29 Iyul 2022 02:12
1385
SİYASƏT
A- A+

Qüdrətli dövlət, yüksək rifah,  davamlı sabitlik

 

İlham Əliyevin müəllifi olduğu yeni sosial-iqtisadi inkişaf strategiyası növbəti onillikdə hərtərəfli tərəqqinin təminatıdır

 

Bir vaxtlar iqtisadi müstəqilliyini təmin edə bilməyən, xaricdən aldığı yardımlarla keçinən, zəngin təbii ehtiyatları ola-ola hətta əhalisinin enerjiyə olan tələbatını idxal hesabına ödəyən Azərbaycan bu gün tarixinin ən qüdrətli dövrünü yaşayır. Dünya artıq müstəqil Azərbaycanı regionun lideri, qlobal layihələr həyata keçirən, islahatlar aparan, əməkdaşlığa və qlobal enerji təhlükəsizliyinə əhəmiyyətli töhfələr verən etibarlı tərəfdaş ölkə kimi qəbul edir.

Bütün bu uğurlar isə cəmi 30 ildə əldə edilib. Son 19 ildə isə İlham Əliyevin yürütdüyü siyasətlə Azərbaycan iqtisadi və siyasi müstəqilliyə, müzəffər orduya sahib qüdrətli dövlətə çevrilib. 

Bu gün dünyanı təhdid edən qlobal iqtisadi böhran fonunda Azərbaycanın dayanıqlı inkişafı məhz İlham Əliyevin həyata keçirdiyi mütərəqqi islahatlar sayəsində əldə edilib. Uzaqgörən lider kimi qəbul etdiyi qərarlarla, reallaşdırdığı inkişaf strategiyası ilə Azərbaycanın gücünə güc qatan dövlət başçısının qarşıdakı 5 il üçün müəyyənləşdirdiyi sosial-iqtisadi inkişaf strategiyası da qarşıdakı dövrdə gözlənilən böhrandan az itki ilə çıxmağı hədəfləyir.     

 

Yüksəkgəlirli dövlətlər qrupuna daxil olmaq üçün iqtisadiyyat davamlı artmalıdır

 

Prezidentin təsdiq etdiyi "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda da qeyd edilir ki, ölkə iqtisadiyyatının uzunmüddətli dövrdə qlobal və daxili mühitdən irəli gələn yeni çağırışlarla üzləşməsi labüddür. Milli iqtisadiyyatımızın kiçik olması və qlobal iqtisadiyyata yüksək inteqrasiyası xarici mühitdən irəli gələn qalıcı çağırışlara həssaslığını şərtləndirir və milli iqtisadiyyatın strukturunun dəyişməsini zəruri edir. Bu çağırışlar çoxistiqamətlidir.

Ölkəmizin yüksəkgəlirli dövlətlər qrupuna daxil olması üçün uzunmüddətli dövrdə iqtisadiyyat sürətli və davamlı artmalıdır. Dünyada 13 ölkənin iqtisadiyyatı 25 il ərzində hər il orta hesabla 7 faizi üstələyən artım nümayiş etdirib. Bu iqtisadiyyatlar sürətli, dayanıqlı və inklüziv şəkildə artaraq, yüksəkgəlirli ölkələrlə məsafənin azalmasına nail olublar. Elə milli iqtisadiyyatımız yüksəkgəlirli ölkələr sırasına daxil olmağı hədəfləyir. Bunun üçün dayanıqlıq və inklüzivlik keyfiyyətlərini özündə cəmləyən yeni iqtisadi artım olmalıdır. Yalnız belə bir iqtisadi artım hər bir Azərbaycan vətəndaşının gəlirlərinin davamlı artması üçün zəmin yarada bilər.

Sənəddə qeyd edilir ki, dünya ölkələrinin iqtisadiyyatlarında sürətli rəqəmsallaşma meyilləri və bu əsasda məhsuldarlığın əhəmiyyətli artımı keyfiyyətli inkişaf üçün fürsətlər yaradır. Dünyada davamlı texnoloji inkişaf qlobal dəyər zəncirini sürətlə genişləndirir və onun coğrafiyasını böyüdür. Bu, qlobal əmtəə və xidmətlərin son istehlakçıya vaxtında, keyfiyyətli və aşağı qiymətə çatdırılmasına imkan verir. Rəqəmsal cəmiyyətin istehlakçıları sifariş etdikləri məhsulları bütün dəyər zənciri üzrə izləmək imkanına malikdirlər. Bu meyillərdən faydalanma ölkə iqtisadiyyatının qısa müddətdə qlobal dəyər zəncirinə inteqrasiyasına dəstək olacaq.

 

Növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişaf modeli

 

Strategiyada növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişaf modelinə də diqqət ayrılır və qeyd edilir ki, həyata keçirilən bu modelin başlıca nəticələri Azərbaycanın ərazi bütövlüyünün bərpası, beynəlxalq nüfuzunun artırılması, ölkənin iqtisadi potensialının gücləndirilməsi və əhalinin sosial rifah vəziyyətinin əhəmiyyətli yüksəldilməsi olub.

Bu model ölkədə ictimai-siyasi sabitliyi daha da gücləndirməklə dayanıqlı iqtisadi artım, yüksələn sosial rifah və davamlı sabitlik üçün zəmin yaradıb. İqtisadiyyatda neft gəlirlərindən effektiv istifadə etməklə gələcək inkişaf üçün şaxələnmə və ixrac potensialı yaradılıb. Bütün bu nəticələrin əldə olunmasında dövlətin səmərəli idarəetməsi həlledici rol oynayıb. Növbəti strateji dövrdə "Qüdrətli dövlət və yüksək rifah cəmiyyəti"nə çevrilmək üçün mövcud sosial-iqtisadi modelin məzmunu və strukturu əhəmiyyətli dərəcədə yenilənəcək. Bu əsasda qəbul edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" müasir inkişaf ideologiyasına əsaslanan yeni sosial-iqtisadi artım modelinin bazasında həyata keçiriləcək. Bu model ölkənin bütün resurslarını və nailiyyətlərini səfərbər etməklə, onları uzunmüddətli dövrdə qarşıya qoyulan strateji vəzifələrin reallaşmasına yönəldəcək.

Yeni sosial-iqtisadi inkişaf modeli 2030-cu ilədək olan dövrdə ölkədə bütün sahələrdə həyata keçirilməsi nəzərdə tutulan köklü islahatların ideologiyasını təmin edir. İdeologiyanın nüvəsində yaradıcı sahibkar, məhsuldar investisiyalar, innovasiyaları dəstəkləyən əqli mülkiyyətin inkişafı və rəqabətli bazarlar durur.

Bu sosial-iqtisadi inkişaf modelinin iki mərhələdə həyata keçirilməsi nəzərdə tutulur. Birinci mərhələdə (2022-2026-cı illər) sosial-iqtisadi inkişaf modelinin 2030-cu ilədək uğurla reallaşdırılması üçün təməl şərtlər işə salınacaq.

2027-2030-cu illəri əhatə edəcək ikinci mərhələdə isə bu təməl şərtlərin komplementarlığı şəraitində milli iqtisadiyyatın keyfiyyətcə yeni simasının yaradılmasına nail olunacaq.

 

Çoxsahəli inkişafın yeni keyfiyyət səviyyəsi müəyyən ediləcək

 

Qarşıdakı onillikdə hərtərəfli tərəqqinin təminatı adlandırılan strategiyada qeyd edilir ki, 2022-2026-cı illərdə yeni sosial-iqtisadi inkişaf modeli Azərbaycanda çoxsahəli yüksəlişin yeni keyfiyyət səviyyəsini müəyyən edəcək. Bu mərhələdə başlıca məqsəd yüksək, dayanıqlı, inklüziv iqtisadi artım templərini bərpa etməklə, hər bir Azərbaycan Respublikası vətəndaşının sabit təminatlı həyat səviyyəsinə nail olmaqdır.

Bu zaman başlıca vektor artımın səviyyəsindən çox, onun keyfiyyətinə əsaslanacaq. Strateji dövrdə yeni artım modeli özəl təşəbbüslərə, keyfiyyətli və sağlam insan kapitalına söykənəcək. Dayanıqlı, inklüziv inkişafı təmin edən özəl təşəbbüslər və rəqabətqabiliyyətli açıq iqtisadiyyat modeli müasirləşmə strategiyasının əsas qüvvəsi olacaq. Rəqabətlilik ölkədə adambaşına düşən milli gəlirin uzunmüddətli dövrdə stabil artmasına və insanların həyat standartının yüksəldilməsinə imkan yaradacaq. İqtisadiyyatın rəqabətliliyi əsas təməl olan məhsuldarlığın dərinləşməsi hesabına artırılacaqdır. Bu strateji dövrdə özəl və məhsuldar investisiyalar, keyfiyyətli institutlar, müasir bilik və bacarıqları olan insan kapitalı, sağlam cəmiyyət, innovasiya və yeni texnologiyalar, həmçinin makroiqtisadi sabitlik yüksək məhsuldarlığı təmin edəcək.

İnkişafın əsas qüvvəsi sahibkar olduğundan, dövlət bütün qüvvəsini və resurslarını rəqabətli və dayanıqlı iqtisadi fəaliyyət mühitinin dəstəklənməsinə yönəldəcək. Bu model hamı üçün bərabər imkanlar və fürsətlər yaradacaq. Yalnız bacarıqlar bütün sahələrdə uğurun fundamental şərti olacaq.

Yeni sosial-iqtisadi inkişaf modelinin reallaşdırılması üçün ölkədə zəruri iqtisadi resurslar və müasir infrastruktur bazası mövcuddur. Qarşıdakı dövrdə sosial-iqtisadi inkişaf modeli əvvəlki dövrlərdə əldə edilmiş nailiyyətlərə əsaslanmaqla reallaşdırılacaq. Beynəlxalq nüfuza malik güclü lider, çətin dövrlərdə yüksək dövlət və vətəndaş həmrəyliyi, yeniliyə açıq və biliyi hər şeydən üstün tutan cəmiyyət, eləcə də uzun illər ərzində formalaşmış yüksək iqtisadi potensial yeni milli sosial-iqtisadi inkişaf modelinin uğurla həyata keçirilməsinin təminatıdır.

Əlverişli demoqrafik vəziyyətin mövcudluğu, iqtisadi fəal gənc əhalinin işçi qüvvəsinin ümumi strukturunda yüksək paya malik olması və gənclər tərəfindən yeni innovativ metodların dərindən mənimsənilməklə tətbiqi daha effektiv nəticələrin əldə olunması üçün fürsətlər yaradır. Bu fürsətlər sayəsində modelin aparıcı qüvvəsi olan vətəndaşın bilik, bacarıq və səriştələrinin artması onun gəlir qazanmaq imkanlarını genişləndirəcək və sağlam həyat tərzini təmin edəcək. Bilikli cəmiyyət müasir texnologiya və innovasiyaların həm yaradıcısına, həm də istifadəçisinə çevriləcək.

Əminliklə deyə bilərik ki, İlham Əliyevin milli maraqlara əsaslanan siyasəti qarşıdakı dövrdə də ölkənin hərtərəfli tərəqqisini təmin edəcək. Strategiyada göstərilən bütün istiqamətlərin uğurlu icrası ilə Azərbaycan Qafqazın siyasi və iqtisadi güc mərkəzi kimi mövqelərini daha da gücləndirəcək.

 

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video