25 Iyun 2022 02:50
701
İQTİSADİYYAT
A- A+

Qeyri-neft sektoru üzrə məhsul istehsalında artım davam edir

 

Bu sahənin inkişafına yönəldilmiş 3,1 milyard manatdan çox vəsait səmərəsiz qalmamışdır

 

Ölkədə həyata keçirilən islahatların əsas hədəflərindən biri, daha doğrusu, birincisi qeyri-neft sektorunun inkişafını təmin etməkdir. Məqsədə nail olmaq üçün qanunvericilik bazası təkmilləşdirilir və bu sahədə özəl sektora geniş imkanlar verilir. Bunun sayəsində qeyri-neft sektorunda, xüsusilə qeyri-neft sənayesində məhsul istehsalının həcmi və çeşidi ildən-ilə artır.

Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, cari ilin yanvar-may aylarında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən istehsal olunmuş malların və göstərilmiş xidmətlərin dəyəri 3,3 faiz artaraq 34,9 milyard manat təşkil etmişdir. Neft-qaz sektorunda məhsul istehsalı 1,1, sənayenin qeyri-neft sektorunda isə 14,3 faiz artmışdır. Bu fakt bir daha sübut edir ki, ölkədə aparılan islahatlar sayəsində qeyri-neft sənayesi dinamik inkişaf edir. Açıqlanan digər rəqəmlərə görə, cari ilin 5 ayında sənayedə qeyri-dövlət sektorunun payı 88,7 faiz olmuşdur. Ümumi istehsalın 94,1 faizi sənaye məhsullarının istehsalı, 5,9 faizi isə sənaye xarakterli xidmətlərin hesabına formalaşmışdır. Yeri gəlmişkən, onu da qeyd edək ki, 5 ay ərzində ölkə üzrə qeyri-neft sektorunun inkişafına 3,1 milyard manatdan çox vəsait yönəldilmişdir. 

Emal sənayesində cari ilin yanvar-may aylarında 7 milyard 58,7 milyon manatlıq məhsul istehsal olunmuş və xidmətlər göstərilmişdir. Həmin dövrdə qida sənayesində məhsul istehsalı 8,9 faiz artmışdır. Toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 237 milyon manat dəyərində məhsul istehsal edilmişdir. Ötən ilin eyni dövrü ilə müqayisədə geyim istehsalında 50,6 faiz artım müşahidə olunmuşdur. Sənayenin qeyri-neft sektoru üzrə kimya sənayesində, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatları sahələrində də artım müşahidə edilmişdir. Belə ki, həmin dövrdə bu sahələr üzrə ümumilikdə 946,6 milyon manatlıq məhsul istehsal olunmuşdur. Keçən ilin müvafiq dövrü ilə müqayisədə əczaçılıq məhsullarının istehsalında 2,1 dəfə, kimya sənaye məhsullarının istehsalında 25,2, rezin və plastik kütlə məmulatlarının istehsalında isə 19,9 faiz artım qeydə alınmışdır. Bununla yanaşı, rezin və plastik kütlə məmulatlarından bərk polietilen borular, borucuqlar, şlanqlar, qolların istehsalı 66,6, məsaməli polistirol lövhələr və zolaqların istehsalı 3,9, kimya məhsullarından lak-boya məmulatlarının istehsalı 15,8 faiz artmışdır.

Metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalında da vəziyyət yaxşıdır. Belə ki, sahələr üzrə yanvar-may aylarında 704 milyon manatlıq məhsul istehsal olunmuşdur. Həmin dövrdə hazır metal məmulatlarının istehsalı sahəsində 43,3, metallurgiya sənayesi məhsullarının istehsalında 34,2 faiz artım qeydə alınmışdır. Cari ilin 5 ayında həmçinin polad boruların istehsalı 2,1 dəfə, armaturun 87,4, polad tökmə istehsalı 48,3 faiz artmışdır. Eyni zamanda hazır metal məmulatlarının  istehsalı üzrə 14 min 111,6 ton qara metaldan müxtəlif konstruksiyalar istehsal edilmişdir.

Kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalında isə cari ilin 5 ayında 81,7 milyon manatlıq məhsul istehsal olunmuşdur. Ötən ilin müvafiq dövrü ilə  müqayisədə elektrik avadanlıqlarının istehsalı 56,7 faiz artmışdır. Kompüter, elektron və optik məhsulların istehsalında azalma müşahidə edilsə də, 5 ayda ötən ilin müvafiq dövrü ilə müqayisədə avtomatik tənzimləmə və idarəetmə üçün cihaz və aparatların istehsalında rekord həcmdə - 3,5 dəfə artım qeydə alınmışdır. Həmçinin həmin aralıqda qəbuledici qurğuları olmayan radio və televiziya verilişləri aparatlarının istehsalı 36,2 faiz artmışdır.

Maşın və avadanlıqların, digər nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələri üzrə də yüksək nailiyyətlər qazanılmışdır. Hesabat dövründə 221,6 milyon manatlıq məhsul istehsal edilmiş, keçən ilin müvafiq dövrü ilə müqayisədə digər nəqliyyat vasitələrinin istehsalı 4,5, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 2,9 dəfə, maşın və avadanlıqların istehsalı isə 51,9 faiz artmışdır.

Qeyri-neft sektorunda məhsul istehsalının artımı ixracda da özünü göstərir. Dövlət Statistika Komitəsinin məlumatına görə, ilin əvvəlindən ötən 4 ay ərzində qeyri-neft məhsulları üzrə ixracın dəyəri keçən ilin müvafiq dövrü ilə müqayisədə faktiki qiymətlərlə 38,5, real ifadədə 25 faiz artaraq 965,5 milyon dollar olmuşdur. Həmin müddət ərzində ixracın strukturunda plastik kütlə və ondan hazırlanan məmulatların, kimya sənayesi məhsullarının, qara metallar və ondan hazırlanan məmulatların və s. payı üstünlük təşkil etmişdir. Bununla bərabər, ixracda gübrələrdə 6 dəfə, emal edilməmiş alüminiumda 84,1, qara metallardan çubuqlarda 70,4, qara metallardan borularda 17,1, sement klinkerlərində 2,8, bentonit gilində 10,7 faiz artım müşahidə olunmuşdur.

 

Rüstəm KAMAL,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video