qeyd edir ki, ÜST-nin tövsiyələri əsasında tərtib edilən Milli Protokol üzrə aparılan silsilə müayinələr İİV-ə yoluxmanı tam təsdiq etməyə imkan yaratdığına görə, laborator meyarlar İİV-in diaqnostikasında aparıcı, əsas və təsdiqləyici amil hesab olunur. Lakin müalicə virusdan tamamilə qurtulmağa imkan vermir: "Müasir antiretrovirus preparatlar arsenalı orqanizmdə İİV-in inkişafını dayandırmasına baxmayaraq, virusların "özlərinə kiçik sığınacaqlar tapmasıyla əlaqədar", bədəni onlardan təmizləmək iqtidarında deyil. Bu səbəbdən, preparatların təsiri daimi olmadıqda, onlar yenidən proliferasiya edir və hətta inkişaflarına maneə törətmiş dərman təsirindən qurtulmaq üçün mutasiya edib, rezistent olurlar. Ona görə də preparatların qəbulu daimi və mütəmadi olmalıdır".
Eldəniz Muradov bildirir ki,  QİÇS İİV infeksiyasının son və geridönməyən mərhələsidir: "Virus cinsi, hemotransmissiv yolla (qanla digərinin qan kontaktı) və anadan uşağa (hamiləlik və doğuşdan sonra ana südü ilə qidalandırma vaxtı) ötürülür. İİV-dən qorunmanın qaydaları isə olduqca sadədir. Stomatoloji, ginekoloji və kosmetoloji müayinə və müalicələr zamanı birdəfəlik tibbi alətlərdən, dezinfeksiyaedici üsullardan istifadə olunmalıdır. İİV-li xəstələrlə əl verib görüşmək, qucaqlaşmaq, bir yataq və paltardan istifadə etmək təhlükəli deyil".

Ülkər XASPOLADOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video