24 Sentyabr 2022 00:43
849
Elm və texnika
A- A+

Qlobal təhdid olan "TikTok"un milli təhlükəsi

 

Bu sosial şəbəkə artıq gənclərlə yanaşı, yeniyetmə və uşaqları da zərərli təsiri altına alır

 

Sosial şəbəkələrin insan həyatına, cəmiyyətin psixologiyasına təsirləri zaman keçdikcə özünü daha qabarıq şəkildə göstərməkdədir. Bəzən qəbul edilməyən, hətta ictimai ittiham obyekti olan müəyyən hərəkətlər, davranışlar belə müxtəlif platformalarda gün ərzində dəfələrlə insanın qarşısına çıxaraq şüuraltına təsirsiz ötüşmür. Bunun nəticəsində mənəvi təhdidə çevrilən video və paylaşımların sürətlə yayılan, təkrarlanmış müxtəlif variantlarının şahidi oluruq. 
2016-cı ildən sosial mediaya daxil olan, qısa müddətdə istifadəçilərinin sayı sürətlə artan, dünyada olduğu kimi, Azərbaycanda da cəmiyyətin mütləq əksəriyyətinin kəskin etirazına səbəb olan "TikTok" artıq dövlətimiz üçün ciddi təhlükə mənbələrindən birinə çevrilib. Bununla yanaşı, "TikTok" müəyyən pis vərdişlərə təhrik, insan alverini əlçatan edən, dələduzluq hallarını artıran, eyni zamanda əxlaqi dəyərləri aşındıran neqativ davranışların virtual məkanı olub. Bütün bunlar bu sosial şəbəkənin hüquqi müstəvidə səbəb olduğu təhlükəli problemlərlə yanaşı, milli-mədəni və mənəvi keyfiyyətlərə də zərər verməsinə şərait yaradır. 
Sentyabrın 12-si gecə saatlarından etibarən Ermənistanın törətdiyi hərbi təxribatın qarşısının alınması istiqamətində Azərbaycan Ordusunun qarşı tərəfə layiqli cavab tədbirləri zamanı hərbi sirlər, xüsusən də dezinformasiyalarla dolu paylaşımların bu sosial şəbəkədə sürətlə yayılması  artıq milli təhdid təşkil etdi. 
Ordumuzun uğurlarına kölgə salan, hərbi sirləri özündə əks etdirən, cəmiyyətdə yanlış fikir formalaşdırmaq məqsədi güdən məlumatların yayılmasının qarşısını almaq üçün "TikTok"un fəaliyyətinin Azərbaycan ərazisində müvəqqəti məhdudlaşdırılması ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin aidiyyəti orqanlar qarşısında qaldırdığı vəsatət təmin olundu. Bununla da artıq bir müddətdir ki, bu sosial şəbəkəyə ölkə ərazisində giriş məhdudlaşıb.

 

"TikTok"un ölkədə məhdudlaşdırılmasının səbəbi

 

"TikTok"un ölkədə yayımının müvəqqəti məhdudlaşdırılmasına aydınlıq gətirən Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov açıqlamasında bildirib ki, bu sosial şəbəkədə dezinformasiya xarakterli məlumatların yayılması daha çox risk daşıdığı üçün ölkə ərazisində bloklanmasına dair qərar qəbul edilib. Onun sözlərinə görə, müəyyən insanlar "TikTok"u daha asan istifadə oluna bilən formata salıb: ""TikTok"un alqoritmi var ki, siz hansısa videoya baxdıqda ona uyğun digər kontentləri cəmləyib sizin qarşınıza çıxarır. Bu vasitə ilə sizi həm doğru, həm də yanlış istiqamətlərə yönəldə bilir". 
İdarə rəisi qeyd edib ki, doğru məlumata baxılanda düşmən ölkə həmin məlumata uyğun, məsələn, 10 dənə yanlış və sövqedici məlumat paylaşır. Belə olan halda siz informasiya müharibəsinin qurbanına çevrilə bilirsiniz. 
Tural Məmmədov deyib ki, eyni addımı düşmən ölkə də atıb. Təhdidlər hər iki tərəfdən eyni formada dəyərləndirilir və məqbul hesab olunduğu, risk daşıdığı üçün məhdudlaşdırıcı addım atılıb.

 

Tətbiq edilən məhdudiyyət qanunlara tam uyğundur

 

Günümüzdə sosial şəbəkələrin informasiyaya əlçatanlığında, həmçinin istənilən məsələnin trendə çevrilməsində necə böyük rola malik olduğu danılmazdır. XXI əsrin texnoloji irəliləyişləri, innovativ həll yolları bəşəriyyəti fərqli istiqamətlərə yönəldir. Yəni bu gün olduğumuz yerdən dünyanın istənilən nöqtəsində baş verənlərdən xəbər tutmaq imkanımız var. Bəzən isə son texnologiyaların və internetin verdiyi böyük imkanlardan insanların yanlış istifadəsi nəticəsində neqativ halların artdığını görürük. 
Sözügedən məsələ ilə bağlı qəzetimizə açıqlama verən Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli qeyd edir ki, Avropa İnsan Haqları Konvensiyasının 10-cu maddəsinə əsasən, cəmiyyətdə kataklizmlər törədən, milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə təhlükə yaradan informasiya vasitələrinin və KİV-in fəaliyyəti məhdudlaşdırıla bilər. Onun sözlərinə görə, "TikTok" sosial şəbəkəsi son vaxtlar Azərbaycanda ciddi şəkildə problemə çevrilib. Bu səbəblə onun fəaliyyətində məhdudiyyətin tətbiq edilməsi həm yerli qanunlara, həm də beynəlxalq konvensiyalara uyğun addımdır.
Sədr müavini bildirir ki, "TikTok" digər sosial şəbəkələrdən bir çox xüsusiyyətləri ilə fərqlənir. Bəzi sosial şəbəkələrdə konkret standartlar tətbiq olunur. Məsələn, feysbuk, yutub kimi platformalarda nifrət, şiddət, terror və reklamı özündə ehtiva edən, müəllif və insan hüquqlarını pozan hər hansı paylaşım etmək olmaz. Həmin kontentli paylaşımlar yayımlansa belə onlara məhdudiyyət qoyulur və sosial şəbəkədən silinir. "TikTok"da isə belə məhdudiyyətlər mövcud deyil, burada heç bir informasiya standartı gözlənilmir: "İstər uşaq haqlarını pozan, istər pornoqrafiya, istərsə də terrorizmi təbliğ edən paylaşımlar asanlıqla yayımlanır və kütləvi izlənilir. Belə olduğu halda da bu platforma sui-istifadə üçün geniş meydana çevrilir".
"TikTok" problemli sosial şəbəkə olduğundan qeyri-sabit şəraitlərdə bu kimi hallar özünü ikiqat göstərməyə başlayır. Son dövrlərdə isə manipulyativ xarakterli paylaşımların sayı kəskin artıb. Müşfiq Ələsgərli deyir ki, hətta orduda xidmət edən əsgərlərin erməni təxribatları zamanı canlı yayım açmasına təsadüf edilib. Həmin yayımlarda və ya paylaşımlarda əsgərlər olduqları ərazidə baş verənlərdən danışır, hərbi və dövlət sirlərini izləyicilərlə bölüşürdülər. Bu kimi hallar isə düşmənə onların koordinatlarını asanlıqla müəyyən edib hücuma keçməyə imkan verirdi. Məhz bu sadalananlara görə, platformadan istifadənin məhdudlaşdırılması zəruri idi. 
Sədr müavini bildirir ki, bir çox ölkələr bu addımı zaman-zaman çıxış yolu olaraq görüb. Məsələn, Hindistanda 2020-ci ildən bu proqramdan istifadə milli təhlükəsizlik baxımından qadağan edilib. Rusiyada isə 2022-ci ilin fevralından məhdudlaşdırılıb. 

 

Psixoloji müharibədə məlumatların dəqiqliyi, süzgəcdən keçməsi vacibdir

 

"TikTok" sosial və təhlükəsizlik problemləri yaratmaqla yanaşı, cəmiyyətdə, xüsusən uşaqlarda ciddi psixoloji fəsadlar da törədir. Şəbəkənin insan psixologiyasına təsirlərindən, zərərlərindən danışan psixoloq, bu sahə üzrə mütəxəssis İbrahim İbrahimov qəzetimizin əməkdaşına açıqlamasında deyib ki, "TikTok"da qısametrajlı videoların çəkilib yayımlanması və bunun sürətlə yayılması şəbəkənin ən mənfi tərəfidir. Onun sözlərinə görə, belə texnologiyaların inkişafı gələcəkdə psixoloji problemləri artıracaq: "Texnologiya inkişaf etdikcə, hər kəs bu vasitələrdən istifadə etməklə, bir-birini çəkib paylaşır və həmçinin bu yolla  şantaja əl atır. Bu da şantaj olunan tərəfin hətta intiharına qədər gətirib çıxarır". 
Psixoloq qeyd edir ki, videonu çəkən tərəflərə sosial şəbəkədə əylənmək, gülmək üçün material lazımdır. Onlar həmin görüntüləri insanların düşdüyü qəribə vəziyyət, hər hansısa sözü düzgün deməməsi, nəyisə səhv başa düşməsi kimi hallarda çəkirlər və bu da həmin şəxsi ələ salmaq üçün materiala çevrilir. Beləliklə, video yayımlanır və  başqaları tərəfindən tez-tez paylaşılır. Bu "yumoristik" yanaşmanın təhlükələri çoxdur. Çünki burada ələ salınan insanın yaxınları da bu videoya baxır, vəziyyətdən utanır, hətta depressiyaya düşürlər. Bu baxımdan bir insanı ələ salanda mütləq nəticəsini,  həmin şəxsə hansı travma yaşadacağını düşünmək lazımdır. 
İbrahim İbrahimov deyir ki, sosial şəbəkələrdə hər kəsin canlı yayım aça bilməsi, çəkdiyi videoları paylaşmasının mümkünlüyü də bəzən insanların yanlış informasiyalar almasına gətirib çıxarır. Məsələn, hansısa "mütəxəssis" səhv məlumat verir, milyonlarla istifadəçi isə ona inanır və videonu paylaşır. Əsası olmayan fikirlər səsləndirilir, reallıqdan kənar məlumatlar yayımlanır. Belə videolar insanların həyat tərzinə zərərli təsir göstərə, bəzən isə ailədə mübahisələrə səbəb ola bilir. Xüsusən "mütəxəssis"lərin müəyyən məlumatlar yayması cəmiyyətdə ajiotaja gətirib çıxarır. Psixoloq deyir ki, "TikTok"da süzgəcdən keçməmiş videolar yayılır, bunun da qarşısını almaq mümkün deyil. 
Azərbaycanda "TikTok"un müvəqqəti məhdudlaşdırılması ilə bağlı isə ekspert deyir ki, hərbçilərin olduqları ərazidən video yayması düşmən tərəfindən ərazinin, hədəflərin təsbit olunmasına imkan verir. 
İ.İbrahimov bildirir ki, Ermənistan tərəfi həmişə itkilərini gizlədir. Bunun  da səbəbi odur ki, onsuz da qorxaq olan əsgərləri panikaya düşməsin, həvəssiz döyüşməsin, çünki məlumat insanı idarə edir.  Onun sözlərinə görə, təbliğatın yanlış  növlərindən düşmən istifadə edir: "Ermənilər 44 günlük Vətən müharibəsindən sonra qəfil ayıldı ki, bugünə kimi yalan informasiyalara inanıblar. Məlum oldu ki, Azərbaycan Ordusu artıq Şuşadadır, ermənilər işğal etdikləri rayonları itiriblər. Çünki müharibə vaxtı Ermənistan hökuməti bunu gizlədirdi. Hətta statuslarda ermənilərin azərbaycanlılara yazdığı rəylərdə belə yalanlara necə inandıqları açıq-aşkar görünürdü. Onlar bizim 44 gündə heç bir  qarış da irəliləmədiyimizi düşünürdülər". 
Psixoloq deyir ki, bəzən onlar eyni dezinformasiyanı bizə də təbliğ etmək istəyirlər: "Başqa döyüş kadrlarını Qarabağ müharibəsi kimi paylaşır və ya azərbaycanlı əsgərlərin kütləvi şəkildə əsir götürüldüyünü qeyd edirlər. İnsanlar isə bu kadrların hansı müharibəyə aid olduğunu düşünmədən, müəyyənləşdirmədən buna inanırlar". 
Hazırda informasiya müharibəsinin cəmiyyətin, hərbçilərin psixologiyasında  mühüm rol oynadığını deyən İ.İbrahimovun fikrincə, psixoloji müharibədə məlumatların dəqiqliyi, süzgəcdən keçməsi vacib amillərdəndir. Dövlət bu prosesdən haqlı olaraq narahatdır və yalan məlumatların yayılmasının qarşısını almaq üçün konkret addımlar atır. 

 

Feyk xəbərləri, zərərli vərdişləri təbliğ edən platforma

 

Jurnalist Hacıbəy Heydərli də "TikTok"un Azərbaycanda ən kütləvi və təhlükəli sosial şəbəkəyə çevrildiyini hesab edir. "Metrix"in yaydığı infoqrafika haqqında məlumat verən jurnalist deyir ki,  Azərbaycanda 1 milyona yaxın "TikTok" istifadəçisi var. Onun sözlərinə görə, bu hələ rəsmi qeydiyyatdan keçənlərin sayıdır. Bununla yanaşı, proqramı yükləyib, qeydiyyatdan keçməyən kənar izləyicilər də az deyil. "TikTok" 2021-ci ildə dünyada ən çox daxil olunan sosial şəbəkə olub. Təkcə bir ildəki qazancı milyard dollarla ölçülür. Burada ən həyəcanlı məqam isə ölkəmizdən "TikTok"a daxil olanların 73,1 faizinin 18-24 yaşlı gənclər olmasıdır. Yəni Azərbaycan gəncliyinin ən çox istifadə etdiyi sosial şəbəkə "TikTok"dur. 
H.Heydərli "Tiktok"un təhlükəli tərəfini burada əxlaqsızlığın, feyk xəbərlərin, zərərli vərdişlərin, "oğru aləmi"nin təbliğ olunmasında görür. Son zamanlar ölkədəki əksər problemli proseslərin mənbəyinin bu sosial şəbəkədən qaynaqlandığını vurğulayan jurnalist bildirir ki, çıxış yolu yalnız  maarifləndirmə və düzgün təbliğatdan keçir: "Dövlətini, xalqını sevən insanlar bu sosial platformanı da boş qoymamalı, aktiv olmalı, lazım olduqda savaşmalıdırlar. Tanınmış jurnalistlər, bloqçular yalnız status yazmaqla kifayətlənməməli, əksinə, gənclərin, kütlənin çox olduğu meydana çıxmalıdırlar. Yeri gəldikcə, "TikTok"da canlı yayımlar açılmalı, maarifləndirici söhbətlər edilməlidir".  
Jurnalist "TikTok"a qeyri-ciddi platforma kimi baxanlara xatırladır ki, orada yayılan hansısa saxta video, dezinformasiya bir anda ölkəni çalxalaya, xaosa gətirib çıxara bilər: "Biz bunu daha öncə Qazaxıstan misalında görmüşük. Belə ki, 2 il əvvəl Almatıda baş verən iğtişaşlar Bakıda imiş kimi insanlara təqdim olundu, bəzi qüvvələr bu saxta videolarla xalqı meydanlara səslədi. O dövrdə dövlət təfəkkürlü insanların ayıq-sayıqlığı nəticəsində bu təxribatların qarşısı alındı". 
O qeyd edir ki, belə dezinformasiyaların qarşısını almaq üçün ictimaiyyətlə yanaşı, dövlət qurumları da fəal olmalıdır. "TikTok"un artıq əyləncə platforması deyil, ölkə gündəminə təsir edə bilən bir meydan olduğunu deyən H.Heydərli bildirir ki, Azərbaycan 44 günlük Vətən müharibəsində şanlı qələbə qazansa da, informasiya müharibəsi hələ də davam edir və onun gedişində ayıq-sayıq olmalıyıq. 

 

Cəmiyyəti bayağılığa sürükləyən platforma

 

"TikTok"dakı zərərli kontentli paylaşımlarda, bayağı mövzulu canlı yayımlarda keçirilən saatlar hədər olan ömrə çevrilir. Azyaşlıların zərərli vərdiş kimi qurşandığı sosial media həm də onları "tərbiyə" edir: söyüşlər, təhqirlər, mədəniyyətsizliklə...
Paylaşımlar isə sərhəd tanımır. Cəmiyyətdə mənfi imic qazanmış insanlar canlı yayımda öz "məharət"ini göstərmək üçün sanki bir yarış zolağında qaçır. Onlar pul dilənir, rəqibinə qalib gəlmək üçün yalvarışlarla hədiyyələr gözləyir, nalayiq ifadələr işlədir, insan alveri cinayətinə aid hallarla aşkar şəkildə məşğul olur, hər cür rəzilliyə, əxlaqsızlığa rəvac verirlər. İllərlə "ciddi şəxs" kimi imic qazanmış ictimai xadimlər bir göz qırpımında elə bu platformada gözdən düşürlər.
Belə təhlükəli və zövqü korlayan videoların "TikTok"da yayımlanması kifayət deyilmiş kimi həmin kontentli paylaşımların digər sosial şəbəkələrə də daşındığını görürük. Son günlər isə ölkədə "TikTok"un müvəqqəti məhdudlaşdırılması yayılan dezinformasiyaların və təşviş yaradan görüntülərin xeyli azaldığını göstərir. Bu da onu deməyə əsas verir ki, qarşıdakı dövrdə bu kimi neqativ halların, vətəndaşları narahat edən yalan məlumatların, uydurmaların yayılmaması, təxribat xarakterli çağırışların qarşısının alınması məqsədilə "TikTok"un Azərbaycanda fəaliyyətinin dayandırılması məqsədəuyğundur. Bu, ən əsası milli təhlükəsizliyimizin qorunması baxımından xüsusi əhəmiyyət kəsb edir.

Aydan XƏLİLOVA,
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video