17 May 2022 02:15
1563
SİYASƏT
A- A+

Regionun inkişaf təminatçıları

 

İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın təşəbbüsləri Avrasiyanın təhlükəsizliyinə və rifahına mühüm töhfə verir

 

Türkiyədə istifadəyə verilən Rizə-Artvin Hava Limanı qardaş dövlətin inkişafının təcəssümü ilə yanaşı, dünyaya başqa bir mesaj verdi.  Dənizin üzərində inşası başa çatdırılan bu möhtəşəm hava limanının açılışında Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Prezident

İlham Əliyevin iştirak etməsi isə Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək səviyyəyə çatdığını və ardıcıl inkişafda olduğunu nümayiş etdirdi.

 

İlham ƏLİYEV: "Azərbaycan xalqı heç vaxt bu qardaşlığı unutmayacaq"

 

Məzmununa və miqyasına görə beynəlxalq münasibətlər sistemində Azəbaycan-Türkiyə əlaqələrinin analoqunu tapmaq mümkün deyil. Tarixin sınaqlarından çıxan, daim dərinləşən bu münasibətlərin hansı səviyyədə olması 2020-ci ilin Vətən müharibəsində özünü daha yaxından göstərdi. Təsadüfi deyil ki, 44 gün davam edən savaş günlərində xalqımız kimi Türkiyə ictimaiyyəti də Qələbəyə köklənmişdi. Müharibənin gedişatında Türkiyə dövləti, onun siyasi-hərbi rəhbərliyi birmənalı şəkildə Azərbaycanın yanında oldular, ölkəmizin haqlı mövqeyini, ərazi bütövlüyünü qətiyyətlə müdafiə etdilər. Bu ölkənin siyasi və hərbi rəhbərliyi birmənalı və qəti şəkildə Azərbaycanı dəstəkləyən bəyanatlar verdilər. Ermənistanın təəssübünü çəkən siyasi dairələr gördülər ki, Azərbaycan tək deyil.

Bu müharibə qardaşlığımızı daha da möhkəmləndirdi, sarsılmaz etdi. Türk dünyasının öndərləri olan Heydər Əliyevin "Bir millət-iki dövlət" və Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir" kəlamları bir daha öz təsdiqini tapdı. Prezident

İlham Əliyev Rizə-Artvin Hava Limanının açılış mərasimində İkinci Qarabağ savaşının bizim müştərək, ortaq şanlı tariximiz olduğunu bildirərək deyib: "Otuzillik işğala son qoyduq və savaşın ilk günündə hörmətli Prezident, qardaşım Rəcəb Tayyib Ərdoğanın "Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır" deməsi bir çoxları üçün ciddi mesaj oldu. Savaşın son dəqiqəsinə qədər - Şuşa şəhərində bayrağımız ucalana qədər Türkiyə bizim arxamızda idi, bizə arxa idi, dayaq idi və Azərbaycan xalqı heç vaxt bu qardaşlığı unutmayacaq".

Ötən ilin iyun ayından Azərbaycan-Türkiyə münasibətlərinin tarixində məzmun və keyfiyyətcə yeni mərhələnin təməli qoyuldu. "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi" iki dövlət arasındakı strateji tərəfdaşlığın siyasi və mənəvi təcəssümü oldu. Həm Şuşa Bəyannaməsi, həm də Türkiyə Prezidentinin işğaldan azad olunmuş Azərbaycan ərazilərinə səfərləri Azərbaycan-Türkiyə dostluğunun və qardaşlığının sarsılmazlığını dünyaya bəyan etmişdi. Ötən il Türkiyədə baş verən meşə yanğınları və hazırda Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və quruculuq işləri göstərir ki, iki dövlət hər zaman bir-birinin yanındadır.

 

Sabitliyə və əməkdaşlığa xidmət edən strateji müttəfiqlik

 

Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan qarşısında duran çox mürəkkəb və taleyüklü məsələlərin həllinə nail olub, öz tarixi inkişafının zirvəsinə yüksəlib. Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi dövründə isə Türkiyə dünyanın aparıcı ölkələrindən birinə çevrilib və hazırda bütün sahələrdə yüksək tərəqqi nümayiş etdirir. Güclənən iki qardaş dövlətin strateji müttəfiqliyi bütün Avrasiyanın təhlükəsizliyinə və inkişafına mühüm töhfədir.

Şuşa Bəyannaməsində də qeyd olunur ki, Azərbaycanla Türkiyə regional və beynəlxalq miqyasda sabitlik və rifah vasitəsilə sülh, dostluq və mehriban qonşuluğa əsaslanan beynəlxalq münasibətlərin inkişaf etdirilməsi, eləcə də münaqişələrin, regional və qlobal təhlükəsizlik, sabitlik məsələlərinin həlli istiqamətində birgə səylər göstərirlər. Həmçinin aktual xarakter kəsb edən, qarşılıqlı maraq doğuran beynəlxalq məsələlər üzrə həmrəylik və qarşılıqlı dəstək nümayiş etdirərək yaxın mövqedən çıxış etməklə ikitərəfli əməkdaşlığı dərinləşdirəcəklər.

Azərbaycanla Türkiyənin öz münasibətlərində Şuşa Bəyannaməsində qeyd olunan bu prinsipləri rəhbər tutmaları bölgədə və yaxın coğrafiyalarda sülhün və təhlükəsizliyin təmin olunmasına xidmət edir. Bu baxımdan Azərbaycanla Türkiyə arasında  Şuşa Bəyannaməsi ilə yeni keyfiyyət mərhələsinə yüksələn müttəfiqlik hər iki dövlətin bu kimi məsələlərdə imkanlarını artırır, güclərinə güc qatır. Ona görə Azərbaycan-Türkiyə müttəfiqliyi onların özlərinin təhlükəsizliyini daha da gücləndirməklə yanaşı, həm də Avrasiyada sülhün və rifahın təmin olunmasına yönəlib.

Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan arasındakı möhkəm dostluq, Azərbaycan-Türkiyə qardaşlığı təkcə iki ölkə arasında münasibətlərin inkişafına deyil, bütün türk dünyasında əlaqələrin möhkəmlənməsinə xidmət edir. Məlum olduğu kimi, indiyədək Azərbaycan və Türkiyənin birgə əməkdaşlığı ilə həyata keçirilən iqtisadi layihələr həm də Orta Asiyanın türkdilli dövlətləri üçün geniş imkanlar yaradıb.

İkinci Qarabağ müharibəsindən sonra regionda sülhün və təhlükəsizliyin əbədi bərqərar olması üçün edilən real təşəbbüslərin də təməlində Azərbaycan-Türkiyə qardaşlığı dayanır. Bölgədə yaranmış yeni reallıqlar fonunda Bakı və Ankaranın yürütdüyü sülhpərvər siyasət bunu təsdiq edir. İki dövlət sülhün təmin edilməsi, regionda yeni iqtisadi əməkdaşlıq imkanlarının yaradılması, inteqrasiyanın dərinləşməsi üçün səylərini əsirgəmirlər. Hansı ki bütün bunlar regionun nikbin və təhlükəsiz gələcəyinə xidmət edir.

 

Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video