11 Avqust 2022 00:49
503
SİYASƏT

Sarsılmaz qardaşlıq nümunəsi

 

Azərbaycanla Türkiyə arasındakı münasibətlər getdikcə daha yüksək mərhələyə qədəm qoyur, müttəfiqlik münasibətləri xüsusi xarakter daşıyır

 

Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu tarixi köklərə əsaslanır. Bu qardaşlığı, səmimi münasibətləri 44 günlük Vətən müharibəsində də gördük. Həmin müddətdə Türkiyə Azərbaycana mənəvi dəstəyini əsirgəməyərək, haqq səsimizin dünyaya çatdırılmasında sonadək yanımızda oldu. 
Müharibədən sonra Azadlıq meydanında keçirilən təntənəli parad 2021-ci il iyunun 15-də Şuşa şəhərində Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması qardaşlığın bariz təcəssümü idi. Bununla iki qardaş ölkə arasında münasibətlər müttəfiqlik səviyyəsinə yüksəldi. 

 

"Azərbaycan bizim dostumuz, can qardaşımızdır"

 

Bu gün elə bir sahə yoxdur ki, Azərbaycan və Türkiyə arasında əməkdaşlıq, sıx əlaqələr olmasın. Ölkə prezidentlərinin də tez-tez qarşılıqlı səfərləri, mühüm beynəlxalq tədbirlərdə birgə iştirakı əsl qardaşlıq nümunəsidir. 
Avqustun 9-da isə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə qardaş ölkəyə səfər çərçivəsində Konyada keçirilən V İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində iştirak etdilər. Dövlət başçıları arasında görüş də keçirildi. Söhbət zamanı ölkələrimiz arasında dostluq, qardaşlıq və müttəfiqlik əlaqələrinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulandı.
Türkiyə Prezidenti Qarabağdakı son hadisələrlə əlaqədar bir daha qardaş ölkənin dəstəyini ifadə edərək  şəhidlərlə bağlı başsağlığı verdi. Görüşdə bölgədə postmünaqişə dövrü ilə bağlı fikir mübadiləsi aparıldı, iqtisadi, enerji, nəqliyyat və hərbi sahələrdə əməkdaşlıq məsələləri müzakirə olundu.
Qeyd edək ki, Azərbaycan və Türkiyə arasındakı münasibətlərin qardaşlığa, dostluğa dayandığını yalnız dövlət başçıları səviyyəsində deyil, digər rəsmi şəxslərin nümunəsində də görmək mümkündür. Hər kəsin nitqində "Bir millət, iki dövlət" ifadəsi daim eşidilməkdədir.
Avqustun 9-da Ankarada "Müdrik və mərhəmətli türk diplomatiyası" mövzusunda keçirilən XIII Səfirlər Konfransında çıxış edən Türkiyənin milli müdafiə naziri Hulusi Akar hər zamankı kimi iki dövlətin dostluq münasibətlərinə toxunub. "Azərbaycan bizim dostumuz, can qardaşımızdır", - deyən nazir ölkəmizin torpaqlarını işğaldan azad etmək üçün 30 ilə yaxın danışıqlar apardığını xatırladaraq, müharibədən əvvəl Azərbaycan ərazisinin 20 faizinin işğal altında və çox sayda məcburi köçkünün olduğunu bildirib: "Lakin bütün bunlara baxmayaraq, dünya bu hadisəyə biganə yanaşdı. Azərbaycanlı qardaşlarımız sonda "Yetər artıq!" deyərək əməliyyata başladılar. Şükürlər olsun ki, 44 gün davam edən müharibə nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi", - deyə Hulusi Akar qeyd edib.
Hazırda Cənubi Qafqazda bərpa edilən sülhün Ermənistan üçün də bir fürsət olduğunu vurğulayan nazir həmçinin Şuşa Bəyannaməsinin əhəmiyyətindən danışdı.
Prezident İlham Əliyevin də dediyi kimi, Azərbaycan-Türkiyə münasibətləri, müttəfiqliyi dünyada bərabəri olmayan dostluq və qardaşlığın ən gözəl nümunəsidir. Dövlət başçısı Türkiyənin, Rəcəb Tayyib Ərdoğanın ölkəmizə dəstəyini məmnunluqla  ifadə edərək bildirir: "Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi ilə bağlı hər zaman ortaya qoyduğunuz qəti və birmənalı mövqe, haqq işimizə verdiyiniz tərəddüdsüz dəstək bizi daim ruhlandırır və əlavə güc verirdi. Azərbaycan xalqı 44 günlük Vətən müharibəsinin ilk saatlarından son dəqiqələrinə qədər şəxsən Sizin, Türkiyə Respublikasının, qardaş xalqınızın nümayiş etdirdiyi mənəvi dəstəyi, həmrəyliyi heç zaman unutmayacaq. Bu gün də işğaldan azad edilmiş torpaqların əsaslı yenidən qurulması və bərpası işlərində Türkiyə ilə çiyin-çiyinə bir yerdə irəliləməyimiz böyük məmnunluq doğurur. Biz də öz növbəmizdə hər zaman bütün məsələlərdə qardaş Türkiyənin yanında olmağa davam edəcəyik".
İki dövlət başçısı arasındakı səmimi münasibətlər bir daha göstərir ki, Azərbaycanla Türkiyənin münasibətləri getdikcə daha yüksək mərhələyə qədəm qoyur, birlikdə daha gözəl işlər görülür və görüləcək, eyni zamanda bütün çətin anlarda bir-birinin yanında olacaq, dəstəklərini əsirgəməyəcəklər. 

 

"Dost da, düşmən də bilsin ki, Can Azərbaycan heç zaman yalnız deyil!"

 

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu XIII Səfirlər Konfransının rəsmi açılışındakı giriş nitqində Ümummilli Lider Heydər Əliyevin "Bir millət, iki dövlət!" kəlamını xatırladaraq deyib ki, müttəfiqlik münasibətlərimiz və qardaşlıq əlaqələrimiz xüsusi xarakter daşıyır. Dünyada bunun bənzəri yoxdur. Nazir qeyd edib ki, tarixin çətin dövrləri bir millət olan Azərbaycan və Türkiyə xalqlarını bir-birinə daha da yaxınlaşdırıb. Bir əsr əvvəl Azərbaycan türkləri milli mübarizəmizə dəstək üçün əlində, ovcunda nə var idisə qardaş köməyi deyərək Türkiyəyə göndərdi. Yəni qardaşlarımız Qurtuluş savaşımızda bizləri tək qoymadılar. Qardaş köməyini 2020-ci ildə də gördük. Can Azərbaycanın Qarabağı işğaldan azad etməsinin şahidi olduq. Bu dəfə bütün Türkiyə xalqı Can Azərbaycanın yanında oldu.
Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladıqları Şuşa Bəyannaməsi ilə əlaqələrimizin müttəfiqlik səviyyəsinə yüksəldiyini diqqətə çatdıran Mövlud Çavuşoğlu deyib ki, müttəfiqlik, sadəcə, könüldə olmaz, bunu gerçəkləşdirən amillər var: "Bu birliyə vəsilə olan ən mühüm səbəb Can Azərbaycanın işğal altındakı torpaqlarının azad edilməsi, yəni Qarabağ Zəfəri oldu. Qarabağ Zəfəri ilə türk dünyasının özünə olan güvəni daha da artdı". 
XİN rəhbəri Şuşa Bəyannaməsindən sonra İstanbulda keçirilən Zirvə görüşü zamanı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adının dəyişdirilərək Türk Dövlətləri Təşkilatı olduğunu xatırladıb və bildirib ki, bundan sonra təşkilata rəhbərlik Azərbaycandan Türkiyəyə keçib. Pandemiyanın çətinliklərinə və Vətən müharibəsindən irəli gələn son dərəcə ağır şərtlərə baxmayaraq, qardaş ölkə təşkilatımıza uğurla sədrlik etdi. İkitərəfli əməkdaşlıqlarımızla yanaşı, bölgənin sülh və sabitliyi üçün də işləyirik, ideyalar irəli sürürük. Məlum olduğu kimi, üçtərəfli-dördtərəfli formatlarda mexanizmlərimiz var. Bunlar Türkiyə ilə Azərbaycanın mərkəzdə olduğu mexanizmlərdir.
Bölgədə yaranmış yeni vəziyyətdən danışan nazir vurğulayıb ki, Türkiyə və Azərbaycan sabitlik və sülh üçün səmimidir. Bu normallaşma Ermənistanın da xeyrinədir. Sadəcə, xoş sözlərlə olmaz, konkret addımlar atmalı və anlaşmalar həyata keçirilməlidir. Azərbaycan da hər zaman Türkiyənin yanındadır. Azərbaycan xüsusilə Türkiyənin olmadığı platformalarda ölkəmizin haqlarını hər zaman ən azı bizim qədər müdafiə edir. Həqiqətən, çətin dövrdən keçdik, sözün əsl mənasında, alovdan köynək geyindik. Bu dövrdə Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan tarix kitablarına salınacaq çox vacib uğurlara imza atdı.
Azərbaycana dəstəyini ifadə edən çıxışı ilə diqqət çəkən nazir bir daha vurğulayıb: "Dost da, düşmən də bilsin ki, Can Azərbaycan heç zaman yalnız deyil!"

 

Azərbaycan-Türkiyə qardaşlığı gələcək nəsillərə miras olaraq qalacaq

 

Həm müharibə zamanı, həm də müharibədən sonrakı dövrdə Türkiyə və Azərbaycan münasibətləri inkişaf etməkdə davam edir. Türkiyə Azərbaycanın işğaldan azad olunmuş torpaqlarının bərpa və yenidənqurma işlərinə hər zaman lazımi dəstəyi göstərməyə hazır olduğunu bildirir. 
Tarixə söykənən səmimi münasibətlər illər keçdikcə daha da dərinləşir, iki dövlət arasında ayrılmaz bağlar yaranır. Bu müttəfiqlik digər ölkələrə nümunə olmaqla yanaşı, gələcək nəsillər üçün qardaşlıq və  dostluğun simvoludur.
Prezident İlham Əliyevin də dediyi kimi, bu günün reallığı və xalqlarımızın qürur mənbəyi olan nümunəvi Azərbaycan-Türkiyə birliyi və qardaşlığı gələcək nəsillərə strateji yol xəritəsi, əbədi və sarsılmaz miras olaraq qalacaq.

Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video