01 Dekabr 2022 01:22
342
İQTİSADİYYAT
A- A+

Qusarın suvarma təsərrüfatı işçiləri yerli imkanlardan maksimum yararlanmağa çalışırlar

 

Hətta baharda qar əriyəndə ondan istifadə edilməsi  nəzərdə tutulub 

 

Bu il payız yağıntılı keçir. Yaşlı adamlar isə deyirlər ki, əgər payızda yağış çox yağarsa, yaz və yay isti keçəcək. Amma bu, ehtimaldır. Bütün hallarda ehtiyatı əldən verməməlisən, xüsusən də söhbət sudan gedirsə. 
Dağların qoynunda məskən salmış Qusarda suyun qiymətini yaxşı bilirlər. Baxmayaraq ki, bu regionda yay, adətən, quraq keçmir. Keçən il də belə oldu. İyul və avqust aylarında yağan yağışlar dağlıq ərazilərdəki dəmyə sahələrinin karına gəldi, məhsul pis olmadı. 
Qusar Suvarma Sistemləri İdarəsi rayondakı əkin sahələrinin suvarılmasını təmin etmək üçün müvafiq tədbirlər həyata keçirir. Qusar çay, Samur çay və Samur-Abşeron kanalından su götürən idarə 1580 kilometrlik təsərrüfatlararası, eləcə də daxili arx və kanallarla 29 min hektardan çox əkin sahələrinin suvarılmasını təmin edir. Bundan əlavə, Kuzunqışlaq kəndində bir aqreqatlı yeni nasos stansiyası inşa olunub. Yaxın zamanlarda daha bir neçə kənddə belə stansiyalar quraşdırılacağı nəzərdə tutulub. Ümumilikdə Qusarda 44 subartezian quyusu var. İlin sonunacan daha ikisinin qazılması planlaşdırılıb.
Hazırda Qusar çay, Samur çay və Samur-Abşeron kanalında təmir işləri aparılır. Suyun yuduğu beton plitələr yenilənir, suaxarları lildən təmizlənir. Hər iki çayda suyun səviyyəsini ətraf daşlıq əraziyə yaymaq istiqamətində işlər görülür. Qazılan dərin kanallar hesabına suyun axını yaxşılaşdırılır, əkin sahələrinə gedən su arxları genişləndirilir. Məlumdur ki, payız və yaz yağışları, adətən, betonların arasının torpaq sahələrini yuyur. Yuyulmuş ərazilər isə vaxtında təmir edilmədikdə suyun ətrafa yayılması güclənir. Ona görə də kanalların divar hissələri vaxtaşırı yoxlanılıb təmir olunur. 
Yayda suvarma zamanı Samur və Qusar çaylarının səviyyəsi bir qədər aşağı düşür. Çətinlik yaranmasın deyə, idarə növbəlilik prinsipindən istifadə edir. Amma yaxın gələcəkdə bu problem həllini tapacaq. Belə ki, Qusar çayının Kuzun kəndi ərazisində böyük həcmli su anbarının tikintisi planlaşdırılır. Üstəlik, qar əriyəndə ondan istifadə edilməsi də nəzərdə var. Lakin qış irəlidədir. Qusarın qışı isə soyuq və qarlı keçir. Odur ki, su anbarlarına və kanallara gedən daşıyıcı arxlar qarla örtülməmişdən öncə, yəni indi təmizlənir. 
Artıq Şahdağın zirvəsi qarla örtülüb. Tezliklə ətəkləri də ağ örtüyünü geyinəcək. Deməli, yazda su bol olacaq. Qalır ondan səmərəli istifadə etmək. Bu isə Qusar Suvarma Sistemləri İdarəsinin işidir. 

Akif ƏLİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video