17 Sentyabr 2022 02:03
778
İDMAN
A- A+

Sənə Zəfər yaraşır, "QARABAĞ"!

 

Şəhidlərimizin ölməz ruhuna və Azərbaycan Ordusuna həsr edilən möhtəşəm qələbə hər kəsdə qürur hissi yaratdı

 

Ağdamın "Qarabağ" klubu UEFA Avropa Liqasının qrup mərhələsində ilk qələbəsini qazanıb. G qrupunda mübarizə aparan komandamız Tofiq Bəhramov adına Respublika Stadionunda Fransanın "Nant" klubunu qəbul edib və 3:0 hesabı ilə inamlı qələbə qazanıb. 
UEFA son günlər Ermənistanın Azərbaycanla dövlət sərhədində həyata keçirdiyi təxribatlar nəticəsində şəhid olan əsgər və zabitlərimizin ruhuna rəsmən birdəqiqəlik sükut elan edilməsinə icazə verməsə də, görüşdən öncə 30 min azarkeş stadionda şəhidlərimizin xatirəsini yad  edib.  Onlar həm də "Şəhidlər ölməz, Vətən bölünməz", "Qəhrəmanlar can verir, yurdu yaşatmaq üçün", "İgid əsgər, möhkəm dayan!", "Ən böyük əsgər, bizim əsgər" sloqanlı vətənpərvər şüarlar səsləndiriblər.
Bu zəfərdən dərhal sonra Prezident İlham Əliyev tviter hesabında paylaşım edib: "Qarabağ (Azərbaycan) - Nant (Fransa) - 3:0. Darmadağın! Qarabağ Azərbaycandır!"
Dünən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva da "Qarabağ"ın "Nant" üzərində möhtəşəm qələbəsi ilə bağlı paylaşım edib. Ölkənin birinci xanımı  rəsmi instaqram səhifəsində "Qarabağ Azərbaycandır" həştəqi ilə Prezident İlham Əliyevin tvitini paylaşıb.
"Qarabağ"ın baş məşqçisi oyundan sonra Prezident İlham Əliyevin paylaşımına münasibət bildirib. O, dövlət başçısına minnətdarlığını bildirib və "Qarabağ" Azərbaycandır!" deyib. Q.Qurbanov fransızlar üzərində qazanılmış parlaq qələbəni şəhidlərimizə və Azərbaycan Ordusuna həsr etdiyini vurğulayıb: "Maraqlı qələbə oldu. Belə böyük komandanı 3 cavabsız qolla məğlub etmək hamımızı sevindirir. Hər kəsi təbrik edirəm. Qələbəni şəhidlərə və Azərbaycan Ordusuna həsr edirəm. Bu gün əlavə şəhidlərimiz oldu. Çox üzüldük. Belə bir gündə qalib gəlmək istəyirdik. Ona görə həyəcan var idi. Allah ordumuzu qorusun!"
"Qarabağ"ın kapitanı Qara Qarayev KİV təmsilçilərinə açıqlamasında bildirib ki,  çətin rəqibə qarşı oynasalar da, əzmkar qələbə qazanıblar: "Oyundan əvvəl bizə desəydilər ki, 3:0 hesablı qələbə qazanacaqsınız, inanmazdıq. Bu hesabı gözləmirdim, amma komanda olaraq möhtəşəm oynadıq. Hamımız bir-birimizi dəstəkləyirdik və səhvləri sığortalamağa çalışırdıq. Fikrimiz bir olanda yaxşı nəticə əldə edə bilirik. Fransanın ən yaxşı komandalarından birinə qarşı oynayırdıq. Ön xətdə təhlükəli oyunçuları var idi. Sonda hər şey biz istədiyimiz kimi oldu".
Q.Qarayev bunu karyerasının ən çətin oyunlarından biri adlandırıb: "Bir qarabağlı olaraq belə bir dönəmdə oyunlara hazırlaşmaq mənim üçün xüsusilə çətin idi. İstər ailəm, istərsə də komanda yoldaşlarım mənə motivasiya verə bildilər. Qazandığımız uğur ilk olaraq əsgərlərimizə, daha sonra azarkeşlərimizə həsr olunur. Nə qədər qələbə qazansaq da, bu, əsgərlərimizin zəfərinə çata bilməz. Qələbəmizin əsgərlərin qazandığı qələbənin yanında kiçik olduğunu hesab edirəm".
Qara Qarayev bütün əsgərlərə salam göndərib. Şəhid olan qardaşlarımıza Allahdan rəhmət diləyərək ailələrinə səbir arzulayıb: "Komandamızda hər kəs bu duyğuları hiss edir. Mənim üçün bu, "Legiya" ilə matçdan sonra olan ikinci xüsusi görüş idi. Belə çətin vəziyyətdə sonuncu dəfə polşalılara qarşı həmin oyunda olmuşam. Ümid edirəm ki, belə çətinlikləri bir daha yaşamarıq".
 Sonda Qara Qarayev azarkeşlərə təşəkkür edib: "Sadəcə möhtəşəm idilər. Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır. Qarşıdakı oyunlarda da hər kəsə, kiçik də olsa, sevinc bəxş etmək üçün qalib gəlməyə çalışacağıq".
Ağdamlıların qapıçısı Şahruddin Məhəmmədəliyev isə son günlər ermənilərin təxribatları nəticəsində baş verən hadisələr səbəbindən bu qələbədən tam zövq ala bilmədiklərini söyləyib: "Çoxlu sayda şəhid vermişik. Buna görə tam sevinə bilmirik. Bu hadisələr bizə çox ağır təsir edir. Şəhidlərin, həyat yoldaşlarının, valideynlərinin, övladlarının videolarına baxırıq, çox ağırdır. Bu qarşılaşmaya hazırlaşmaq psixoloji cəhətdən çox çətin idi..."
"Qarabağ"ın müdafiəçisi Bəhlul Mustafazadə də oyunun gərgin keçdiyini vurğulayıb: "Belə çətin gündə və bu cür matçda qələbə qazandığımız üçün ikiqat xoşbəxtik. İddiamızı ortaya qoyduq. Gələn oyunlara hazırlaşıb daha yüksək nəticələr əldə etmək üçün çalışacağıq. Bu qələbə Yunanıstanın "Olimpiakos" klubu ilə oyunöncəsi bizə motivasiyadır. 3 xalımız var".
"Qarabağ"ın digər futbolçusu Riçard Almeyda matçdan sonra jurnalistlərə açıqlamasında bildirib ki, son günlər baş verən hadisələr komandaya ağır təsir göstərib. Bu, ilk hissədə daha çox hiss olunub. Amma ikinci hissədə komanda istəyini reallaşdıra bilib: "Məqsəd ancaq qələbə qazanmaq idi. Buna nail olduq. Qələbəni döyüşlərdə qəhrəmancasına həlak olan oğullarımıza həsr edirik. Ordumuzdan xoş xəbərlər alırıq. İnanırıq ki, bu münaqişə tez bir zamanda sülhlə yekunlaşacaq".
Bu tarixi qələbə bütün dünya azərbaycanlılarının böyük sevincinə səbəb olub. Şəhidlərimizin ruhuna həsr edilən bu qələbə və xüsusən də ölkə gənclərinin birlik nümayiş etdirərək "Qarabağ"a verdiyi böyük dəstək bir daha onu təsdiqləyir ki, Vətən müharibəsində əldə edilən zəfər Azərbaycan gəncliyinin yüksək vətənpərvərlik ruhunda formalaşmasına çox müsbət impuls verib. "Qarabağ" öz qələbələri, gənclərimiz isə möhtəşəm dəstəkləri ilə Böyük Zəfərə xüsusi çalar qatırlar.
Sənə yalnız Zəfər yaraşır,  "Qarabağ"!
Qələbələrin davamlı olsun.

Rizvan HİLALOĞLU,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video