28 Yanvar 2023 00:58
468
SİYASƏT
A- A+

Qırmızı cizgini keçən İran bütün sərhədləri pozdu

 

Bunun başqa adı yoxdur. Bu, bizə qarşı düşmənçilikdir. İranın illərdir Ermənistanla birləşib Azərbaycana qarşı düşmənçilik etdiyi sirr deyil. 
1990-cı illərdə Ermənistan ordusu ilə yanaşı, İran İnqilab Keşikçiləri Korpusunun əsgərlərinin və şəxsən general Qasım Süleymaninin Qarabağda, Əsgəran istiqamətində azərbaycanlılara qarşı döyüşməsi haqqında mətbuatda kifayət qədər məlumatlara, hətta bunu təsdiqləyən fotoşəkillərə də rast gəlmək mümkündür.
İranın ermənilərin işğal etdikləri ərazilərimizdə evlərimizi söküb daşıyaraq inşaat materialları bazarı açması faktını kimsə inkar edə bilməz. İranın uzun illərdir ki,  Ermənistanla qardaşlıq münasibətləri sərgilədiyi göz önündədir. 
44 günlük Vətən müharibəsi zamanı İran əsl simasını bir daha göstərdi. Ordumuzun Ermənistan üzərində qələbəsindən sonra İran qəbul olunmuş bütün qaydaları pozdu. Sərhədlərimizə ordu yığıb, "təlim" keçmək adı ilə bizə "güc" nümayiş etdirdi. 
İslam İnqilabı Keşikçiləri Korpusunun Bakını ala biləcəyi ilə bağlı təhdidləri səsləndi. Ermənistana açıq dəstək verib "İran sərhədlərin dəyişilməsinə yol verməyəcək" - dedilər. Guya sərhədləri dəyişirdik? İllərdir torpaqlarımızı işğal edib, məscidlərimizi, dini ocaqlarımızı təhqir edən ermənilərlə qardaşlıq edən müsəlman dövləti dolayısı ilə Azərbaycanı işğalçılıqda günahlandırıb erməni təbliğat maşınının gücünə  güc verdi. İran televiziyaları, İran mətbuatı dövlətimizə qarşı iyrənc təbliğatını daha da gücləndirib, düşmənçiliyi açıq müstəviyə keçirdi. Molla rejimi azərbaycanlı uşaqları öz çirkin təbliğatlarına alət etməkdən belə çəkinmədi. Yenə "qonşudur", - deyib susduq. Ermənilərə silah satıb onları üstümüzə qaldıran İran heç nədən çəkinmədən Ermənistanla bir medalın iki üzü olduğunu nümayiş etdirmək üçün Tehranla Yerevanın qardaşlığını rəsmiləşdirdi, səsimizi çıxarmadıq. Zatən qardaş olduqları göz önündəydi. İran bütün qaydaları pozduğunu açıqca nümayiş etdirirdi. Buna qırmızı cizgi də deyirlər. 
Bu gün İran artıq yalnız qırmızı cizgini yox, bütün sərhədləri pozdu. Azərbaycanın İrandakı səfirliyinə xaincəsinə silahlı basqın oldu. Terror nəticəsində səfirliyin və səfirlik əməkdaşlarının mühafizəsini təmin edən baş leytenant Əsgərov Orxan Rizvan oğlu şəhid oldu, mühafizə xidmətinin iki əməkdaşı isə yaralandı. Qeyd edək ki, dövlətimizin başçısı baş verən hadisəni terror adlandırdı.
Bu hadisə bir daha sübut edir ki, İran nəinki terroru dəstəkləyən dövlətdir, hətta beynəlxalq qanunlarla öz üzərinə götürdüyü öhdəlikləri nümayişkaranə pozan bir ölkədir. Hər gün adi haqqını, hüququnu tələb edən insanları edam edən İran üçün nə beynəlxalq hüquq var, nə də insanlıq qanunu. İran bütün dünya dövlətlərinin qəbul etdiyi qanunları heçə saymaqdan sanki ləzzət alır. Bu, terrorçu xislətidir.  
Qeyd edək ki, Diplomatik Əlaqələr Haqqında Konvensiya 18 aprel 1961-ci ildə Vyana Konqresində qəbul olunub. Azərbaycan 1992-ci il 21 iyul tarixdə Vyana Konvensiyasına qoşulub. Konvensiyanın maddələrinə əsasən, konsulluq münasibətlərinin qurulması qarşılıqlı razılıq əsasında həyata keçirilir və diplomatların oturduğu səfirlik binaları toxunulmazdır. Həmçinin konvensiyaya görə, diplomatik nümayəndəliklərin başçılarının razılığı olmadan konsulluq binalarına heç kim daxil ola bilməz. Konvensiyaya əsasən, hər bir dövlətin üzərinə ərazisində olan konsulluq binalarına edilə biləcək hücumlardan qorumaq, konsulluq qurumunun sakitliyinin istənilən şəkildə pozulmasının və ya şərəfinin təhqir olunmasının qarşısını almaq üçün bütün lazımi tədbirləri görmək öhdəliyi düşür.
 İran dövləti öz üzərinə düşən işi layiqincə görmədiyi bir yana, heç çəkinmədən, utanıb qızarmadan məsuliyyətdən yayınmaq yolunu tutdu.  Tehranın polis rəisi Sərdar Hüseyn Rəhimi Azərbaycan səfirliyinə silahlı hücumun şəxsi zəmində baş verdiyi barədə uydurma məlumat yayaraq  məsuliyyətdən boyun qaçırmaq niyyətində olduqlarını nümayiş etdirdi.
Əslinə qalsa, üzü-astarı olmayan bu açıqlamanı yaymaqla Tehran bir daha terrorçu dövlət olduğunu isbatlamış oldu. Bu gün İranda rejimin əsas müdafiəçisi rolunda çıxış edən İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) dünyanın bir sıra - ABŞ, Bəhreyn, İsrail, Səudiyyə Ərəbistanı tərəfindən terrorçu təşkilat elan edilib. Eyni zamanda bir sıra Avropa dövlətləri, o cümlədən İngiltərə də İslam İnqilabı Keşikçiləri Korpusunu terroçu təşkilat kimi tanımağa hazırlaşır.
Rejimi müdafiə məqsədilə yaradılan SEPAH xarici dövlətlərin ərazisində  hərbi kəşfiyyat xarakterli əməliyyatlar həyata keçirir, ölkə xaricində müəyyən terror təxribatları sifariş edir. Ermənistan-Azərbaycan münaqişəsinin ilk dövrlərində də SEPAH-ın bilavasitə Ermənistana hərbi-siyasi yardımlar etməsi barədə kifayət qədər məlumatlar var idi. 
Bu gün İranda sosial narazılıqlar fonunda etirazlar davam etməkdədir. İnsanlar sosial vəziyyətlərinin yaxşılaşması və hüquqlarının təminatı uğrunda mübarizə aparırlar. SEPAH rejimi qorumaq əhalini itaətdə saxlamaq, etirazçıların gözünü qorxutmaq  üçün bütün ağlasığmaz üsullardan istifadə edir. 
Burada bir məsələni də qeyd etməyi vacib bildik. 2022-ci il  avqustun 4-də  Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalmışdı. Radikal dəstə səfirliyin binasına daxil olaraq binanın eyvanında dini bayraqlar qaldırıb, radikal dini şüarlar səsləndirmişdilər. Şübhəsiz ki, həmin hadisələr də ciddi araşdırılsa, daşın altından İranın, SEPAH-ın barmağı çıxacaq. Dünən İranda baş verən terror hadisəsi o zaman Şimali İrlandiyadakı hadisələrin məntiqi nəticəsidir desək, səhv etmərik. O zaman da, dünən də İranda Azərbaycan səfirliyində törədilən terror aktının bir adı var: məqsəd  Azərbaycan dövlətinə gözdağı vermək olub. Amma "sirkə nə qədər tünd olsa, öz qabını çatladar", - deyiblər. Molla rejiminin ideoloqlarının dövlətimizə qarşı yürütdüyü bu avantürist siyasətinin son olaraq öz başında çatlayacağına heç şübhə yoxdur. Rejimin ideoloqlarının Azərbaycanı qanla, silahla təhdid etmələri olduqca yanlış siyasətdir. Molla rejimi anlamalıdır ki, Azərbaycan dövlətinin İranda 40 milyonluq ordusu var. Biz lazım gəldiyi məqamda bütövlükdə vahid bir ordu olan xalqıq.
Bu gün cənubda yaşayan qardaşlarımız ayaqdadırlar. İranda etiraz edən soydaşlarımız küçələrə Azərbaycan bayrağı ilə çıxırlar. Səfirlik ərazisi təmsil olunduğu ölkənin suveren ərazisi hesab edilir. Ərazilərimizə silahlı basqın edənlər, bu işə rəvac verənlər bilməlidirlər ki, bunun cavabını verəcəklər.

Elşən QƏNİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video