12 Avqust 2022 01:34
1807
SİYASƏT
A- A+

Region üçün strateji əhəmiyyət daşıyan Zəngəzur dəhlizi reallığa çevrilir 

 

İşlərin 57 faizdən çoxu yerinə yetirilib

 

44 günlük Vətən müharibəsi yalnız 30 ilə yaxın müddətdə işğal altında olmuş ərazilərimizin azad olunması ilə bitmədi, həm də qalib tərəf olaraq Azərbaycana böyük imkanlar yaratdı. Bunlardan biri də  Zəngəzur dəhlizinin açılmasıdır.
Azərbaycan Prezidenti İlham Əliyev bu ilin iyun ayının 29-da Aşqabadda keçirilmiş Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında çıxışı zamanı qədim Azərbaycan torpağı Zəngəzurun indi türk dünyasının birləşdiricisi rolunu oynayacağını bildirib.  Zəngəzur dəhlizi yalnız Qafqaz üçün deyil, daha geniş anlamda region üçün strateji əhəmiyyətə malik olacaq.  
Bu isə ondan xəbər verir ki, Zəngəzur dəhlizi kifayət qədər böyük iqtisadi potensiala və təbii resurslara malik olan regionu birləşdirəcəkdir.
Azərbaycan və Türkiyə prezidentləri tərəfindən təməli qoyulan, uzunluğu 123,6 kilometr olan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu başlanğıcını Füzulinin Əhmədbəyli kəndindən götürməklə layihələndirilib və I texniki dərəcəli olaraq beynəlxalq magistral normalara uyğun inşa olunur. Yolun ilk 77,5 kilometrlik hissəsi 6, qalan 46,1 kilometrlik hissəsi isə 4 hərəkət zolaqlıdır. Hərəkət zolaqlarına uyğun yol yatağının eni müvafiq olaraq 29,5 və 21,5 metrdir.
Layihə üzrə işlərin 57 faizdən çoxu  yerinə yetirilib. Bundan əlavə, 265 dairəvi borudan 166-sı artıq tikilib, 39-da işlər davam edir; 42 düzbucaqlı borudan 18-i tikilib, 9-da işlər davam edir; 56 alt keçidin 19-u tikilib, 25-də işlər davam edir; 63 ehtiyat keçidlər üçün nəzərdə tutulmuş xidməti borulardan 28-nin inşası başa çatdırılıb, 11-də işlər davam edir; 23 körpünün 19-da hazırda tikinti-quraşdırma işləri sürətlə gedir.
Avtomobil yolunun 22-44-48-ci kilometrlik hissələrində yol geyiminin tikintisi işləri, 25,9-115-ci kilometrlik hissəsində isə qazma, dolğu və süni qurğuların tikinti işləri görülür. Yol boyu layihəyə uyğun ümumi uzunluğu 6 kilometr təşkil edən üç avtomobil tunelinin inşası aparılır. Tunellər üzrə işlərin yerinə yetirilməsi 37 faizdir.
Ortalama uzunluğu 1020 metr təşkil edən tuneldə qazma, həmçinin beton püskürtmə işləri artıq yekunlaşıb. Bundan başqa, 1007 metr uzunluğunda olan digər tunelin sol istiqaməti üzrə kəmər betonu 550 metr məsafədə, 1033 metr uzunluğunda tunelin isə sağ istiqaməti üzrə kəmər betonu 444 metr məsafədə tamamlanıb. Ortalama uzunluğu 1822 metr olan tunelin sol istiqaməti üzrə 985,5 metr, sağ istiqaməti üzrə isə 1166,35 metr məsafədə qazma və püskürtmə beton işləri yekunlaşıb. Bununla paralel ortalama uzunluğu 3170 metr olan tunelin sol istiqaməti üzrə 1398 metr, sağ istiqaməti üzrə 1433 metr məsafədə qazma və püskürtmə beton işləri başa çatdırılıb.
AAYDA-yi rəhbərliyinin nəzarəti altında "İnşaat Norma və Qaydaları"nın tələbləri çərçivəsində həyata keçirilən tikinti işlərinin 2024-cü ildə başa çatdırılması planlaşdırılır.
Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun bir hissəsi olmaqla, Azərbaycanın digər rayonlarını Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək baxımından çox böyük əhəmiyyətə malikdir.
Zəngəzur dəhlizinin istifadəyə verilməsi eyni zamanda Azərbaycanı regionun əsas nəqliyyat qovşaqlarından birinə çevirəcək. Azərbaycan "Şərq-Qərb" və "Şimal-Cənub" nəqliyyat dəhlizlərinin formalaşmasında yaxından iştirak edir, birbaşa həmin nəqliyyat dəhlizlərinin regional hissəsinin inkişafına həm də maliyyə dəstəyi nümayiş etdirir. Bu, Naxçıvanın Azərbaycanın əsas ərazisi vasitəsilə həmin nəqliyyat dəhlizlərinə çıxışını təmin edəcək. Xüsusən də "Şərq-Qərb" nəqliyyat dəhlizinə naxçıvanlı iş adamlarının qatılması baxımından əhəmiyyətli olacaqdır.
Bu dəhlizin açılmasıyla ölkəmizin geoiqtisadi əhəmiyyəti daha da artacaq. Ən əsası, türk dünyası uzun illərdən sonra yenidən Zəngəzur dəhlizi vasitəsilə birləşəcək. Xatırladaq ki, Dağlıq Qarabağ münaqişəsi zamanı və bu münaqişədən əvvəl də bəzi qüvvələrin əsas məqsədlərindən biri türk dünyasında quru sərhədinin ləğv edilməsi olub. Həmin qüvvələr buna qismən nail də olmuşdular. Azərbaycandan Naxçıvana getmək üçün insanlar İran ərazisindən keçirdilər. Bəzi yükdaşımalar zamanı istər-istəməz müəyyən problemlər yaranırdı. Bu gün Zəngəzur dəhlizinin açılmasının çox böyük əhəmiyyəti var. Bu dəhlizdə tək avtomobil yolu deyil, paralel olaraq Naxçıvanla birləşən keçmiş dəmir yolu bərpa olunacaqdır. Kommunikasiyaların işə düşməsi boru və qaz kəmərlərinin açılması üçün də mühüm irəliləyişdir. 
Gələcəkdə Azərbaycanla Naxçıvan arasında olan ərazi şimal-cənub və qərb istiqamətində olan bütün kommunikasiyaların məhz Naxçıvandan Türkiyəyə, oradan da Aralıq dənizi vasitəsilə digər qərb dövlətlərinə çıxmaq imkanı yaradacaq. Bu, türk dünyasının birləşməsi deməkdir. Bütün bunların fonunda dəhlizin əhəmiyyəti hər kəs üçün aydındır. Beləliklə, Zəngəzur dəhlizinin açılışı Azərbaycanın siyasi-strateji mövqeyini xeyli yüksəltməklə, onun iqtisadi qüdrətini əhəmiyyətli dərəcədə artıracaqdır. 
Ermənistan parlamentinin "Şərəf duyuram" fraksiyasının deputatı Tiqran Abramyan bildirir ki, "Hazırda Ermənistanda belə hesab edilir ki, Azərbaycan ilk olaraq Zəngəzur dəhlizinin açılmasına nail olacaq. Daha sonra bu yerlərə, ardınca İrəvana azərbaycanlıların qayıdışı prosesinin başlanması istisna olunmur". Erməni analitik Nijde Hovsepyanın isə açıqlamasına görə, "bütün bunlar göstərir ki, azərbaycanlıların öz tarixi yurdlarına qayıtmaq  istəyi Ermənistanda təşvişə səbəb olub. Ekspertlər bildirirlər  ki, 10 noyabr Bəyannaməsinin əsas maddələrindən biri Zəngəzur dəhlizi və kommunikasiyaların qarşılıqlı açılması ilə bağlıdır.
Beynəlxalq ekspertlərin fikrincə, Zəngəzur dəhlizi regionda sülhün təməl sütunlarından biri olmaqla yanaşı,  bölgə dövlətləri arasında iqtisadi, ticarət əlaqələrini inkişaf etdirəcək, Ermənistanın özünün 30 ilə yaxın davam edən təcrid vəziyyətindən yaxa qurtarmasında mühüm rol oynayacaq. Çünki Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri,  bütün türk dünyasını birləşdirməklə yanaşı, Ermənistan üçün əlavə imkanlar yaradacaq. Bu, hazırda ağır sosial-iqtisadi durumda olan Ermənistana olduqca vacibdir. Məhz bu səbəbdən əngəl yaratmaq əvəzinə Zəngəzur dəhlizinin mümkün qədər tez istifadəyə verilməsində Ermənistan tərəfi daha çox maraqlı olmalıdır.

 

Rəhman SALMANLI, 
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video