14 Yanvar 2022 00:45
1328
SİYASƏT
A- A+

Qlobal siyasi uğur

 

İlham Əliyev 2021-ci ildə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və Qoşulmama Hərəkatının səmərəli fəaliyyətini təmin etdi

 

Azərbaycan 2021-ci ili qlobal siyasi-diplomatik nailiyyətlərlə başa vurdu. Rəsmi Bakının bu istiqamətdəki uğurlarını xarakterizə edən əsas məsələlərdən biri Türkdilli Dövlətlərin Əməkdaşlıq  Şurasına və Qoşulmama Hərəkatına rəhbərliyi oldu. Məhz Prezident İlham Əliyevin siyasi müdrikliyi ilə 2021-ci ildə hər iki beynəlxalq təşkilatın səmərəli fəaliyyəti, xüsusən onların qlobal proseslərdə fəal iştirakı təmin edildi.

 

Azərbaycanın rəhbərliyi dövründə Türk Şurasının sıraları genişləndi

 

Türk Şurasının VII Zirvə görüşündə quruma sədrlik Qırğızıstandan Azərbaycana keçmişdi. Həmin Zirvə görüşündə Prezident İlham Əliyev bəyan etmişdi ki, türkdilli dövlətlər arasında əməkdaşlığın inkişafı respublikamızın xarici siyasətinin prioritet istiqamətlərindən biridir və sədrliyi qəbul edən Azərbaycan türkdilli  dövlətlər arasında əməkdaşlığın və dostluğun möhkəmləndirilməsi istiqamətində öz səylərini göstərəcək:  “Qırğızıstandan Türk Şurasına sədrliyi qəbul edən Azərbaycan bu müddət ərzində ölkələrimiz arasında əməkdaşlığın və dostluğun möhkəmləndirilməsi istiqamətində öz səylərini göstərəcəkdir. Bizi birləşdirən ortaq soy-kök, tarix, mədəniyyət və milli dəyərlər qarşılıqlı səmərəli fəaliyyətimiz üçün mühüm əsasdır. Türkdilli dövlətlər arasında əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir”.

Təşkilata sədrliyi dövründə Azərbaycan türk dövlətləri arasında əlaqələrin daha da genişlənməsi istiqamətində təşəbbüslərlə çıxış etdi. Azərbaycanın sədrliyinin dünyanı çənginə alan COVID-19 pandemiyası dövrünə təsadüf etməsinə baxmayaraq, ölkəmiz türkdilli dövlətlər arasında həm ikitərəfli, həm də çoxtərəfli səviyyələrdə dostluq və əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi, habelə Türk Şurasının dünyada nüfuzunun daha da artırılması istiqamətində səylər göstərdi.

2020-ci il aprelin 10-da Prezident İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının COVID-19 pandemiyasına həsr olunmuş fövqəladə Zirvə görüşü keçirildi. Bu görüş dövlət və hökumət başçıları səviyyəsində pandemiyaya həsr olunmuş və videokonfrans vasitəsilə təşkil edilmiş ilk beynəlxalq tədbir oldu. Zirvə görüşünün nəticəsi olaraq üzv ölkələr arasında pandemiya və sonrakı dövr ərzində əlaqələrin daha da inkişaf etdirilməsi ilə bağlı prezidentlərin təlimatlarına uyğun olaraq, iqtisadiyyat, nəqliyyat, səhiyyə, energetika, gömrük və miqrasiya sahələrindən məsul nazirlərin görüşləri keçirilib, qarşıya qoyulan hədəflər müzakirə olunub. Təqdirəlayiq haldır ki, Azərbaycanın şuraya sədrliyi dövründə türk dövlətlərinin səhiyyə, miqrasiya, kənd təsərrüfatı, energetika, prokurorluq, ədliyyə və humanitar sahələrdə nazirləri və qurum rəhbərləri səviyyəsində yeni əməkdaşlıq mexanizmləri qurulub.

Azərbaycanın quruma rəhbərliyi dövründə - 2021-ci il martın 31-də Türk Şurasının qeyri-rəsmi Zirvə görüşü keçirilib. Ötən il sentyabrın 27-də isə İstanbulda “Əfqanıstandakı vəziyyət və son inkişaflar işığında onun Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üzv dövlətlərinə təsiri” mövzusunda Türk Şurasının Xarici İşlər Nazirləri Şurasının fövqəladə iclası keçirilib.

Onu da qeyd edək ki, Azərbaycanın rəhbərliyi dövründə şuranın sıraları da genişlənib: Özbəkistan Respublikası Türk Şurasının tamhüquqlu üzvü olub. Türkmənistan isə müşahidəçi statusunu alıb.

 

Türk dünyasına Zəfər bəxş edən lider

 

Türk Şurasının 2021-ci il noyabrın 12-də İstanbulda keçirilən VIII Zirvə görüşündə sədrlik Azərbaycandan Türkiyəyə keçdi. Həmin Zirvə görüşünün əsas hadisələrindən biri Prezident İlham Əliyevə Türk Dünyasının Ali Ordeninin təqdim edilməsi oldu.

2020-ci il sentyabrın 27-də başlayan və noyabrın 10-da işğalçı Ermənistanın kapitulyasiya aktı imzalaması ilə başa çatan 44 günlük Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünü yenidən təmin etməsi, eyni zamanda türk dünyasının birliyini və bərabərliyini genişləndirməsi baxımından müstəsna əhəmiyyətə malik oldu. İlham Əliyevin səyləri nəticəsində bu gün ən yüksək əməkdaşlıq zirvəsinə qalxan türk dövlətlərinin birliyinin vacibliyi və əhəmiyyəti Vətən müharibəsi dövründə bir daha özünü təsdiq etdi.  Türk dünyasının birlik arzusunu siyasi qətiyyəti ilə gerçəkləşdirən Prezident  İlham Əliyevin əzmi sayəsində qazanılan Zəfər türk dövlətləri arasında həmrəyliyin daha da gücləndirilməsində mühüm rol oynadı. Bu parlaq Zəfər  həm də tarixən var olan türk birliyinin etnosiyasi coğrafiyasını bərpa etdi. “Hörmətli Prezident, Əziz qardaşım, Müzəffər Ali Baş Komandan cənab

İlham Əliyev. Qarabağda təxminən otuz il davam edən işğala qətiyyətli rəhbərliyinizlə 44 gün kimi qısa müddətdə son qoyulub. Bu, təkcə azərbaycanlı qardaşlarımız üçün deyil, bütün türk dünyası üçün böyük əhəmiyyət daşımaqdadır. Vətən müharibəsi nəticəsində illərdir tətbiq olunmayan BMT Təhlükəsizlik Şurasının qətnamələri həyata keçirilmişdir. Azərbaycan bu yolla beynəlxalq ictimaiyyətin yaddaşına ədalət mesajını həkk etmişdir. Azərbaycanın ərazi bütövlüyünü yenidən təmin etməsi türk dünyasının birliyini və bərabərliyini genişləndirmişdir. Qarabağın azadlığının rəmzi olan “Xarıbülbül” türk dünyası üçün Zəfərin müjdəçisi olmuşdur”. - deyə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident

İlham Əliyevə Türk Dünyasının Ali Ordenini təqdim edərkən bildirdi.

Zirvə görüşündə Qazaxıstanın birinci Prezidenti - Elbası Nursultan Nazarbayev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Macarıstanın Baş naziri Viktor Orban Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbə, son illərdə əldə etdiyi nailiyyətlər, həmçinin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına ikiillik uğurlu sədrliyi münasibətilə Prezident İlham Əliyevi təbrik etmişdilər.

Bu Zirvə görüşündə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adının Türk Dövlətləri Təşkilatına dəyişdirilməsi, “Türk dünyasına baxış - 2040” sənədinin qəbulu və digər məsələlərlə bağlı qərarlar qəbul olundu.

 

Beynəlxalq nüfuzun təcəssümü

 

Qoşulmama Hərəkatı dünyadakı mövcud təşkilatlar arasında istər tarixi, istər üzvlərinin sayı baxımından kifayət qədər sanballı qurumdur. BMT-dən sonra dünyanın ikinci böyük təşkilatı olması bu hərəkatın mötəbərliyindən xəbər verir.

Digər təşkilatlarla müqayisədə Azərbaycanın Qoşulmama Hərəkatındakı üzvlüyü nisbətən yenidir. Respublikamız bu təşkilata 2011-ci ildə tamhüquqlu üzv olmaq qərarını vermişdir. Ölkəmiz həmin  il Bali adasında keçirilmiş XVI Nazirlər Konfransında hərəkata qoşulub və ilk gündən onun ruhuna və prinsiplərinə  hörmətlə yanaşıb. Bu da ondan irəli gəlir ki, rəsmi Bakı bütün dövlətlərlə bərabər əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə yönəlmiş xarici siyasət kursu həyata keçirir. Ona görə hərəkata üzv olduğu nisbətən qısa müddət ərzində Azərbaycan özünün uğurlu xarici siyasəti sayəsində bu təsisat daxilində böyük nüfuz və etimad qazanıb.

Özündə 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatının XVIII Zirvə görüşünün 2019-cu ildə Prezident İlham Əliyevin sədrliyi ilə Bakıda keçirilməsi və 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi ölkəmizin böyük diplomatik uğuru oldu. Bu Zirvə görüşünə evsahibliyi üçün Azərbaycanın paytaxtının seçilməsi Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasətinin məntiqi nəticəsidir. Bu məqsədyönlü siyasət Azərbaycan xalqının milli mənafeləri, müxtəlif dinlər və mədəniyyətlər arasında dialoqun, dünyada sülh və sabitliyin bərqərar olunmasına töhfə verməklə dövlətlərarası qarşılıqlı hörmət və anlaşmanın, habelə əməkdaşlığın təşviq edilməsi üzərində qurulub.

Qoşulmama Hərəkatına Azərbaycanın sədrliyinin əsas prioriteti müasir dünyanın çağırışlarına birgə və adekvat cavab verməklə çoxtərəflilik dəyərlərini təşviq etməkdir. QH sədrliyi kimi bu mühüm və məsuliyyətli vəzifəni qəbul edərkən, Azərbaycan çoxtərəfliliyin və Bandunq prinsiplərinin təşviqinə dair qətiyyətli sadiqliyini bəyan edib. Respublikamız təsis prinsiplərinin ruhunu və onlara bağlılığın əhəmiyyətini təşviq etmək üçün səylərini sədrliyi dövründə əsirgəməyib.

2021-ci il ərzində Azərbaycan Qoşulmama Hərəkatında sədrliyini uğurla davam edərək üzv dövlətlərin potensialının hərəkatın qarşısında duran məqsədlərin reallaşdırılmasına yönəlməsində aktiv rol oynayıb. Beynəlxalq təşkilat və qurumlar çərçivəsində, xüsusilə BMT-nin 6 qərargahında (Nyu York, Cenevrə, Vyana, Nayrobi, Paris, Haaqa) hərəkatın fəaliyyətinin əlaqələndirilməsi həyata keçirilib, Hərəkat adından müvafiq bəyanatlar səsləndirilib və irəli sürülmüş qətnamələr qəbul olunub.

Koronavirus (COVID-19) pandemiyasının ilk günlərindən Azərbaycan dünya ölkələrini bu bəlaya qarşı həmrəy olmağa və qarşılıqlı şəkildə əməkdaşlıq etməyə çağıran təşəbbüslərlə çıxış edən ölkələrdən biri olub. Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan 2020-ci ildə başlatdığı fəaliyyəti ötən il də uğurla davam etdirib. Bu xüsusda 23 mart 2021-ci il tarixində BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə qəbul edilib. Qətnaməyə ümumilikdə 137 dövlət həmmüəlliflik edib ki, bu da BMT-nin İnsan Hüquqları Şurasında qəbul edilən qətnamələr üçün olduqca yüksək göstəricidir.

 

Azərbaycana göstərilən böyük etimad

 

2021-ci il dekabrın 16-da BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində assambleyanın plenar iclasında hərəkatın sədri qismində Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə hərəkat üzvləri adından irəli sürülmüş “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə BMT üzv dövlətlərinin mütləq əksəriyyətinin dəstəyi ilə qəbul edilib.

Bunlarla yanaşı, 2021-ci il oktyabrın 4-5-də Qoşulmama Hərəkatında Azərbaycan sədrliyinin təşəbbüsü əsasında hərəkatın üzv dövlətlərini təmsil edən 100-dən çox gəncin iştirakı ilə Qoşulmama Hərəkatı Gənclər Şəbəkəsinin virtual təsis iclası, 26 noyabr 2021-ci il tarixində isə hərəkatın Parlamentarilər Şəbəkəsinin təsis iclası keçirilib.

2021-ci il oktyabrın 11-12-də isə Belqradda Qoşulmama Hərəkatının təsis edilməsinin 60-cı ildönümü münasibətilə yüksəksəviyyəli yubiley tədbiri keçirilib. Prezident İlham Əliyevin açılış nitqində hərəkatın təsis edilməsindən bəri beynəlxalq münasibətlər sistemində oynadığı mühüm rolu vurğulanıb, QH-nin əsasını təşkil edən Bandunq prinsiplərinin əhəmiyyətinə diqqət çəkilib, xüsusilə suverenlik və ərazi bütövlüyünə hörmət, təcavüz aktlarından çəkinmə, digər dövlətlərin daxili işlərinə qarışmamaq kimi prinsiplərin müasir beynəlxalq münasibətlər sistemində aktuallığı və əhəmiyyəti vurğulanıb.

Qoşulmama Hərəkatının prinsip, ideya və məqsədlərinin həyata keçirilməsində parlamentarilərin konstruktiv rolu nəzərə alınaraq, üzv dövlətlərin parlamentləri arasında əlaqələrin dərinləşdirilməsi məqsədilə 26 noyabr 2021-ci il tarixində QH Azərbaycan sədrliyinin təşəbbüsü əsasında hərəkatın Parlamentarilər Şəbəkəsinin təsis iclası keçirilib. QH-nin Parlamentarilər Şəbəkəsinin təsis edilməsi QH-yə sədrliyimizin hərəkata tarixi töhfəsi olmaqla yanaşı, ölkəmizin digər dövlətlərlə parlamentlərarası əməkdaşlığının inkişafına töhfə verən təşəbbüs olması baxımından əhəmiyyətlidir.

Göründüyü kimi, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi olduqca səmərəli olmaqla, təşkilatın qlobal proseslərdə iştirakına böyük töhfələr verir. Respublikamızın hərəkata sədrliyinin bir il uzadılması da bundan irəli gəlir. Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində bununla bağlı deyilir: “Biz beynəlxalq arenada öz mövqelərimizi möhkəmləndirdik. Bizim beynəlxalq nüfuzumuz artdı, bir neçə beynəlxalq təşkilat çərçivəsində uğurla fəaliyyət aparmışıq. Bildiyiniz kimi, Qoşulmama Hərəkatının sədri kimi bütün üzv ölkələrin maraqlarını müdafiə etmişik, beynəlxalq hüququn norma və prinsiplərini müdafiə etmişik və təsadüfi deyil ki, Qoşulmama Hərəkatına üzv ölkələrin hamısı yekdilliklə Azərbaycanın sədrliyini daha bir il uzadaraq bizə böyük etimad göstərdi. BMT-dən sonra ikinci ən böyük təsisat, 120 üzvü olan təsisat Azərbaycana yekdilliklə bir daha öz dəstəyini ifadə etmişdir”.

Yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan beynəlxalq aləmin məsuliyyətli üzvü kimi və Qoşulmama Hərəkatının sədri kimi, əlbəttə, bundan sonra da beynəlxalq hüququn aliliyini müdafiə edəcək. Beləliklə, 2021-ci ilin Azərbaycan üçün daha bir uğuru Türk Şurasına və Qoşulmama Hərəkatına edilən sədrlikdir. Bütün bunlar Prezident İlham Əliyevin yüksək siyasi nüfuzunun və respublikamızın beynəlxalq miqyasda güclü mövqelərə malik olmasının təsdiqidir.

 

Rəşad CƏFƏRLİ,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video