27 Noyabr 2022 01:47
725
SİYASƏT
A- A+

Qlobal siyasətdə Azərbaycanın rolu güclənir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətin ən uğurlu istiqamətlərindən biri ölkəmizin beynəlxalq əlaqələrinin daha da genişləndirilməsi, bütün dünyada Azərbaycanın dostlarının sayının artmasıdır. 
Müasir dövrümüzün reallıqları dövlətlər qarşısında özünütəcridi deyil, əksinə, fəal əməkdaşlıq, xoş münasibətlər, sıx əlaqələrin qurulması zərurətini aktuallaşdırır.  Qloballaşma dövründə ayrı-ayrılıqda dövlətlərin də, xalqların da, ümumilikdə bəşəriyyətin də böyük faydası qarşılıqlı və etibarlı münasibətlərdə, mövcud imkanlardan müştərək istifadədə, problemlərin birgə həllərinin tapılmasındadır. 
Azərbaycan qlobal dünyamızın reallıqlarına ən adekvat şəkildə davranan dövlətlərdəndir. Eyni zamanda respublikamızın uzun illər ərzində beynəlxalq aləmdə qazandığı etibarlı tərəfdaş imici, başqa dövlətlərin Azərbaycana və şəxsən ölkəmizin rəhbərinə yüksək inamı xarici əlaqələrdə mövqelərimizi gücləndirir, yeni-yeni nailiyyətlərimizə yol açır. Ayrı-ayrı ölkələr bu gün Cənubi Qafqazın lider dövləti olan, Avropa qitəsinin enerji təhükəsizliyinin əsas təminatçısı rolunda çıxış edən, qlobal layihələr sayəsində regionun əsas enerji-kommunikasiya mərkəzinə çevrilmiş Azərbaycanla əməkdaşlığın nə qədər böyük üstünlüklər qazandırdığını görürlər. Eyni zamanda Azərbaycan dövlətinin imzalanmış bütün sənədlərə, xarici tərəfdaşlar qarşısında verilmiş bütün sözlərə, üzərinə götürdüyü öhdəliklərə tam sadiq qalacağına əmindirlər. Bu əminliyi sözünə də imzası qədər dəyər verən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev real nümunələrlə yaradıb. Ona görə də ölkəmizlə münasibətləri inkişaf etdirmək istəyən, Azərbaycanın yaratdığı imkanlardan, irəli sürdüyü təşəbbüslərdən qarşılıqlı şəkildə faydalanmağa can atan dövlətlərin sayı artır. Bütün bunlar dövlətimizin xarici arenadakı dost çevrəsini genişləndirir. Təmsil olunduğu və fəaliyyətində yaxından iştirak etdiyi beynəlxalq təşkilatlar öz yerində, hətta üzv olmadığımız qurumlarda da müstəqil dövlətimizin mövqeləri dəstəklənir. Dost ölkələr etibarlı tərəfdaşları olan Azərbaycanın haqlı mövqeyinə dəstək verməyi, maraqlarımızı müdafiə etməyi özlərinə borc bilirlər. 
Aparılan beynəlxalq siyasətin uğurlarında, təbii ki, respublikamızın tam müstəqil olmasının, heç bir dövlətin asılılığında qalmamasının, istənilən məsələyə müstəqil və gerçək mövqeyini müəyyənləşdirməsinin də böyük rolu var. Çünki başqa dövlətlərin asılılığında olub onların diktəsi ilə hərəkət edən hər hansı ölkə nə bu cür müstəqil siyasət apara bilər, nə də beynəlxalq aləmdə yüksək imic qazanar.  

 

Avropanın ən populyar lideri

 

Azərbaycan Prezidenti İlham Əliyevin mərdanə xarakteri, şəxsi nüfuzu, prinsiplərinə sadiqliyi, beynəlxalq siyasətə də gətirdiyi ali dəyərlər, eyni zamanda proseslərə aydın baxışı, yüksək təcrübəyə malik diplomat və dövlət adamı kimi gələcəklə bağlı zaman-zaman özünü doğruldan təsəvvürləri bütün dünya liderlərində dövlət rəhbərimizə böyük rəğbət yaradır, onunla görüşlərə, müzakirələrə marağı artırır.    
Prezident İlham Əliyevin bu günlərdə Serbiya Respublikasına rəsmi dövlət səfəri də bunun bir təzahürü oldu. Səfər zamanı Serbiya Prezidenti Aleksandar Vuçiç bəyan etdi ki, Azərbaycan Prezidenti İlham Əliyev bu gün Avropada ən populyar şəxsdir: "Avropada necə dəyişikliklərin baş verməsi inanılmazdır. Adətən onlar onun üçün vaxt tapa bilmirdilər, indi isə bütün vaxtlarını ona ayırırlar, çünki onların Azərbaycan qazına və Azərbaycanın təklif edə biləcəyi hər şeyə ehtiyacları olduğundan o, orada çox sevilir. Lakin mən bilirəm ki, o, ağıllı insandır, hər şeyi görür, hər şeyi başa düşür, düzünü desəm, mən bir az paxıllıq edirəm". 

 

Dost ölkə

 

Səfər zamanı iki ölkə arasında birgə bəyanat, strateji tərəfdaşlıq və müttəfiqlik haqqında memorandum imzalandı və Azərbaycan-Serbiya əməkdaşlığı yeni müstəviyə qaldırıldı. Azərbaycan Prezidenti bəyan etdi ki, ölkələrimiz sözün əsl mənasında strateji tərəfdaşdır, bir çox sahələrdə uğurla əməkdaşlıq edirik və bu əməkdaşlığın strateji hədəfləri var.
Serbiya Azərbaycana dost ölkələrdəndir. Bu yaxın əməkdaşlıq əlaqələrində Azərbaycan və Serbiya prezidentləri arasındakı dost münasibətin çox böyük önəmi var.  Azərbaycanla müəyyən oxşarlıqlar, hər iki ölkənin öz ərazi bütövlüyünü qətiyyətli şəkildə qoruyub saxlaması, beynəlxalq təşkilatlarda müvafiq normalara uyğun davranması, yeri gəldikcə bir-birinə dəstək verməsi bu dostluq münasibətlərini daha da gücləndirir, ölkələrimiz arasında etibarı artırır. Azərbaycan Prezidenti ilə birgə bəyanat zamanı Serbiya Prezidenti Aleksandar Vuçiç çox maraqlı bir məqama da toxundu. Qeyd etdi ki, yalnız bir neçə ölkənin beynəlxalq hüquq normalarına riayət etməsindən başqa, hazırda beynəlxalq hüquqdan çox az bir şey qalıb. Amma beynəlxalq hüquqa hörmətlə yanaşmaq da ölkələrin və ümumilikdə bəşəriyyətin gələcəyi üçün yeganə imkan və seçimdir. Prezident İlham Əliyev isə buna nümunə olaraq beynəlxalq təşkilatların 27 il ərzində Azərbaycanın işğala məruz qalması faktına münasibətini, BMT-nin icra olunmadan qalan, sonda isə müzəffər ordumuzun öz gücü ilə icra etməli olduğu qətnamələrini yada saldı:  "Bizim torpaqlarımız uzun illər işğal altında idi. Dünyanın aparıcı beynəlxalq təşkilatları bu işğalla bağlı önəmli və həqiqəti əks etdirən qərar və qətnamələr qəbul etmişdilər. Onların arasında, əlbəttə ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini qeyd etməliyəm. Bu qətnamələrdə erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal, qeyd-şərtsiz və tam şəkildə çıxarılması tələb edilirdi. BMT-nin Baş Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, ATƏT, yəni bütün aparıcı beynəlxalq təşkilatlar bizim mövqeyimizi dəstəkləyən qərar və qətnamələr qəbul etmişlər, ancaq məsələ öz həllini tapmırdı. Bu nəyi göstərir? Onu göstərir ki, beynəlxalq təşkilatların qərar və qətnamələri, onların icrası selektiv xarakter daşıyır. Bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində icra edilir, bəzi hallarda isə bir neçə saat ərzində icra edilir. Amma bizim məsələmizə gəldikdə, biz 27 il bu qərarların icrasını gözləyirdik və buna nail ola bilmədik. Ona görə dünya ictimaiyyəti beynəlxalq təşkilatların gələcək fəaliyyəti ilə bağlı öz təkliflərini verməlidir. Biz də Azərbaycan olaraq buna hazırıq. Çünki qəbul edilmiş qərarlar əgər həyatda öz əksini tapmırsa, yerinə yetirilmirsə, əlbəttə ki, bu çox düşündürücüdür".

 

Sözünə də imzası qədər dəyər verən lider

 

Azərbaycan Prezidentinin Serbiyaya səfəri zamanı bir sıra məsələlər müzakirə edildi. Enerji sahəsində əməkdaşlıq məsələlərinə xüsusilə böyük diqqət yönəldi. Məlum olduğu kimi, yaxın illərdə Azərbaycanda qaz ixracının həcmi 35 milyard kubmetri keçəcək və bu həcmin əhəmiyyətli hissəsi öz enerji təhlükəsizliyini Azərbaycan qazı hesabına təmin edən Avropa ölkələrinə ixrac olunacaq. Bu perspektivi nəzərə alaraq gələcəkdə daha böyük həcmdə Azərbaycan qazını təchiz edə bilməkdən ötrü hazırda Serbiya və Bolqarıstan arasında interkonnektorun yaradılması üzərində iş gedir. Bundan başqa, Serbiya elektrik enerjisi ilə təchizat məsələsində də Azərbaycanla əməkdaşlığa böyük maraq göstərir. Sənaye istehsalının genişlənməsi və vətəndaşlarının elektrik enerjisinə artan ehtiyacını nəzərə alaraq bu məsələdə Azərbaycanın yaratdığı imkanlardan faydalanmağa çalışır. 
Səfər zamanı aqrar, neft-kimya müəssisələrinin fəaliyyəti, hərbi-texniki əməkdaşlıq, nazirliklər arasında bir çox başqa məsələlər, beynəlxalq arenada əməkdaşlığın gələcək inkişafı məsələlərinə də diqqət yönəldi, müəyyən razılaşmalar əldə olundu. O cümlədən əmək, sosial müdafiə sahəsində mühüm razılaşmalar təsdiq edildi. Yaxın günlərdə Serbiya Prezidentinin də ölkəmizə gözlənilən səfəri bu razılaşmaların hər birinin xüsusi diqqətdə olduğunu göstərir, iki ölkə arasında strateji tərəfdaşlığın əməli addımlarla dərinləşdiriləcəyinə əminlik yaradır, xarici tərəfdaşların Azərbaycana inamını nümayiş etdirir. Bu mənada Serbiya Prezientinin səsləndirdiyi fikir bu gün bütün Avropada, onların liderlərinin Azərbaycan Prezidenti və dövlətimiz haqqında təsəvvürlərini ifadə edir. Aleksandar Vuçiç bildirdi ki, Prezident Əliyev və Azərbaycan təkcə Serbiyaya münasibətdə yox, hər kəsə münasibətdə etibarlı tərəfdaşdır.
Bütün bu səfərlər, əldə olunan razılaşmalar, görülən əməli işlər beynəlxalq münasibətlərin əhəmiyyətli subyekti kimi müasir dünyada Azərbaycanın önəmini daha da artırır, o cümlədən regional təhlükəsizlik məsələlərində dövlətimizin rolunu gücləndirir. Azərbaycan ilk növbədə bizə dost olan ölkələrlə əməkdaşlığı dərinləşdirərək öz milli maraqlarının bütün səviyyələrdə müdafiəsini daha da gücləndirir. 

İradə ƏLİYEVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video