16 Avqust 2024 09:02
7397
SİYASƏT
A- A+
SƏRHƏDLƏRİN KEŞİYİNDƏYİK!

SƏRHƏDLƏRİN KEŞİYİNDƏYİK!

 

"İstənilən ölkənin təhlükəsizliyi onun sərhədlərinin təhlükəsizliyi ilə təmin olunur. Sərhədlər nə qədər etibarlı qorunarsa, o qədər də vətəndaşlarımız sülh və əmin-amanlıq şəraitində yaşayacaqdır. Buna görə biz Azərbaycanda sərhəd xidmətinin inkişafına böyük diqqət yetirmişik və yetirəcəyik".

İlham ƏLİYEV, 
Azərbaycan Respublikasının Prezidenti, 
Silahlı  Qüvvələrin  Ali  Baş  Komandanı  


Sərhəd Mühafizəsinin tarixi, bərpası və intibah dövrü

 

Bu gün Azərbaycan Sərhəd Mühafizəsi özünün 105 illik şərəfli yubileyini Dövlət Sərhəd Xidmətinin yaradıcısı, Ulu Öndər Heydər Əliyevin və onun siyasi irsinin davamçısı, Azərbaycan tarixinin ən Böyük Sərkərdəsi, Prezident cənab İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı altında çətin və şərəfli inkişaf yolu keçərək güclü sərhəd mühafizə infrastrukturuna, peşəkar kadrlara, müasir silah-texnikaya malik olan,  iqlim və relyefindən asılı olmayaraq Vətənimizin quru və su sərhədlərini sayıqlıqla qorumağa qadir olan bir qurum kimi qarşılayır.
XX əsrin əvvəllərində Azərbaycanın sərhəd mühafizə qüvvələrinin formalaşdırılması Şərqdə ilk demokratik respublikanın adı ilə bağlı olmuşdur. Milli parlament 1919-cu il avqustun 18-də ölkə ərazisində 99 sərhəd mühafizə postunun yaradılmasını nəzərdə tutan Azərbaycan Respublikasının Sərhəd Mühafizəsinin təsis edilməsi haqqında qanun qəbul etmişdi. Təəssüf ki,  Azərbaycan Demokratik Cümhuriyyətinin süqutu ilə sərhəd mühafizəsi istiqamətində görülən işlər də yarımçıq qalmışdı. Lakin qısamüddətli fəaliyyət nəticəsində sərhəd və sərhədçi anlayışı dövlət müstəqilliyinin vacib atributu kimi şüurlara həkk olunmuşdu.
Danılmaz həqiqətdir ki, Azərbaycanın sərhəd mühafizəsinin keyfiyyətcə yenidən təşkili, formalaşdırılması və inkişafı müasir tariximizin yaradıcısı, müasir Azərbaycan dövlətinin qurucusu, dövlətimizin müstəqilliyini əbədi və dönməz edən Dahi Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Müasir sərhəd təhlükəsizliyinin təmin edilməsi sahəsində müstəqillik illərində əldə olunmuş bütün nailiyyətlərin əsasını Heydər Əliyevin XX əsrin 60-cı illərindən başlayan ardıcıl, məqsədyönlü fəaliyyəti təşkil etmişdir.
Dahi Öndər SSRİ dönəmində milli sərhədçi kadrların hazırlanması məsələlərinə xüsusilə həssaslıqla yanaşmışdır. Həmin dövrdə Sərhəd Qoşunlarında azərbaycanlıların sayının az olması Heydər Əliyevin diqqətindən kənarda qalmamış, azərbaycanlı zabitlərin xidmətdə irəli çəkilməsinə Ulu Öndər tərəfindən xüsusi diqqət yetirilmişdir. 1967-ci ilə qədər Azərbaycanda yerləşən Sərhəd Qoşunlarının hissələrində milliyyətcə azərbaycanlı olan sərhədçilər sırasında yalnız 1 nəfər - Mustafa Nəsirov polkovnik rütbəsində olduğu halda on il sonra vəziyyət xeyli dəyişmişdir. Heydər Əliyevin xüsusi diqqəti nəticəsində 1970-ci illərin sonlarında Sərhəd Qoşunlarında artıq onlarca azərbaycanlı zabit zastava rəisi, sərhəd komendantlığı komendantı, hərbi hissə komandiri, əlahiddə sərhəd-buraxılış məntəqəsinin rəisi vəzifələrində xidmət edirdilər. 
Milli Silahlı Qüvvələrin, o cümlədən Sərhəd Qoşunlarının peşəkar zabit heyəti ilə komplektləşdirilməsinə ünvanlanmış müstəsna əhəmiyyətli addımlardan biri də 1971-ci ildə Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılması oldu. Milli hərbi kadrlar yetişdirmək məqsədilə təsis edilmiş, SSRİ dönəmində ittifaqın hər yerində qeyri-rəsmi olaraq "Heydər Əliyev məktəbi" kimi tanınan bu təhsil ocağının milli ordu quruculuğunda danılmaz xidmətləri vardır. 
Dahi Öndər hələ o vaxt xalqımızın müstəqilliyini düşünmüş, ona göstərilən təzyiqlərə baxmayaraq bu hərbi məktəbin əsasını qoymuş, bununla da tarixdə ilk dəfə olaraq azərbaycanlıların öz vətənində hərbi təhsil almalarına şərait yaratmışdır.
1991-ci il dekabr ayının 16-da Dövlət Sərhədini Mühafizə Komitəsi yaradılsa da, ölkədəki ağır siyasi-iqtisadi vəziyyət və sərhədçi kadrların azlığı, Azərbaycandan çıxan sovet sərhədçilərinin törətdiyi təxribatlar sərhədlərimizin qorunması sahəsində təxirəsalınmaz tədbirlərin görülməsinə imkan vermirdi. O zaman Naxçıvan ərazisindəki sərhədlərimizdə vəziyyət getdikcə ağırlaşırdı. Həmin ərəfədə sovet sərhədçiləri Naxçıvan Ali Məclisinə tabe olmamaq üçün hər vasitəyə əl atırdılar. Lakin onların qarşısında qoyulan tələb çox qətiyyətli idi. Onlar ya Azərbaycan qanunlarına tabe olmalı, ya da Naxçıvanı tərk etməli idilər. Belə bir vəziyyətdə Naxçıvan Ali Məclisinin sədri vəzifəsində çalışan Heydər Əliyevin qətiyyəti, siyasi iradəsi və böyük nüfuzu sayəsində 1992-ci il avqust ayının 22-də Naxçıvan sərhəd dəstəsinin yaradıldığı elan edildi. Həmin il sentyabr ayının 29-da isə sovet sərhədçiləri Naxçıvan torpağını tərk etdilər. Özü də bütün hərbi əmlakı, silah-sursatı tam şəkildə Naxçıvanda qoyub getdilər. Bu tarixi fakt da milli xilaskarımızın öz xalqına göstərdiyi misilsiz xidmətlərdən biri idi.
Sərhədçilərimiz çox qısa müddətdə öz sərhədlərimizi qorumağa qadir olduqlarını nümayiş etdirdilər. Milli sərhəd qoşunlarımızın əsgərləri ilk dəfə 1992-ci ilin iyun ayının 16-da şimal sərhədlərinin mühafizəsinə çıxdılar. Yalama Nəzarət-Buraxılış Məntəqəsinin yaradılması ilə uzun fasilədən sonra iki dövlət arasında sərhədlərin yenidən mühafizə edilməsi sahəsində ilk addımlar atıldı. Xidməti fəaliyyətə başladığı ilk günlərdə nəzarət-buraxılış məntəqəsində  sərhəd xidmətinin tələblərə uyğun təşkili və aparılması üçün lazımi şəraitin olmamasına baxmayaraq şimal sərhədlərimizin ilk sərhədçiləri böyük əzmkarlıq və iradə nümayiş etdirərək vəzifələrinin icrasına tam məsuliyyətlə yanaşmış, xidmət zamanı qarşılarına çıxan çətinlikləri peşəkarcasına dəf etməyi bacarmışlar. Həmin ərəfədə Samur körpüsünə hücum edərək sərhəd postunu dağıtmağa cəhd göstərən təxribatçı qrupun qarşısı sərhədçilərimiz tərəfindən peşəkarlıqla alınmışdır. Ölkədəki siyasi vəziyyətlə əlaqədar olaraq bu kimi hallar sonrakı dövrlərdə də baş vermiş, lakin məntəqənin kifayət qədər hazırlıqlı olan şəxsi heyəti yerli əhali ilə heç bir münaqişəyə girmədən sərhəddə sabitlik yaratmağa nail ola bilmişdir.  
Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışından sonra bütün sahələrdə olduğu kimi, Sərhəd Qoşunlarında da mühüm islahatlar dövrü başlandı. Milli Sərhəd Qoşunlarının əsasən formalaşdığı 1993-2002-ci illərdə dövlət sərhədlərinin etibarlı mühafizəsinin təşkili sahəsində görülmüş tədbirlər nəticəsində Azərbaycanın Rusiya Federasiyası və Gürcüstan Respublikası ilə dövlət sərhədlərində Xudat, Şəki, Zaqatala, Şəmkir sərhəd dəstələri yaradıldı, şəxsi heyətin döyüş hazırlığının yüksəldilməsi və qoşunların maddi-texniki təminatının gücləndirilməsi istiqamətində mühüm addımlar atılmağa başlanıldı.
Kadr hazırlığı məsələləri müstəqillik illərində də böyük dövlət xadiminin daim diqqət mərkəzində idi. 1992-ci ildən Müdafiə Nazirliyinin tabeliyində olan Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbində sərhədçi zabitlərin hazırlanmasına başlanıldı. Lakin sərhəd mühafizəsinin spesifik xüsusiyyətləri nəzərə alınaraq, Dahi Öndər 1998-ci il dekabr ayının 1-də Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasının yaradılması haqqında fərman verdi. Akademiyada yaradılmış Sərhəd Qoşunları fakültəsi Dövlət Sərhəd Xidmətinin peşəkar kadrlarla təmin edilməsində mühüm rol oynadı.   
Dahi Öndər Heydər Əliyevin 2000-ci il avqust ayının 16-da imzaladığı fərmanla 18 avqust sərhədçilərin peşə bayramı günü kimi təsbit olunmuşdur. Bununla da Azərbaycanda dövlətçilik ənənələrinin dərin köklərə söykəndiyi və bu əlamətdar günün yalnız Azərbaycan sərhədçiləri üçün deyil, xalqımız və dövlətçilik tariximiz üçün də mühüm olduğu nümayiş etdirilmişdir. 
Milli sərhədçi kadrların hazırlanmasına xüsusi önəm verən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev 2007-ci il iyun ayının 12-də Dövlət Sərhəd Xidmətinin Akademiyasının yaradılması barədə sərəncam imzalamışdı. 2010-cu il avqust ayının 10-da Dövlət Sərhəd Xidmətinin akademiya kompleksi istifadəyə verilmiş və açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak etmişdi. Akademiyada kursantların sərhədçi peşəsinə yiyələnmələri, fiziki hazırlıqlarının yüksəldilməsi və asudə vaxtlarının səmərəli təşkil edilməsi üçün bütün şərait yaradılmışdır. 
Milli sərhədçi kadrların hazırlığı istiqamətində görülən işlər sırasında Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin yaradılması mühüm yer tutur. Əsas məqsədi ölkə Prezidentinə, dövlətinə, xalqına sadiq, yüksək səviyyədə təlim və təhsil almış, fiziki və mənəvi cəhətdən sağlam, vətənpərvər Azərbaycan övladlarının yetişdirilməsi olan xüsusi məktəbin məzunları artıq Dövlət Sərhəd Xidməti Akademiyasında təhsil alırlar. Fəaliyyət göstərdiyi qısa müddət ərzində Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbi ölkəmizdə çox böyük nüfuz qazanmışdır. Məktəbdə təhsil almaq arzusunda olanların sayının qəbul planından dəfələrlə çox olmasını, məktəbə olan xüsusi marağı nəzərə alaraq Heydər Əliyev Fondunun dəstəyi ilə  məktəbin yeni inşa edilmiş ən yüksək standartlara cavab verən tədris korpusunun 2018-ci il mart ayının 5-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın iştirakı ilə istifadəyə verilməsi kursantların sayının 3 dəfəyədək artırılması imkanını yaratmışdır. 

 

Sərhəd Mühafizəsinin inkişafı, yeni texnologiyaların və pilot layihələrin tətbiqi

 

Dahi Öndər Heydər Əliyevin müəyyən etdiyi milli sərhəd təhlükəsizliyi strategiyasının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı altında həyata keçirilməsi sayəsində xidməti-döyüş fəaliyyətində ciddi uğurlar əldə olunmuşdur. Məhz bunun nəticəsidir ki, Azərbaycan Sərhəd Mühafizəsi bu gün şəxsi heyətinin peşəkarlığına, silah və hərbi texnika ilə təchizatına, ən əsası isə xidməti-döyüş fəaliyyətinin göstəricilərinə görə təkcə regionda deyil, Avropa miqyasında aparıcı mövqeyə yüksəlmişdir. 
Dövlət Sərhəd Xidmətinin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə yeni silahlar, döyüş texnikası, xüsusi avadanlıqlar, yüksək manevrli və keçid qabiliyyətli nəqliyyat vasitələri, sualtı əməliyyat və müşahidə, istehkam avadanlığı və qoruyucu vasitələr alınır. Sərhəd məntəqələrində bir neçə ildir ki, səyyar radiolokasiya sistemləri tətbiq olunur. Sərhəd zastavalarının daxili təhlükəsizliyi üçün texniki vasitə komplekslərinin və çevik müşahidə postlarının tətbiqi, sərhəd məntəqələrinin istiliyə həssas olan səyyar və stasionar müşahidə vasitələri ilə komplektləşdirilmiş elektron-optik vasitələrlə təchiz edilməsi, rəqəmsal informasiya-telekommunikasiya texnologiyası əsasında qurulmuş vahid elektron informasiya sisteminin yaradılması istiqamətində uğurlu tədbirlər həyata keçirilir. 
Bununla yanaşı, ölkəmizin MDB regionunda telekommunikasiya peykinə sahib olan üç ölkədən birinə, Qafqaz regionunda isə yeganə dövlətə çevrilməsi, kosmik sənayenin yaradılması və milli peyklərimizin orbitə çıxarılması bir çox digər sahə ilə yanaşı, dövlət sərhədlərinin mühafizəsi istiqamətində də yeni imkanlar yaratmışdır.  
Azərbaycan Respublikası Prezidentinin 18 fevral 2005-ci il tarixli sərəncamı ilə DSX-nin Sahil Mühafizəsi yaradılmışdır. 2008-ci ilin noyabr ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Türkan qəsəbəsində Sahil Mühafizəsinin yeni bazası istifadəyə verilmişdir. Xızı, Astara, Lənkəran, Türkan, Yalama, Neftçala texniki-müşahidə məntəqələrində xidmətin təşkili və aparılması təmin olunmuş, Astara şəhərində müasir tələblərə cavab verən Cənub katerlər divizionu yaradılmışdır. Hazırda Xəzərin Azərbaycan sektorunda hərəkət edən bütün obyektlər radarlar vasitəsilə fasiləsiz müşahidə edilir. 
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin 2014-cü il iyul ayının 18-də Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzinin açılışını etməsi, 2015-2019-cu illərdə 6 dəfə həmin mərkəzdə inşası yekunlaşmış sərhəd gözətçi gəmiləri və yeni istifadəyə verilən müasir itisürətli qayıqlarla, xüsusi texnika ilə tanış olması dəniz sərhədlərimizin muhafizəsinə göstərilən ali diqqət və qayğının təzahürüdür.
Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində inşa olunaraq döyüş sıralarına daxil edilən "Tufan" və "Şahdağ" tipli sərhəd gözətçi gəmiləri mürəkkəb şəraitdə sürətli üzmə qabiliyyətinə malik olmaqla mükəmməl naviqasiya və rabitə-radiotexnika avadanlığı, müasir silahlar, o cümlədən raketlər və raket silahlarına qarşı komplekslər, gecə-gündüz görmə müşahidə sistemləri və hidroakustik qurğu ilə təchiz edilib. Xəzər dənizində ağır üzmə şəraitində xidməti vəzifələrini yerinə yetirə bilən və itisürətli qayıqla təchiz olunmuş, göyərtəsinə helikopterin enməsi mümkün olan yeni gəmilərdən dövlət sərhədlərinin mühafizəsi, sərhədboyu rejimin təmin olunması, neft-qaz ehtiyatlarının hasilatı və nəqli infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi istiqamətində xidməti vəzifələrin icrası zamanı uğurla istifadə edilir.
Ölkəmizə gələn qonaqları qarşılayan ilk şəxslər sərhədçilər olduğundan respublikamız haqqında ilk təəssürat da məhz bu görüş zamanı formalaşır. Bu səbəbdən də dövlət sərhədindən buraxılış məntəqələrində sərhəd nəzarətinin yüksək səviyyədə təşkil edilməsi xüsusi əhəmiyyət kəsb edən məsələlərdəndir. 
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, dövlət sərhədindən buraxılış məntəqələrində xidməti fəaliyyətin ən yüksək tələblər səviyyəsində təşkil olunması, dövlət sərhədindən keçən şəxslərin sənədlərinin yoxlanılması və viza prosedurlarının optimallaşdırılması, əcnəbilərin ölkəyə gəlmə və ölkədən getmə proseslərinin daha təkmil səviyyədə tənzimlənilməsinə nail olunması, xidmətdə ən müasir texniki vasitələrin tətbiqi, şəxsi heyətin peşəkarlığı sərhəd nəzarətinin etibarlığını daha da artırmışdır. 
Sərhədçilərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı əsasında Bakı şəhərində 714 mənzilli yaşayış binaları tikilmiş, 624 mənzildən ibarət yaşayış şəhərciyinin inşası və güzəştli ipoteka şərtləri ilə DSX əməkdaşlarının mülkiyyətinə verilməsi layihəsi uğurla icra olunmuş, 165 binadan ibarət 2293 xidməti mənzil əsaslı təmir edilərək sərhədçilərin istifadəsinə verilmişdir. Xüsusi vurğulamaq istəyirəm ki, işğaldan azad olunmuş Cəbrayıl şəhərində 146 mənzilli yaşayış evi, 114 nəfərlik yataqxana, Qubadlı şəhərində isə 86 mənzilli yaşayış evi əsaslı təmir olunaraq sərhədçilərin istifadəsinə verilmişdir.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin Dövlət Sərhəd Xidmətinin tərkibində silahlı birləşmələrin yaradılması barədə qərar verməsi, bununla əlaqədar idarəetmə sisteminin təkmilləşdirilməsi, aparatın yeni struktur qurumlarının, silahlı birləşmələrinin idarəetmə orqanlarının fəaliyyətinin təşkil olunması və şəxsi heyətlə komplektləşdirilməsi Azərbaycan Sərhəd Mühafizəsinə ən yüksək etimadın göstəricisidir. 
Müasir dövrdə bütün bəşəriyyəti narahat edən, ən ciddi sosial bəlalardan biri olan narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı qətiyyətli mübarizə aparan dövlətlərdən biri də Azərbaycandır. Ölkəmizdə bu istiqamətdə atılan qətiyyətli addımlar nəticəsində son illərdə mühüm uğurlar qazanılmışdır. Bu uğurların əldə olunmasında Azərbaycan sərhədçilərinin fədakar xidmətləri danılmazdır. Belə ki, Dövlət Sərhəd Xidmətinin fəaliyyəti dövründə sərhədçilərimiz tərəfindən ölkəmizin hüdudlarının etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsi, qaçaqmalçılıq və qeyri-leqal miqrasiyaya qarşı mübarizə tədbirləri nəticəsində 14 ton 268 kq narkotik vasitənin, 12 min 72 sərhəd pozucusunun, 162 min 273 nəfər rejim pozucusunun, 44 min 717 nəfər axtarışda olan şəxsin və təxmini dəyəri 224 milyon 718 min 931 manat olan qaçaqmalın dövlət sərhədindən keçirilməsinin qarşısı alınmışdır.
Bu illər ərzində Dövlət Sərhəd Xidməti tərəfindən Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyətinin aşkarlanması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində xarici xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb edilən 50 nəfər və əlaqədə şübhəli bilinən 110 nəfər Azərbaycan, 28 nəfər xarici vətəndaş aşkar olunmuş, terrorçuluğa qarşı mübarizə çərçivəsində xaricdə münaqişə zonasında döyüşmüş 108 şəxs saxlanılmış, bu kontingentə aid 419 nəfərin şəxsiyyəti müəyyənləşdirilərək dövlət sərhədində hərəkətləri nəzarətə götürülmüşdür. Qanunsuz miqrasiya, qaçaqmalçılıq, o cümlədən narkotik qaçaqmalçılığı ilə məşğul olan 186 mütəşəkkil dəstə zərərsizləşdirilmişdir.

 

Şanlı Qələbənin memarı, sərhədçilərin Vətən müharibəsində və antiterror əməliyyatlarındakı rolu

 

Bu Tarixi Zəfərin müəllifi və ən əsas təminatçısı - siyasətilə, iradəsilə, qətiyyətilə, cəsarətilə bütün dünyanın təzyiqlərinə baxmayaraq, həm döyüş meydanında, həm diplomatiya müstəvisində, həm də informasiya müharibəsində düşmənə sarsıdıcı və həlledici zərbələr vuran məhz Azərbaycan tarixinin ən Böyük Sərkərdəsi, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevdir.
Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Sərhəd Mühafizəsi son 21 il ərzində ciddi və şərəfli yol keçərək Vətən müharibəsinə öz töhfələrini verdi. Vətən müharibəsinin  Qələbəyə aparan yolda şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksəldilməsi üzrə bayraq yürüşləri mühüm rol oynadı. Cəmi 44 günə tarixə çevrilməsi reallıq olsa da, lakin həmin 44 gün üçün müvafiq şəraitin, yetərli gücün əldə edilməsi heç də qısa zamanda baş vermədi. Bu, illər boyu çəkilən zəhmətin, aparılan müstəqil siyasətin, hücum diplomatiyasının və qətiyyətli qərarların sayəsində reallaşdı. 
DSX-nin Çevik Hərəkət Qüvvələrinin formalaşdırılması və xüsusi hazırlıqlı peşəkar heyətlə komplektləşdirilməsi, ən yüksək tələblərə cavab verən silahlar, döyüş sursatları və hərbi ləvazimatla təchiz olunması, real döyüş təcrübəsinin əldə edilməsinə xüsusi ciddi önəmin verilməsi əsas məqamlardan birinə çevrildi.

2016-cı ilin Aprel döyüşlərində düşmən və onun havadarları Azərbaycan Silahlı Qüvvələrinin nəyə qadir olduğunu gördü. Düşmən təxribatına cavab olaraq onun alınmaz hesab etdiyi mövqelərinin, dislokasiya yerlərinin, komanda-dayaq məntəqələrinin, qərargahların bir neçə gün ərzində darmadağın edilməsi zamanı da Dövlət Sərhəd Xidməti qarşısında qoyulmuş bütün döyüş tapşırıqları yüksək səviyyədə icra olundu, o cümlədən "Harop" zərbəendirici pilotsuz uçuş aparatlarının ilk döyüş tətbiqi nəticəsində düşmənə sarsıdıcı zərbələr endirildi.
2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev Azərbaycanın sərhəd mühafizəsinin potensialını nəzərə alaraq, Qazax-Ağstafa rayonları ərazisində Azərbaycan-Ermənistan dövlət sərhədinin mühafizəsini sərhədçilərə həvalə etdi. Müzəffər Ali Baş Komandanımızın bu tapşırığının icrası şərəf borcumuz, fərəh və qürur mənbəyimiz oldu.
Qazax-Ağstafa rayonları ərazisində Azərbaycan-Ermənistan dövlət sərhədi tərəfimizdən mühafizəyə götürüldükdən qısa müddət sonra Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Qazax" əlahiddə sərhəd diviziyası formalaşdırıldı, bilavasitə düşmənlə təmas xəttində sərhəd-döyüş məntəqələri, "Qazax" əlahiddə sərhəd diviziyasının qərargah kompleksi də daxil olmaqla 5 hərbi hissə kompleksi tikilərək istifadəyə verildi. Xüsusi əməliyyatlar nəticəsində döyüş mövqelərinin dövlət sərhəd xəttinə daha yaxın yerləşdirilməsinə, ərazidəki mühüm strateji yüksəkliklərin ələ keçirilməsinə, həmsərhəd ərazinin böyük bir hissəsinin nəzarətdə saxlanılmasına nail olunmaqla düşmənin yerli sakinlərə qarşı təxribat törətmək imkanlarının qarşısı alındı. 
2020-ci ilin sentyabrında Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Silahlı Qüvvələrimizə əks-hücum əməliyyatlarına başlanılması barədə döyüş tapşırığı verdi. Azərbaycan Silahlı Qüvvələri Müzəffər Komandanın "Dəmir yumruq" əməliyyatının icrasına başladı. 
Döyüş əmrini alan Dövlət Sərhəd Xidməti dərhal bütün qüvvə və vasitələrini tam səfərbər etdi. Müzəffər Ali Baş Komandanımızın əmrini icra edərək, təmas xəttindən Ermənistanla dövlət sərhədinədək böyük bir ərazini işğaldan azad etdi. 24 saat ərzində 105 kilometr məsafədə ildırımsürətli hücumla düşmənə sarsıdıcı zərbələr endirməklə, yüzlərlə canlı qüvvəsi məhv edildi. 
44 günlük savaşda Azərbaycan sərhədçiləri qədim Xudafərin körpüsündə, ardınca Zəngilan şəhərində və Zəngilan rayonunun Ağbənd qəsəbəsində Dövlət Bayrağımızı ucaltdılar, Ermənistanla dövlət sərhədində Bartaz və Şükürataz strateji yüksəkliklərini azad etdilər. Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının, Hadrut qəsəbəsinin və Şuşa şəhərinin azad olunmasında Azərbaycan sərhədçiləri qəhrəmanlıq və igidlik nümunələri göstərdilər.
Vətən müharibəsinin ən şərəfli səhifələrindən biri noyabrın 8-də Qarabağın incisi və Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşanın işğaldan azad edildiyi gün oldu. 44 günlük Vətən savaşında həlledici qələbənin əldə olunması üçün strateji əhəmiyyət kəsb edən Şuşa şəhərinin azad edilməsində Azərbaycan Silahlı Qüvvələrinin xüsusi təyinatlıları ilə yanaşı, DSX-nin çevik hərəkət qüvvələrinin hərbi qulluqçuları da əsl rəşadət nümunələri göstərərək öz şərəfli missiyalarını yerinə yetirdilər, bununla yanaşı, Xankəndidən Şuşa istiqamətində hərəkət edən düşmənin zirehli kolonu və yaylım atəş sistemləri "Harop" zərbəendirici PUA-nın tətbiqi nəticəsində məhv edildi.
Müharibənin gedişi zamanı DSX-nin hərbi qulluqçularının əldə etdiyi əməliyyat məlumatları əsasında erməni mənşəli Suriya, Livan və Fransa vətəndaşlarının Azərbaycan Respublikasına qarşı döyüş əməliyyatlarında iştirak etmək üçün muzdlu qismində Dağlıq Qarabağ ərazisinə gətirilməsi müəyyən edildi. Əsasən Şuşa şəhərinin müdafiəsinə cəlb olunmuş muzdlu dəstələrin dislokasiya yerləri, manevrləri, döyüş planları barəsində əldə edilmiş əməliyyat məlumatları əsasında müvafiq tədbirlər görüldü. Dörd halda verilmiş dəqiq koordinatlar əsasında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin dəqiq atəş zərbələri nəticəsində Şuşa şəhəri ətrafinda yerləşdirilmiş və əsasən muzdlu döyüşçülərdən ibarət olan 470 nəfərlik terrorçu dəstə çoxsaylı itkilər verdi.
Vətən müharibəsində ən müasir hərbi texnologiyalardan, kəşfiyyat və zərbəendirici pilotsuz uçuş aparatlarından, Ermənistan ordusu üçün gözlənilməz döyüş üsullarından istifadə edən Silahlı Qüvvələrimiz uzun illər ərzində döyüş hazırlığı sahəsində düşməni xeyli qabaqladığını, yeni döyüş əməliyyatları modelinə yiyələndiyini bütün dünyaya nümayiş etdirdi. Bu müharibə pilotsuz uçuş aparatlarının intensiv tətbiq olunduğu ilk böyükmiqyaslı savaş kimi hərb tarixinə yazıldı.
DSX-nin "Harop," "Quzğun" və "Hermes" pilotsuz uçuş aparatlarının peşəkar tətbiqi nəticəsində düşmənin strateji əhəmiyyətli döyüş texnikaları, zenit-raket kompleksləri, o cümlədən 8 ədəd "S-300" raket kompleksi, tankları, zirehli döyüş maşınları, komanda-idarəetmə məntəqələri, ümumilikdə 291 düşmən hədəfi böyük məharətlə zərərsizləşdirildi. Zəngilan rayonunda Bartaz və Şükürataz yüksəkliklərinin düşməndən azad edilməsi zamanı çevikçilərimizin atıcı silahlardan açdıqları atəş nəticəsində onların üzərinə həmlə edən düşmənin "SU-25" hərbi təyyarəsi məhv edildi. Havada və döyüş meydanında üstünlüyü tam ələ alan pilotsuz uçuş aparatları sayəsində düşmənin illər boyu güvəndiyi hərbi gücü dəmir tullantısına çevrildi. Bu döyüş əməliyyatları zamanı "Harop" və "Bayraktar-TB2" PUA-larının birgə döyüş tətbiqi üzrə unikal hərbi təcrübə formalaşdırıldı.
Füzuli rayonunun Horadiz kəndi istiqamətindən əks-hücum həmləsini həyata keçirmək niyyətində olan düşmənin 12 tankı 2 saat ərzində Dövlət Sərhəd Xidmətinin "Harop" zərbəendirici pilotsuz uçuş aparatlarının tətbiqi nəticəsində məhv edildi.
DSX-nin Vətən müharibəsində müvəffəqiyyətlə tətbiq olunan bu yeniliyi dünya hərb məktəblərində müzakirə edilən mövzular sırasındadır. İstismar müddətini başa vurmuş, mənəvi cəhətdən köhnəlmiş "AN-2" təyyarələrinin modernləşdirilərək pilotsuz uçuş aparatı kimi müasir döyüş elementləri sırasına əlavə edilməsi peşəkar hərbi yanaşmanın parlaq ifadəsi oldu. Bu təyyarələrin xüsusi tətbiqi nəticəsində düşmənin hava hücumundan müdafiə sistemləri və digər strateji hədəfləri aşkarlanaraq  zərərsizləşdirildi. 
Ölkə ərazisinin 20 faizinin, o cümlədən İranla dövlət sərhədinin 132 kilometr, Ermənistanla dövlət sərhədinin 500 kilometrədək sahəsinin Ermənistan tərəfindən işğalına son qoyuldu. 
Azərbaycan tarixinin ən qüdrətli Sərkərdəsi, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin eyni zamanda bir neçə müstəvidə fədakarcasına apardığı mübarizə, xalqımızın Ali Baş Komandan ətrafında "dəmir yumruq" kimi birləşməsi, Silahlı Qüvvələrimizin hərbi taktiki və strateji üstünlüyü, hərbçilərimizin yenilməz döyüş ruhu 44 günlük müharibədə Ermənistan üzərində parlaq Qələbəni təmin etdi.
Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu istiqamətində genişmiqyaslı təxribatının qarşısı qəhrəmancasına alındı, düşmənin canlı qüvvəsi, artilleriya və minaatanlarla yanaşı, döyüş postları, dayaq məntəqələri, atəş nöqtələri zərərsizləşdirildi. Döyüş əməliyyatları zamanı "Harop" və "Quzğun" zərbəendirici PUA-larının döyüş tətbiqi nəticəsində düşmənə uzaq məsafədən ölkəmizin hava məkanını nəzarətdə saxlamaq imkanı verən  2 ədəd "S-300" divizionu, 1 ədəd "S-125" ZRK buraxıcı qurğusu, 1 ədəd "S-125" ZRK-nın atəş tuşlama stansiyası, 1 ədəd "P-18" tipli radiolokasiya sistemi, 2 ədəd "Jilet" radioelektron mübarizə sistemi, 18 düşmən postu və çoxsaylı canlı qüvvəsi məhv edildi. Dəqiq zərbələr nəticəsində düşmənin hərbi sursat anbarı sıradan çıxarıldı və bu hərbi bazadakı yanğın saatlarca raketlərin və sursatların partlaması ilə müşayiət olundu.
İşğalçı düşmən qüvvələrinə qarşı böyük əzm və fədakarlıqla döyüşmüş sərhədçilərin döyüş məharəti yüksək qiymətləndirilib, onlar müxtəlif orden və medallarla təltif ediliblər. Döyüş əməliyyatları zamanı sonsuz rəşadət və şəxsi igidlik nümunələri göstərmiş 12 Azərbaycan sərhədçisi (onlardan 4 nəfər ölümündən sonra) "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülüb, 176 nəfər müxtəlif ordenlərlə, 5203 nəfər isə müxtəlif medallarla təltif olunub.
Vətən müharibəsində Dövlət Sərhəd Xidmətinin 47 hərbi qulluqçusu şəhid olub, 197 nəfər yaralanıb və ya müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Dövlət bayramlarında, şəhidlərin doğum və anım günlərində DSX-nin ali hərbi rütbəli zabitləri tərəfindən şəhid ailələrinə baş çəkilməsi, onların məzarlarının mütləq yad edilməsi təcrübəsi formalaşdırılıb. Qazilərin müalicəsinə, onlara müharibə veteranı adının verilməsi, sığorta və digər ödənişlərinin alınması üzrə sənədləşmə işlərinin aparılmasına xüsusi diqqət göstərilib, şəhid ailəsi üzvlərinin Dövlət Sərhəd Xidmətində hərbi xidmətə və işə qəbul edilmələrinə, şəhid övladlarının DSX-nin Xüsusi Məktəbində  təhsil almalarına tam şərait yaradılıb. 
İran İslam Respublikası ilə işğaldan azad olunmuş dövlət sərhədimizdə qısa müddət ərzində sərhəd zastavalarının fəaliyyəti bərpa edildi, Zəngilan, Qubadlı rayonlarından və Laçın rayonunun bir hissəsindən keçən Ermənistanla dövlət sərhədinin mühafizəsi və müdafiəsinin təşkilinə cavabdeh olan 19 yeni hərbi hissə kompleksi, 125 sərhəd-döyüş məntəqəsi, "Eyvazlı", "Qazançı" və "Laçın" dövlət sərhədindən buraxılış məntəqələri inşa olundu. Zəngilan və Füzuli beynəlxalq hava limanlarında sərhəd nəzarəti təşkil edildi. 
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin 2021-ci ilin 26 aprel və 4 oktyabr tarixlərində işğaldan azad olunmuş Cəbrayıl rayonunda, 20 oktyabr tarixində Zəngilan rayonunda, 25 oktyabr tarixində Qubadlı rayonunda DSX-nin yeni hərbi hissələrinə səfərlər və açılışlarında iştirak etməsi, 7 avqust 2023-cü il tarixdə Sərhəd Qoşunlarının "Qazax" əlahiddə sərhəd diviziyasının yeni hərbi hissə kompleksinin və 15 yanvar 2024-cü il tarixdə isə DSX-nin yeni hərbi hospitalının açılışı mərasimlərində iştirakı, hərbi hissələrin xidməti-döyüş fəaliyyətinin təşkili, hərbi qulluqçuların peşəkar və döyüş qabiliyyətinin artırılması üçün yaradılmış şəraitlə tanış olması Azərbaycan sərhədçilərində böyük ruh yüksəkliyi yaratmışdır. Bununla da Müzəffər Ali Baş Komandanın Azərbaycan sərhədçiləri ilə görüşlərinin ümumi sayının  44-ə çatdığını xüsusi qeyd etmək istərdim. Bu rəqəm sərhəd mühafizə orqanlarına dövlət başçısı tərəfindən göstərilən diqqət və ali qayğının unikal göstəricisi, Dövlət Sərhəd Xidmətinin fəaliyyətinə, görülən işlərə verilən yüksək qiymət olmuşdur. 
Silahlı Qüvvələrimizin sarsıdıcı zərbələri altında böyük itkilər verdiyini görən və sərhəd-döyüş məntəqələrimizə qarşı hərbi təxribat törətməklə çox ciddi yanlış addım atdığını başa düşən Ermənistanın hərbi-siyasi rəhbərliyi atəşkəs rejiminin bərpa olunması barədə müraciət etdi. 
Vətən müharibəsindəki Tarixi Zəfərimizdən sonra Azərbaycanın əsas strateji hədəflərindən biri Laçın yolunu və növbəti mərhələdə Azərbaycan sərhədlərinin birtərəfli qaydada nəzarətə götürülməsindən ibarət idi. Lakin Ermənistan tərəfi 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq, Azərbaycan ərazisinə, məhz Laçın yolu vasitəsilə Xankəndidə yerləşən qeyri-qanuni erməni silahlı qüvvələrinin şəxsi heyətinə silah və sursatın daşınması, terrorçuların keçidi, habelə təbii sərvətlərin və mədəni mülkiyyətin qanunsuz daşınmasını davam etdirirdi.
Qeyd edilən təhdidlər və təxribatlar nəzərə alınaraq, Laçın yolunun başlanğıcında sərhəd-nəzarət mexanizminin təsis edilməsi ilə yoldan hərəkət üzrə hərəkətin təhlükəsizliyinin təmin edilməsinə zərurət yarandı.
Beləliklə, 2023-cü il aprel ayının 23-də Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən həyata keçirilən zərgər dəqiqiliyi ilə planlaşdırlımış əməliyat nəticəsində bir güllə belə atılmadan qısa zaman ərzində ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqəsi quruldu və fəxarət rəmzimiz olan üçrəngli Dövlət Bayrağı qaldırılaraq Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə məruzə edildi. "Laçın" dövlət sərhədindən buraxılış məntəqəsinin qurulması ilə ölkəmiz suveren hüquqlarını və ərazi bütövlüyünü təmin etdi. Ermənistanın Qarabağ ərazisində olan qeyri-qanuni hərbi birləşmələrin mina, hərbi texnika və  silah-sursatla təmin etməsinə son qoyuldu.
Bu tarixi hadisəyə ən layiqli dəyər Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən verildi. 2023-cü il avqust ayının 26-da "Laçın Şəhəri Günü" bayram tədbirində Prezident İlham Əliyev bəyan etdi ki, "Bir daha iradə, cəsarət, öz gücünə əminlik nümayiş etdirərək biz bunu etdik. Nə qədər bizə təzyiqlər oldu, nə qədər hədə-qorxular oldu. Bu gün də davam edir, bu gün də müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində Ermənistan və onun arxasında dayananlar bizə qarşı müxtəlif fitnələr ortaya atırlar. Heç bir şey bizi yolumuzdan döndərə bilməz. 23 aprel bizim ərazi bütövlüyümüzün tam bərpası deməkdir. Sərhəd-buraxılış məntəqəsinin qurulması ərazi bütövlüyümüzün tam bərpası deməkdir və bunu biz beynəlxalq hüquq çərçivəsində etdik, biz öz ərazimizi qoruyuruq, öz sərhədlərimizi qoruyuruq və qoruyacağıq".
Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi, əlbəttə ki, Qarabağdakı separatçı qüvvələri, revanşistləri qorxuya saldı. Tez-tez təxribatlar törətməyə cəhd edənlər, qondarma "Dağlıq Qarabağ respublikasının keçmiş dövlət naziri" olmuş Ruben Vardanyan, Xocalıda insanlıq əleyhinə ağır cinayətlər törətmiş digər separatçılar Ermənistan Respublikası istiqamətində hərəkət etmək istəyərkən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının sayıqlığı nəticəsində "Laçın" dövlət sərhədindən buraxılış məntəqəsində saxlanılaraq cinayət məsuliyyətinə cəlb edildilər. 


Sülh diplomatiyasının uğurlu nəticələri

 

Azərbaycanın qətiyyətli, xilaskar Lideri cənab Prezident İlham Əliyev xalqımızı bir neçə əsr sonra  qalib xalqa çevirərək Vətən müharibəsindəki zəfərimizlə tarixin heç bir dövründə olmadığı qədər güclü milli birlik və həmrəyliyin əldə olunmasına, milli ruhun dirçəldilməsinə nail oldu. 
Vətən müharibəsi və həyata keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı Dövlət Sərhəd Xidmətinin Xüsusi Hava Əməliyyatları Komandanlığı pilotsuz uçuş aparatlarından yüksək peşəkarlıq və dəqiqliklə istifadə olunaraq Ali Baş Komandan tərəfindən qarşıya qoyulmuş bütün tapşırıqları yüksək peşəkarlıqla yerinə yetirərək düşmənin zirehli texnikalarını, radioelektron mübarizə vasitələrini, radiolokasiya sistemlərini, silah-sursat anbarlarını və müdafiə mövqelərini məhv etdi.
Beləlilklə, 2023-cü il sentyabrın 19-20-də tariximizin Ən Böyük Sərkərdəsi - cənab Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı altında keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində  ölkəmizin suverenliyi tam bərpa edildi! 
2023-cü il oktyabr ayının 15-də Xankəndi şəhərində Dövlət Bayrağının ucaldılması və 8 noyabr 2023-cü il tarixdə Xankəndi şəhərində keçirilən Zəfər paradı ilə dövlət başçısı cənab İlham Əliyev ərazi bütövlüyümüzün bərpası barədə Azərbaycan xalqına verdiyi sözü və xalqımız qarşısında ən müqəddəs tarixi missiyanı yerinə yetirmişdir.
Bu Böyük Zəfər bütün dünyaya nümayiş etdirdi ki, xalqının dəstəyinə arxalanan, onun sonsuz inamından ilhamlanan sərkərdənin rəhbərlik etdiyi dövlət böyük güclərin müqavimətinə baxmayaraq, öz suverenliyini bərpa etməyə qadirdir!
2024-cü il may ayının 24-ü isə Azərbaycanın sərhəd tarixinə düşəcək günlərdən biri oldu. Belə ki, Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin əraziləri Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürüldü və Müzəffər Ali Baş Komandana məruzə olundu. Dörd kəndin ərazisində Azərbaycanın Zəfər Bayrağı ucaldıldı.
Bu hadisənin çox böyük tarixi əhəmiyyəti vardır. Sovet İttifaqının 1991-ci ildə dağılmasından bəri ilk dəfə Azərbaycan və Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə razılıq əldə olunmuşdur. Qazaxın 4 kəndinin bir güllə belə atılmadan qaytarılması Azərbaycanın gücünün təzahürünün ifadəsi, Prezident İlham Əliyevin qələbəsi və xalqımıza növbəti müjdəsi oldu.
Delimitasiya üzrə komissiyaların əldə etdiyi razılaşmanın icrası təkcə iki ölkə deyil, ümumilikdə Cənubi Qafqazın tarixində yeni səhifə açır, iki ölkə arasında etimad mühiti yaradır. Eyni zamanda rəsmi Bakının sülh danışıqlarının və delimitasiya ilə bağlı prosesin vasitəçilərsiz, üçüncü tərəf olmadan aparılması təklifinin effektivliyini sübut edir.
Bu tarixi hadisə, əlbəttə ki, xalqımıza qalibiyyət sevincini yaşadan Azərbaycan Prezidenti cənab İlham Əliyevin növbəti diplomatik qələbəsidir. Çünki məhz Müzəffər Ali Baş Komandanın həm hərbi, həm də diplomatik sahədə müəyyənləşdirdiyi xətlər üzrə inkişafda olan Azərbaycan dövləti Ermənistanı beynəlxalq hüquqa hörmətlə yanaşmağa məcbur etdi. 
Vətən müharibəsindən ötən 4 il ərzində möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sərhədçilərimizin qəhrəmanlığına, şücaətinə verdiyi ali dəyər ümumilikdə Dövlət Sərhəd Xidmətinin fəaliyyətinə verilən yüksək qiymətdir.  
Bu gün əsgərindən generalınadək hər bir sərhədçi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı altında xidmət etməkdən qürur duyur və bunun məsuliyyətini dərindən dərk edir!
Əminliklə demək olar ki, şanlı üçrəngli bayrağımız altında dövlət sərhədlərinin toxunulmazlığını, müdafiə və mühafizəsini həyata keçirmək şərəfinin daşıyıcısı olan Azərbaycan sərhədçiləri Zəfər və qəhrəmanlıq simvolu olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı altında Vətənə xidmətə daim hazırdırlar!
Mən bu əlamətdar - 105 illik yubiley münasibətilə hər bir Azərbaycan sərhədçisini səmimi-qəlbdən təbrik edir, onlara can sağlığı, ailə səadəti və ölkəmizin sərhəd təhlükəsizliyinin təmin edilməsi işində göstərdikləri fədakar xidmətlərində uğurlar arzulayıram. 
Yaşasın Azərbaycan!
Yaşasın Müzəffər Ali Baş Komandan! 


Elçin QULİYEV,
Dövlət  Sərhəd  Xidmətinin  rəisi, 
general-polkovnik

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Uçan taksi nümayiş etdirilib

14:39
07 Oktyabr

Əhliman Əmiraslanov: Sabah Şuşada türk dövlətlərinin səhiyyə nazirləri arasında görüş keçiriləcək

14:25
07 Oktyabr

Vüqar Qurbanov: Bu yaxınlarda Şəki şəhərində ürək mərkəzi fəaliyyətə başlayacaq

14:24
07 Oktyabr

Zurabişvilinin impiçmenti müzakirəyə çıxarılır

13:58
07 Oktyabr

Çinə aid avtomobil karvanı partladıldı 

13:57
07 Oktyabr

Sabah daha bir yağmursuz payız havası gözlənilir

13:55
07 Oktyabr

Viktor Ambros və Qeri Ruvkun fiziologiya və tibb sahəsində Nobel mükafatına layiq görüldülər

13:54
07 Oktyabr

“Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin iclası keçirilib

13:48
07 Oktyabr

Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclası başlayıb

13:39
07 Oktyabr

"İnanıram ki, daha yaxşı nəticələr bizi gözləyir" - Qurban Qurbanov  

13:16
07 Oktyabr

XİN: Səkkiz Azərbaycan vətəndaşı repatriasiya edilib

13:14
07 Oktyabr

Hərbi əməliyyatların idarə olunmasında beynəlxalq qaydalar üzrə yüksək səviyyəli seminar keçirilir - YENİLƏNİB

13:03
07 Oktyabr

“Neftçi” Rusiyada 5 klub dəyişmiş baş məşqçini gətrmək istəyirmi? - AÇIQLAMA

13:00
07 Oktyabr

Ukrayna F-16-ların ilk partiyasını aldı  

12:20
07 Oktyabr

AZAL COP29 ərəfəsində xüsusi endirimlər təklif edir

12:19
07 Oktyabr

Azərbaycanda regional anbarların yaradılması təklif olunur

12:18
07 Oktyabr

Okeanın dibində nəhəng asteroid aşkarlandı

12:15
07 Oktyabr

Afrikada meymunçiçəyinə yoluxma artıb

11:58
07 Oktyabr

Türkiyədə “Kızılelma” hərbi PUA-nın kütləvi istehsalına başlanılıb

11:56
07 Oktyabr

“Sabah” qəzeti: Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin intensiv tikintisi davam edir  

11:37
07 Oktyabr

Dünyanın ən çox maaş alan lideri açıqlandı

11:22
07 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!