05 Dekabr 2021 01:17
987
CƏMİYYƏT
A- A+

Səmimi xeyirxahlıq

 

İlham Əliyevin yaratdığı “ASAN” modeli ilə əsası qoyulan könüllülük hərəkatı yüksəliş mərhələsindədir

 

Könüllülük öz iradəsi və sərbəst seçimi əsasında heç bir maddi qazanca əsaslanmayan və cəmiyyətin rifahının daha da yaxşılaşdırılmasını qarşıya məqsəd qoyan sosial fəaliyyət istiqamətidir. Könüllülük, həmrəylik, sosial məsuliyyət kimi ali dəyərlər sistemləşdirilərək dünyada kütləvi sosial fəaliyyətə çevrilib.

Sevindirici haldır ki, son illər könüllülüyün sürətlə inkişaf etdiyi Azərbaycan bu fəaliyyətin təbliğində və inkişafında özünəməxsus rol oynayır. Azərbaycanın müstəqilliyin bərpasından sonra qazandığı uğurlarda könüllü gənclərin də payı var.

Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən  Prezident İlham Əliyevin reallaşdırdığı siyasətin əsas məqsədlərindən biri də neft kapitalının insan kapitalına çevrilməsi idi. Bu zaman qarşıya qoyulan məqsədləri gerçəkləşdirmək üçün innovativ və geniş kütlənin maraqlarına cavab verən yeni addımlara ehtiyac yaranmışdı və təbii ki, bu sahədə könüllülük fəaliyyəti mühüm önəm daşımağa başladı. Məhz bu dövrdə - 2009-cu ildə Milli Məclisin “Könüllü fəaliyyət haqqında” qanun qəbul etməsi Azərbaycanda könüllülük fəaliyyətinin inkişafında təkanverici rol oynadı. Bu qanunla Azərbaycanda könüllülük fəaliyyəti davamlı inkişaf yoluna qədəm qoydu.

 

“ASAN xidmət”dən başlayan yol

 

Müstəqilliyin bərpasından sonra Azərbaycanda könüllülük fəaliyyəti yaransa da onun hərəkat kimi formalaşması 2012-ci ilə təsadüf edir. İlham Əliyevin müəllifi olduğu müasir Azərbaycan brendi sayılan “ASAN xidmət”in fəaliyyətə başlaması ilə könüllülük hərəkatının əsası qoyuldu. 2012-ci il dekabrın 29-da 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin açılışı zamanı bir qrup “ASAN könüllüsü” ilə görüşən İlham Əliyev “ASAN” könüllülük hərəkatına xeyir-duasını verdi. “ASAN xidmət”ə qədər müxtəlif qeyri-hökumət və beynəlxalq təşkilatlarda yüzlərlə azərbaycanlı gənci könüllü kimi fəaliyyət göstərirdi. Lakin könüllülük hərəkatı olaraq bu fəaliyyət məhz “ASAN xidmət”dən başladı. 2016-cı il dekabrın 28-də 1 saylı Bakı “ASAN Kommunal” mərkəzinin açılışı zamanı dövlət  başçısının sözləri bunun bariz sübutudur: “ASAN xidmət”i könüllülər hərəkatından ayıra bilmərik. Bu da bir yenilikdir. “ASAN” yaranana qədər Azərbaycanda könüllülər hərəkatı olmamışdır. Biz könüllülər haqqında eşitmişdik. Ancaq könüllülər hərəkatı nədir, onu bilmirdik. Bu gün artıq bu hərəkat Azərbaycanda yaşayır”.

Azərbaycan könüllülər hərəkatının uğurlarına hər kəs şahidlik edib. Belə ki, ölkəmizdə keçirilən Birinci Avropa Oyunları, Dördüncü İslam Həmrəyliyi Oyunları və “Formula-1” Qran-pri yarışlarında Azərbaycan könüllülərinin əvəzsiz xidmətləri olub.

Prezident İlham Əliyevin sərəncamı ilə 2020-ci il ölkəmizdə “Könüllülər ili” elan edilib.

 

“Yaşıl ASAN” - “Hər kağızı bir yarpağa dəyişək”

 

Bu gün müxtəlif sahələrdə könüllülük fəaliyyəti ilə məşğul olan gənclər ordusu formalaşıb.  Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN” könüllülük hərəkatı tərəfindən müxtəlif istiqamətləri əhatə edən layihələr gerçəkləşdirilib.

Ümumiyyətlə, “ASAN xidmət” fəaliyyətə başladığı ilk gündən könüllülərə, yaradıcı gənclərə hər zaman dəstək göstərir və onların inkişafı üçün şərait yaradır.

Bu imkanlardan və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ekoloji sahədəki fəaliyyətindən həvəslənən bir qrup “ASAN” könüllüsü 2015-ci ilin 1 may tarixində “Yaşıl ASAN”ın yaradılması ideyasını irəli sürdülər. İlkin olaraq fəaliyyəti kağız israfını azaltmaq və təkrar emalı təşviq etmək yolu ilə ağacların qorunmasına, təbiətin mühafizəsinə və ekoloji balansın saxlanılmasına nail olmaq idi. Dövlət Agentliyi və İDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyinin birgə həyata keçirdiyi “Hər kağızı bir yarpağa dəyişək” layihəsində “Yaşıl ASAN” təşəbbüsü də aktiv iştirak etmişdir. Bakı şəhərində və regionlarda yerləşən “ASAN xidmət” mərkəzlərinin istifadəyə yararsız kağızların qəbul məntəqələri yaradılmış və Bakı, Bərdə, Sumqayıt, Sabirabad və İmişli regionlarında keçirilən “Yaşıl dağ” aksiyası çərçivəsində 200 tondan çox kağız tullantısı toplanmış və bununla da 5000 ağacın kəsilməsinin qarşısı alınmışdı.

2015-ci ildən başlayaraq “Yaşıl ASAN” təşəbbüsü Beynəlxalq Sahilyanı Təmizlik Gününün qeyd olunması çərçivəsində Xəzər dənizinin sahilyanı ərazilərinin təmizlənməsi aksiyasına başlamış və hər il bu  aksiyada yüzlərlə ASAN könüllüsü aktiv iştirak edir.

2016-ci ildən Bakı şəhərində və “ASAN xidmət” mərkəzlərinin olduğu regionlarda ekoloji müvəkkillər institutu yaradılıb, çoxsaylı layihə və tədbirlər həyata keçirilib. Bunun nəticəsi olaraq təşəbbüs bu gün “ASAN Könüllülük” məktəbinin ekoloji proqramına çevrilib. Proqramın üç əsas məqsədi var - ekoloji maarifləndirmə, ətraf mühitin mühafizəsi və sağlam həyat tərzinin təbliğ olunması.

“Yaşıl ASAN” komandası böyüyür və yüzlərlə gənci əhatə edir. Aktiv komanda üzvlərində təşkilatçılıq bacarıqları inkişaf edir, ən əsası da dostluq, birlik və komanda uğuru prinsiplərinə uyğun fəaliyyət göstərir. Bunun nəticəsində ekoloji və müxtəlif  sahələrin sintezi ilə 300-dən çox yaşıl təfəkkürün məktəblilərdə və vətəndaşlarda formalaşması üçün ekoloji maarifləndirci tədbirlər, ağacəkmə aksiyaları, veloyürüşlər, yoqa və digər idman fəaliyyətləri həyata keçirilir, ümumilikdə bu layihələrdən on minlərlə insan faydalanır.  

 

“ASAN Könüllülük” məktəbində əcnəbi gənclərə də dəstək göstərilir

 

2017- ci ildən başlayaraq ilk dəfə Azərbaycanda ekoloji könüllülük faəliyyətinə “ASAN Könüllülük” məktəbinin “Yaşıl ASAN” ekoloji proqramı çərçivəsində əcnəbi gənclər də cəlb olunublar.  2017-2019-ci illər ərzində proqramda Böyük Britaniya, Serbiya, Niderland, Pakistan, Çin, Hindistandan, Qazaxıstan, Türkiyə, Əlcəzair, Tailand, Honkonq, Türkiyə, Nigeriya, Maldiv, Liberiya, Əfqanıstan və Gürcüstan kimi ölkələrdən əcnəbi gənclər iştirak ediblər. Ümümilikdə bu illər ərzində 34 əcnəbi gənc “ASAN Könüllüsü” adını qazanıbdır.

Ermənistan Azərbaycana qarşı hərbi təcavüzlə yanaşı, ekoloji təcavüz də  etmişdir. Ermənilər Şuşanın nadir sərvətlərindən biri, qədim tarixə malik, əsl təbiət möcüzəsi olan Topxana meşəsini yandırmış, ölkəmizin ərazi bütövlüyünə, torpaqlarına qəsd edərək Azərbaycan ərazisində ekoloji soyqırımı - ekosid törətmişlər.  Törədilən ekoloji terroru beynəlxalq səviyyədə tanıtmaq üçün 10 min nəfər könüllüdən ibarət xüsusi qrup yaradılmışdır. Bu qrup “tvitter”, “facebook”  və digər sosial şəbəkələrdə Azərbaycan, rus və ingilis dillərindən ibarət 1000-dən çox maarifləndirici və tanıdıcı postları paylaşmışdır.

27 sentyabr 2021-ci ildə Vətən Müharibəsi Şəhidlərinin Anım Günü ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə təşkilatçılığı ilə Qaradağ rayonu ərazisində 3000-dən çox eldar şamı, kiparis və digər ağaclar əkilmiş, 8 noyabr - Zəfər Gününə həsr olunmuş “ASAN Könüllülük” məktəbinin “Yaşıl ASAN” proqramının təşkilatçılığı ilə Gəncə, Bərdə, Mingəçevir, Qəbələ və  İmişli regional “ASAN xidmət” mərkəzlərində könüllü olmuş “Vətən müharibəsi”nin iştirakçıları ilə birgə ağacəkmə aksiyaları keçirilmişdir.

 

Könüllülərin əməyi ilə “YAŞAT” Fonduna toplanan  ianələr

 

Bu həftə isə 5 dekabr - Beynəlxalq Könüllülər Günü ilə əlaqədar İmişli “ASAN xidmət”də silsilə tədbirlər təşkil olunub. Tədbirlərdə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov, “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov, İmişli Rayon İcra Hakimiyyəti başçısının birinci müavini  Səfa Ağayev, “ASAN Könüllülük” Məktəbinin rəhbəri Cahangir Hacıyev və digər qonaqlar iştirak ediblər.

Öncə İmişli rayonundakı Şəhidlər xiyabanı ziyarət olunub, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman vətən övladlarının əziz xatirəsi yad edilib.

Sonra “ASAN Könüllülük” məktəbinin İnnovativ Diskussiya Platforması çərçivəsində “ASAN” könüllüləri, həmçinin Vətən müharibəsi iştirakçıları ilə görüş və ağacəkmə aksiyası keçirilib. 

Həmçinin Vətən müharibəsi iştirakçısı olmuş məzun “ASAN” könüllülərinə Dövlət Agentliyinin sədrinin imzası ilə fəxri diplomlar təqdim edilib.

Sonra “Yaşıl ASAN” proqramının “Hər kağızı bir yarpağa dəyişək” layihəsi çərçivəsində reallaşdırılan “Yaşıl dağ” sosial aksiyasına start verilib. Aksiyanın məqsədi kağız israfını azaltmaq və təkrar emalı təşviq etmək yolu ilə ağacların qorunmasına, təbiətin mühafizəsinə və ekoloji balansın saxlanılmasına nail olmaqdır. Bu çərçivədə toplanmış kağız tullantılarının müqabilində əldə olunmuş vəsait Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların  və şəhid ailələrinin təminatına dəstək məqsədilə yaradılmış “YAŞAT” Fonduna ianə ediləcək.

Beləliklə, Azərbaycanda formalaşmış könüllülük hərəkatı ölkənin istimai-siyasi həyatında mühüm rol oynayır. “ASAN Könüllülük” məktəbinin indiyədək müxtəlif istiqamətlər üzrə təşkil etdiyi 2100 tədbirdə 8900 nəfər maariləfləndirilib. Bu xeyriyyə təşəbbüsü bu gün də davam etməkdədir.

Əminliklə deyə bilərik ki, Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın ölkəmizdə könüllülük fəaliyyətinin inkişafına göstərdiyi yüksək diqqət və qayğı, bu sahədə əldə olunan nailiyyətlər və könüllülərin ölkəmizin inkişafında əvəzsiz xidmətləri qarşıdakı dövrdə daha böyük uğurların qazanılacağını deməyə ciddi əsas yaradır.

 

Rəşad BAXŞƏLİYEV,

Elçin CƏFƏROV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video