27 Yanvar 2023 20:13
313
CƏMİYYƏT
A- A+

QMİ: Azərbaycan səfirliyinə siyasi sifarişlə edilən hücum yolverilməz təxribatdır

 

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) ölkəmizin İran İslam Respublikasındakı səfirliyinə qarşı törədilən terrorla bağlı Bəyanat yayıb.

AZƏRTAC xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsi yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinin binasına qarşı törədilən təcavüz aktını qətiyyətlə pisləyir və siyasi məqsədli terror aktı kimi qiymətləndirir. Bildirir ki, müstəqil Azərbaycanın suveren ərazisinin – səfirliyimizin və onun əməkdaşlarının hədəfə alınması ölkəmizə qarşı yönəlmiş və ümumən beynəlxalq hüquqazidd terror aktıdır.

“Tehrandakı səfirliyimizin mühafizəsini təmin edərkən – dövlətimizin qorunması yolunda qəhrəmancasına şəhid olan baş leytenant Əsgərov Orxan Rizvan oğlunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, hücumu dəf edərkən yaralanan mühafizə əməkdaşlarına Allahdan şəfalar diləyirik.

Birmənalı şəkildə səfirliyimizə hücumla bağlı bütün məsuliyyəti beynəlxalq hüquq və diplomatik qanunlarla İran tərəfi daşıyır. Bu, diplomatik binaların və diplomatların toxunulmazlığı prinsipinin birbaşa pozulması deməkdir. Səfirliyin təhlükəsizliyinin təmin edilməsi, heç şübhəsiz, səfirliyin yerləşdiyi ölkənin borcudur. Bu terror hadisəsi İranın son vaxtlar Azərbaycana qarşı nümayiş etdirdiyi aqressiv, destruktiv mövqe fonunda şübhə doğurur.

Azərbaycanın dini təsisatı olaraq bəyan edirik ki, ölkəmizə qarşı bu hadisə məzhəbindən asılı olmayaraq Azərbaycan dindarları tərəfindən hiddətlə qarşılanır”, - deyə QMİ-nin Bəyanatında qeyd olunub.

Qafqaz Müsəlmanları İdarəsinin Bəyanatında vurğulanır ki, İran dövləti müsəlman qardaşını təhdid edən, əli müsəlman qanına bulaşmış, Allah evlərini murdarlayan tərəfə silah, hərbi yardım söz verir, Ermənistanın təhlükəsizliyini İranın təhlükəsizliyi ilə eyniləşdirir. Qeyd olunur ki, Tehrandakı səfirliyimizə silahlı hücum Azərbaycanın dövlət mənafelərinə, xalqımıza birbaşa təhdiddir.

“Dövlətçiliyimizə qarşı hər hansı təhdidə göz yuma bilmərik. Müqəddəs dinimiz İslam bizə haqqın, ədalətin yanında yer almağı təlqin edir. Dini mərkəz olaraq bəyan edirik ki, bütün Azərbaycan məscidlərində bu mənfur terror hücumu pislənilir və hadisənin xalqımıza və dövlətimizə qarşı olan həqiqi mahiyyəti din xadimlərimizin xütbə və moizələrində dindarlara çatdırılacaqdır.

Ölkəmizə qarşı təxribatların arxasında dayanan və təşkilində iştirak edən qüvvələr bilməlidirlər ki, Azərbaycan dindarları ölkəmizə qarşı məkrli qüvvələrin təxribatlarını hiddətlə qarşılayır, kəskin pisləyirlər. Azərbaycan səfirliyinə siyasi sifarişlə təşkil olunan hücum yolverilməz təxribatdır və bütün Azərbaycan dindarları tələb edirlər ki, İran hökuməti hadisə ilə bağlı lazımi ölçü götürsün, terrorda əli olanları təcili cəzalandırsın”, - deyə Bəyanatda bildirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video