08 Iyun 2022 00:46
863
Mədəniyyət
A- A+

Realist ədəbiyyatın tərəqqisində rolu olan yazıçı

 

Görkəmli yazıçı, dramaturq, tərcüməçi, pedaqoq, Əməkdar incəsənət xadimi Əbdürrəhim bəy Haqverdiyevin xatirəsinə həsr olunmuş albom-kitab işıq üzü görüb. "Əbədiyyət yolçusu" adlandırılan albom-kitab "Təhsil" nəşriyyatında çap edilib.

Yeni nəşr Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyinin qeyd edilməsi haqqında" 31 yanvar 2020-ci il tarixli sərəncamına müvafiq olaraq hazırlanıb. Nəşrin tərtib edəni, ön sözünün müəllifi və redaktoru Mustafa Çəmənli, ideya müəllifi "Təhsil Nəşriyyatı-Poliqrafiya" müəssisəsinin direktoru Tural Axundov, nəşriyyat redaktoru Gülər Ələkbərqızıdır.

Yubiley nəşrində Əbdürrəhim bəy Haqverdiyevin həyat və fəaliyyətini əhatə edən xatirələr, haqqında dövri mətbuatda dərc olunmuş məqalələr, sağlığında və vəfatından sonra çap olunmuş kitablarına çəkilmiş illüstrasiyalar, əsərləri əsasında hazırlanan teatr tamaşalarından, bədii filmlərdən fraqmentlər, ona həsr olunmuş rəsm əsərləri, fotoşəkillər, adını daşıyan ünvanların görüntüləri əksini tapıb. Müəllifin dili və üslubuna toxunulmayıb.

"Ədəbiyyat yolçusu" Əbdürrəhim bəy Haqverdiyevin həm şəxsiyyəti, həm də pedaqoji, ədəbi və diplomatik fəaliyyəti barədə geniş, əhatəli məlumatlarla zəngindir. Albom-kitaba yazdığı ön söz əvəzində yazıçı-jurnalist Mustafa Çəmənli haqlı olaraq Əbdürrəhim bəyi mədəniyyətimizdə, incəsənətimizdə, ədəbiyyatımızda, təhsilimizdə, diplomatiyamızda bünövrə daşı olanlardan biri hesab edir. Qələmə aldığı əsərlərin qəhrəmanları kimi Əbdürrəhim bəy Haqverdiyevin özünün də həyatı keşməkeşli, iztirablarla dolu keçib. Nəşrdə yer verilən filologiya elmləri doktoru, professor Kamran Məmmədovun "Əmimin evində qalmaq... əzab-sitəm idi" başlıqlı məqaləsində bu böyük şəxsiyyətin ömrünün ilk çağlarından çəkdiyi acılar, mücadilələri, təhsil almaq üçün çəkdiyi zəhmət, məktəb illəri və digər xatirələri qələmə alınıb.

1870-ci il mayın 17-də Şuşa qalasının Ağbulaq kəndində dünyaya gəlişi sevincə, şadyanalığa səbəb olan bu bəy ailəsinin əziz xələf övladının uşaqlıq illəri bəxtəvərlik içərisində keçməyib. Üç yaşında ikən atası Əsəd bəy vəfat edib. Balaca Əbdürrəhim bəy atasının əmisi Əbdülkərim bəyin himayəsində yaşayıb. Əzazil əmisi arvadının verdiyi əziyyətlərə qatlaşıb. Əbdülkərim bəy öldürüldükdən sonra o evdə qalması daha da dözülməz olub. İkinci dəfə ailə qurmuş anası Hüsniyyənin yanına qaçıb. Atalığı onu öz oğlu kimi qəbul edib və qayğısına qalıb. Əbdürrəhim bəy Şuşada və Tiflisdə Realnı məktəbləri bitirib. Sonra Peterburqda Yol Mühəndisləri İnstitutunda oxuyub.

Albom-kitaba daxil edilmiş məqalələrdə Əbdürrəhim bəy Haqverdiyevin ziyalı kimi yetişməsindən, ədəbiyyat sahəsində ilk qələm təcrübələrindən başlayaraq ədib kimi tanınmasınadək bütün fəaliyyəti əksini tapıb. Diqqətə çatdırılıb ki, o, hələ Şuşa Realnı Məktəbində təhsil aldığı vaxtlarda teatra maraq göstərib. Əbdürrəhim bəy Haqverdiyev ədəbi fəaliyyətə də o zaman başlayıb. Mirzə Fətəli Axundzadənin təsiri ilə "Hacı Daşdəmir" adlı kiçik bir pyes yazıb. Peterburqda baxdığı Aleksandriyski teatrının tamaşalarının təsiri ilə yaradıcılığa marağı daha da artıb. Elə tələbəlik illərində "Yeyərsən qaz ətini, görərsən ləzzətini" və "Dağılan tifaq" əsərlərini qələmə alıb.

1899-cu ildə Azərbaycana qayıdan Əbdürrəhim bəy Haqverdiyev bir müddət Bakıda yaşayıb. O, həm müəllimliklə məşğul olub, həm də teatrlarda hazırlanan tamaşalara rejissorluq edib. Bədii yaradıcılığını da davam etdirib. Qələmə aldığı "Bəxtsiz cavan" və "Pəri-cadu" faciələri ilə milli dramaturgiyanı zənginləşdirib. "Həyat" qəzetində hekayələri və "Molla Nəsrəddin" jurnalında gizli imzalarla felyetonları, məzhəkələri dərc olunub. O, "Molla Nəsrəddin" jurnalında "Mozalan", "Lağlağı", "Ceyranəli", "Xortdan" və başqa imzalarla çıxış edib.

Yeni nəşrdə akademik Məmməd Arif Dadaşzadənin 25 dekabr 1970-ci ildə Əbdürrəhim bəy Haqverdiyevin 100 illik yubiley gecəsində oxunmuş  "Dahiyanə sadəlik" başlıqlı məqaləsinə də yer verilib. Mədəniyyətimizin, teatrımızın və ədəbiyyatımızın tarixinə yeni səhifələr yazan Əbdürrəhim bəyi Məmməd Arif Dadaşzadə oxuculara belə tanıdıb: "O, mütənasib vücudu, səliqəli geyimi, qalın, yaraşıqlı və bir qədər də nurani saçları ilə uzaqdan diqqəti cəlb edirdi. Ləyaqətli, təsirli görkəmi ilə o, yazıçılarımız arasında dərhal seçilirdi. Bütün gənclər ona xüsusi hörmət bəsləyirdilər. Əlbəttə, bu hörmətin səbəbi yalnız ədibin zahiri görkəmi deyildi. Əbdürrəhim bəy Haqverdiyevin davranışı da, danışığı da, ürəyi də təmiz və gözəl idi. Asta-asta danışardı, şirin-şirin söhbət edərdi, hətta hirslənəndə də səsini ucaltmazdı".

Məqalədə diqqətə çatdırılıb ki, M.F.Axundzadə ənənələri əsasında inkişaf edən realist ədəbiyyatımızın, xüsusən dramaturgiyamızın tərəqqisində Haqverdiyevin rolu olduqca böyükdür.

"Əbədiyyət yolçusu" kitabına daxil edilən yazıların bir çoxu "Dahiyanə sadəlik"də olduğu kimi Əbdürrəhim bəy Haqverdiyevi oxuculara yaxından tanıdır. Çünki onları qələmə alanların çoxu Əbdürrəhim bəyi həyatda görmüşdü. Hüseyn Mamayevin "Kommunist" qəzetinin 16 may 1945-ci il tarixli sayında dərc olunmuş "Dayım haqqında xatirələrim"də olduğu kimi. Hüseyn Mamayev oxucuları uzaq illərə aparır: "1914-cü ilin yayı idi. Qarabağ əhalisi hər tərəfdən Şuşaya axışıb gəlmişdi. Yay klubunda Əbdürrəhim bəy Haqverdiyevin "Bəxtsiz cavan" əsərini müəllifin rejissorluğu ilə tamaşaya qoymuşduq. Mən burada Fərhad rolunu ifa edirdim. Dayım Fərhadın tələbə paltarında səhnəyə gəldiyi anda məni daha çox sevirdi. Çünki o, bu vaxtlarda qəmli gəncliyini xatırlayırdı".

Albom-kitabda Əməkdar incəsənət xadimi, şair Abdulla Şaiqin  Əbdürrəhim bəy Haqverdiyev barədə xatirələri "Ondan eşitdiyim lətifələri yazmış olsaydım..." başlığı ilə verilib. O, Əbdürrəhim bəylə ilk görüşlərini - 1902-ci ildə şəhər məktəbində tanış olmalarını və birlikdə çalışdıqları günləri yada salıb: "Tənəffüs zamanlarında müəllimlərə şirin lətifələr söyləyib güldürmək adəti idi. ...O, xalq həyatını, xalq ədəbiyyatını çox gözəl bilirdi. Ondan eşitdiyim lətifələri yazmış olsaydım, böyük bir kitab olardı". Yazı Abdulla Şaiqin 1973-cü ildə işıq üzü görmüş "Xatirələrim" adlı kitabından götürülüb.

Yubiley nəşrində Ceyhun Hacıbəyli, Yusif Vəzir Çəmənzəminli, Seyid Hüseyn, Hüseynqulu Sarabski, Mir Cəlal Paşayev, Cəfər Xəndan, Mikayıl Rəfili, Sidqi Ruhulla, Əli Nəzmi, Əfrasiyab Bədəlbəyli, Əziz Şərif və başqa tanınmışların Əbdürrəhim bəy Haqverdiyev haqqında dəyərli məqalələrinə yer verilib.

"Əbədiyyət yolçusu"nda yalnız Əbdürrəhim bəy Haqverdiyevin həyatı və çoxşaxəli fəaliyyəti əks olunmayıb. Onun həm də vətənpərvərliyi, millətsevərliyi diqqətə çatdırılıb. Əbdürrəhim bəy Haqverdiyevin əsərləri vətənə sevgi ruhundadır. O, istər məqalələrində, istərsə də bədii əsərlərində həyatı bütün gerçəklikləri ilə əks etdirirdi. Ona görə də qələmə aldıqları bu gün də aktualdır.

 

Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video