17 Sentyabr 2022 02:15
890
SİYASƏT
A- A+

Sarsılmaz və əbədi birlik

 

Azərbaycan-Türkiyə birliyinin gücü ilə hər kəs hesablaşmağa məcburdur

 

"Biz hər zaman bir yerdəyik - xoş günlərdə, yaxşı günlərdə, çətin günlərdə də və İkinci Qarabağ savaşı bunu bir daha bütün dünyaya göstərdi". 
Prezident İlham Əliyevin çıxışlarında hər zaman vurğuladığı kimi Türkiyə və Azərbaycan həm dost, həm qardaş, həm də rəsmən müttəfiq ölkələrdir. Bu siyasət isə bizə atalarımızdan qalan mirasdır, vəsiyyətdir və biz buna sadiqik.
Azərbaycan və Türkiyə arasında tarixən var olan və möhkəm özüllər üzərində qurulan qardaşlıq körpüsü gündən-günə daha da möhkəmlənir, ən uca zirvələrə qalxır. 

 

Haqq işimizə ədalətli dəstək

 

Vaxtilə Ulu Öndər Heydər Əliyevin bir millət, iki dövlət kimi xarakterizə etdiyi  Azərbaycan-Türkiyə əbədi birliyi, bu gün Yer üzündə tayı-bərabəri olmayan örnək götürüləsi nümunədir. İki qardaş ölkə hər zaman bir-birinə köməkdir, arxadır, dayaqdır.  
Bu sarsılmaz birliyin gücünə 44 günlük şanlı Vətən müharibəsində bütün dünya bir daha şahidlik etdi. Tarixi torpaqlarımızın işğalçılardan azad edilməsi üçün qalxdığımız Vətən savaşında qardaş ölkə Türkiyə haqq işimizi müdafiə edərək Qarabağın azadlığa qovuşdurulmasında Azərbaycana həm mənəvi, həm də siyasi dəstək oldu. 
Müharibənin ilk günündən Türkiyə bütün dünyaya "Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır" xəbərdarlıq mesajını verdi. 
Həmin dövrdə nə qədər beynəlxalq təzyiqlərlə qarşılaşsa da, qardaş ölkə bu mövqeyindən bir addım belə geri çəkilmədi, daim Azərbaycanın yanında, onun dayağı olduğunu nümayiş etdirdi.
2020-ci il dekabrın 10-da Vətən müharibəmizin qələbə ilə başa çatmasından cəmi bir ay sonra, Azadlıq meydanında keçirilən təntənəli Zəfər paradında qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak etdi. İki qardaş ölkə möhtəşəm qələbə qürurunu birlikdə yaşadı.
Eyni zamanda Türkiyə Azərbaycanın Böyük qayıdışla bağlı planlarının reallaşdırılmasında da dəstəyini əsirgəmir. 
Bu gün Qarabağda və Şərqi Zəngəzurda Azərbaycanın apardığı genişmiqyaslı bərpa-quruculuq işlərində Türkiyə şirkətləri fəal iştirak edirlər. 

 

Tarixi bəyannamə

 

Ötən ilin 15 iyunu isə Azərbaycan-Türkiyə əlaqələrini daha uca zirvələrə daşıdı. Azərbaycan Prezidenti Türkiyə Prezidentini Qarabağda qarşıladı və mədəniyyət paytaxtımız Şuşa şəhərində Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında möhtəşəm Şuşa Bəyannaməsi imzalandı.
Qardaş ölkələr arasında müttəfiqlik münasibətlərinə dair imzalanan bu bəyannamə ilə əzəldən var olan münasibətlərimiz daha yüksək pilləyə qalxdı. Bununla bağlı bəyanatda göstərilir: "Tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə birgə məsləhətləşmələr aparılması, bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirilməsi, BMT Nizamnaməsinə uyğun olaraq bir-birinə lazımi yardım göstərməsi, Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyətinin təşkili nəzərdə tutulur".
Bəyannamədə göstərilən müddəalar onu deməyə əsas verir ki, tarixən olduğu kimi, bundan sonra da qardaş Türkiyə hər zaman Azərbaycanın yanında olacaq.
Şuşa Bəyannaməsinin Azərbaycan və Türkiyənin qanunverici orqanları tərəfindən təsdiqlənməsi isə ortaq təhlükəsizliyimizin təmin olunması, başqa qüvvələrdən ola biləcək təhdidlərlə mübarizə baxımından hüquqi əsaslar formalaşdırdı. Beləliklə, Türkiyə-Azərbaycan müttəfiqliyi qanun səviyyəsində təsbit olundu.

 

Ay-ulduzlu bayraqlarımız qoşa dalğalanır

 

Vətən müharibəsinin qələbə ilə başa çatmasını qəbul edə bilməyən düşmən ötən müddət ərzində əlinə keçən hər fürsətdə ölkəmizə qarşı müxtəlif təxribatlara əl atıb. Ermənistan həmişə olduğu kimi, bölgədə sülhə mane olacaq davranışlar sərgiləyib. Amma Azərbaycan məkrli düşmənin bütün təxribatlarının qarşısını qətiyyətlə alıb. Həmin günlərdə hər zaman Türkiyə dövləti və xalqı Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini nümayiş etdirib. 
Ermənistanın bu il sentyabrın 12-də gecə saatlarından başlayaraq sərhədlərimizdə genişmiqyaslı təxribatlar törətməsi zamanı da Türkiyənin Azərbaycana böyük dəstəyini gördük. Qardaş ölkənin ən sıravi vətəndaşlarından, tanınmış ictimai xadimlərindən tutmuş dövlətin ən ali məqamında yer alan şəxslərinə qədər hər kəs Vətən uğrundakı savaşımızda bizimlə birlikdə həmrəy olduqlarını bir daha ifadə etdi. Türkiyədəki bütün nüfuzlu KİV, sosial seqmentdəki paylaşımlarda Ermənistanın Azərbaycana qarşı təxribatları geniş işıqlandırıldı, paylaşıldı, ölkəmizə haqlı mövqeyində dəstək sərgiləndi. Hər zaman olduğu kimi, qoşa ay-ulduzlu bayraqlarımız birlikdə qürurla dalğalandırıldı.   

 

"...Azərbaycanlı qardaşlarımızın yanında olduğumuzu bütün dünya bilməlidir"

 

Sentyabrın 13-də Prezident İlham Əliyevlə telefon danışığı zamanı Rəcəb Tayyib Ərdoğan "Qardaş Türkiyə hər zaman Azərbaycanın yanındadır və ölkələrimiz həmrəydirlər", deyə dəstəyini ifadə etdi. 
Həmin günlərdə Türkiyə Prezidenti Ermənistanın Azərbaycanın zəfəri ilə nəticələnən müharibənin ardından əldə olunan anlaşmanın pozulması nəticəsində meydana gələn bu vəziyyəti qəbuledilməz hesab etdiyini bildirdi: "Hər zaman olduğu kimi, bu hadisələrdə də azərbaycanlı qardaşlarımızın yanında olduğumuzu bütün dünya bilməlidir".
Sentyabrın 15-də Səmərqənddə Azərbaycan Prezidenti ilə Türkiyə Prezidenti arasında keçirilən görüşdə də Prezident Rəcəb Tayyib Ərdoğan Ermənistan silahlı qüvvələrinin dövlət sərhədində törətdiyi genişmiqyaslı təxribatların qarşısının alınması zamanı hərbi qulluqçularımızın şəhid olması ilə bağlı dövlət başçımız İlham Əliyevə, Azərbaycan xalqına və həlak olanların yaxınlarına başsağlığı verdi.
Görüşdə Azərbaycanın və Türkiyənin daim bir-birinin yanında olduqları bir daha qeyd edildi. Ölkələrimizin strateji müttəfiqlik münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulandı. Dövlət başçıları energetika, nəqliyyat, logistika və digər sahələrdə əməkdaşlığa dair birgə layihələri müzakirə etdilər və gələcək təmaslarla bağlı fikir mübadiləsi apardılar.

 

Bütün çətinliklərə qarşı mübarizə birgə aparılır

 

Sentyabrın 13-də müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akar arasında olan telefon danışığı zamanı qardaş ölkənin müdafiə naziri Türkiyənin həmişə olduğu kimi, yenə də Azərbaycanın yanında olduğunu xüsusi qeyd etdi. 
Sözügedən tarixdə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu öz tviter hesabında paylaşım edərək Azərbaycan xalqına başsağlığı verdi, eləcə də "Türkiyə hər zaman Can Azərbaycanın yanında olacaq" mesajını dünyaya çatdırdı. 
Türkiyə Böyük Millət Məclisinin (TBMM) Sədri Mustafa Şentop Milli Məclisin Sədri Sahibə Qafarovaya zəng vuraraq, sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi təxribatlarla maraqlanmış, qardaş ölkənin xalqımıza və dövlətimizə dəstəyini və həmrəyliyini ifadə etmişdi. 
Türkiyə ilə Azərbaycanın sarsılmaz birliyinə nümunə olaraq gətirdiyimiz bu  nümunələrdən də aydın göründüyü kimi, iki qardaş ölkə xoş gündə də, dar gündə də bir-birinin yanında olur, dayağını, dəstəyini göstərir və bundan sonra da göstərəcəkdir. 
Hər zaman Türkiyə Azərbaycana, Azərbaycan da Türkiyəyə öz dost, kömək əlini uzadır. Bütün çətinliklərə qarşı çiyin-çiyinə mübarizə aparan qardaş ölkələr birgəliklərindən doğan böyük əzmlə də qalib gəlirlər. 
Bir daha dünyaya bəyan edirlər ki, Azərbaycan-Türkiyə birliyi sarsılmazdır, əbədidir!
 
Yasəmən MUSAYEVA, 
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video