11 Oktyabr 2024 08:45
1525
Mədəniyyət
A- A+
Şərqşünaslıq elmimizin böyük tədqiqatçısı

Şərqşünaslıq elmimizin böyük tədqiqatçısı


Görkəmli şərqşünas alim Aida İmanquliyeva XX əsrdə Azərbaycan ərəbşünaslıq elminin əsas istiqamətlərinin müəyyən olunması, ərəb ədəbiyyatının müxtəlif problemləri və ayrı-ayrı mütəfəkkir ərəb yazıçılarının yaradıcılığının öyrənilməsi istiqamətində xüsusi xidmətləri ilə seçilir.

Özündən sonrakı nəsil ərəb ədəbiyyatı araşdırmaçıları üçün Aida İmanquliyevanın tədqiqatları məktəb rolunu oynamışdır. Ərəb mühacirət ədəbiyyatını tədqiq etməyə başladığımız zaman bu sahədə ölkəmizdə yeganə tədqiqatçı olan Aida İmanquliyevanın zəngin irsi ilə tanış olurduq. Əmin ər-Reyhani, Cibran Xəlil Cibran, Mixail Nuaymə kimi məşhur ərəb yazıçılarının əsərlərinin öyrənilməsində, eyni zamanda ərəb ədəbiyyatının bir sıra ümumi məsələlərinin araşdırılmasında ərəbşünas alimin fikirləri istinad etdiyim ən əsas mənbələrdən idi. Aida İmanquliyevanın fəaliyyət sahəsi və yaradıcılığı geniş və zəngin idi. 

Tarixboyu Azərbaycanın ictimai-siyasi və mədəni sferasında qadın ziyalılarımızın da mühüm və əhəmiyyətli rola malik olduğu milli ənənələrimizin davamçısı kimi Aida İmanquliyevanın fəaliyyətində üç əsas sahəni ayırd etmək mümkündür.

İlk növbədə Aida xanımın Azərbaycan şərqşünaslığı tarixində ilk qadın alimlərdən biri, bu sahədə doktorluq dissertasiyası müdafiə edən birinci xanım tədqiqatçı kimi fəaliyyəti diqqəti cəlb edir. Ərəbşünas alimin araşdırdığı problemin - ərəb mühacirət ədəbiyyatı mövzusunun elmi tematikası zəngin və mürəkkəb olmaqla yanaşı, yeni və tədqiq olunmamış bir istiqamət idi.

Aida İmanquliyevanın tədqiqatlarının əsas hissəsinin, monoqrafiya və məqalələrinin böyük bir qisminin həsr olunduğu ərəb mühacirət ədəbiyyatının araşdırılmasının başlıca əhəmiyyətini şərqşünas alim özü çox düzgün olaraq şərh etmişdir. Tədqiqatçıya görə, 

VIII-XII əsrlərdə çiçəklənmə mərhələsini yaşayaraq intibah dövrünün mədəni yüksəlişinə öz əhəmiyyətli töhfəsini verən ərəb mədəniyyəti XIX əsrin sonu - XX əsrin əvvəllərində məhcər ədəbiyyatının formalaşması, bu ədəbi istiqamətin yüksək fəaliyyəti ilə bir daha xüsusi zirvə fəth etmişdir.

Müəyyən zaman daxilində ABŞ-də fəaliyyət göstərən, milli ədəbiyyatı, eləcə də Şərqin çoxəsrlik inkişaf tarixinə malik ədəbi ənənələri, dini-fəlsəfi dünyagörüşü, ictimai-siyasi fikirlərini dünya mədəniyyətinin müxtəlif analoji düşüncə sferası ilə vəhdətdə ifadə edən ərəb mütəfəkkir yazıçılarının - Cibran Xəlil Cibran, Əmin ər-Reyhani və Mixail Nuaymənin multikultural dəyərlərlə zəngin yaradıcılığının tədqiqi Azərbaycan elminə bir sıra yeni keyfiyyətlər gətirmişdir.

Ərəb mühacirət ədəbiyyatının öyrənilməsi bədii ədəbiyyatın xüsusi forması olan, milli ədəbiyyatın dünya mədəniyyətinə inteqrasiyasında optimal və intensiv ədəbi şəraitin əsas göstəricisi kimi çıxış edən mühacirət ədəbiyyatı nəzəriyyəsinin aydınlaşdırılmasına gətirib çıxarır. Dünya elmində Orientalizm konsepsiyasının ən məşhur nəzəriyyəçilərindən biri olan Edvard Said Qərb mədəniyyətini bir çox sahədə sürgün edilənlərin, mühacirlərin, qaçqınların yaradıcılıq məhsulu hesab edir. Bu kontekstdən yanaşdıqda ABŞ-dəki ərəb ədəbiyyatını da sırf milli ədəbiyyatın mühacirətdəki fəaliyyət qrupu kimi səciyyələndirmək olmaz. Ərəb ədiblərinin ingilisdilli fəaliyyəti onların milli ədəbiyyatın sərhədlərini aşmağa, təkcə mövzu, forma, ədəbi ənənələr deyil, dil göstəricisi baxımından da ərəb-Amerika yazıçıları kimi qəbul olunmalarına yol açdı. Mixail Nuaymə Cibran Xəlil Cibranın ingilisdilli ilk kitabı olan "Dəli" kitabını dəyərləndirərkən mühacir yazıçının ikidilli yaradıcılıq fəaliyyətinin məhz mədəniyyətləri qovuşdurmaq arzusundan qaynaqlandığını ifadə edirdi: "O, bilirdi ki, ruhunda rəssam və şair əkizdir. O, amerikalılara poeziyasını yox, rəssamlığını gətirmişdir, dili bir qardaşlarına isə rəssamlığını yox, poeziyasını qoymuşdur. Nə ərəblər təsviri incəsənəti anlamadıqları üçün onun rəssamlığından bir şey başa düşürdülər, nə də amerikalılar ərəb dilini bilmədikləri üçün onun poeziyasından bir şey dərk edirdilər. Deməli, əgər o, iki şeyi birləşdirmək istəyirdisə, ingiliscə yazmalı idi. Bu onun çoxdankı arzusu idi".

"Mən iki dünyanın vətəndaşıyam - kainatın vətəndaşıyam" deyən Əmin ər-Reyhani də ikidilli yaradıcılıq prosesini ədəbi düşüncənin qlobal həllində ən önəmli vasitələrdən sayırdı. Əgər müasir dövrümüzdə "ingilis dili sanki öz milli mənsubiyyətini itirir, qloballaşmanın həqiqi dili, müasir dünyanın "linqua-franca"sı" kimi dəyərləndirilirsə, bu təlimin ədəbiyyatdakı təzahürlərini daha öncəki dövrlərdə müşahidə edir, məhcər ərəb yazıçılarının bədii irsində görürük. Burada artıq Şərq düşüncəsi Qərb dilində danışırsa, o, milli ədəbiyyatın dünya ədəbiyyatına birbaşa inteqrasiyası, dünyanın ədəbi-bədii yaradıcılıq sferasında qəbulolunma faktı, ən başlıcası isə ədəbi dəyərlərin vəhdəti, fərqli dünyagörüşlərinin sintezi kimi meydana çıxır. Ona görə də ərəb ədiblərinin yaradıcılığı multikultural dəyərlərlə zəngindir. Bu baxımdan da ərəbşünas alim A.İmanquliyeva çox haqlı bir nəticəyə gəlir ki, "ərəb məhcər ədəbiyyatının bütün ərəb ədəbiyyatının inkişafı tarixində kiçik epizod olmasına baxmayaraq, "Suriya-Amerika məktəbi"nin yazıçıları həm ərəb Şərqində, həm də Qərbdə çox geniş şöhrət qazanmışlar və onların yaradıcılığını nəzərə almadan yeni ərəb ədəbiyyatının inkişafının tam və dolğun mənzərəsini təsəvvürə gətirmək qeyri-mümkündür". 

Aida İmanquliyevanın tədqiqatları müqayisəli ədəbiyyatşünaslığın mühüm məsələlərinin araşdırılması, ərəb yazıçılarının yaradıcılıq nümunəsində Şərq və Qərb ölkələri ədəbiyyatlarının ortaq, uyğun və fərqli problemlərinin öyrənilməsi, qarşılıqlı və birtərəfli təsir nəzəriyyəsinin şərhini qarşıya qoyur. Ərəbşünas alim yazır: "Bu yazıçıların yaradıcı fəaliyyətinin əhəmiyyəti ondadır ki, onlar Avropa və Amerika ədəbiyyatının etik və bədii dəyərini yenilik ruhunda əxz etmiş, yeni formada ifadə etmiş, onların nailiyyətlərini ən yaxşı milli ənənələrlə sintezdə təcəssüm etdirmişlər". Həqiqətən də, Ə.ər-Reyhani və C.X.Cibranın yaradıcılığında ingilis romantikləri və Amerika transsendentalizmi, M.Nüaymənin ədəbi-fəlsəfi irsində rus realizmi və nəzəri-estetik fikri ilə səsləşən məqamlar dünya ədəbiyyatının böyük bir sahəsinə kompleks şəkildə yanaşmaq, müqayisəli araşdırmalar aparmaq zəruriyyətini doğurur. İslam və xristian dini, sufizm və Qərb fəlsəfəsi, qədim hind mədəniyyəti və digər möhtəşəm mənbələrdən qaynaqlanan mövzu və ideyaları da nəzərə alsaq, ərəb yazıçılarının yaradıcılıq sferası və A.İmanquliyevanın tədqiqatçılıq fəaliyyətinin sərhədlərini təsəvvür edə bilərik.

Bütövlükdə, ərəbşünas alimin müqayisəli ədəbiyyatşünaslıq sferasında tədqiq etdiyi ədəbi nümunələr üç əsas problem ətrafında ümumiləşdirilmişdir:

Birinci, mühacir yazıçıların yaradıcılığında Şərq və Qərb mədəniyyətinə baxış məsələsi ərəbşünas alimin diqqət mərkəzində olmuşdur. A.İmanquliyeva yazır: "C.X.Cibran, Ə.ər-Reyhani və M.Nuaymə özlərinin çoxcəhətli bədii yaradıcılıqlarında Avropa və Amerika ədəbiyyatının nailiyyətlərini mənimsəmiş, onların dəyərlərini ən yaxşı milli bədii ənənələrlə üzvi surətdə sintezləşdirmişlər". 

Şərq və Qərb ölkələri arasındakı mədəni əlaqələrin tarixi nə qədər qədim olsa da, Şərq və Qərb problemi öz konseptual həllini son əsrlərin ədəbi-fəlsəfi və ictimai fikrində tapmış, XIX əsrin II yarısından sonra, xüsusilə sonlarına doğru qlobal düşüncənin aktual mövzularından birinə çevrilmişdir. Ərəb mühacirət ədəbiyyatının görkəmli nümayəndələri də Şərq-Qərb probleminə bədii düşüncə və mövzu çərçivəsində yanaşan ədiblərdən fərqli olaraq sistemli konsepsiya irəli sürmüş, prinsipial məqamları ortaya çıxarmışlar. Qərb ədəbiyyatında V.Şekspir, K.Marlo, B.Conson, D.Milton, V.Vordsvort, T.Mur, C.Q.Bayron, P.B.Şelli, V.Skot və s., ərəb ədəbiyyatında Q.Əmin, Ə.İshaq, M.Teymur və digərlərinin Şərq və Qərb mədəniyyətlərinin müqayisəli təqdimi ilə bağlı fikirlərindən daha ön plana keçərək məhcər yazıçılar problemini nəzəri təlim səviyyəsinə yüksəltdilər.  "Ağ yol və Səhra" əsərində Şərq və Qərbi nəzərdə tutaraq "biz kifayət qədər dərinə və kifayət qədər yüksəyə gedəndə görüşürük" deyən ər-Reyhani mədəniyyətlərin birliyini vacib amil kimi dəyərləndirirdi. 

A.İmanquliyevanın tədqiqatlarında müqayisəli ədəbiyyatşünaslığın nəzəri məsələləri çərçivəsində araşdırılan ikinci problem romantizmlə bağlıdır. Ərəb yazıçılarının yaradıcılıq metodlarından bəhs edərkən şərqşünas alim yazır: "Suriya-Amerika məktəbi"nin təcrübəsində Qərb və Şərq ənənələrinin sintezi problemi, bu məktəbin nümayəndələri tərəfindən Qərbi Avropa və Amerika romantizminin və rus tənqidi realizminin mənimsənilməsinin özünəməxsus xüsusiyyətləri problemi, onların əsərlərində yaradıcı metodun təkamülü problemi meydana çıxır".

İnsan şəxsiyyətinə böyük önəm vermək, cəmiyyət və təbiətə maddi və mənəvi tərəflərdən yanaşmaq, həqiqət, xeyir və gözəlliyin vəhdəti, klassik ədəbi irsə münasibət, vətən və millət haqqında düşüncələr, humanizm ideyaları, şair təxəyyülünə xüsusi yer verilməsi, poeziya və sənət məsələləri, təbiət və sivilizasiya, multikultural dəyərlər və digər mövzuları ilə ədəbiyyata yol açan romantizm mühacir ərəb yazıçılarının yaradıcılığında da aparıcı yer tutur. Əmin ər-Reyhani maarifçilik, Cibran Xəlil Cibran sentimentalizm, Mixail Nuaymə realizmin xüsusiyyətlərini müəyyən mərhələdə öz əsərlərində ifadə etsələr də, romantizm hər üç müəllif üçün xarakterik olmuşdur. Ə.ər-Reyhaniyə həsr etdiyi tədqiqatlarda əsas problemlərdən biri kimi "sənətkar Əmin ər-Reyhani Qərb, xüsusilə də Amerika romantizmini hansı dərəcədə qəbul edib və romantizmin ideya və konsepsiyaları onun yaradıcılığında hansı inkişaf səviyyəsinə çatıb" məsələsini irəli sürən görkəmli şərqşünas ərəb yazıçısının yaradıcılığını R.U.Emerson, U.Uitmen, H.Toro kimi Amerika transsendentalizminin görkəmli nümayəndələrinin əsərləri ilə müqayisəli tədqiqat prosesində öyrənmişdir.

Müqayisəli ədəbiyyatşünaslığın nəzəri problemləri sistemində A.İmanquliyevanın tədqiqatlarında araşdırılan üçüncü məsələ realizm ilə bağlıdır. Ərəbşünas alim M.Nuayməni ərəb ədəbiyyatı tarixində realist hekayənin məşhur nümayəndələrindən biri kimi dəyərləndirərək yazır: "M.Nuaymənin hekayələrinin əsas məziyyəti də onların məhz real həyatı əks etdirməsidir". Görkəmli tədqiqatçı A.İmanquliyeva yazıçını "orijinal və özünəməxsus sənətkar" kimi səciyyələndirirdi: "Nuaymənin bütün hekayələri ərəb gerçəkliyinin səciyyəvi xüsusiyyətlərini əks etdirir. Onun novellaları yalnız süjet və məzmununa görə deyil, həm də öz ruhuna görə millidir".

A.İmanquliyevanın Azərbaycanın ictimai-mədəni həyatında reallaşdırdığı elmi-təşkilati fəaliyyəti də böyük əhəmiyyətə malik olmuşdur. Bir tərəfdən ərəbşünas alim Moskva, Sankt-Peterburq, Kiyev, Poltava, Hamburq, Halle kimi dünyanın müxəlif şəhərlərində keçirilən beynəlxalq elmi konfranslarda Azərbaycan elmini təmsil etmişdir. Digər tərəfdən isə A.İmanquliyeva Şərqşünaslıq İnstitutunda şöbə müdiri, direktor müavini və direktor kimi mühüm təşkilati işləri reallaşdırmışdır.

Bütün bunlar görkəmli şərqşünas alim Aida İmanquliyevanın multikultural dəyərlərlə zəngin ədəbiyyatı tədqiq etməklə Azərbaycan ərəbşünaslığının inkişafındakı mühüm rolunu göstərir, cəmiyyətimizin elmi mühiti və mədəni həyatındakı yüksək fəaliyyətindən xəbər verir.   


Bəsirə ƏZİZƏLİYEVA, 

filologiya elmləri doktoru, dosent

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

AQC sədri: “Qiymətləndiricilər Palatasında gözləntilərimiz böyükdür”

20:18
03 Noyabr

“Səbail” komandasının baş məşqçisi istefa verib  

19:24
03 Noyabr

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyev və Cəmil Nəcəfovun xatirələri anılıb

16:59
03 Noyabr

Moldova MSK: Prezident seçkilərinin ikinci turunu baş tutmuş hesab etmək olar

16:48
03 Noyabr

COP29 nüfuzlu beynəlxalq təşkilatların diqqət mərkəzindədir

15:56
03 Noyabr

Arxiyepiskop: Kilsə həmişə gürcü xalqının yanındadır

15:53
03 Noyabr

Pavel Herçinski: Aİ-nin yüksək səviyyəli nümayəndə heyəti COP29-da iştirak edəcək

15:46
03 Noyabr

İstanbul sərgisinə qatılan Azərbaycan nümayəndə heyəti Ümummilli Liderin abidəsini ziyarət edib  

15:23
03 Noyabr

COP29-la bağlı nəqliyyatın idarə olunması üzrə növbəti monitorinqlər keçirilib

14:29
03 Noyabr

Qazaxıstanlı deputat: Azərbaycan COP29-u yüksək səviyyədə keçirəcək

13:56
03 Noyabr

Metro stansiyalarının iş rejimində tənzimləmələr tətbiq ediləcək

13:41
03 Noyabr

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

12:59
03 Noyabr

Azərbaycanın Zəfər Günü Parisdə təntənə ilə qeyd olunub

12:39
03 Noyabr

Bu gün axşamdan başlayaraq hava şəraiti qeyri-sabit, arabir yağıntılı olacaq, şimşək çaxacaq

12:35
03 Noyabr

Fərid Qayıbov: “Qələbə qaçışı”nda iştirakçı sayının artması sevindirici haldır  

12:31
03 Noyabr

“Qələbə qaçışı”nın qalibləri müəyyənləşib 

12:22
03 Noyabr

Cənubi Koreya, ABŞ və Yaponiya birgə hərbi təlimlərə başlayıb

11:52
03 Noyabr

Bakıda IV “Qələbə qaçışı”na start verilib

10:20
03 Noyabr

146 il əvvəl...

09:05
03 Noyabr

Varisliyin maarifçilik nümunəsi

09:00
03 Noyabr

Azərbaycanın "yumşaq güc"ü: zəngin tarixi irs və modern müasirlik

08:55
03 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!