24 Sentyabr 2022 00:48
1306
SİYASƏT
A- A+

Sərkərdə qətiyyətinin ifadəsi

 

İlham Əliyevin Laçın bəyanatı Ermənistana və havadarlarına açıq mesaj idi

 

"İkinci Qarabağ müharibəsindən sonra Ermənistanla sülh müqaviləsi imzalamaq istəyirik. Ancaq əgər düşmən bizə qarşı təxribat törədəcəksə, layiqli cavabını verəcəyik. Bu gün Ermənistan yaxşı fikirləşməlidir. Bizimlə heç kim ultimatum dili ilə danışa bilməz və heç kimə də bel bağlamasınlar. Mən bir daha demək istəyirəm ki, bizi heç kim və heç nə dayandıra bilməz". 
Qalib Komandan kimi Şərqi Zəngəzura növbəti səfəri zamanı İlham Əliyev bir daha Ermənistanla sülh danışıqları ərəfəsində bu ölkənin rəhbərliyinin son günlərdəki davranışına, əsassız iddialarına və Zəngəzur dəhlizinin açılması istiqamətindəki fəaliyyətsizliyinə toxunaraq bəyan etdi ki, heç kim Azərbaycanın qabağında dura bilməz. Əgər Ermənistanda yenə də revanşist qüvvələr baş qaldırsa, bilməlidirlər ki, onları nələr gözləyir. 
Sözü imzası qədər keçərli olan İlham Əliyev bu qətiyyətli fikirləri ilə məğlub ölkəyə bir daha xəbərdarlıq edərək üzərinə götürdüyü öhdəliyi reallaşdırmağa çağırdı. Qalib Komandan revanşistlərə, Ermənistan rəhbərliyinə çatdırdı ki, boş-boş bəhanələr səsləndirmək, köhnə iddialardan əl çəkməmək yalnız özlərinə ziyan vuracaq. Çünki Azərbaycan  Qarabağ məsələsini artıq həll edib. Nə "status" var, nə də "Dağlıq Qarabağ" münaqişəsi.

 

Bayrağımız Zəfərimizin rəmzidir

 

İlham Əliyev sentyabrın 21-də Laçın şəhərində bayrağımızı ucaldaraq bir daha düşmənə gözdağı verdi və bəyan etdi ki, Azərbaycan haqqın, ədalətin, beynəlxalq hüququn tərəfdarıdır və onun məğrur, qəhrəman hərbçisi öz ərazi bütövlüyünü qoruyur. Şanlı zəfərimiz Azərbaycanın nəyə qadir olduğunu bütün dünyaya sübut edib. 
Azərbaycan Prezidenti Laçında səsləndirdiyi fikirlərlə Ermənistana növbəti dəfə çıxış yolunu göstərdi. Ermənistan rəhbərliyi İlham Əliyevin bu bəyanatından dərs çıxarıb onun təklifləri ilə razılaşarsa, öz xalqının gələcəyi üçün müsbət addım atmış olar. 
Tarixə qısa ekskurs edərək  İlham Əliyevin İkinci Qarabağ müharibəsi başlamazdan öncə və savaşın getdiyi günlərdə Ermənistana göndərdiyi mesajlara diqqət etsək şahidi olarıq ki, Azərbaycan Prezidenti əsl sərkərdə qətiyyəti ilə bütün fikirlərinin üstündə durub və qarşıya qoyulan məqsədlərə nail olub. Savaş başlayan gündən İlham Əliyev bəyan etdi ki, erməni əsgəri ölmək istəmirsə, Azərbaycan torpaqlarından rədd olub getsin. Xarici KİV-ə verdiyi müsahibələrdə də şərtlərini açıqladı. Bəyan etdi ki, Ermənistan tərəfi işğal olunmuş ərazilərin boşaldılmasına dair üzərinə öhdəlik götürəcəyi təqdirdə Azərbaycan istənilən vaxt döyüşləri dayandırmağa hazırdı: "Əgər Ermənistanın baş naziri işğal olunmuş əraziləri boşaldacağına dair ictimaiyyət qarşısında üzərinə öhdəlik götürərsə, biz dayanarıq".
Göründüyü kimi, İlham Əliyev əvvəlcədən Ermənistana çıxış yolunu göstərirdi. Amma sonda yenə də Azərbaycan Prezidentinin söylədikləri gerçəkləşdi. Ermənistan rəhbərliyi vaxtında torpaqlarımızın boşaldılması ilə bağlı təqvimi hazırlayıb təqdim etsəydi, bu gün tarixinin ən acınacaqlı gününə düşməzdi. 
Müharibə dövrünə nəzər yetirsək, digər bir həqiqətə də şahidlik edərik. Belə ki,  savaş gedən günlərdə Ermənistanın rəzil günə düşdüyünü görən havadarları, bəzi beynəlxalq təşkilatlar, dövlətlər Azərbaycana təzyiqlər göstərilməsinə cəhd etsələr də, Ali Baş Komandanın qətiyyəti zərrə qədər sarsılmadı. Əksinə, İlham Əliyev həmin qüvvələrə dəfələrlə mesaj ünvanlayaraq bəyan etdi ki, Azərbaycan ədalət, milli qürur savaşına başlayıb və buna görə də heç kim onu dayandıra bilməz. Bu fikirlər hər bir azərbaycanlını daha da qürurlandırdı və xalq əzm, iradə, cəsarət göstərərək bütün  təxribatlara sinə gərdi.
İki il sonra İlham Əliyev Laçından həmin qüvvələrə, Azərbaycanı boş yerə ittiham edənlərə, Ermənistanın sülh sazişinə imza atmasına əngəl yaratmaq istəyənlərə üzünü tutaraq dedi ki, ağlınızı başınıza yığın, onsuz da acınacaqlı durumda olan bir ölkəni uçuruma yuvarlamayın, Ermənistanın yeganə çıxış yolu sülh sazişini imzalamaqdır. Əgər bu proses uzanarsa, Azərbaycana qarşı təxribatlar davam edərsə, itirən, yenilən, məhv olan yenə də Ermənistan olacaq. 

 

Yenə də peşman olan tərəf Ermənistan olacaq

 

Prezident bir daha xatırlatma edərək bəyan etdi ki, Azərbaycan Ermənistanla sülh müqaviləsini imzalamaq üçün 5 prinsip təklif edib.  Bu ölkənin rəhbərliyi sözdə bu təklifi qəbul etsə də, əməlində görünmür. 
Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşəbbüsü ilə keçirilən üçtərəfli görüşdə də İlham Əliyevin 5 prinsipi ilə razılaşdığını səsləndirmişdi. Bundan sonra tərəflər sülh müqaviləsinin mətninin hazırlanması üçün XİN rəhbərlərinə bir ay vaxt vermişdilər. Amma erməni təxribatları bir daha göstərdi ki, bu ölkə yenə də öz xislətinə uyğun hərəkət edir.   Yəni, yenə də vaxt uzatma taktikasını seçib... 
İlham Əliyev bu məsələyə bir daha toxunaraq vurğuladı ki, Ermənistanın 2020-ci il noyabrın 10-da imzaladığı kapitulyasiya aktına əsasən, erməni silahlı qüvvələri Qarabağdan çıxarılmalı idi. Amma hələ də tam çıxarılmayıb. Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasının birləşməsini təmin edən dəhliz verməli idi. Bu günə qədər nəinki dəhliz verilməyib, hətta dəhlizin marşrutu bizə deyilməyib. Demək olar, heç bir praktiki iş aparılmayıb. 
Bu azmış kimi, üstəlik, son aylar ərzində dəfələrlə Azərbaycana qarşı hərbi təxribatlar törədilib. Təkcə Laçın rayonu ərazisində 1400-dən çox yeni mina döşənib və özü də bu minalar 2021-ci ildə basdırılıb. Yəni, müharibədən sonra. Prezident bunu Azərbaycana qarşı açıq terror hərəkəti adlandıraraq bildirdi ki, müharibədən sonra 240-dan çox Azərbaycan vətəndaşı mina partlayışı nəticəsində ya həlak olub, ya da ağır yaralanıb. Yəni, Azərbaycana qarşı müharibə davam edir. 
Qalib Komandan qətiyyətlə vurğuladı ki, buna imkan vermək olmaz: "Heç vaxt buna imkan verə bilmərik. Ermənistanı dəfələrlə xəbərdar etmişik, bu çirkin əməllərdən əl çəksin, peşman olacaq".
Göründüyü kimi, Ermənistan rəhbərliyi yenə də havadarlarına arxalanaraq sülh danışıqları prosesini qəsdən uzadır. Amma bu ölkənin rəhbərliyi yaxşı anlayır ki, vaxtı uzatmaq onların özlərinə zərər vurur. Sosial-iqtisadi bataqlıqdan qurtulmaq üçün Ermənistanın çıxış yolu yalnız sülh müqaviləsindən keçir. Onsuz da Azərbaycan torpaqlarını işğaldan azad edib və hazırda Qarabağ və Şərqi Zəngəzurda misli görünməmiş yenidənqurma işləri aparılır. İşğaldan azad edilmiş torpaqlarımızda Azərbaycan bayrağı dalğalanır və o bayrağın kölgəsi Zəngəzur dəhlizinə düşür. Tezliklə Azərbaycan bu dəhlizin də açılmasına nail olacaq. 
İlham Əliyevin söylədiyi kimi, üçrəngli bayrağımız o torpaqlarda əbədi dalğalanacaq və Azərbaycan xalqı doğma yurd-yuvasında əbədi yaşayacaq!

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video