04 Oktyabr 2024 08:15
2038
CƏMİYYƏT
A- A+
Şahin uçur, ceyran qaçır... 

Şahin uçur, ceyran qaçır... 


Qarabağ və Şərqi Zəngəzurun canlı təbiət inciləri də tarixi məskənlərinə qovuşur


İşğal müddətində erməni vandalları Qarabağ və Şərqi Zəngəzurda ekoloji terrora əl ataraq bulaqlarımızı, çaylarımızı qurutmuş, meşələrimizi qırıb yandırmış, flora və faunamıza qənim kəsilmişdilər. Bir sözlə, düşmən bu ərazilərdə "ölü torpaq" siyasəti həyata keçirərək canlı aləmi məhv etmişdi. Hətta azadlığından az sonra dədə-baba yurdlarına ziyarətə yollanan əksər keçmiş məcburi köçkünlərin dəhşət və təəssüf hissi ilə dilə gətirdikləri ifadələrdən biri də xarabalıqlara çevrilən o yerlərdən heç quş səsinin belə gəlməməsi ilə bağlı idi... 

Ancaq şanlı zəfərlərimiz sayəsində 30 il ərzində düşmənin məhv etdiyi Qarabağın və Şərqi Zəngəzurun ekologiyası da müvəffəqiyyətlə bərpa olunur. Tarixi məskənlərindən didərgin salınan faunası yenidən özünə qaytarılır. 


Heyvanların müdafiəsi daim diqqətdə saxlanılır


4 Oktyabr Beynəlxalq Heyvanları Müdafiə Günüdür. Həmin gün 1931-ci ildə İtaliyanın Florensiya şəhərində ekoloqların nəsli kəsilməkdə olan bəzi heyvan növlərinin müzakirəsini apardıqları yığıncağından sonra təqvimə daxil edilib. Bundan sonra həmin gün dünyadakı heyvanların bütün növlərinə şamil olunub. Bundan əlavə, oktyabrın 4-ü heyvanların müqəddəs qoruyucusu hesab edilən İtaliyanın Assasiya əyaləti sakini Françeskonun vəfat etdiyi günə görə təyin olunub.

Bu gün dünyanın bir çox ölkəsində müxtəlif tədbir, aksiya, kampaniyalarla qeyd edilir. O cümlədən ölkəmizdə. Ümumiyyətlə, Azərbaycanda heyvanların müdafəsi daim diqqətdə saxlanılır. Hazırda isə xüsusilə Qarabağ və Şərqi Zəngəzurun heyvanlar aləminin bərpası vacib əhəmiyyət daşıyır. 

1993-cü ilə qədər Qarabağ ərazisində 16 dəstəyə, 57 fəsiləyə daxil olan 200-ə yaxın quş növü qeydə alınıb. Bunlardan 32 növ "Qırmızı kitab"ın II nəşrinə daxil edilib. Qarabağ ərazisində işğala qədər 6 dəstəyə mənsub 75 məməli növü qeydə alınıb, 24 növ Azərbaycanın "Qırmızı kitabı"nın 2013-cü il nəşrinə salınıb. 

İşğaldan azad olunan Qarabağda erməni vandalizmi səbəbindən bölgənin faunasına ciddi zərər dəyib. Gələcəkdə aparılacaq tədqiqatlar vasitəsilə bölgədə sıradan çıxmış populyasiyaları aşkar etmək, daha sonra müəyyənləşdirilmiş üsullarla heyvanat aləminin yenidən bərpası mümkündür. Həmin istiqamətdə layihələr hazırlanıb həyata keçiriləcək. "Qırmızı kitab"ın 2023-cü ildəki üçüncü nəşrində azad edilmiş ərazilərin də nadir fauna və flora növləri haqqında məlumatlar yer alıb. 

Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərin ekoloji vəziyyətinin düzəldilməsi üçün burada müxtəlif növ ağaclar əkilir, heyvanların tarixi areala reintroduksiyası üçün işlər həyata keçirilir.


Tarixi məskənə qayıdış 


Qarabağ və Şərqi Zəngəzurun düşmən tərəfindən məhv edilmiş ekologiyası birbaşa Prezident İlham Əliyevin diqqəti və nəzarəti altında bərpa olunur. 

2022-ci il oktyabrın 19-da dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın reintroduksiya layihələrinin həyata keçirilməsi çərçivəsində Cəbrayıl rayonu ərazisinə 18 baş ceyran buraxmaları heyvanat aləminin də tarixi areallarına qayıdışının rəmzi oldu. Oktyabrın 20-də isə Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cəbrayıl ərazisinə daha 15 baş ceyran buraxdılar.

2023-cü il mayın 28-də Prezident İlham Əliyevin iştirakı ilə ölkə ərazisində reintroduksiya layihələrinin həyata keçirilməsi çərçivəsində Laçın rayonu ərazisində boyunlarına xüsusi siqnalötürücü xaltalar bağlanmış Şərqi Qafqaz turları (Capra cylindricornis) və şahin quşları təbiətə buraxıldı. 

Qeyd edək ki, Şərqi Qafqaz turları ölkəmizdə Böyük Qafqazın cənub və şərq yamaclarında daha geniş yayılıb. Əsasən dəniz səviyyəsindən 1000-3000 metr hündürlükdə yaşayan bu heyvanların sayı ölkəmizdə 7-8 min başdır. Şərqi Qafqaz turlarının fəallığı mövsümdən və yem bazasından asılı olaraq dəyişir. Vaxtilə bu heyvanlar Kiçik Qafqaz dağlarında yaşasalar da, sonradan həmin ərazidə nəsilləri tükənib.

Adı "Qırmızı kitab"a düşən şahin quşları Qətərdən Azərbaycana gətirilib. 

Ötən il Müstəqillik Günündə Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərdə su ekosisteminin bərpası istiqamətində 32 mindən artıq çəki, qızılbalıq və qızılxallı forelin Həkəri çayına buraxılması mərasimində də iştirak etmişdi.


“Bəsitçay” və “Daşaltı” yenidən fəaliyyət göstərir 


Ekologiya və Təbii Sərvətlər Nazirliyindən "Azərbaycan" qəzetinin sorğusuna cavab olaraq bildirildi ki, nadir və nəsli kəsilmək təhlükəsində olan bioloji növlərin artırılması, onların tarixən məskunlaşdıqları ərazilərə reintroduksiya olunması istiqamətində IDEA İctimai Birliyinin, Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin dəstəyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən reintroduksiya layihələri həyata keçirilir. Reintroduksiya layihələri çərçivəsində ceyran (Gazella subgutturosa), Avropa bizonu (Bison bonasus), nəcib maral (Cervus elaphus), hind tirəndazı (Hystrix indica), Şərqi Qafqaz turu (Capra cylindricornis), şahin qızılquşu (Falco pelegrinoides) və bezoar keçisinin (Capra aegagrus) tarixi yaşayış məskənlərində bərpasına nail olunur: "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair 

I Dövlət Proqramı" üzrə nəzərdə tutulmuş tədbirlərdə nadir və nəsli kəsilmək təhlükəsi olan növlərin reintroduksiyasının həyata keçirilməsi, fauna növlərinin bərpası və bioloji müxtəlifliyin qorunması əsas prioritet istiqamətlərdəndir". 

Məlumata görə, 2024-cü il ərzində reintroduksiya tədbirləri çərçivəsində Laçın rayonu ərazisinə kəklik quşlarının reintroduksiyası həyata keçirilib.

Qeyd olundu ki, fauna növlərinin qorunması üçün işğaldan azad edilən ərazilərdə mütəmadi monitorinqlər həyata keçirilir və heyvanların müşahidəsi məqsədilə əraziyə fototələlər quraşdırılıb. Qubadlı, Zəngilan və Cəbrayıl rayonlarının ərazilərində binokl vasitəsilə və vizual olaraq müşahidələr həyata keçirilib. Həmçinin "Vectonic Aerospace VHF" antenası vasitəsilə ceyranlara qoşulmuş CPS-dən siqnal alınması və yerlərin müəyyən edilməsi üçün istifadə olunub. 

Hazırkı dövrədək işğaldan azad edilmiş ərazilərdə Zəngilan rayonu ərazisində Bəsitçay çayına, Qubadlı rayonunda Bərgüşad çayına, Füzuli rayonunda Köndələnçay çayına, Tərtər rayonu və Ağdərə rayonu ərazisində Suqovuşan Su Anbarına, Ağdam rayonu ərazisində Xaçınçay Su Anbarına və Laçın rayonunda Həkəri çayına balıq buraxılışı həyata keçirilib və növbəti aylarda da bu işlərin  davam etdirilməsi nəzərdə tutulur. 

Həmçinin bildirildi ki, işğaldan azad edilmiş ərazilərdə biomüxtəlifliyin qorunması və zənginləşdirilməsi məqsədilə Bəsitçay Dövlət Təbiət Qoruğunun və Daşaltı Dövlət Təbiət Yasaqlığının fəaliyyətinin bərpası yenidən təmin edilib, həmin ərazilərdə yeni xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılması ilə bağlı araşdırmalar aparılır. Bundan əlavə, işğaldan azad edilmiş torpaqlarımızın faunasının zənginləşdirilməsi məqsədilə həmin ərazilərdə biomüxtəliflik komponentlərinin tarixi areallarına qaytarılması layihələrinin icrası uğurla davam etdiriləcək.


Yaklar Kəlbəcər və Laçın yaylaqlarında


2022-ci ildə Azərbaycanda ətlik istiqamət üzrə ixtisaslaşmış təsərrüfatın yaradılması üçün Qırğızıstandan 100 baş yak növlü iribuynuzlu heyvan gətirilib. Yaklar gətirilməzdən əvvəl qırğız ekspertlərin iştirakı ilə Kəlbəcər və Laçın rayonlarında monitorinqlər keçirilərək müvafiq ərazilər seçilib. Dağlıq ərazilərdə soyuq iqlim şəraitində yaşamağa uyğunlaşmış heyvanların Laçın rayonunda öncədən müəyyən edilmiş ərazidə yerləşdirilməsi təmin edilib. 

Ərazidə heyvanların ovlanmasını qadağan edən xüsusi xəbərdaredici lövhələr quraşdırılıb. Bu heyvanlar dəniz səviyyəsindən 2500-4000 metr yüksəklikdə yerli şəraitə daha yaxşı adaptasiya olunurlar. 

Ötən il Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri Qırğızıstandan dəvət olunmuş ekspertlərlə birgə təsərrüfata baxış keçirib, heyvanları müayinə ediblər. Təsərrüfatın fəaliyyətini qənaətbəxş hesab edən qırğız ekspertlər yakların sürətli çəki almasını yerli şəraitə qısa müddətdə adaptasiya olunmaları, Laçın və Kəlbəcər yaylaqlarının qış otlaqlarının yem bolluğu, keyfiyyətli su mənbələri ilə izah ediblər. Yakların balalarının doğulması isə onların Qarabağ və Şərqi Zəngəzurun təbiətinə uğurlu adaptasiyasından xəbər verir. 

Bu ilin yayında isə Qırğızıstan Prezidenti Sadır Japarovun azərbaycanlı həmkarı İlham Əliyevə şəxsi hədiyyəsi olan 101 baş yak və onların 15 balası ölkəmizə gətirilərək işğaldan azad edilmiş Kəlbəcər rayonunun Qazxan yaylağında təbiətə buraxılıb. Yakların həm buradakı sürüyə, həm də yerli təbiətə uyğunlaşması prosesi davam edir.


Təbiətin dirçəlişi 


Qarabağ və Şərqi Zəngəzurda ekosistemin bərpası, o cümlədən flora və fauna növlərinin qorunması üçün dövlətimiz tərəfindən mühüm və hərtərəfli işlər həyata keçirilir. İşğal dövründə təbiətinə ciddi ziyan dəymiş ərazilərimizdəki bulaqlarımız, çaylarımız, şəlalələrimiz yenidən çağlayır, meşələrimiz pöhrələyir, təbii ərazisindən didərgin düşən canlılar öz məskənlərinə qaytarılır.

İndi bu yerlərin yaşayan təbiətində yenidən şahinlər uçur, ceyranlar qaçır, kəkliklər oxuyur...


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Türkiyəyə məxsus yanğınsöndürmə təyyarəsi Xorvatiyada qəzaya uğrayıb  

00:35
14 Noyabr

Azərbaycan Respublikasının Vergi Məcəlləsində və "Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

00:35
14 Noyabr

"Azərbaycan Respublikasının Vergi Məcəlləsində və "Gömrük tarifi haqqında" Azərbaycan espublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 24 oktyabr tarixli 277-VIIQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

00:34
14 Noyabr

DÇ-2026: Azərbaycan millisi evdə İslandiyaya məğlub olub 

23:32
13 Noyabr

Ərdoğan: Kipr məsələsi Türkiyənin milli prioritetidir

23:01
13 Noyabr

Bakıda Şimali Kiprin müstəqilliyinin 42-ci ildönümü münasibətilə tədbir təşkil olunub  

21:46
13 Noyabr

Türkiyə hərbçilərinin cəsədi olan təyyarə Tbilisidən Ankaraya yola düşüb  

21:44
13 Noyabr

Ermənistan vətəndaşlarının məhkəməsində təqsirləndirilən şəxslərin cəzalandırılmasına dair prokurorların təklifləri səsləndirilib 

21:40
13 Noyabr

DİN diplomatik nömrəli avtomobillərin qayda pozuntuları barədə rəsmi açıqlama yayıb

21:33
13 Noyabr

Milli Məclis komitələrinin birgə iclasında növbəti ilin büdcə layihəsi müzakirə edilib  

20:36
13 Noyabr

Napoleonun brilyant broşu “Sotheby's”də 4,4 milyon dollara satılıb  

19:35
13 Noyabr

Donald Tramp müvəqqəti büdcəni imzalayıb

19:34
13 Noyabr

İraqda ümumi seçkilərdə Baş nazirin koalisiyası qalib gəlib 

19:32
13 Noyabr

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi BMT ilə əməkdaşlığı genişləndirir  

19:27
13 Noyabr

Zaqreb Qran-Prisində Azərbaycan cüdoçularının ilk rəqibləri bəlli olub 

19:26
13 Noyabr

Noyabrın 14-ü axşamdan 15-i gündüzədək bəzi yerlərdə hava şəraiti arabir yağıntılı olacaq – XƏBƏRDARLIQ  

19:24
13 Noyabr

Amerikalı ekspert: Azərbaycan regional ticarətdə alternativ istiqamətlər təqdimetmə qabiliyyətini artırır  

19:24
13 Noyabr

Azərbaycanın xarici işlər naziri Pakistanın federal ombudsmanı ilə görüşüb  

19:22
13 Noyabr

Daxili Qoşunlarda gənc əsgərlərin andiçmə mərasimi keçirilib  

19:22
13 Noyabr

Rusiyalı politoloq: Şimal-Cənub Nəqliyyat Dəhlizi regionda yeni reallıqlar yaradır  

18:27
13 Noyabr

ANAMA-da Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə minatəmizləmə fəaliyyətinə dair müzakirələr aparılıb  

18:26
13 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!