27 Yanvar 2022 00:24
884
İQTİSADİYYAT
A- A+

Şabran fındığının xaricdə də alıcısı var

 

Şabran şimal bölgəsində iqtisadi potensialına görə seçilən rayondur. Həm dağlıq, həm də aran əraziyə malik olması Şabranda kənd təsərrüfatının bütün sahələrini inkişaf etdirməyə imkan verir.

Rayonda meyvə bağları 3130 hektardan artıqdır. Fındıq bağları  son bir neçə ildə genişləndirilərək 1014 hektarı keçib. Onun 840 hektarı pay, 123 hektarı həyətyanı torpaq sahələridir. Yeni salınan fındıq bağlarına subsidiyalar fermerlərin bu sahəyə marağını artırıb. Dəniz səviyyəsindən 200 və 1500 metr yüksəklikdə əkilən fındığın satışı da çətin deyil. Bu gün Şabran fındığı Türkiyə, Rusiya və Ukrayna kimi ölkələrə daşınır.

Onu da bildirək ki, təkcə ötən il Zöhrab kəndində onlarca hektarda yeni fındıq bağları salınıb.  Rayonun Uqah kəndində İmanverdi İmanovun  saldığı 6 hektarlıq fındıq bağı sualtı ərazidə yerləşdiyindən daha sürətlə inkişaf edir. Fermer bildirir ki, elə dədə-babadan həyətlərində fındıq becəriblər: “2019-cu ildə dövlət başçısının sərəncamı ilə yeni bağların salınmasına başlananda mən də dövlətdən subsidiya götürərək işə başladım. Hazırda bağımızda ağacların becərilməsi texniki qaydalara uyğun aparılır”.

Rayon fermerləri badama da üstünlük verirlər. 150 hektardan artıq badam bağlarından götürülən məhsul keyfiyyətinə görə fərqlənir. Həm də burada hər ağacdan 18-21 kiloqram badam yığmaq mümkündür.

Ağalıq inzibati dairəsinin Söhbətli kəndində fermer Elvin Paşayevin yeni saldığı 23 hektar  badam  bağı da məhsuldarlığı ilə seçilir. Bağçılıq sahəsində geniş təcrübəyə malik olan fermer əkilən ağaclara böyük qayğıkeşliklə yanaşır. Özünün dediyi kimi, ruzimizi çəkilən zəhmətdən götürürüksə,  gərək vicdanla işləyək, çünki bu şəraiti bizə dövlətimiz yaradıb.

Şabranda 635 hektar ərazidə tərəvəz yetişdirilir. Bu sahədə çalışanlar  il boyu  becərmə  ilə məşğuldurlar. Pomidor və xiyar sahələri damcı üsulu ilə suvarılır. Qənaət edilən su kələm və noxudun yetişdirilməsinə yönəldilir. Bu gün ölkənin bazarlarında satılan noxudun da çox hissəsi şabranlı fermerlərin əməyinin məhsuludur.

Rayonda üzümçülük də sürətlə dirçəldilir. Hazırda Şabranda 340 hektar üzüm sahəsi mövcuddur. Bunun 121 hektarını texniki sort təşkil edir. “Təbrizi”, “Mirəndi”, “Ağ şanı” və “Qara şanı” kimi üzüm sortları isə alıcıların həvəslə aldıqları süfrə üzümləridir. Söz düşmüşkən bildirək ki, Şabranda şimal bölgəsinin iri loqistik mərkəzi (soyuducu anbarı) fəaliyyət göstərir. Alma, nektar və armud bağlarında yetişdirilən meyvələr həmin soyuducu anbarlarda qışa saxlanılır.

Heyvandarlıq da iqtisadi baxımdan sərfəli sahə hesab edilir. Qoyunçuluq şabranlıların dədə-babadan gələn məşğuliyyətləridir. Rayonun elə bir kəndi yoxdur ki, orada qoyunçuluq təsərrüfatları olmasın.

Rayonda bu gün 25 min baş qaramal var. Camışlar bir neçə ailə-fermer təsərrüfatlarında bəslənilir. Bir neçə kənddə camışçılıq üçün şərait yaxşı olduğundan onların bəslənilməsində çətinlik yoxdur. Həm də uzun illərdir ki, həmin kəndlərdə bir təcrübə formalaşıb. Hətta ətraf rayonlardan bu kənddəki fermer təsərrüfatlarının təcrübəsini öyrənmək məqsədilə onlara müraciət edənlər var.

Şabranda bir neçə iri heyvandarlıq kompleksi də fəaliyyət göstərir. Onlardan biri Aygünlü kəndində yerləşən “KFT MK” kompleksidir. Orada 112 baş cins mal saxlanılır. 44 baş mal Belarusdan gətirilib. 7 aydan artıq müddətdə həmin cins mallara qulluq olunur. Həmin inəklərin hər biri gün ərzində 25-30 litrə yaxın süd verir. Kompleksin daxilində mal-qaranın yetişdirilməsi üçün hər şərait var. Yetişdirilən qarğıdalı silos şəklində heyvanlara verilir. Şirəli yemlər südün tərkibini yaxşılaşdırır, yağlılığını artırır. Təkcə bu təsərrüfatda onlarca insan iş yerləri ilə təmin edilib. Rayonda isə belə komplekslərin sayı az deyil.

Şabranda bir neçə yerdə baytarlıq aptekləri fəaliyyət göstərir. Bu gün sahibkar öz mal-qarasının sağlamlığının qorunması üçün dərman dalınca artıq paytaxta üz tutmur.  Hətta iri təsərrüfatların öz baytar həkimləri də var.

 

Akif ƏLİYEV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video