16 Avqust 2022 00:56
296
İQTİSADİYYAT

Salyan Sort Sınaq Məntəqəsi 90 ilə yaxındır sınaqlardan üzüağ çıxır

 

Hələ qədimdən toxum məsələsi əkinçilərin ən yaralı yeri olub. Hətta əkin-biçin adamlarının yolları düşdükləri yerlərdən maraqlandıqları bitkilərin toxumlarını gizli şəkildə də olsa vətənlərinə gətirdikləri barədə söz-söhbətlər uzun zamanlardan bəri ağızlarda dolaşıb. 
Bir neçə il əvvəl Cəlilabadda olarkən Əməkdar aqronom Mikayıl Xubalıyevin toxumla bağlı bildiyi bir məsəli xatırlatmaq istərdik: "Əfqanıstanda elə yemiş sortu var ki, onu dilim-dilim doğradıqdan sonra bazara çıxarırlar. Ona görə belə edirlər ki, həmin yemişin toxumu əldən-ələ keçib yayılmasın". 
Toxuma, şitilə olan münasibət bu gün də öz əhəmiyyətini itirməmişdir. Müxtəlif ölkələrə gedən adamların xoşlarına gələn gülün-çiçəyin toxumunu və ya şitilini alıb gətirdiklərini hər birimiz görmüşük. Bəli, toxum mühüm şərtdir. Atalar nahaq yerə deməyiblər: "Nə əkərsən, onu da biçərsən". Daha keyfiyyətli toxum əkmək və daha yüksək məhsul əldə etmək bu gün əkinçilikdə başlıca şərtlərdən biri, hətta birincisidir. 
Bu sahədə ölkəmizdə müəyyən işlər görülmüşdür və həmin istiqamətdə tədbirlər davam etdirilir. O cümlədən ölkənin müxtəlif bölgələrində sözügedən sahə üzrə qurumlar fəaliyyət göstərir. Onlardan biri də Kənd Təsərrüfatı Nazirliyinin Salyan rayonundakı Sort Sınaq Məntəqəsidir. Təsərrüfatın rəhbəri təcrübəli kənd təsərrüfatı işçisi Balaeyvaz Hüseynovdur. Deyir ki, başçılıq etdiyi məntəqə 1934-cü ildə yaradılıb: "Burada sınaqlardan keçən, necə deyərlər, həyata vəsiqə alan bitki sortları, əsasən, Aran zonası rayonlarında əkilib-becərilir. Alimlərimiz tərəfindən alınan və xarici ölkələrdən gətirilən sortlar üç il dalbadal əkilərək, onların xüsusiyyətləri, yəni çıxış verməsi, boyu, xəstəliklərə qarşı davamlılığı, məhsuldarlığı, yerli şəraitə uyğunlaşması və s. keyfiyyətləri ətraflı öyrənildikdən sonra rayonlardakı xüsusi təsərrüfatlara göndərilir. Orada həmin sortun toxumu çoxaldılır". 
Cari ildə məntəqədə 21 pambıq sortu əkilmişdir. Onlardan 14-ü yerli, qalan 7-si xarici sortlardır. 4 min 200 kvadratmetrdə əkilən yerli sortlardan 11-i Gəncə Pambıqçılıq İnstitutuna, 3-ü Genetika İnstitutuna məxsusdur. Sortların hər birinin adı kodlaşdırılmışdır. Bu isə öz növbəsində baş verə biləcək neqativ halların qarşısını almağa xidmət edir. 
Məntəqənin direktoru yerli pambıq sortlarımızın üstünlüklərindən danışarkən vurğuladı ki, "Gəncə-160", "Gəncə-164", "Ağdaş-3" sortları yaxşılaşdırılmışdır. Bunlardan başqa, "Salyani", "Gəncə-195", "Gəncə-185", "Gəncə-200" pambıq sortları xarici sortlarla müqayisədə daha tez yetişən və məhsuldardır: "Lakin lif çıxımı xarici sortlarda daha yüksək olduğundan şirkətlər onların əkilib-becərilməsinə üstünlük verirlər. Yerli sortların toxumlarının yetişdirilməsi, demək olar ki, şirkətləri maraqlandırmır. Xarici toxumlar isə bahadır. Onların bir kiloqramı 5 manatdırsa, yerli sortdan olan çiyidin bir kiloqramı 30 - 50 qəpik arasında dəyişir. Torpaq mülkiyyətçilərinin, fermerlərin çoxu həm bu səbəbdən, həm də yerli pambıq növlərinin daha tezyetişən olmasına görə özümüzünkünü əkmək arzusundadırlar". 
Məntəqədə yalnız pambıq deyil, başqa bitkilərin toxumları da sınaqdan keçirilir. Taxıl, qarğıdalı, soya, yonca və başqaları bu sıradandır. 2008-2009-cu illərdə burada 20 hektarda  Hollandiyadan gətirilmiş soya, 2015-ci ildə 5 hektarda Almaniyadan gətirilmiş qarğıdalı toxumu əkilmişdir. Alman mütəxəssisləri əkin, becərmə və məhsul yığımı dövründə təsərrüfatda olmuşlar. Nəticə bu adamları razı salmışdır. Hər hektardan 150 sentnerdən artıq məhsul əldə edilmişdir. 
Onu da qeyd edək ki, təyinatından asılı olmayaraq, hər bir təşkilat və müəssisənin üzərinə düşən vəzifənin öhdəsindən gəlməsi həm də maddi-texniki bazadan və  kollektiv üçün yaxşı şəraitdən asılıdır. Bu sarıdan məntəqənin heç bir problemi yoxdur. Onun üçün yeni inzibati bina, anbarlar tikilmişdir. Məntəqənin həyətindəki texniki vasitələr üçün xüsusi sahə, 300 tonluq su anbarı, yanğına qarşı qurğu, işıqlandırma, habelə kamera sistemi, gözətçi otağı da təzədir. Yeri gəlmişkən qeyd edək ki, hazırda məntəqənin 18 adda 20 texnikası var. 
İdarənin kollektivi avqust ayının pambıqçılıqda mühüm dövr olduğunu nəzərə alaraq indi daha gərgin işləyir. Hazırda onlar sahədə 7-ci kompleks becərmə aparırlar. Bu isə məhsulun daha bol olacağının başlıca təminatıdır. 

Seyran CAVADOV, 
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video